Kimliyin axtarışında...

 

Pərvinin təqdimatında İmdat Avşarın "Kafa kağıdı" hekayəsi

 

Türkiyəli yazıçı-tərcüməçi, artıq uzun illərdir ki, Azərbaycan ədəbiyyatının fədakar təbliğatçısı kimi tanınan İmdat Avşarın "Kafa kağıdı" hekayəsi hansısa çox uzaq ellərin, qədim zamanların ab-havasını çatdırır oxucuya. Amma müəllifin yaşını və təsvir etdiyi vaxtı incələyəndə görürsən ki, bu hadisələrin üstündən təxminən əlli il keçib. Elə isə niyə sadə bir türk kəndi, çağdaş dünyanın imkanları ilə bir quş (təyyarə!) qanadında yetişə biləcəyimiz obalar belə uzaq gəlir adama... Həm də nağıllar qədər uzaq, amma eyni zamanda doğma! Sanki elə indicə bu ucsuz-bucaqsız çölün hansısa ucqarından, Allahın da unutduğu bir yuvadan nağıl qəhrəmanları çıxacaq. Biri qorxudanda, o biri ovudacaq, biri xox gələndə, digəri müdafiə edəcək adamı... Və qəribədir ki, bir nağıl saflığı ilə yazılmış hekayənin dərininə getdikcə qırx qapı açılır üzünə... Hər qapı arxasında bir məna, ideya gizlənib. "Gizlənib" - deyirəm, amma bilmirəm yazıçının niyyəti gizlənməkdi, öz uşaqlıq ağrısını, acısını, kompleksini mübhəm saxlamaqdı, ya açmaq, oxucu ilə bölüşmək?! Bunu araşdırmaq niyyətim yoxdu. Sadəcə, özümün gördüyüm və anladığımı bölüşmək istəyirəm...

"Uşaq-uşaq danışma" - deyirlər bəzən... Ya dazünü uşaq kimi aparma", "uşaq kimi düşünmə" - iradları tutulur bir azacıq cığallıq edən böyüklərə... İmdat Avşarın hekayəsi isə deyir ki, uşağın düşüncəsi elə bakirə təbiətin özü qədər safdı, dünyanın ən ali qanunlarından da ədalətlidi, bir də günahsız balacalar savadsız, səhlənkar, məsuliyyətsiz böyüklərin təqsirlərinin altını çəkirlər... Obrazlı desək, heç də uşaq dəcəlliklərinə bənzəməyən Böyük oyunlarının zərbəsi balacalara dəyir... Hə, bu, taxtadan düzəltdiyin oyuncaq tapança ilə dava-dava oynamaq deyil, müharibədi. Və bütün günahlar da bu müharibədədi... Kişiləri, balaca daxma evlərin arxa-dayağı olan ataları, babaları əlimizdən alan savaşlarda. Türkün qəhrəmanlıq tarixi, igidlik dastanı keçir adamın gözünün önündən: 93 müharibəsi, Balkanlar müharibəsi, Dünya Müharibəsi... Ərzurum, Selanik, Sarıqamış, Yəmən, Çanaqqala, Sakarya...

İmdat Avşar - "bir nənə, bir ana, dörd oğlan, üç qız" - olan evləri təsvir etdikcə başa düşürsən ki, bu azadlıq dastanının zil-zülmət səhifələri də az deyilmiş və bu qaranlıqlar içində sadəcə atasını, babasını yox, həm də kimliyini itirən balalar varmış... Oxucu düşünə bilər ki, "Kafa kağıdı" - hekayəsində faciəvi nə isə baş verib... Qətiyyən! Sadəcə, artıq ibtidai sinfi bitirməyin bir addımlığında olan qəhrəman anlayıb ki, şəxsiyyətini təsdiq edən sənəd yoxdur... Axı buna nə ehtiyac?! Bir salxım üzümün də hansı tənəyə, bir quzunun da hansı sürüyə, hətta kösöy olmuş təzəyin hansı ocağa aid olduğunu hər kəsin suzbər bildiyi bulaq suyu kimi dumduru mühitdə, ovuc boyda kənddə kağız-kuğuza nə gərək?! Mənə görə hekayənin qeyri-adiliyi də elə budur. İmdat bəy təsvir etdiyi təbiəti, mühiti elə göstərir ki, burda bir kəndlinin kəlməsi, ya da qonşunun elə sözlə şəhadəti ən daşdan keçən sənəddən də üstündü... Amma çağdaş dünyanın öz qanunları var və sənin kimliyini təsdiq edən sənədin yoxdursa, müstəqil həyata qədəm qoya, özünü inkişaf etdirə, mühitdə yerini tuta bilməzsən... Beləliklə o qayğısız uşaqlığın ən qayğılı anını təsvir edən müəllif uşaq üçün atanın, qadın üçün ərin, daha doğrusu, ailəni yönləndirən güclü bir Kişinin varlığının vacibliyini göstərir. Və burda şəxsiyyət vəsiqəsi də, lak ayaqqabı da sadəcə, simvoldu... Bir yanın boşdusa, kimliyin də sual altındadı, ayağın da yalındı... Və bütün bunları edən müharibədi!

Bir neçə il öncə İmdat Avşarın doğma eli-obasında, Kırşəhərdə keçirilən kitab yarmarkasında hamımız yaxşı mənada təəccüblənmişdik. İmdat bəy doğma torpaqlarında yaşayan koloritli adamlar haqda qeyri-adi hadisələri danışdıqca yarmarkada iştirak edən Anar müəllim, türk şairi Ataol Bəhramoğlu, Rəşad Məcid və mən gülməkdən uğunurduq. Anar müəllim İmdat bəyin, sanki XIX əsr Azərbaycanını təsvir etdiyini söylədi, bunu sonralar yazdığı məqaləsində də xüsusi vurğuladı... İndi "Kafa kağıdı"nı oxuduqca da İmdat Avşarın digər hekayələrini yada salıram və başa düşürəm ki, müəllif hələ erkən yaşından (bəlkə, əslində, yaşından daha artıq müdrikliklə) yurdunun başına gələnləri - ağlamalı, gülməli hadisələri görüb duyub və bəzən gülərək, bəzən hüzünlə yazıb hiss etdiklərini... Və bu balaca hadisələr bir daha göstərir ki, dərdlərimiz də, xarakterimiz də, hətta bir ovuc torpaq da yaşadıqlarımız da eynidir, oxşardır. Elə bu günlərdə, mavi ekran, internet və sosial şəbəkələri bürümüş şəhid balaları fotolarından yağan kədər, adamın cızdağını çıxaran acizlik ovqatında "Kafa kağıdı"nın hüznü o qədər doğmadır ki... Ona görə bu əsər haqqında çox danışmaq, ən dərinində də öz ağrılarımızı tapmaq, bəlkə təsəlli üçün nələrsə də aşkara çıxarmaq olar, amma mən çox uzatmadan İmdat Avşarın "Kafa kağıdı" hekayəsinidəbiyyat qəzeti"  oxucularına təqdim edirəm...

 

PƏRVİN

 

Ədəbiyyat qəzeti.- 2020.- 25 iyul.- S.18.