Zabit
hekayə
Zabit
Ənvər müəllimin yeganə oğlu idi, kişi onu iki qızdan sonra tapmışdı.
Hamı gözləyirdi ki, o, ərköyün
bir oğlan olacaq, amma Zabit ərköyün olmadı. Hələ uşaq vaxtından oğlan çox
düşüncəli görünər, nəyi haradan
götürüb haraya qoymağın yerini bilərdi.
Adı Zabit olduğundan qohumlar arasında onun
özünün də zabit olacağını deyənlər
var idi. Zabit isə ondan nəçi olmaq istədiyini
soruşanda həmişə deyərdi ki, bunun hələ
vaxtı çatmayıb, vaxtı çatanda özü bunu həll
edəcək.
Universitetdə
dosent olan Ənvər müəllim həmişə ailədə,
qonum-qonşu, dost-tanış arasında müəllim həmkarlarının
uşaqlarından şikayət edərdi:
- Bilmirsən,
bunları necə tərbiyə edirlər? Nə
məktəbdə düz-əməlli oxuyurlar, nə özlərini
bir düz-əməlli apara bilirlər. Di
gəl, məktəbi qurtarmamış yerləri universitetdə
hazırdı. Amma özləri nədir,
avara, qudurğan, qandıqları da bir şey yox. İçlərində pyanıskası, nəşəxoru
da var. Sonra da atası, anası səndən yapışır
ki, mənim uşağıma qiymət yaz, özü də
bilməyə-bilməyə yaxşı qiymət yaz. Çoxunun hələ ürəyindən keçir
ki, onun uşağına "beş" yazasan. Qəbulda qanun-qayda yaratsaydılar, onlardan
çoxunun uşağı universitetin üzünə həsrət
qalardı.
Belə
şikayətlərdən sonra da kişi
oğlunu tərifləyər, Zabitin başqa müəllim
uşaqlarına oxşamadığını,
özünü heç yaşına uyğun olmayan tərzdə
təmkinli, ciddi apardığını deyərdi:
- Mən
də oğul böyütmüşəm, onlar da. İndi onların övladlarına bax, mənimkinə
bax. Yerlə göy qədər tafout eləyir.
Ənvər müəllim istəyirdi ki, onun da oğlu
universitetdə oxusun. Amma Zabit bunu qəbul eləmədi və məktəbi
qurtarmağa az qalanda dedi:
-
Ömrü boyu başqa müəllim yoldaşlarından
şikayət edirsən ki, uşaqlarını bilməyə-bilməyə
universitetə düzəldirlər. İndi istəyirsən
ki, mən də o yolu gedim?
- Yox, mən
demədim ki, bilməyə-bilməyə səni düzəldim
universitetdə oxu. Gəl kişi kimi
imtahan ver, hamı da görsün Ənvər müəllim
necə oğul böyüdüb.
- Yox, kişi, - Zabit razılaşmadı. - Mən
universitetdə oxumaq istəmirəm. AZİ-yə
gedəcəm.
-
Görürsən, özü bilir nə istəyir, nəyi
oxumaq istəyir, - Ənvər müəllim yanında
dayanıb söhbətə qulaq asan arvad-uşağa dedi. - Nə
olar, get, bala! AZİ-də oxumaq istəyirsən, Allah
uğuruna xeyir versin, get orda oxu.
Arvadı
da, müəllim yoldaşları da sonra kişiyə çox
dedilər ki, baxsın görsün oğluna imtahanlarda necə
kömək eləyə bilir, kişi bunu
qəbul eləmədi ki eləmədi:
- Mən
də onda olaram o biri müəllimlər kimi. Hələ
mən kömək eləmək istəsəm də, Zabit
özü buna razı olmaz.
Zabit imtahanları verib Neft-Kimya İnstitutunun elektrotexnika
fakültəsinə qəbul oldu. Qohum-əqrəba, qonum-qonşu,
kişinin müəllim yoldaşları bunu eşidəndə
dodaq büzdülər:
-
Oğlun oranı qurtarıb nə olacaq, ay Ənvər müəllim?
Ali təhsilli mantyor? Sənə
dedik ki, özün bu işlə bir maraqlan.
- A balam,
nə verib-nə ala bilmirsiniz axı? - Ənvər
müəllim bu deyilənlərə bənd olmadı. -
Mən sizin kimi övlad böyütməmişəm; o
özü bilir nə istəyir, haranı istəyir.
İnstituta
gedəndə də, oradan qayıdanda da qonşular,
böyüklü-kiçikli Zabitin qabağını kəsər,
onun özündən də soruşardılar:
- Zabit,
institutu qurtaranda nəçi olacaqsan?
- Elektrik,
- Zabit həmişəki kimi ötkəm cavab verərdi.
- Elektrik?
A-a-a... Bundan ötrü
institut oxumaq lazımdu begəm? Odu a, nə qədər adam elektrik işliyir, hamısı peşə
məktəbinü qurtarıb.
Zabit isə daha cavab verməyib təmkinlə yoluna davam
edərdi.
İnstitutda həftənin bir günü hərbi təlim
keçərdilər, həmin günü də oğlanlar dərslərə
xüsusi forma geyinib yollanardılar. Bu hərbi forma da Zabitə
çox yaraşdığından, o bu paltarı geyinib
küçə ilə gedəndə də, qayıdanda da
qızlar yığışıb tamaşasına durar,
pıçıldaşıb, xısın-xısın
gülüşərdilər.
