Ömrümüz həm də vaxtın əlindədi. Biz istədik-istəmədik vaxtın mühasibləriyik. zaman ki, özümüzü aldadırıq, onda içimizdəki o vaxt mühasibini əliəyriliyə, zaman oğurluğuna təhrik edirik. zaman ki, həqiqətin üzünə dik baxırıq, onda olmalı olduğumuz yerdə qərar tuturuq, həmin mühasib bütün ömrün haqq-hesabını, "sənədləşmələrini" düz aparır.

İnsanlar əsrlərlə zamanı dəqiq ölçə bilməyiblər, müəyyən vaxt nisbətləri, zaman kəsimləri bu birmənalılığa mane olub. Vaxtın şərtiliyi ilə, "burda bir cür, başqa yerdə özgə cür" olduğu ilə bağlı qəti həqiqətə az-çox inanıblar. Amma heç bir sivilizasiya zamandan kənarda mövcud olmayıb, ona görə bütün mühitlərdə zamanı bilmək, onu qiymətləndirmək vacib məqamlardan biri sayılıb.

Zaman həbsxanasının adı ömürdür. Ondan kənarda bizim həyatımız, yaşayışımız mümkün deyil. İnsan o həbsxanadan, darlıqdan xilas olmaq üçün hər zaman əbədiyyətə, ölməzliyə, sonsuz həyata bel bağlayıb, inanıb. insan üçün ən böyük cəza da, ən böyük mükafat da zamanla bağlıdır: Cənnət - əbədi xoşbəxtliyin, cəhənnəm - sonsuz cəzanın ünvanıdır.

"Saatlar" poetik silsiləsini vaxtın nisbiliyini, zamanın şərtiliyini ağlım kəsən qədər dərk edəndən sonra yazmaq qərarına gəldim. Əksər saat növlərini bacardığım qədər dərindən öyrənəndən sonra niyə ayrı-ayrı saatlarda fərqli-fərqli zaman vahidləri, hesablamaları olduğunu yəqinləşdirməyə çalışdım. Saat onun hərəkəti mənə dünyanın sonsuz təkrarlardan ibarət olduğunu anlatdı.

Bu poetik silsilədə, əlbəttə ki, bütün saatlar haqqında yazmaq namümkündür. Çünki zamanı onlarca hesablama metodu olub, onların hər birini qələmə almağa ehtiyac da yoxdur, eyni zamanda onların bugünkü həyatımızla əlaqəsi azdır. Ona görə mən həyatımızda mahiyyət ifadə edən saatlar haqqında yazmaq qərarına gəldim. Sanki müxtəlif saatlar həyatımızda fərqli-fərqli mahiyyət kəsb edirlər.

Saatların yazılma ardıcıllığı məsələsində isə tərs bir yol tutdum: Ən müasir saatdan, ən qədim saata doğru yazmağa başladım: Elektron saatdan, günəş saatına qədər. Bu tərslikdə tapdığım məntiq bundan ibarət idi: zamana səyahət məntiqi tələb edir ki, bu gündən dünənə doğru yol alasan. Yəni bələd olduğun vaxtdan naməlumu kəşf etmək istiqamətində. Əziz oxuculara, bu zaman səyahətində  hər birinizə uğurlar diləyirəm.

 

Fərid Hüseyn

 

Ədəbiyyat qəzeti.- 2020.- 25 iyul.- S.25.