Müəlliflik haqqında

 

Hər şeydən öncə deyim ki, iki kateqoriyaya aid müəllif vardır: mövzu xatirinə yazanlar və yazmaq xatirinə yazanlar. Birinci kateqoriyaya aid olanların fikirləri, yaxud təcrübələri olur və onlara elə gəlir ki, bunları bölüşməyə dəyər. İkinci kateqoriyaya aid olanlara pul lazımdır və nəticə etibarilə onlar pul üçün yazırlar. Onların düşüncələri yazmaq biznesinin bir hissəsidir. Onları öz fikirlərini mümkün olan uzunluğa qədər firladıb uzatmaqları ilə tanımaq olar. Bir də, əlbəttə ki, yarıdoğru, yalan, çarəsizlikdən deyilən, çox yerə yozula bilən düşüncələrinin mahiyyətindən. Bir də bu, özünü, ümumiyyətlə, onların nəyisə birbaşa deməkdən yayınmaqlarında göstərir. Belə ki, onlar olduqlarından fərqli görünə bilərlər. Məhz buna görə onların yazıları səlislik və aydınlıqdan məhrumdur.

Nəticə etibarilə tezliklə onların vərəqi doldurmaq naminə yazdıqları üzə çıxır. Bu bəzən ən yaxşı yazıçılarla da baş verən haldır; məsələn, Lessinqin "Dramaturgiya" və hətta Jan Polun bir çox romanlarında olduğu kimi. Bu hal nəzərə çarpanadək kitab gərək kənara tullansın, çünki vaxt çox dəyərlidir.

Həqiqət budur ki, müəllif vərəqi doldurmaq xatirinə yazmağa başlayandan oxucunu aldadır, ona görə yazmaq üçün bəhanəsi odur ki, onun bölüşməyə nəsə bir şeyi var.

Pula görə yazmaq və müəlliflik hüququnu qoruyub saxlamaq ədəbiyyatın fundamental çöküşüdür. Yalnız sırf mövzu xatirinə yazan adamlar oxumağa dəyən nəsə bir şey yazırlar. Nə qədər dəyərli bir nemət olardı, əgər ədəbiyyatın istənilən bir sahəsində bir neçə, fəqət gözəl kitab olsaydı. Nə qədər ki, pul yazmaqla qazanılır, bunu heç vaxt yerinə yetirmək mümkün olmayacaq. Belə görünür ki, pul, sanki lənətlənmişdir; belə ki, hər bir müəllif qələmi kağıza qoymağa başlayan kimi hansı yolla olur-olsun, qazanmaq naminə yaradır. Böyük adamların ən yaxşı əsərləri heç bir şey xatirinə, yaxud çox az bir haqq müqabilində yazmağa məcbur olduqları dövrlərdə yaradılıb. Burda ispan atalar sözü yerinə düşür: - honora y provecho no caben en un saco - şərəf və pul eyni pul kisəsində tapılmaz.

Bizim dövrümüzdə ədəbiyyatın - həm Almaniya və eləcə də digər ölkələrdə - belə acınacaqlı vəziyyətdə olmasının yeganə və sadə səbəbi odur ki, adamlar pul qazanmaq üçün kitablar yazır.

Kimin pula ehtiyacı varsa, oturub kitab yazır və cəmiyyət də bunu alacaq qədər axmaqdır. Bunun ikinci effekti dilin dağılmasıdır.

Pis müəlliflərin böyük əksəriyyəti öz yaşayışlarını nə çap olunubsa, onu da oxuyan cəmiyyətin bütövlükdə axmaqlığı hesabına təmin edirlər. Mən jurnalistləri, başqa sözlə, "günəmuzd işçilər"i, nəzərdə tuturam.

Yenə demək olar ki, üç kateqoriyaya aid müəllif var. Birinci yerdə fikirləşmədən yazanlar gəlir. Onlar yaddaşlarından, xatirələrdən, yaxud hətta birbaşa başqa adamların kitablarından yazırlar. Bu qəbildən olanlar sayca ən çoxdur. İkinci zümrədən olanlar elə fikirləşir ki, onlar yazır. Onlar yazmaq üçün fikirləşir; və belələri də çoxdur. Üçüncü yerdə isə yazmamışdan qabaq fikri olanlar dayanır. Onlar yalnız ona görə yazırlar ki, öz fikirləri var; belələri çox azdır.