Zabit təhsilin sonlarına yaxın iki aylıq hərbi
toplantı keçəndən sonra leytenant rütbəsi
aldı, institutu qurtarandan sonra da Bakı Elektrik Şəbəkəsinə
işə girmək üçün ərizə yazdı. Heç iki həftə
keçməmiş onu həmin yerdə işə
götürdülər, elektrik mühəndisi kimi. Sonra da gənc mütəxəssis kimi beşinci
mikrorayonda ona birotaqlı mənzil də verdilər.
- Bax,
görürsən, mən yenə də onun nə işə
düzəlməsinə kömək elədim, nə də ev almasına - hamısını özü
eliyib, - yenə Ənvər müəllim qürurla deyərdi.
Qısa bir vaxtda da Zabit işlədiyi yerdə hörmət
qazandı, bir azdan sonra isə hamı başladı onun
başına and içməyə. İndi müdirin özü də
Zabit gələndə az qala ayağa
dururdu. Onun təmkini, ağayanalığı
hamını valeh edər, hamı onun davranışından,
hərəkətindən, danışığından ləzzət
alardı.
Heç
bir il keçməmiş Zabiti qoydular əhaliyə
xidmət şöbəsinin müdiri. Zabit şöbədə
nizam-intizam yaratdı, elektriklərlə söhbət
aparıb, onlardan vicdanla işləməyi tələb etdi,
xoşuna gəlməyən bir-iki cüvəllağını
isə oradan uzaqlaşdırdı. İndi şəhərdə
də hamı onların gördüyü işdən razı
idi.
Bir dəfə Ənvər müəllimin
özünün yolu həmin bu idarəyə
düşdü. Elə dediyini gördü ki, Zabitin
atasıdır. Hamı başladı
kişinin başına fırlanmağa. Az
qala idarədə nə qədər adam var idi, hamısı
yığışıb gəldi ki, Zabitin atasına
baxsın. Amma Zabit bunu eşitsə də,
özü atasını görməyə gəlmədi.
- Gəlib,
gəlib də; mən iş başındayam, - dedi
qısaca.
Ənvər
müəllim də bunu sonra yenə qohum-qonşuya
nağıl eləyər, oğlunun iş yerində hörmətindən,
təmkinindən danışardı.
-
Başqası olsaydı, indi yüyürüb gəlmişdi
ki, atam gəlib. O, heç işini buraxıb gəlmədi də
mənimlə görüşməyə. Amma mənə
lazım olan nədi? - mənə
lazım olan oğlumun bu hörmət-izzətini görməkdi.
Hamı görür ki, Ənvər müəllim
necə oğul böyüdüb.
Zabitlə evlənmək məsələsindən
söhbət salmaq çətin idi. Amma yenə də
anası oğlunu görəndə hərdənbir
dolayısı ilə olsa da buna işarə edərdi.
- Bu dava
vaxtı nə evlənmək? Qoy müharibə
qurtarsın, sonra baxarıq.
Zabitin anasına toy haqqında son cavabı bu oldu. Sonra da qərara
aldı ki, könüllü ərizə verib cəbhəyə
getsin.
Elektrik Şəbəkəsinin müdiri çox çalışdı
ki, Zabiti bu fikrindən daşındırsın.
- Zabit, sənin
şöbən çox mühüm şöbədir
axı, - dedi gəncə. - Bir də səni cəbhəyə
aparan kimdi? Adam yoxdu vuruşmağa? Səni
əgər aparmaq istəsələr də, mən sənin
üçün xahiş edib bron ala bilərəm...
- Yox, nə
bron? Mən cəbhəyə gedirəm, - Zabit müdirinə
də qısa və ötkəm cavab verdi.
Həmin günün axşamı Zabit valideynlərinin
yanına gəldi. Hamı masa arxasında bərabər oturub şam yeməyini
bitirəndən sonra Zabit dedi ki, sabah cəbhəyə
gedir. Bunu eşidəndən sonra Ənvər
müəllim yenə təmkinini saxlamağa
çalışdı, amma anası dözməyib
vay-şüvən elədi, bacıları da
ağlaşdılar.
- Ay
Ənvər, qoyma bunu getsin Qarabağa, tək oğuldu!.. - Zabitin anası fəryad qopardı.
- Mən
ona nə deyim axı? - Ənvər müəllim
çiynini çəkdi. - O özü bilir neyniyir...
Valideynlərinin
mənzilini tərk eləyəndə, sakitləşmək
bilməyib göz yaşları selə dönən anası və
bacıları ilə görüşəndən sonra Zabit
atasını bir tərəfə çəkib dedi:
- Bax, kişi, səndən istədiyim tək bir
şeydi: qara kağızım gəlsə ki, həlak
olmuşam, gərək ağlamayasan.
- Yox,
ağlamayacam. Qəhrəmanın atası ağlamaz ki! -
Ənvər müəllim özünü tox tutub dedi.
Zabitə hərbi komissarlıqda hərbi geyim verdilər,
poqonlarında da iki ulduz. Beləcə, leytenant kimi avtobusla cəbhəyə
yola düşdü.
Zabit cəbhəyə gedəndə 1992-ci ilin
payızı idi. Batalyonlarda yaranmış ruh yüksəkliyi
və əks-hücumun təşkili Qarabağda və ətrafında
neçə-neçə kəndin, hətta neçə
rayonun erməni qüvvələrindən azad edilməsinə
səbəb olmuşdu. Artıq Kəlbəcər və
Goranboy batalyonları Xankəndidən bir top atəşi məsafəsində
dayanmışdılar. Başqa ölkələrin
çağırışı ilə Azərbaycan tərəfi
artıq hücumlarını dayandırsa da, ruh yüksəkliyi
və qələbəyə inam yenə də
könüllülər və
çağırılmış əsgərlər içərisində
geniş yayılmışdı.
