Allahverdi Təkləli: "Ana
dilin xatirələri"ni
danışan şair
Modern
Azərbaycan poeziyasında Allahverdi Təkləlinin mütləq
fərqli şair statusu olmalıdır. Bu statusu ona şaman mətnlərinə
bənzəyən şeirlərin fərqli ritmi və vəzni
verir.
Təklə
eli türk coğrafiyasının dörd bir yanında öz
möhürünü vurmuş ulu türk tayfalarından
biridir. Təklə Tiflis şəhərinin
qulağının dibində, Rustavinin başının
üstündə köklü-köməcli, Ağ Təhlə
və Qara Təhlədən ibarət böyük bir eldir. Gərək
elə güclü etnik yaddaş immunitetinə malik olasan ki, sənin
poetik ruhunun nizamını yad dilin, yabançı mədəniyyətlərin
qara rüzgarları poza bilməsin. Nadir tərəkəmə
- elat yaddaşı və etnoqrafik söz duyğusu ona əcdadlarımızla
bu gün də "dil tapmasına" imkan verir. Etnoqrafik
yaddaşındakı sözləri bir məcaz (epitet, metafora,
təşbeh) mərtəbələrində işlətməklə,
yağışdan sonra açılan, durulan göyüzü
kimi onları bir az da gözəlləşdirir və sehrli
edir.
Allahverdinin
xatirələrində etnoqrafik obrazlar mütləq
görümlü olur, vizuallaşır, çünki gözün
yaddaşından süzülüb gəlir. O, sözləri və
səsləri təxəyyülündə yenidən
canlandırır və görür.
Gün
üzü görməyən nallarınızda
Görmüşəm
yorulan, yortan yolları.
Görmüşəm
yaylaqda bir boz qısrağın
Dırnağı
qaldırdı yerdən yolları
Apardı
qurşadı dağın belinə.
Göz
yaddaşında qoruyub saxladığı səslər
ömür yaşantılarının və xatirələrinin
ayrılmaz obrazı kimi şeirə gəlir.
O səsin
önündə dizim titrəyər,
Qəfil
ozan dilim qədəkləyirdi,
Yanağım
pörtərdi, pətəkləyərdi.
Elə
bil çırthaçırt yanan ocağı
Nənəm
ətəyinən ətəkləyərdi.
Əcdadlarımızın
"intonasiya immuniteti" onun şeirlərində dərin
"çəhlim"lər açıbdır. Allahverdi Təkləli
"şeirin künc daşlarını" unutduğumuz
sözlərdən hörür. Allahverdinin şeirlərində
türk insanının əski canlı lüğəti
yaşayır. Onun ömür tarixçəsi əslində,
yaddaşındakı əski sözləri xatırlama və
söyləmə səviyyəsi ilə
ölçülür. A.Təkləlinin ruhu Orxon-Yeniseyin
daş yaddaşından "Dədə Qorqud kitabı"na,
"Manas"a qədər, ulu ozanlardan, aşıqlardan Yunus
Əmrəyə, Dədə Ələsgərə qədər
türkün ovsunlu - sehrli ritminə sadiqdir.
Borçalı
çökəyində, Qarayazı mahalının Təklə
elində yaşayan Allahverdi Təkləlinin şeirlərini
Kamandar Əfəndiyevin boğazında, Dədə
Əmrahın sazının pərdələrində oxumaq
olmaz. Onun şeirlərini Dədə Qorqud qopuzunda, Altay
şamanlarının qomuzunda söyləmək
mümkündür. Çünki Allahverdi Təkləli
şeirlərini ritmin içində "yetişdirib
böyüdür". Ondan ötrü ritm öncədir. Məhz
ritm özünəməxsusluğu şeirinin
qrammatikasını və məna - söyləm məntiqini
yaradır. Onun poetik ritmində tilsimli nəsə var və səni
inandırır ki, biz yerin-göyün ritmi ilə,
atalarımızın ruhu ilə vəhdətdəyik.
Sintaktik-leksik paralelizmlər, refrenlər, alliterasiyalar bu
poeziyanın bədii xüsusiyyətidir, hardasa türk runik
poeziyasının mətnlərinə də
oxşarlığı var.
Bu bənzərsiz şairin
ritmi mətndə sözün fərqli vibrasiyasını yaradır. Ritmin gətirdiyi
sözlər, ritmin ovsunladığı sözlər
mütləq fərqli
səslənməli və
söylənməlidir. Bir ritm altında qafiyələr bir-birinin əlindən tutub rəqs edir.
Bir ucdan toy evi hallanır
birdən,
Durna qatarıtək sallanır
birdən...
Gəlinin başında dingə oynayır.