İkinci kateqoriyadan olan müəlliflər, yazmağa başlayana qədər öz düşüncələrini təxirə salanlar, bəxtəbəxt yarışa çıxan idmançıya bənzəyir - onun evə çox uğur gətirəcəyi ehtimalı azdır. Üçüncü, nadir rastlanan kateqoriya müəlliflərin yazılarına gəldikdə, bu bir ovun dalınca düşüb onu təqib etməyə bənzəyir. Şikar əvvəlcədən tutulmuş sonradan azad etmək ücün bağlı bir qəfəsə salınmış, dəfələrlə bir bağlı yerdən digərinə yerləşdirilmiş, elə bir yerə ki, qaçıb canını qurtarması mümkün deyil və artıq ovçunun nişan alıb atəş açmaqdan savayı başqa çarəsi qalmır. Bu o deməkdir ki, o, düşüncələrini kağıza tökməlidir. Bu elə oyun növüdür ki, nəsə bir bəhrə verir.

Lakin hətta yazmamışdan əvvəl, həqiqətən ciddi şəkildə fikirləşənlərin sayı azdır. Onlardan da olduqca az qismi mövzunun özü haqqında fikirləşir, qalanları isə yalnız mövzu haqqında yazılmış kitablar və başqalarının bu haqda nə demiş olduqları barədə fikirləşirlər. Onlar başqa adamların fikirləri vasitəsilə daha direkt və güclü təşviq olunmalıdırlar ki, fikirləşə bilsinlər. Bunlar onların növbəti mövzuları olur və nəticə də bu olur ki, onlar həmişə təsir altında olurlar, heç zaman, sözün həqiqi mənasında, orijinal ola bilmirlər. Əvvəlkilərsə mövzunun özündən qaynaqlanaraq fikirləşirlər, belə ki, onların düşüncəsi birbaşa ona yönəlmişdir. Bunlar yeganə kateqoriyadandırlar ki, onlar əbədi şöhrətli yazıçılardır. Əlbəttə, aydındır ki, mən burda ədəbiyyatın daha yüksək təbəqəsinə mənsub olan yazıçılardan danışıram, brend metodlarla yazan yazıçılardan yox. Nə qədər ki, bir müəllif işlədiyi mövzunu öz beynindən, yəni öz müşahidələri əsasında yazmır, onu oxumağa dəyməz. Kitab istehsalçıları, tərtibçiləri, adi tarixçi yazarlar və bunlara bənzər digərləri öz materiallarını birbaşa kitablardan götürürlər. Əllərinə düşən materialın tranzit borcunu ödəmələri, ya da nəsə bir yoxlama aparmaları, təftiş etmələri barəsində söz açmağa belə dəyməz. (Öz kitabında yazılan hər şeyi bilsəydi nə qədər çox bilikli adam olmuş olardı). Belə ki, onların söhbətləri o qədər anlaşılmaz olur ki, birisi boş yerə baş sındırıb onların həqiqətən nə düşündüklərini anlamağa çalışsa da anlamaz. Axı, onlar qətiyyən düşünmürlər. Onların köçürdükləri kitabın özü də bəzən eyni şəkildə yazılmış kitab olur: belə ki, həmin qəbildən olan yazı da gips qəlibə oxşayır. Qəliblər çoxalır və sonda qalan Antinousun çöhrəsinin güclə tanınan eskizinə bənzəyir. Nəticə etibarilə, gərək toplular mümkün qədər az oxunsun: onlardan tamamilə əl çəkmək çətindir, çünki toplulara əsrlərlə toplanmış bilikləri özündə cəmləşdirən dərsliklər də daxildir.

Sonuncu işin həmişə daha mükəmməl olduğunu güman etməkdən də böyük səhv ola bilməz. Guya, sonralar yazılmış nəsə əvvəllər yazılmışın hər bir halda təkmil formasıdır. Bu dəyişiklik həmişə proqres kimi başa düşülür. Həqiqi mütəfəkkirlər, doğru qərar verənlər, öz sənətinə vicdanla yanaşan adamlar - yalnız bunlar istisnalardır. Zərərverici dünyanın hər yerində mövcuddur: o, həmişə düşüncə adamlarının mükəmməl fikirlərini mənimsəmək sahəsində ayıq-sayıq olur və özlərinə xas xüsusi yolla ciddi-cəhdlə bu fikirləri təkmilləşdirirlər. Belə ki, əgər adam özünü bir elm sahəsində inkişaf etdirmək istəyirsə, bu sahədə yazılmış ən yeni kitabları mütləq oxumalıdır, o ehtimalla ki, elm həmişə inkişaf edir. Köhnə kitabların əsasında yeni kitablar hazırlanır.