Zabit könüllülərin çoxluq təşkil
etdiyi Ağdam batalyonunda Ağdam-Xankəndi istiqamətində
mövqe tutmuş vzvodlardan birinin komandiri təyin edilmişdi. İndi əsas
məsələ vzvodda nizam-intizam yaratmaq idi. Vzvodda könüllülərdən
döyüşlərdə ad çıxarmış cəsur
döyüşçülər də var idi ki, onların
ipini-sapını yığmaq çox çətin idi.
Bunların işi axşam oldumu, bir yerə
yığışıb göstərdikləri igidliklərdən
dəm vurmaq idi. Ya da deyirdilər:
- Görək kim gedib bu axşam yenə erməni tərəfdən
maşın gətirəcək?
Sonra doğrudan gedirdilər də, erməni tərəfdən
maşın gətirir, sonra da aparıb onu bir tərəfdə
satırdılar da. Amma belə səfərdən
qayıtmayanlar da olurdu. Əvvəlcə
Zabit üçün çətin idi, çünki köhnə
döyüşçülər onu çox da
saymırdılar. Zabit qətiyyən bu
olanlara dözmək fikrində deyildi, amma öz mövqeyini
ortaya qoymaq üçün girəvə gözləyirdi.
Köhnə döyüşçülərdən daha biri
"maşın ovundan" geriyə dönməyəndən
sonra Zabit vzvodu yığıb dedi:
- Bu məsələ
daha qurtardı. İndən belə bir nəfər
də mənim göstərişim olmadan ermənilər tərəfə
keçə bilməz.
- Bah! Noldu, sən indi bizə müharibənin nə
olduğunu öyrətmək istəyirsən? Hələ
bir dənə döyüşdə iştirak eləmiyibsən,
amma gör nə qədər adam var burda,
üç-dörd ildi səngərdən çıxmırlar...
-
Düzdü, burada məndən daha təcrübəli
döyüşçülər var, - Zabit cavab verdi. - Amma bu vzvodun komandiri mənəm və mənim
də işim birinci növbədə burada nizam-intizam
yaratmaqdı. İndən belə kim mənim
dediyimə qulaq asmayıb ermənilər tərəfə
keçsə, mən onu cəzalandıracam.
- Necə
cəzalandıracaqsan, güllələyəcəksən
bizi? - bunu da yenə köhnə
döyüşçülərdən biri soruşdu.
- Mən
özüm bilirəm, kimi necə cəzalandıracam, - Zabit
yenə də sakit və təmkinli idi.
Zabitin səsindəki qətiyyət o birilərə də
təsir elədiyindən hamı susdu.
-
Nizam-intizam olmayan yerdə qələbə qazanmaq olmaz, - Zabit
davam etdi. - Buna görə də bu gündən kim mənim tapşırıqlarımı yerinə
yetirməsə, kim özbaşınalıq eləsə, kim
qayda-qanundan kənara çıxsa, dediyim kimi, mənim tərəfimdən
cəzalandırılacaq.
Bundan sonra köhnə döyüşçülərin
çoxu sakitləşsə də, vzvodda yenə də Zabiti
eşitmək istəməyənlər var idi. Köhnə
döyüşçülərdən biri yenə Zabit dediyinə
qarşı çıxanda, gənc leytenant onu
götürüb özü ilə rota komandirinin yanına
apardı. Kapitan Valeh Nəbiyev özü
də heç kimi saya salmayan bəzi könüllülərin
əlindən zinhara gəlmişdi. Nəbiyev
Politexnik institutunda yenicə dərs deməyə
başlamışdı, sonra da bunu atıb cəbhəyə
gəlmişdi. O, cəbhədəki vəziyyəti
müzakirə etməyi, ümumiləşdirmələr
aparmağı xoşlayardı.
- Bunun
adı Qarabağ müharibəsi deyil, - Nəbiyev Zabitin
qaydanı pozan könüllü döyüşçü
haqqında raportunu eşidəndən sonra dedi, - bunun adı Vətən
müharibəsidir. Heç kim burada mənim
üçün vuruşmur, hamı burada öz ata-anası,
ev-eşiyi, ailəsi üçün, öz əcdadlarının
qəbrini qorumaq üçün vuruşur.
Sonra
Zabitin təklifi ilə bu könüllüyə belə bir cəza
verdilər: üç gün mətbəxdə işləmək.
Batalyonun, əslində, mətbəxi-zadı yox idi. Bir neçə
iri asma qazan, üç-dörd yeşik qab-qacağı yerlərini
dəyişdikcə bir "UAZ" maşınına yükləyib
özləri ilə daşıyırdılar. Mətbəx
işlərinə iki aşpaz baxırdı, ərzağa da
başqa bir adam. Ərzağı
batalyona kənardan gətirirdilər, bunu da ətraf
rayonlardakı yerli hakimiyyət təşkil edirdi.
Beləcə, Zabit qaydanı pozanları, ona qulaq
asmayanları mətbəxdə işləməyə göndərməyə
başladı.
Əvvəllər qab-qacağı
aşpazların yanına göndərilən, batalyona təzə
gələn əsgərlər yumalı olurdular. Burada belə cəza yox idi, amma Zabit bunu ilk dəfə
həyata keçirəndən sonra batalyonun başqa
vzvodlarında da bu cəza üsulunu tətbiq etməyə
başladılar. Bir də qalırdı
ayaqyolunu təmizləmək ki, bunu da əvvəllər gənc
əsgərlər edirdilər. Bir azdan isə Zabit ayaqyolunu təmizləməyi
qaydanı pozan könüllülərə və
çağırılan əsgərlərə daha
ağır cəza kimi tətbiq etmək üçün rota
komandirindən icazə aldı. Sonra da bu,
bütün batalyonda yayıldı. Beləliklə
bir azdan Zabit köhnə döyüşçüləri ipə-sapa
yatıra bildi.