Dingəyə qoşulub yengə
oynayır
Tin, dalan oynayır, döngə oynayır
ya da
Qəsəbə olacaq bu kənd bir azdan
Əsəbi olacaq bu kənd bir azdan
At kişnərtisinin, it hürtüşünün
Kasıbı olacaq bu kənd
bir azdan.
Əski türk şeiri kimi, A.Təkləlinin şeirlərinin mənası,
ideyası hərəkət
feilləri elə yüklüdür. Misraların bir-birinə "hərəkətli", ritmik
keçidi də bu üzdəndir. Feillərin zənginliyi və fəallığı sevgi
şeirinin saxta, aldadıcı epitetlərlə
"yoluxmasına" imkan
vermir.
Kətan
köynəyin geyəsən,
Boşalıb düyməm deyəsən.
Gözümdən iynən ilə
sən
Tikib oxlayasan
məni.
Etiraf edim ki, bir şeirində
"kəhər"in "kəhərlənmə" kimi
verilməsi mənə
çox maraqlı gəldi. "Zoğalı"
epitetinin at türü
kimi işlədilməsi
şairin etnoqrafik estetikasının möhürüdür.
Üzü dan yerində, dan ağaranda
Zoğalı qulunlar kəhərlənirdi
İfçin yüyənlənir, yəhərlənirdi
Sürəyə çıxırdı nəmər almağa,
Yolların ürəyi təhərlənirdi.
Allahverdinin ruhundakı təsəvvüf
- irfan dalğası da şaman ritminin
üstündə köklənir. Onun yaşam
- həyat müdrikliyi
şamançılıqla xalq sufiliyinin yaddaşındakı təcrübədən
gəlir.
İstərsən ərənlərə sor,
Pir kişilər
piran qalır.
İlan
dəridən-qabıqdan
Çıxır, yenə ilan qalır.
Onun xatirələri
sözün xatirələridir. Əski, dədə-baba
sözləri "dil
yuxuları", "dil
xatirələri" kimi
danışır. Allahverdinin poetik
xatirələrində bu
sözlər yenidən
dirilir.
Qurçuxur qovzanır bu basırıqda
Hamı bir-birini irəli verir.
yaxud
Yanımda bir kəndin uşağı idi
Biz idik, zəminin başağı idi...
Güclü təkrir instinkti qafiyə çarpazını
"ovsun effektilə"
bir məxrəcə gətirir. Qafiyə, sadəcə, ənənəvi
formal poetik komponent deyil, ovsunlama üsuludur. Diqqət
yetirin: aşağıdakı
dördcə gəraylı
misrasında "əmi
- gəmi - zəmi - su kimi" sözləri
bir-birinə necə
"səs verir":
Əmilər biçir zəmini,
Su kimi içir zəmini.
Elə bil dərya gəmini
Çevirir, yanı üstədi
Bir misra, bənd içində qafiyə çarpazlaşması
alliterasiya ortamına da imkan yaradır. Məsələn:
"Bəlkə dad eləyək,
dadamal olduq". Dəyərli şairimiz İbrahimxəlilə həsr
etdiyi şeirdə dediyi kimi:
Dərdindən qara dam qaraldan adam
Səninki bu qara damın
altıdı.
Məmməd Arazda olduğu kimi, Allahverdi Təkləlidə də göz-qulaq qafiyələri
bir-iki samit səsin üstündə
qurulur. Örnək gətirdiyimiz bu şeirdə "qurşun-quşqun-qırış"
sözlərini bir bəndin içində, dörd misra sırasında ovsunlayıb
bir-birinə necə bağlayır!
Haçansa əlində qurşun
açılar,
açılar quşquna
bazar təzədən
Darıxma, sənin də
qırşın açılar
bir qurşun yazını yazar təzədən.
Allahverdi Təkləli bir misranın enerjisi ilə bütövlükdə
şeiri ovsun mətninə çevirə
bilir. Həmin misra şeirin
həm nəqarəti,
həm də əsas ideyası - motivi olur. Mətn boyunca həmin misranı o qədər
"eydirir" ki, şeirin rədifi - qafiyəsi də onun havasına tabe olub oynayır.
"Bu dünya gözümdə
ağçiçək idi",
"Ürəyi ağzından
gələn qız"
sadəcə, şeir
başlıqları olana
qədər, inanıram
ki, şairin dilində mantra kimi, dua kimi səslənibdi...
A.Təkləli poeziyasında xırdaca
bir peyzaj detalı "içinin peyzajı"na çevrilir. Hətta düşünürəm ki, peyzaj heç
də real həyat, təbiət mənzərələrinin
təsviri ilə deyil, əksinə, mənzərə özü
onun "iç baxışları" ilə
yaranır. Qarlı günlər,
küləkli gecələr
onun içinin peyzajıdır.
