"Təkcə
sevgidir ki, uymaz hesaba..."
Adilə Nəzərin şeirlərinə
bir nəzər...
Cəmi
bir dəfə görmüşdüm onu. Şeirlərinə
elə bələdliyim yox idi. Bir-iki mətbuatda atüstü
oxuduğum yazıları ilə tanış idim. Hər halda
məni özünə çəkən imza idi - Adilə Nəzər...
"Ədəbiyyat
qəzeti"nin 14 mart (2020-ci il) sayında bir səhifə
yazılarını, şeirlərini oxudum.
"Günahdı, toxunma alın yazıma" şeirindəki
bir misra məni tok vuran kimi diksindirdi.
Bəlkə sirr olanlar həyat naxşıdır,
bəlkə də, işıqdır, nurdur önümüz.
Elə bilməməyim daha yaxşıdır -
sonu ölümdürsə...
bir az şərab
süz...
...Sonu ölümdürsə...
bir az
şərab süz...
Bu misra məni yenidən qaytardı səhifəni gözümə
bir də təpməyə... Bir az da diqqət kəsildim. Misralar sağlam ağ vərəqlərlə
dolu gor ağırlığını xatırlatdı mənə.
Bu cür ölü misraları mən sevdiyim kişi
şairlərdə daha
çox sezmişəm
və bu daha təbii görünür. Zatən,
təfəkkürün dərin
qatlarında kişi
dalğıcları yaxşı
üzürlər. Ruhu oyaq,
erkək tinətli qadınlar məni bağışlasın. Adilə Nəzərin
yazılarında bu irfani təfəkkürlə
yanaşı, adamın
ürəyini çəkən
elə bir qadın səmimiyyəti var ki, o bədii
parçanı könül
duyğularının incə
rübabına kökləyə
bilir.
Demirəm ki, sev məni,
düş mənimtək
tilsimə.
Birdən
xəbərsiz getsəm
-
qurban olum, incimə.
Bu duyğuyla ağır
yeyilən quzu kababına elə bir təbii ədviyyat qatılır ki, istər-istəməz pəhriz saxlayan xəstə də süfrəyə əl uzatmalı olur. Məncə, Adilə Nəzərin şeirlərinin uduşu da burdadır. Bununla bərabər, səhifədəki
şeirlərdə elə
bədii deyim və obraz sistemi
var ki, onun
önündə heç
nəfəsini çəkə
bilmirsən.
Misralardakı qəzəb dolu
umacağın üstünə
çəkilən incə
örtüyə nəzər
yetirin:
Günahdı, toxunma alın yazıma,
gəl açma önümə ulduz falını.
Bəs deyib nə varsa
çoxu-azına,
yaşayım dünyanın
min bir halını.
Şair
demir ki, çox umduğumdan payıma düşən azdır. İncə bir eyhamla onun
az olduğunu
çatdırır, bununla
yanaşı, müdrik
bir ağılla boşuna çırpınmağın
mənasızlığını oxucuya çatdıra bilir. Bu bənd
sonra gələn fikir, düşüncə
burulğanına bir növ hazırlıq mərhələsidir. Davamı
kimi növbəti bənd daha dərin laylara gedib çıxır, fəqət çox usta, peşəkar, bədii detalla...
Gör
o qayalardan keçən
qatarı,
Bax, bu dənizlərdə üzən adaya...
Adi təfəkkürlə götürsən,
"qayalardan qatar keçməz", "dənizlərdə
adalar üzməz",
demək istədiyi fikri çatdırmaq üçün qatarı
"qayalardan keçirir",
"adanı dənizlərdə"
üzdürür. Yəni dolayısıyla
demək istəyir ki, mənim çiynimə düşən
yükün daşıyıcısı
olmağın üçün
əzablara qatlaşmalı,
yəni bu tale ilə barışmalıyam.
Elə, əslində,
bu məqamı mən özüm qazanmışam, bu mənim mahiyyətimdir, mən bununla özüməm...
Artıq
bir kəlmə də gətirmə dilə,
Ümidə bağlanan bellər
sınıqdı,
Günü ağrılarla gəl
vermə yelə, -
Yellər
çalan sazın simi qırıqdır...
Artıq burda şairin ümumiləşdirməsi gəlir. Bu, taleyi zireh kimi
əyninə geyinənlərin
əbədi yolu, amalı olduğu danılmazdır. Çünki daha bunu dilə
alıb danışmağa
dəyməz. Çünki içində yaşadığımız
əzablı həyatı
gözünün önündə
qoyub ümidə bel bağlamaq sərsəri küləklərə
aldanmaq kimi bir şeydir.
Buna görə həyatla, dövranla razılaş, yaşaya bilmədiyin öz insan ömrünü
yaşa... Çünki acı ruzigarın
əliylə çalınan
sazın simi qırıqdır. Həm də
bu yaşayış, bu varlıq sirri-xudadır. Gərəkdir
ki, bundan, bunun işləklərindən
nə olub baş çıxara biləsən... Bəlkə elə bunu bilməsən yaxşıdır.