Nəbiyev batalyon komandiri təyin olunandan sonra Zabitə
baş leytenant rütbəsi verərək onu öz yerinə
rota komandiri təyin etdi. Nəbiyev indi də rota komandirləri ilə
tez-tez məşvərət keçir, cəbhədəki vəziyyəti
onlarla müzakirə edirdi.
İlin sonlarına doğru erməni tərəfində
sakitlik idi, elə görünürdü ki, guya onlar tezliklə
sülh danışıqlarına başlamaq niyyətindədirlər. Amma az
keçmiş ermənilər Ağdam və Kəlbəcər
istiqamətində hücuma keçdilər.
Zabitin rotası onun rəhbərliyi altında cəsarətlə
döyüşürdü. Hər gün onlar ya
neçə erməni piyadasını, ya döyüş
texnikasını sıradan çıxarırdılar. Amma ümumi götürəndə Ağdam
batalyonunda əvvəlki ruh yüksəkliyi yox idi. Döyüşçülər arasında
müharibənin taleyinin artıq həll olunduğu
haqqında dedi-qodular yenə də güclənmişdi.
O biri yandan isə ticarətlə məşğul olmaq, pul
qazanmaq həvəsi də batalyonda getdikcə özünü
daha çox göstərirdi. Əslən
ağdamlı olan döyüşçülərdən biri
batalyonda səyyar satış köşkü də düzəltmişdi;
siqaretdən tutmuş arağa kimi burada hər şey
satırdı. Yeni batalyon komandiri
döyüşçülər arasında nizam-intizamı
yüksəltməyə bir daha cəhd etdi və bu
köşkün də ləğv edilməsinə sərəncam
verdi. Amma bundan sonra
döyüşçülər siqaret, ya araq dalınca ermənilər
olan tərəfə keçməyə başladılar, buna
görə də az keçmiş qərara
alındı ki, köşkü bərpa etsinlər.
1993-cü ilin yanvar-fevral ayları yenə sakit
keçdi. Hamı bilirdi ki, ermənilərin vəziyyəti
çox ağırdır. Bütün Ermənistan əhalisi
və Dağlıq Qarabağ erməniləri blokada şəraitində
taxıl və yanacaq sarıdan olduqca çətinlik çəkirdilər,
bir az da davam etsəydi, yəqin ki, təslim
olacaqdılar. Azərbaycan tərəfin bircə,
sonuncu həmləsi ilə hər şey həll olunmalı
idi. Bununla belə, Azərbaycan hökuməti
sonuncu həmlədən çəkindi və bir daha
danışıqlar aparmağın vacib olduğunu əsas
götürdü.
Martın əvvəlində Azərbaycan tərəfin
durğun vəziyyətindən və
arxayınlığından istifadə edən ermənilər,
yenə də Rusiyanın və İranın dəstəyinə
və Qərbin havadarlığına arxalanaraq hücuma
keçdilər. Kəlbəcər mühasirəyə
düşdü və tez bir zamanda ermənilər tərəfindən
zəbt olundu. Bu həm Azərbaycan hakimiyyətində,
həm də cəbhədəki Azərbaycan döyüş
qüvvələri arasında parçalanmaya gətirib
çıxardı.
Aprelin əvvəlində keçirdiyi məşvərətdə
Nəbiyev çox pərişan görünürdü.
- Niyə
adamlarımız müharibəyə belə biganədir
axı? - deyə komandir soruşdu. - Onlar qələbəyə
inanmırlar? Ya onlar bizim haqlı olduğumuza
inanmırlar?
- Onlar Türkiyəyə inanırlar. Türkiyəyə
arxayındırlar ki, gəlib bizi erməninin, rusun əlindən
qurtaracaq, - bunu deyən yaşlı bir rota komandiri idi. -
Türkiyə isə...
-
Türkiyə isə hələ də gözləyir, - Nəbiyev
köksünü ötürdü. - Vəziyyət isə
getdikcə ağırlaşır. Surət
Hüseynov yenə də öz briqadasını cəbhədən
çıxarmaqla hədələyir.
- Ən dəhşətlisi odur ki, Azərbaycanın
özündə bu müharibə heç kimi
maraqlandırmır. Çoxu çıxıb Rusiyaya gedir.
Elə bil bu onların müharibəsi deyil... -
bunu da deyən şuşalı bir zabit idi. -
Ağdamın özündə belə dünən mənəm-mənəm
deyənlərin indi hərəsi bir yana əkilib.
Daha vuruşmaq istəyən yoxdur. Sabah Şuşa kimi, Ağdam da gedəndə dizlərinə
döyəcəklər, amma onda gec olacaq.
- Bizim
millət bölünüb. Rusiya yönlülər bizim
üçün ən böyük bəladır, - Nəbiyev
təəssüflə dedi. - Sanki heç xəbərləri
də yoxdur ki, onların ölkəsində müharibə
gedir. Ya da Moskva nə deyir, nə göstərir,
ona inanırlar. Bir də ki, harınların harın
uşaqları... Bax bu biganəlik də burdan
yaranır. O birilər isə deyirlər ki, biz bu
harınlar və Rusiya yönlülər üçün
vuruşmaq istəmirik.