Səhərdən axşama tüyünən
külək,
Yolların tozunu geyinən
külək,
Girib buxarıya deyinən külək
Günümdən keçincə, içimdən
adla...
...Məni bu gün
kimi ələk-vələk
et,
Ya gündüz,
ya da ki,
gecə bilməyim.
...Yolub saçlarını silkələdiyin
palıd ağacından
seçə bilməyim
yaxası əlinə
keçən könlümü...
Şairin arxeomodern təfəkkürü
mifoloji düşüncənin
daşıyıcısı kimi çıxış edir. Bildiyimiz kimi, çay
(su) ölülər dünyasına, alt dünyaya
bağlıdır. Axar suya
baxmaq yasağı da bu üzdəndir.
Aşağıdakı şeirin birinci
və sonuncu bəndlərini örnək
gətirib, həmin mifoloji inancın təsvir olunduğunu göstərmək istəyirik.
Asma körpülər üstündə,
Gözümü axıtdı sular.
Qaldım,
qaldım umuduna
Kor kimi əl havasının.
...Hoy elə, ana, hoy elə.
...Su yuxarı, su aşağı
O çayda üzən uşağı
aldadıb batırar
birdən,
Axan gözümün
işığı.
Ümumiyyətlə, qarışıq, qara səslər onu rahatsız edir. O bu səsləri (külək
vıyıltısı, it ulartısı)
qeyb aləmindən (transendent sferalardan) gələn xəbərin
işarəti kimi qəbul edir. Necə ki, gecə
yarısı itin ulaması atasının ölümünü xəbər
verirmiş...
İtimiz
uladı gecə yarısı
Hirsli-hirsli dartdı özünü,
Dartına-dartına yırtdı özünü,
Paslı
zəncirini yemək istədi
Ulaya-ulaya
öz dilində
Yazıq
bizə nəsə demək istədi
Allahverdi Təkləli üçün
xatirə obrazları ilə, ruhlarla ünsiyyəti miforitual səviyyədə baş
verir. Bədii suallar, xitablar
"özgə dünyanın"
sakinlərinə ünvanlanır.
Şeirlərində anasına,
qardaşına, Məhəmməd
Hadiyə, Arif Mustafazadəyə, uşaqlıq
dostu Novruza, Ayvaz Əlləzoğluna,
Məmməd İlqara
müraciətləri və
sualları ilə onların ruhlarını çağırır.
Deyə
bilərsənmi, ay Abbas
qağa,
Ceviz ağacına, şam ağacına
Dimdiyi nə deyir ağacdələnin?
Fikir vermişəm: bütün
təhləli şairlər
üçün evin detalları (damı, qapısı, qıfılı...)
belə onların şeirlərində simvollaşa
bilir. Allahverdi Təkləli üçün
ev mistik
bir məkandır. Bəlkə də heç yerdə (məsələn,
Bakıda) çox bənd olmayıb, tez də kəndə,
evinə qayıtması
da həmin obrazın diktəsi ilə baş verir. Ev onun təhtəlşüurunda
ən güclü simvolik obrazdır. Ev şair taleyinin ən güvənli tərcümanı, ruhunun
məkanıdır. İsa İsmayılzadənin
Qarayazıdakı evi onun yoxluğunun nişanəsidir.
Bir vaxt bir ev vardı Qarayazıda
Yastı
balabana oxşayan bir ev...
Artıq
bu ev
sadəcə bir yaşayış məkanı
deyil, qərib ruhların məskənidir.
Bu "evlər"dən fanilik, yoxluq, heçlik nəfəsi gəlir.
Yovşan
bitirərdi o evin damı,
Yoxdu kirəmidi - suyun axıda
Yoxdu navalçası, ona ilhamı
Yağışlı günlərdə nəğmə
oxuda.
Bir-iki il bundan
öncə sevimli şair qardaşım Xaqani Qayıblı ilə Qaraçöpə
gedəndə yolüstü
Təkləyə, Allahverdigilə
dönməyi qərara
aldıq. İkimərtəbəli evə bitişik
olacaqda (Borçalıda
həyətyanı tikiliyə
deyirlər) çay içib, kəlmə kəsdik. Elə o vaxtdan, nədənsə, həmişə düşünmüşəm
ki, bu qeyri-adi
Azərbaycan şairi həmin "olacaq"da, papiros tüstüsünün
dumanına bürünmüş
yarıqaranlıq otaqda
gözlərini yumub şaman mətnlərini, magik şeirlərini pıçıldayır...
Rüstəm KAMAL
Ədəbiyyat qəzeti.- 2020.-
25 iyul.- S.24.