Sənlə
olduğum yerlər yenə sevgi qoxuyur...
Bas bağrına Bayrağı
Bu nə
baxışdı, Allah,
Bu nə duruşdu, Allah,
Hara baxır bu ata?
Keçmişəmi boylanır?
Yoxsa ki, xəyalında,
Ürəyində tutduğu
Bir evə elçi gedir?
Nəvəsinin əlindən
Tutub məktəbə gedir...
Hara baxırsan, ata?
Hara baxırsan, belə?
Sıx sinənə oğlunun
Öpüb alın basdığı
Qan tökülmüş,
qan hopmuş,
Büründüyü bayrağı.
Bayraq qan rəngindədi.
Torpaq qan rəngindədi.
Nə şəhidin arzusu,
Nə qanlar yerdə qalar!
Sən elə baxma, ata!
Şəhidim sənə baxır
Dayandığı zirvədən.
Vaxtsız gələn payız
Nə yaman tez gəldi
ömrə bu payız.
Rəngim
saralacaq, qızaracaqmı,
payız
yarpaqlarıtək?
Mən hansı ağacam, hansı budağam?
Bu necə meyvədi?
Həm göy, həm sarı?
Yaşım da bilinmir,
Mən calağammı?
Yağışlar yağacaq budaq gözümdən,
Günlər töküləcək yarpaqlar kimi.
Gah bulud, gah duman
alır dövrəmi,
vaxtsız itiririk yaxın
çevrəni.
Mən bir az gözləsəm
gözüm görəsi,
əlimi
uzatsan əlim çatası,
səslərə səs verən
səsim çatası
hələ yaşanmamış bir
ömür qalır.
Məni
yaşadası bir ömür qalır.
Qaytar duruşumu yerinə, qaytar,
itən
baxışımı yerinə
qaytar,
qaytar olanları yerinə qaytar,
İlahi,
illəri yerinə qaytar.
Mən bahar ömrümdən özüm yığışıb
təzədən payıza qayıdacağam.
Ömrün baharı, qışı
Sevdik, bu dünyanın nazını sevdik,
çoxuna gözləyib, azını
sevdik,
payıza
dözmədik, yazını
sevdik,
Bu ömrün qışını
kim sevəcək, kim?!
Hələ sevgilərin quraçağı
var,
hələ istəklərin alaçağı
var.
Bu yerdən, bu göydən, doğmadan, yaddan
hələ könüllərin umacağı
var.
Gecələr qurtarmır, gündüzüm
gəlmir,
hənirtim səs salır,
nəfəsim gəlmir.
Çönüb boylanıram dünənlərimə,
çox
şeyə əvvəlki
həvəsim gəlmir.
Daha əllərim də üzülüb düşür,
uçur
xəzan kimi hər əsən mehlə.
Baharın gül üzü,
o təzə qönçə
hər gün səhər-səhər
bəzənir şehlə.
Sevdik, bu dünyanın nazını sevdik,
çoxunu gözləyib, azını
sevdik,
payıza
dözmədik, yazını
sevdik,
Bu ömrün qışını
kim sevəcək, kim?!
***
Hər dərənin qulağı,
hər təpənin gözü
var.
Hər ağacın, yarpağın
deməyə bir sözü
var.
Üzünü döndər bəri,
görüm halın necədi?
Baxışını oxuyum,
deyim bu nə gecədi.
Dənizin pıçıltısı
həzin
nəğmə oxuyur.
Sənlə olduğum yerlər
yenə
sevgi qoxuyur.
Xəsis dünya
Aramıza girdi yuxu
bir gecəlik ölüm kimi,
baxışım axtarır səni
qaranlıqda əlim kimi.
Ümid
göylərdən asılı,
sevinclər üzdən sürüşür,
gözlər gözlərdən çəkilir,
dodaq-dodaqdan küsüşür.
Bu dünya belə dünyadı,
istəmir doyunca güləsən,
əlindəkin tutub alır,
qoymur adamtək öləsən.
***
Dünyamı çöndü görən,
Yermi yerin dəyişdi?
Hər yer bomboş, qapqara,
Bilən
varmı nə işdi?