Bu bəlkə varlığın
bineyi-qədimdən gələn
sirri-sehridir... Bəlkə
elə həyat bununla gözəldir, ya çirkin... Adilə Nəzərə görə,
elə bunları bilməmək daha gözəldir. Bundan da
daha yaxşısı
- bu gedişlərə,
qeyli-qallara baş vurmayıb - böyük söz, fikir adamlarının düşdükləri
yolun ağına düşüb-uyduğu şərab
istehmal eləmək.
Ən asanı və ən çətini budur...
Bəlkə sirr olanlar həyat naxşıdır,
bəlkə də, işıqdır, nurdur önümüz.
Elə bilməməyim daha yaxşıdır...
Sonu ölümdürsə... bir
az şərab
süz...
Bu da gəlinən son qənaət! Qaranlığa açılan son güllə. Müəllifin ürək qanına da bənzətmək olar qırmızı şərabı. Ancaq bir
həqiqət də gün kimi aydındı
ki, əksər dərkə məhkum aydınlarımızı o qan
rəngində olan şərab öz əsarətinə salıb
söz qəhrəmanına
çevirib. Nəsimi kimi
dar ağacına sarı getməyib. Bir də dar ağacıyla,
söz ağacı bir deyil axı.
Söz ağacında yuxarıdan
kəndir sallanmır.
...Bu oğuz xatununun şeirlərində məni
sevindirən əsas cəhət - onun "başından böyük,
özündən ağır"
mövzulara girib, özünü ifadə eləyə bilməsidir.
Kim deyir ki, gün
gecəyə,
gecələr üzü
danadır?
Sərrast misralardır - boşluqlara
verilir, nəticə heç-heçəyə dirənir. Bu, sonu heçə, sıfıra dirənən
düşüncələrdir. Elə, əslində, ədəbiyyat,
söz heçə, heçliyə dirənən
hissin, emosiyanın soyuq ağılla, quru başla döyüşünün bədii
ifadəsidir. Yüz illərdir
Hamlet, Otello, Məcnun,
Nizaminin "diriliş
suyu" axtarışı
boşluqlarla döyüşdədir.
Oyun bitir - heç-heçəyə
-
ağlım ruhumu qanadır
- bu döyüşdə
əlbəttə ki, qanı sellənən ruhdur, emosiyadır. Narahat ruhlar üçün, başı, içi dünya gəmilərinə
dayanacaq yeri olanlar üçün müdam bu dünyada
"talanlar var".
Bu, xeyir-şər mübarizəsinə rəvac
verən nadanlıq havasıdır, insanın
özünün dərk
etməməsidir.
Millət kimi bütün çərçivələrdə bir-birinə doğma nizam gözləməlisən. Bütün münasibətlər,
milli ölçülər
dəyərində qorunsa,
bu artıq şüurlu cəmiyyətin
daşıyıcısı deməkdir. Bununla yanaşı, heç kim heç
kimi sevməyə borclu deyil. Bu
olsa dünya sevgilər gülüstanı
olardı, ancaq olmasa da keçinmək
olar. Adilə Nəzərin istədiyi
sevgi özündə
başqa ovqatı əks elətdirir.
Niyə
sevəsən məni
-
ağlayan-gülən şamam...
Mən öz dərdimi qoyub,
Başqasının dərdinə - yas saxlayan adamam
- əslində, müəllif burda eyhamca pıçıldayır
ki, elə belə olduğum üçün sevməlisən
məni. Çünki bu, insana dəyər verən sevgidi. Çünki bu, başqasının
dərdinə alışıb-yanan
əzabkeşlikdir. Bizdə çatışmayan
bir sevdadır bu. Elə buna görə,
sənə yandığıma
görə, canın çıxıb məni sevməlisən. "Bu seviləcək yan deyil ki, şəklinə,
formasına uçasan.
Bu, sevginin, yanğının
böyüyüdür. Bu, dərdi özünə
çəkən maqnit
sevgisidir. Bu hamıda olmalı gözəl bəladır".
Bütün bu fikirlərin
yekunu kimi səslənən bu bənd şairin bədii ustalığından
soraq verir.
Demirəm ki, sev məni
düş mənimtək
tilsimə...
birdən xəbərsiz
getsəm -
Qurban olum, incimə...
"Qurban olum, incimə" - misrası şeirə o qədər
şirinlik gətirir ki, "xəbərsiz getmək" ayrılığı
daş olub adamın ürəyindən
asılır. Və bu asılılıq,
daş ağırlığı
oxucunu özünə
çəkir. O "qurban
olum"un arxasındakı şair obrazı insan cildindən çıxıb
qayğıkeş mələk
donuna bürünür
və oxucu gözündə bir qədər böyüyür,
məhrəmləşir... Elə bədii sözün də əsas vəzifəsindən
biri duyğusal, kamil insanı böyüdüb əlçatmaz
etməkdir... Bu deyilən duyğular söz, ədəbiyyat havalıları üçündür.
Bilməyən nə bilir ki, "eşqə susayan sevənlər qadasız-qansız ölürlər".
Sözə, şeirə dərin
sayğılarla...
Avdı Qoşqar
Ədəbiyyat qəzeti.- 2020.- 25 iyul.- S.27.