Kəlbəcər erməni qüvvələri tərəfindən
zəbt ediləndən sonra Ağdam üçün yaranan təhlükə
getdikcə böyüyürdü. Həmin axşam bunu
bir daha müzakirə edəndən, bölgədəki
qüvvələr nisbətini nəzərdən keçirəndən
sonra qərara alındı ki, nəyin bahasına olursa-olsun,
Ağdamı saxlamaq lazımdır.
Kəlbəcər,
Ağdam, Tərtər, Goranboy batalyonları yenə də cəbhənin
bütün ağırlığını öz üzərlərinə
götürmüşdülər. Amma cəbhə
daxilində parçalanma, birliyin olmaması,
döyüşçülər arasında narazılıq Azərbaycan
tərəfini getdikcə zəiflədirdi.
Mayın sonunda Surət Hüseynov öz
briqadasını cəbhədən çıxarıb Gəncəyə
aparandan sonra vəziyyət daha da ağırlaşdı. Batalyonların
bütöv vzvodları, rotaları cəbhəni tərk edir,
xaos və qarışıqlıq get-gedə daha da
artırdı. "Mən kimə qulluq eləyirəm?"
- deyə dünənin könüllü
döyüşçüləri,
çağırılmış əsgərlər
özbaşına mövqelərini buraxıb gedir, bununla da həmin
mövqelərin ermənilərin əlinə keçməsinə
bais olurdular. Xalq Cəbhəsi hökumətindən
narazılıq da, ona tabe olmaq istəməyənlərin
sayı da getdikcə artmaqda idi.
Zabit üçün də rotada nizam-intizam yaratmaq və
onu saxlamaq getdikcə çətinləşirdi. O öz
döyüşçülərini inandırmaq
üçün dəridən-qabıqdan çıxır, cəbhənin
buraxıb getməyin nə qədər təhlükəli
olduğunu onlara başa salmağa
çalışırdı. Hələ ki bu
ona müyəssər olurdu; indiyə qədər Zabitin
rotasından bir nəfər də olsun cəbhəni tərk
etməmişdi. Amma 4 iyunda Gəncədə
baş verən hadisələr onun rotasına da öz təsirini
göstərdi; onun da bəzi döyüşçüləri
cəbhəni tərk etdilər, o birilərin arasında isə
narazılıq gücləndi.
Surət Hüseynov Gəncədə hökumət
qüvvələrinin onun briqadasını tərksilah etmək
cəhdinə qarşı qiyam qaldırandan sonra öz
briqadası ilə Bakıya doğru hərəkətə
keçəndə cəbhədəki
qarışıqlıq ən yüksək nöqtəyə
çatdı.
Elçibəyin Bakını tərk edib getməsi xəbəri
yayılandan sonra isə Azərbaycan hərbi qüvvələri
az qala iflic vəziyyətinə
düşdülər: onlar indi elə bil, hətta kimin
üçün, nə üçün, kimin tərəfində
vuruşmalı olduqlarını belə bilmirdilər. Heydər
Əliyevin yenidən ölkədə hakimiyyətə qayıtmasına
çoxları ümidlə baxırdı: deyirdilər
ki, o, böyük təcrübə sahibidir və tezliklə vəziyyəti
düzəldəcək.
Ağdam batalyonunun sıraları seyrəlmişdi,
Zabitin rotasında qalanların sayı o birilərə nisbətən
çox olsa da, onun döyüşçülərini də
ruh yüksəkliyi, döyüşmək həvəsi
çoxdan tərk etmişdi. İyulun əvvəllərində
bütün Ağdam batalyonu, erməni tərəfin həmləsinə
davam gətirməyib geriyə çəkildi. Döyüşlər artıq Ağdam şəhərinin
qarşısında gedirdi, bir addım da geriyə çəkilsəydilər,
düşmən şəhərin özünə həmlə
edə biləcəkdi. Erməni hərbi qüvvələri
Ağdamı hər tərəfdən halqaya alaraq şəhərin
üzərinə od
yağdırırdılar. Əhali arasında
ölənlərin, yaralananların sayı getdikcə
çoxalır, Azərbaycan silahlı dəstələrinin
isə döyüş və müdafiə qabiliyyəti getdikcə zəifləyirdi.
Mərkəzdən isə demək olar ki, kömək yox idi:
hakimiyyət uğrunda gedən mübarizə getdikcə
şiddətlənir, cəbhə isə sanki daha heç
kimin yadına düşmürdü. Moskva ermənilərin
əliylə Azərbaycanı diz çökdürmək
planını həyata keçirməyə
çalışır, ermənilərdən başqa,
ayrı-ayrı etnik qrupları ölkənin əleyhinə
çıxış etməyə də sövq edirdi. Həm də deyirdilər ki, İran da Azərbaycanın
birləşməyə meyil edəcəyindən qorxuya
düşüb və nə vaxtdan bəridir ermənilərə
taxılla, silahla kömək edir. Azərbaycan
isə nəinki təklənmiş, hətta parçalanmaq təhlükəsi
qarşısında qalmışdı.
İyulun 14-də ermənilər böyük bir qüvvə
ilə Ağdamın üzərinə hücuma keçdilər. Erməni
qüvvələrinin mühasirə halqası nəticəsində
digər batalyonlardan ayrılmış Ağdam batalyonunun hələ
sağ qalmış, qaçıb-dağılmamış
hissələri şəhər uğrunda yenidən
döyüşə girdilər.
