Saatlar

 

Poetik silsilə

 

Elektron saat

 

İndi sürət əsridir deyə,

çeviklikdə,

fürsətcillikdə,

qabağa qaçmaqda,

birinci olmaqdadı qəhrəmanlıq.

Odur ki, ürək döyüntümüz ayaqlaşmır,

sənin saniyəölçəninlə.

Nəbzimiz kimin adını eşidəndə

daha çox vurursa,

ürəyimiz hansı xatirəni yada salanda

ritmini dəyişirsə,

sən o adamı,

həmin günü

vaxta sığışdıra,

zamana yerləşdirə bilmirsən,

şütüyən rəqəmlərin əlacsız əlləriylə,

yaddaşımızın ekranını silirsən.

 

Qol saatı

 

Sən ki vaxtın məndən asılı üzüsən,

daim indini mənə göstərməklə

itirdiyim keçmişi silir,

çatmadığım gələcəyi gizləyirsən.

 

Yorğun günlərdə ağırlaşırsan biləyimdə,

bihudə zəhmətlərin,

ötəri qiymətlərin

boynuna daş asıb

qolumdan axan "çaylara" tullayırsan,

məni öz içimdə boğursan.

 

Alnımızdakı qırışlar,

eyni yerə çırpılan

vaxt qamçılarının izləridi,

qol saatım

zamanın bədənimdəki Təpəgözüdü.

 

Cib saatı

 

Hərdən görməmiş kimi,

sanki vaxtı cibimizə doldurmaq istəyirik.

cibimizin dibində

dolaşır saatlar,

dəqiqələr,

saniyələr biri-birinə.

Hər dəfə cib saatımıza baxmaqla,

sanki zamanın düyününü açırıq,

sonra da qapağını örtməklə,

tək gözünü qapayırıq.

 

Zəngli saat

 

Hər səhər məni kiçik ölümlərdən oyadıb

gələcəyə hazırlayırsan.

Vəd verdiyimiz adamlara,

söz verdiyimiz saata qarşı

məndən daha həyəcanlısan.

Bizi düzlüyə,

dürüstlüyə səsləyirsən deyə,

saatların ən çox ağzıyumulanı,

susdurulanı da sənsən.

 

Divar saatı

 

Biz evdə olmayanda da

dayanmadın,

işlədin,

fırlandın,

öyrəşdirdin divarları,

otaqları

bizim bir vaxtlar olmayacağımız günə.

Sonra da dayandın -

ürəyimiz kimi.

Üzünü çevirdin

əbədiyyət tərəfə.

 

Qum saatı

 

Qum dənələrini bir gözündən

o biri gözünə tökürsən,

sanki bu dünyada azalan vaxtımızı

o dünyada çoxaldırsan.

 

Yaşadıqca,

yaşlandıqca

bir qum saatının gözündən axırıq.

Qum saatı bizi inandırır ki,

sol əlimiz dolub-daşanda

sağ əlin ovcunu yalayır,

Allah heç kəsin təknəsini boş qoymur.

 

Su saatı

 

Çox şey nisbidir;

fərqi aqibətin suyu

qızıl dəlikdən,

mis axarından,

etibar boşluğundan,

ya da əclaflıq oyuğundan axsın.

 

Ən tez gecələr unudulur zaman,

ən çox növbəsini zülmət çəkir vaxtın.

Yuxumuz ərşə çəkiləndə,

səhəri dirigözlü açanda,

qabın dibindəki

sonuncu saniyə damlası

gündüzkü günahın niqabını qaldırır.

Su yorulur axmaqdan

onda adam utanır

öz üzünə baxmaqdan.

 

Günəş saatı

 

Zaman sındırdı əlindəki qabı,

töküldü gözümüzün nuruna,

parlaq dəqiqələr,

işıldayan saatlar,

sayrışan saniyələr.

Yalnız gündüz hesablanan vaxtda

unuduldu ömrün gecəsi.

Sığmadı sinəmizə heç vədə

zamanın nəfəsi.

 

Biz bir ömrü,

saatlarsa dəqiqələri yatır.

Görəsən, niyə

kəsən əldən çox,

tutan əl qana batır?!

 

Fərid HÜSEYN

 

Ədəbiyyat qəzeti.- 2020.- 25 iyul.- S.25.