Yollar yolluqdan çıxıb,
Qapımı bir döyən
yox.
Hamı
köçüb gedibmi,
Yerimimi bilən yox?!
Nə günəş var, nə də Ay.
Nə də bir insan
səsi.
Bəlkə mənəm yox
olan?
Bu nə sükut, İlahi?
Sükut məqamı
Bu günlərə bir inam,
sabaha güman yoxsa,
məni
qorxudan günlər
dünənkindən lap çoxsa,
arzuların, xəyalın
tam sükut məqamıdı.
Demək
dayanıb həyat,
Demək
yoxam bu saat.
Vağzallar... ayrılıqlar
Vağzal...
Uzun fit səsi.
Yola düşür qatar.
Kiminin gözündə qal,
kimində məni apar.
Bəlkə bu dodaqların
sonuncu öpüşüdü.
Bəlkə bu qucaqların
sonuncu görüşüdü.
Bəlkə bu əl o üzün
sığalın görməyəcək.
Bəlkə də bu baxışlar
gözlərdə sönməyəcək.
Bəlkə ömür qatarı
bu vağzala
bir daha dönməyəcək.
Bu hansı ayrılıqdı?
Bizi geri alarmı
götürüb gedən qatar?
Yoxsa bizi sonradan
hansısa tale tapar?
Vağzallar görüş yeri,
vağzallar... ayrılıqlar.
Yellənən bayraq əllər
sonda göylərdən itər.
Kimdə
dodağa enər,
kimdə
sallanıb gedər.
Ötür ömür qatarı...
Nə qədər həsrət,
ümid
uzanıb
yollara.
Gecə xatirəsi
Qoşa
qol arasında
ötür ömür qatarı...
Gecələr yuxularda
üstümü örtəcəksən.
Boş yastığa dəyən
əl
diksinib ayılacaq.
Xatirələr təzədən
yuxudan oyanacaq.
Saata baxacaqsan,
telefonu yoxlayacaqsan...
Ömrün günlərində
neçə xatirə yatar.
Yaddaşlarda olanlar
günlərə min rəng qatar.
Bu gecə mən özümlə
səni
də aparıram:
paltarımda əl izin,
xatirəmdə olanlar.
Köksümdə döyünürsən,
baxıb
hey öyünürsən,
yuxulu gözlərimdə.
Gecənin sükutunda
sənin
xoş təbəssümün.
Dəniz gözlü sarışın
qız
Göy üzünün buludu tən,
gecələrin ulduzu sən,
pəncərədən keşik çəkən,
dəniz
gözlü sarışın
qız.
Yolda ağac sıra-sıra,
boynun əyər ora-bura,
baxış səni çəkər
dara,
dəniz
gözlü sarışın
qız.
Hara gedir, hara bu
yol?
Əllərinin çiçəyi bol,
sən gecəmə gəl qonaq ol,
dəniz
gözlü sarışın
qız.
Əsir qalan əzayla sahibinin söhbəti
Necə
getdin yolları,
izinə
iz qoymadan?
Sızlayan ayrılığın
közünə köz qoymadan?
O qədər adam içində
səni
yoxlayan olmadı?
Demədilər nəyin çatmır,
Baxıb
saxlayan olmadı?
Hanı
sənin ayağın,
Hanı
qolun, qanadın?
Sözünü deyən varmı
əlsiz,
qolsuz adamın?
Hər
an səni ağrıdan,
səndən qalan kəsir
var.
Param-parça canından
burda qalan əsir var.
Gəlirmi tək ayağın,
tək əllərin sədası?
Ürəyin ağrıyanda
varmı
yad əl əsası?
Baxa bilmirəm yarama,
gedə
bilmirəm parama,
bu gün məni arama
özümdə deyiləm, Allah.
Məndən aralanıb gedib,
köksü yaralanıb gedib,
dərdim
paralanıb gedib,
sözümdə deyiləm, Allah.
Çəkməyə dərdmi azdı?
Canı
da bölüşürük.
Olanlar getdi bizdən,
yoxluqla döyüşürük.
Rəfail Tağızadə
Ədəbiyyat qəzeti.- 2020.- 25
iyul.- S.26.