Bu doğrudur ki, köhnələrdən istifadə olunur, lakin necə? Təzə kitab yazan çox zaman köhnə kitabları dərindən başa düşmür; belə ki, köhnə yazıçıların daha dəqiq və aydın şəkildə dediklərini götürüb işlətməyə könülsüz olduqlarından onların fikirlərini dolaşıq, təhrif olunmuş halda çatdırırlar. Köhnə yazıçılar öz biliklərini canlı elmi dillə yazırdılar. Onların elmlə əlaqədar yazmış olduqları ən parlaq fikirləri, ən uğurlu qeydləri təzə yazanlar anlamadıqlarından əhəmiyyət vermir, o yazılanların dəyərini bilmir və o köhnə yazıçıların nə dərəcədə dərindən öz sənətlərinə bağlı olduqlarını duymurlar. Yalnız dayaz və vecsiz olan pis müəllif onun diqqətini cəlb edir. Qədim və əla bir kitab tezliklə təzə, pis bir kitabla əvəzlənərək rəflərə yerləşdirilir; bu cür kitablar pul xatirinə yazılmış, şou göstərib lovğalanaraq daha çox müəllifin dostlarının təriflədiyi kitablar olur.

Elm sahəsində özünü fərqləndirmək arzusunda olan adam bazara nəsə təzə bir şey çıxarır. Adətən, özünün yanlış anlayışına yol açmaq üçün əvvəllər doğru olaraq həyata keçirilən bəzi nəzəriyyəyə hücum edir. Bəzən onun cəhdi qısa müddətə uğurlu olur, sonra yenə köhnə, doğru olan öz yerinə qayıdır. Bu innovatorlar dünyada öz dəyərsiz varlıqlarından savayı, heç nəyə ciddi yanaşmırlar. Onlar yalnız öz qiymətlərini gözə soxmağa çalışırlar. Bunu etməyin sürətli yolu isə, onlar düşündüyü kimi, bir paradoks başlatmaqdır. Onların steril başları, təbii olaraq, inkar yolunu tutur, belə ki, başlayırlar danmağa - uzun müddətdən bəri qəbul olunmuş həqiqətləri - məsələn, həyati gücü, simpatik sinir sistemini, nəsil bərabərliyini (generatio equivoca), Bikatın ehtirasın işləməsi ilə ağlın işləməsi arasındakı fərqi. Ya da onlar bizim kobud atomizmə və buna bənzər bir şeyə qayıtmağımızı istəyirlər. Beləliklə, elmin gedişatının tez-tez reqressiv olduğunu görürük.

Yazarların bu kateqoriyasına, həmçinin o tərcüməçilər aiddir ki, onlar tərcümə etməklə yanaşı, eyni zamanda müəllifin əsərlərində düzəliş və dəyişiklik edirlər. Bu isə həmişə mənə ikrahedici görünür. Belə yazarlara mənim sözüm budur: Tərcümə edilməyə dəyən kitabları özün yaz, qoy başqa adamların əsərləri necə varsa elə qalsın! Oxucu gərək, əgər bacarsa, əsl müəllifləri, şeylərin əsl yaradıcılarını, ixtiraçılarını, yaxud elmin hər bir sahəsində ustad kimi tanınan böyük adamları oxusun. Qoy oxucu həqiqi kitabın məzmununu yeni kitablardan oxumaqdansa, ikinci əl kitabları alsın.

Doğrudur ki, nəyisə əlavə etmək asandır, inventis aliquid addere facile est (gördük ki, əlavə etmək asandır), buna görə də insan öz sahəsinin prinsiplərini öyrəndikdən sonra, son dövrlərdə bu sahədə yazılmış informasiyalarla tanış olmaq məcburiyyətində olacaqdır. Ümumilikdə, aşağıdakı qayda başqa bir yerdən, məhz bura daha çox yerinə düşür: nə təzədirsə, az hallarda yaxşıdır, ona görə ki, yaxşı bir şey yalnız qısa bir müddətə təzə olur.