Komandir Nəbiyev
silahlanıb səngərə gəldi və Zabitin yanında
özünə yer eləyib dedi:
- Zabit, vəziyyətimizin
nə qədər ağır olduğunu bilirsən. Biz heç kimin yadına düşmürük,
hamı hakimiyyət uğrunda, var-dövlət uğrunda
mübarizəyə girişib. O biri batalyonlardan ermənilər
bizi təcrid edib və böyük bir qüvvə ilə
üzərimizə hücuma keçiblər. Xeyli
rus döyüş texnikası da onların sərəncamındadır.
Bizim bu hücumun qarşısını almaq
imkanımız yoxdur. Amma biz sona qədər
vuruşmalıyıq, ən çox ümidim isə sənin
rotanadır. Az-çox burada intizam
yaradıbsan, səni eşidirlər. İnanıram
ki, sənin rotan axıra kimi vuruşacaq, mən də
axıra kimi sizinlə qalacam. Bizim daha xilas
olmaq, Ağdamı qorumaq imkanımız yoxdur. Ağdam gedəcək, özü də tezliklə.
Amma əsas odur ki, onun uğrunda son nəfəsə
qədər vuruşmuş adamlar olsun. Belə olanda sabah hökmən kimlərsə Ağdamı
azad etmək istəyəcək.
Zabit dedi
ki, öz rotasındakı döyüşçülərin
axıra qədər vuruşacaqlarına heç bir
şübhəsi yoxdur. Mayor Nəbiyev Zabiti qucaqladı:
- Mən
belə də bilirdim, Zabit, belə də bilirdim... Hə, bir də sən daha baş leytenant deyilsən. Sənə indicə
kapitan rütbəsi verilməsi haqqında sərəncamı
imzaladım. Sən rotanın komandiri olaraq
qalırsan, amma indi həm də batalyon komandirinin müavinisən.
Düzdü, bu sərəncamları qərargaha
göndərmək imkanım yoxdur, amma bəlkə sonradan bu
sərəncamları kimsə o biri sənədlərin
içində tapdı.
Zabit yenə də heç nə demədi, Nəbiyev isə
onu bir də qucaqlayıb kürəyini döyəclədi.
Zabitin rotasındakı könüllülərin
arasında Səkinə və Validə adlı iki qız da
döyüşürdü. Vəziyyət pisləşəndən
sonra onları dəfələrlə ötürmək istəmişdilərsə
də, qızlar razı olmamışdılar.
Əvvəllər könüllülərin arasında
qızlar çox idi; onlardan döyüşlərdə həlak
olanı da oldu, yaralanıb geriyə gedəni də. Amma çoxu ara
qarışandan, cəbhədə ümidsizlik yaranandan sonra
geriyə döndülər. O qız
döyüşçülərin içərisində
çoxu namuslu qızlar idi, bəzən əsgərlərdən
biri ilə aralarında gözəl məhəbbət macərası
baş tutardı, bəziləri, hətta geriyə
dönüb evlənər, sonra yenə cəbhəyə
dönərdilər. Amma qız
döyüşçülərin arasında yüngül
xasiyyətli olanları da var idi. Bu
sonuncular bir döyüşçü ilə yox, bir neçəsi
ilə eyni vaxtda münasibət qururdular, bəziləri isə
hətta kiminlə gəldi yatağa girməyə hazır
idilər. Zabit də rotaya
başçılıq edəndən oradakı belə bir
qızı geriyə göndərməkdən başqa yol
görmədi.
Əslində, heç vəchlə cəbhəni tərk
edib getmək istəməyən Səkinə idi, bunun da səbəbini
tək rəfiqəsi Validə bilirdi. Səkinə öz
komandirinə - Zabitə məftun idi. İmkan
olduqca qızlar öz aralarında xısınlaşır, Zabitin
məziyyətlərini müzakirə edirdilər. Onun mərdanə davranışı, hər hərəkətinə,
hər sözünə diqqət etməsi qızları heyran
edirdi. Amma Səkinə həm də
sevgisinin cavabsız qalmasından çox xiffət edirdi.
Rəfiqəsi bunu görür, hər dəfə
onu bir yolla ovutmağa çalışırdı.
- Səkinə,
da bu nə qədər olar axı! Görürsən
ki, o susur, sən özün ürəyini aç de də
oğlana... - deyə Validə bir dəfə dözməyib
qızı qınadı.
- Yox,
Validə, mən bunu eləyə bilmərəm.
- Eləyə
bilmərəm nədi, özünü gərək bir dəfə
məcbur edəsən...
- Yox! Yox!.. Mən buna özümü məcbur
eləsəm də, Zabit bundan xoşlanmayacaq. Sən
özün də bunu bilirsən axı...
- Ay
qız, onsuz da heç bilinmir ki, biz bu qada-baladan, bu
oddan-alovdan sağ qurtara biləcəyik, ya yox. Sən
nəyin hayındasan? Da indi də Zabitə
demiyib, nə vaxt deyəcəksən? Vallah, gedib
özüm deyəcəm ona məsələnin nə yerdə
olduğunu...
- Yox,
Validə, yox, belə şey eləmə, sən Allah...
- Gedib
onda kamandirə deyəcəm.
Rəfiqəsinə baxanda Validə daha cəsarətli və
ötkəm qız idi, həm də açıq
davranmağı xoşlayırdı. Bu
davranışına görə qızı yüngül hesab
edib ona söz atan əsgərlərin də cavabını
lazımınca verərdi. Bəzən də
ona sataşana elə söz tapıb deyərdi ki, həmin
adamın dəymişi dura-dura kalı tökülərdi.
Validə həmin gün imkan tapıb özünü Nəbiyevin
səyyar qərargahına saldı.