Məktub üçün ünvan nədirsə, kitab üçün də ad gərək elə olsun. Bu o deməkdir ki, onun bilavasitə məqsədi kitabı cəmiyyətin o təbəqəsinə çatdırmaq olmalıdır ki, onlar kitabın məzmunu ilə maraqlanırlar. Buna görə, ad gərək effektiv və həm də əhəmiyyətli dərəcədə qısa olsun. O, yığcam, lakonik, dolğun və mümkün qədər kitabın məzmununu bir sözlə ifadə etməlidir. Əgər ad uzundursa, heç bir məna ifadə etmirsə, qarışıq və ikimənalıdırsa pisdir. Yaxud qondarma və aldadıcıdırsa, onda kitabı yanlış ünvanlanmış məktubu gözləyən tale kimi bir tale gözləyə bilər. Ən pis kitab adları oğurlanmış adlardır; belə adlar artıq digər kitabların adını daşıyır: ilk növbədə, onlar plagiatdır, ikinci isə ən çox inandırıcı sübut mütləq orijinal görünmək istəyidir. Orijinallığı öz kitabına yeni ad fikirləşməyə belə kifayət etməyən birisinin ona yeni məzmun verməsi üçün daha az qabiliyyəti olacaq. Buna bənzər hal imitasiya olunan adlardır, başqa sözlə, yarım oğurlanmış adlar. Məsələn, mən "Təbiətdə istək haqqında" əsərini yazandan uzun müddət sonra, Orsted "Təbiətdə ağıl haqqında" adlı əsər yazdı.

Kitab heç vaxt öz müəllifinin düşüncələrinin ifadəsindən artıq bir şey ola bilməz. Bu düşüncələrin dəyəri onun fikirləşdiyi mövzunun əhəmiyyətindən, yaxud bu mövzunu hansı formada inkişaf etdirməsindən - belə desək, onun bu haqda nə düşünməsindən asılıdır.

Kitabların mövzusu çox müxtəlifdir, mövzu sayəsində onların qazandığı nailiyyətlər də həmçinin. Təcrübədən hasil olan bütün mövzu, başqa sözlə, fakta söykənən hər şey - istər tarixi, istərsə təbiət faktları olsun - öz-özünə yaranmalıdır, sözün geniş mənasında, mövzu termininə aiddir. Kitaba özəl xüsusiyyət verən onun mövzusudur (motiv), belə ki, istənilən bir kitab, müəllifi kim olur-olsun, mühüm bir kitab ola bilər. Formaya gəldikdə isə, kitabın özünəməxsus cəhəti onun müəllifindən asılıdır. Tematikanın təbiəti hər kəsə əlçatan və bəlli ola bilər; lakin forma - izah olunduğu kimi, onlar haqqında nə düşünülmüşdür - kitaba öz dəyərini verir və bu da müəllifdən asılıdır. Buna görə də, əgər bir kitab, bu nöqteyi-nəzərdən, əla və rəqibsizdirsə, demək, bu onun müəllifinə aiddir. Burdan belə fikir yaranır ki, yazıçı mövzudan nə qədər az asılı olursa, yaratdığı daha çox oxumağa dəyir və tanınmış, işlənmiş mövzudan uzaq olursa, onun töhfəsi daha böyük olur. Üç böyük yunan faciənəvisi, məsələn, hamısı eyni mövzunu işləmişdir.

Beləliklə, kitab məşhurlaşırsa, gərək bu məşhurluğun onun mövzununmu, yoxsa formasınınmı sayəsində qazanıldığına diqqət ayrılsın. Müvafiq olaraq fərq də nəzərə alınmalıdır.

Tamamilə adi və bəsit adamlar yalnız onlara aid olan mövzunun sayəsində çox böyük əhəmiyyəti olan kitablar yarada bilirlər. Məsələn, götürək xarici ölkələrin nadir təbiət hadisələrinin, həyata keçirdikləri eksperimentlərin, şahidi olduqları tarixi hadisələrin təsvirini verən kitabları.

Digər tərəfdən, bir yerdə ki, mövzu hər kəsə anlaşılan və çox yaxşı bəllidirsə, hər şey formadan asılı olacaq. Mövzu haqqında nə düşünülürsə, o rəy də kitaba layiq olduğu dəyəri verəcək. Bu halda yalnız həqiqi fərqlənmiş adam oxumağa dəyən nəsə bir şeyi yaza biləcək; başqalarına gəldikdə isə, digərləri nə fikirləşə bilərlərsə, ondan artıq heç nə fikirləşməyəcəklər. Onlar, sadəcə, öz ağıllarının təlqin etdiyi fikri yaradacaqlar, ancaq bu, hər kəsin sahib olduğu orijinalın tirajıdır. Necə olsa da, publika formadan daha çox, məzmun olmasından rahatsızdır... Publika öz üstünlüyünü bu baxımdan ən gülməli şəkildə şeiriyyət ilə məşğul olanda göstərir. Bu aludəçilik şairin əsərlərinin motivinə xidmət etmiş şəxsi həyatını və real hadisələri diqqətlə tədqiq edir; nəticədə bu aludəçilik əsərlərin özündən daha maraqlı gəlir: bu maraq Höte tərəfindən yazılmış əsərlərdən daha çox, Höte haqqında oxuyur, Hötenin Faustunun özüylə müqayisədə Faust haqqında əfsanəni ciddi-cəhdlə öyrənir. Börger deyəndə ki, "adamlar Leonoranın həqiqətən kim olduğunu göstərən ekspozisiyalar düzəldərdi", biz bu fikrin hərfi mənada Hötenin timsalında tamamlandığını görürük. Ona görə ki, indi bizim Faust və Faust əfsanəsi haqqında öyrənilmiş çoxlu ekspozisiyamız var. Onlar xalis maddi xarakterlərdir və olaraq da qalacaqlar. Məzmunun formaya üstün tutulması gözəl Etruskan vaza rəsminin çəkilməsində istifadə olunan boyanın və gilin kimyəvi tərkibini yoxlamaq məqsədilə onun formasını görməzlikdən gələn adamla eynidir.

İşlənmiş mövzu vasitəsilə effektiv olmaq cəhdi - publikanın bu pis meyilinə xidmət etmək cəhdi - hər hansı ləyaqəti açıq şəkildə formada olan ədəbiyyat sahələrində daha çox qınanılır. Mən poetik əsərləri nəzərdə tuturam. Lakin uydurduqları mövzu vasitəsilə teatrları doldurmağa can atan saysız-hesabsız pis dramaturji əsər müəllifləri nadir hal deyildir. Məsələn, onlar adlı-sanlı istənilən bir adamı, ya da öz həyatlarının dramatik hadisələrini, bəzən onunla çıxış edən adamları ölənə kimi səhnəyə gətirirlər.

Mənim burda danışdığım məzmun və forma arasındakı fərq, həmçinin müsahibəyə şamil edildikdə də özünü doğruldur. Bu, başlıca olaraq hər bir adama danışmaq imkanı verən dərrakə, ağıl, mühakimə və canlılıqdır: bunlar söhbətə forma verir. Lakin onun danışdığı məsələyə diqqət yetirilməlidir; - başqa sözlə, onunla haqqında danışılması mümkün olan məsələlərə - onun biliyinə. Əgər bu bilik çox azdırsa, onun söhbəti yuxarıda adları çəkilən formal keyfiyyətlərə ən müstəsna dərəcədə sahib deyilsə, heç bir şeyə dəyməz, çünki onun hamının bildiyi həyat və təbiət faktlarından savayı, danışmağa heç bir sözü olmayacaq. Əksinə, əgər adamda bu formal keyfiyyətlər çatmır, ancaq dediklərinə dəyər verən bir miqdar biliyi varsa, sadəcə, əksi olacaqdır. Bu dəyər bundan sonra tamamilə onun söhbətinin məzmunundan asılı olacaqdır. İspan atalar sözündə deyildiyi kimi; mas sabe el necio en su casa que el sabio en la agena - Axmaq öz işini ağıllı başqalarının işini bildiyindən daha çox bilir.

Azərbaycan dilinə tərcümədə mənbə kimi A.Şopenhauerin "Müəlliflik haqqında" essesinin alman dilindən ingilis dilinə - Tomas Beyle Saundersin "Müəlliflik haqqında" (T.Bailey Saunders "On Authorship") və Missis Rudolf Dirksin "Müəlliflik və Üslub haqqında" (Mrs.Rudolf Dircks "On Authorship and Style") tərcümələrindən istifadə olunub.

 

Artur Şopenhauer

 

Tərcümə edəni: Suğura İBRAHİM

 

Ədəbiyyat qəzeti.- 2020.- 25 iyul.- S.14-15.