- Kamandir,
səninlə qısa bir söhbətim var, olar? - qız onu tək görüb daha da ürəkləndi.
- Hə,
buyur, Validə, buyur, - Nəbiyev onu həmişəki kimi
gülərüzlə qarşıladı. - Hə, bilirəm,
Səkinə ilə ikiniz qalıbsınız qızlardan. İstədiyiniz vaxt geriyə gedə bilərsiniz.
Uşaqlardan da bir neçəsini qoşacam, sizi
ötürsünlər...
- Yox ey,
kamandir, ona görə gəlməmişəm. Məsələ
başqa məsələdi...
- Hə,
nə məsələdi, de görək onda. Amma bir az tez elə, çünki on dəqiqədən
sonra məşvərət başlayacaq.
- Kamandir,
bu Səkinə var ha, sənə açığını
deyim ki, onun quşu qonub...
Texniki sahənin
adamı olan Nəbiyev Validənin burada sözünü kəsib,
onun dediyini dərhal başqa tərəfə yozdu:
- Ay
qız, o nə quşdu elə? Bu vurhavurda elə
bircə quşumuz çatmırdı. Bura
quşbazlıq yeri deyil, evə qayıdandan sonra istəyirsiniz
lap dəvəquşu saxlayın, sizə söz deyən kimdi,
amma indi bunun vaxtı deyil...
- Yox ey,
kamandir, nə quşbazlıqdı salıbsan, onu demirəm...
Sən nə dilbilməz adamsanmış!
- Bəs
nəyi deyirsən onda? Tez elə, sözünü de, indi məşvərət
başlıyır...
-
Başlasın da, nə olar! Kamandir, sənə gərək adam hər şeyi açıq deyə, yoxsa
heç nə başa düşmürsən...
Sözümün canı odur ki, Səkinə Zabiti sevir...
- Sevsin də,
yaxşı, mənlik nə var burda?
- Qız
özü ona deyə bilmir, Zabit də özünü elə
aparır ki, guya heç nə görmür. Bəlkə
sən ona deyəsən, kamandir, nə olar?
- Ay
qız, mən ona axı belə şeyi nə təhər deyə
bilərəm? Desəm də o heç qulaq verməyəcək.
Zabitin xasiyyətini özün də bilirsən...
- Kamandir,
yenə gör neyniyə bilirsən... Qız yazıqdı,
çox əziyyət çəkir...
- Dedim
axı sənə sözümü... İndi məşvərət
başlıyır, qayıt get yerinə...
Amma Validə komandirin yaxasından belə asanlıqla əl
çəkən deyildi. Bundan sonra da neçə dəfə Nəbiyevin
yanına gedib dediyində təkid elədi. Nəbiyev də
axırda məcbur olub Zabitlə bu barədə
danışacağına söz verdi.
-
İşlər, deyəsən, düzəlir, Səkinə! -
Validə rəfiqəsinə bunu tələsik xəbər verdi. - Görək onun sözü bundan sonra nə
olacaq...
Fəqət,
Nəbiyevdən sevindirici bir xəbər gəlmədi və
o, Validə bir də qərargaha gələndə qıza belə
dedi:
- İmkan eləyib Zabitdən soruşdum ki, istədiyi
qız, gözaltısı - filan varmı. Amma nə qədər
elədimsə də, bunu neçə dəfə təkrar-təkrar
soruşdumsa da, sualıma cavab vermədi, hər dəfə
ortaya başqa mövzu gətirdi. Yox, Validə,
bağışla, mənim bu işdən heç
gözüm su içmir. O adam bu cür
söhbətləri qəbul eləmir, vəssalam.
Validə bilirdi ki, Nəbiyev evlidir, arvadını və
iki körpə uşağını Bakıda qoyub cəbhəyə
gəlib. İstədi indi söhbəti dəyişib ailəsini
soruşsun, amma kişinin bağrını qan eləmək
istəmədi və sağollaşıb çıxdı.
Nəbiyev də qız çıxandan sonra istər-istəməz
fikirləşdi: "Görəsən, bunun özünün
ürəyindəki kimdir? Yoxsa bu özü də...".
- Bu
zalım oğlu lap dağdan, dəmirdən imiş ki! Ona heç nə kar eləmirmiş, - Validə Nəbiyevin
yanından qayıdandan sonra Səkinəyə Zabitdən
şikayət elədi. - İndi qalır
bircə yol: sən gərək birbaşa özün ona deyəsən,
yoxsa xeyri olmayacaq.
Səkinə heç nə deməyib dalğın nəzərlərini
yenə uzağa zillədi və yüngülcə köks
ötürdü.
Həmin gün, yəni iyulun 14-də Zabitin
rotasındakılar və o biri rotalardan qalanlarla bir yerdə
Ağdamı yetmiş nəfər müdafiə edirdi. Düşmən
Ağdamı hər tərəfdən mühasirəyə
almış, yüksəklikləri ələ
keçirmişdi. İndi də şəhəri
və onun sonuncu müdafiəçilərini toplardan,
pulemyotlardan, qrad qurğularından aramsız atəşə
tuturdu. Şəhər əhalisi artıq
evakuasiya edilmiş, sərgərdan itlər, pişiklər belə
qaçıb gizlənmişdilər. Ermənilər
isə həmləni davam etdirirdilər. Zabit
qalan döyüşçülərin bütün hərəkətlərinə
rəhbərlik edirdi, Nəbiyev ancaq arabir işə
qarışır, Zabitin etdiklərini və göstərişlərini
təqdir edirdi. Zabitin
başçılığı altında onun
döyüşçüləri üstlərinə gələn
iki tankı, bir BTR-i vurmuş, neçə-neçə
düşmən əsgərini də
öldürmüşdülər. Amma
özləri də çox itki vermişdilər; axşama
doğru aralarında ölənlərin və yaralananların
sayı artıq yarıya çatmışdı.
Cəmisi iyirmi nəfər döyüşçü
qalanda onlardan bir neçəsi Zabiti və Nəbiyevi
inandırmağa çalışdılar ki, təslim olmaq
lazımdır. Zabit bunu qətiyyətlə rədd etdi:
- Bir
qaşıq qan nədi ki, ondan ötrü ermənilərə
təslim olaq?
Nəbiyev
də onun dediyinə qüvvət verdi:
- Bax,
fikirləşin, - dedi. - sabah bizim
övladlarımız bu döyüş haqqında eşidəndə,
ondan xəbər biləndə nə düşünəcəklər?
Biz indi ermənilərə təslim olsaq, buna
görə bütün gələcək nəsillər
utanacaq, amma axıra kimi döyüşsək, bu onlar
üçün həm qürur mənbəyi olacaq, həm də
nümunə. Çünki vaxt gələcək,
Ağdamı da, Qarabağı da onlar azad edəcəklər.
Sonra yenə də təklif oldu ki, Səkinə ilə
Validəni ötürmək lazımdır, getsinlər, bu
oddan-alovdan qurtarsınlar. Amma qızlar yenə də
qalmaqda israr etdilər.
Validə,
arada bir az sakitçilik olanda, rəfiqəsini
dilə tutub ona Zabitə çatdırmaq üçün
qısa bir sevgi məktubu yazdıra bilmişdi. Sonra
da özü bu məktubu zərfə qoyub, üstünə də
"batalyon komandirin müavini Zabit Səlimova"
yazmışdı. Validə səngərdə
yanında dayanmış əsgərə bu zərfi verib dedi:
- Bunu
ötürmək lazımdır Zabitə. Çox
vacib, həm də məxfi məktubdur.
Zabitlə aralarında on əsgər olardı, onlar da,
rota komandirinə çatdırmaq üçün məktubu
bir-birinə ötürməyə başladılar.
Nəhayət,
yanında səngərə yatmış əsgər məktubu
Zabitə uzadıb dedi:
- Kamandir,
sənə məktub göndəriblər.
Zabit məktubu alıb açanda yenə erməni tərəfdən
mövqeləri atəşə tutulmağa başladı. Elə güllələrin,
mərmilərin altında səngərə sinib, tez məktubu
oxudu: "Zabit, ola bilsin ki, biz bu od-alovdan sağ çıxa
bilmədik. Buna görə də
sözümü sənə deməyi vacib bilirəm. Bir
qız kimi bunu etiraf etmək mənə nə qədər
çətin olsa da, yenə istəyirəm ki, biləsən:
mən səni sevirəm! Səkinə".
Səkinə əsgərlərin yenə
ötür-ötürlə geri gətirdiyi cavab məktubunu
oxuyanda ətrafı yenə də atılan güllələrin,
partlayan mərmi və qumbaraların gurultusu başına
götürmüşdü.
-
Gördün, Səkinə? Dedim sənə özünə məktub
yaz. Hə, nə yazır? - Validə
od-alovlu qasırğanı unudub rəfiqəsindən maraqla
soruşdu.
- Belə
yazıb: "Sıravi döyüşçü Səkinə
Qurbanovaya. Döyüşdə göstərdiyiniz
fədakarlığa, şəxsi igidliyə və
dözümə görə Sizə batalyon komandirinin
adından minnətdarlıq elan edirəm. Batalyon
komandirinin müavini kapitan Zabit Səlimov". - Səkinə
birnəfəsə oxudu.
- Ay-ay-ay!
- Validə yanıqlı-yanıqlı dedi. - Bu zalım
oğlu ölüm-dirim anında da bildiyini babasına vermir. Sən
də adam tapdın sevməyə...
Yenə də yaxınlıqda partlayan mərmilərin
gurultusu qızı sözünü yarımçıq kəsməyə
vadar etdi.
- Sizi
görüm!.. - Validə bunu deyib yenə
də avtomatından ermənilərin mövqeyinə tərəf
atəş açdı.
Səkinə
də ondan geriyə qalmadı...
14 iyuldan 15 iyula keçən gecə erməni qüvvələri
Ağdamı zəbt etdilər, amma bunu onlar ancaq şəhərin
müqavimət göstərən sonuncu
döyüşçülərini öldürəndən
sonra edə bildilər. Hətta bundan sonra da bir neçə erməni tankı
və döyüşçüsü sonuncuların şəhərin
girəcəyində düzdüyü minalara düşüb
partladı...
...Ənvər müəllimin həyəti həmin
günü adamla dolu idi; həyət durmadan
dolub-boşalır, hər tərəfdən ona oğlunun həlak
olması münasibətilə başsağlığı
verməyə gəlirdilər. Kişi elə bil neçə il qocalmışdı, amma yenə də
özünü tox tuturdu. Yasa gələnlərin isə bəziləri
öz aralarında pıçıldaşırdılar:
- Buna bax,
tək oğlunu itirib, amma elə bil heç vecinə də
deyil.
Ənvər müəllim isə həyətin
ortasında dayanıb gəlib-gedənə oğlundan, onun
xasiyyətindən və əməllərindən
danışır, arada Zabitin dediklərindən,
danışdıqlarından misal gətirirdi.
Bakı, 1994
Vüqar DƏMİRBƏYLİ
Ədəbiyyat qəzeti.- 2020.- 25
iyul.- S.20-22.