MÜHARİBƏ
Şübhəsiz,
düşünülmüş, düşünülməmiş,
planlaşdırılmış,
planlaşdırılmamış müharibə insan əməlidir.
O, məhz insan beynində formalaşır, ani
qığılcım və ya uzunmüddətli gözləmə
mövqeyindən sonra irəli atılır. Müharibə
dünyanın, kainatın, mövcudiyyətin yaranması
kimidir - kimlərsə hardasa "Ol!" deyir və olur... Bir
çox şey kimi... Hər şey kimi... Müharibənin
düşüncəsizlik olduğunu irəli sürə bilmərik..
O, ola bilsin bu uzun yollardan, hardasa, hətta zehnimizin və ya
tarix adlandırılan illüziyanın ən uzaq bir nöqtəsində
əkilmiş toxumdan cücərən davranış
biçimi kimi ortaya çıxır...
Allah
bilir...
Amma
bildiyimiz bir şey var - bəşər övladı yaranandan
müharibələr olub və olmaqdadır... biz hər nə
qədər onunla barışmasaq da, qəbul etmək istəməsək
də, müharibə haqda söhbətləri yan-yörəmizə
yaxın qoymaq istəməsək də, populist
çıxışlar səsləndirsək, ya da əksinə,
sussaq da o var.
Bizim
müharibə barədə təsəvvürümüz
çox zaman kənar, hətta yanıldıcı təsvir və
təsirlərin əhatəsində, bəzən
ağırlığı, bəzən
yüngüllüyü altında, bəzən gizli-aşkar məqsədlər,
bəzən qorunma instinkti altında formalaşsa da, fikrimiz
dayanıqlı deyil, dəyişkəndir... Hər bir yeni
hadisə, bir kəlmə, bir xəbər, bir kükrəmə
- "bir tık" bizi düşünməyə, tərəddüd
göstərməyə məcbur edir. Tamamilə təbiidir,
çünki mərkəzdə insan - biz dayanırıq,
lakin heç zaman bir nəfərdən artıq olmayaraq...
***
Elm
adamı müharibə istəməz... Ədəbiyyat
adamı müharibə istəməz... Bir bəstəkar, bir
rəssam, bir müəllim, bir həkim, bir kəndli, bir bənna,
bir çoban, bir səyyah... heç kim müharibə istəməz.
Bəs müharibələrdə döyüşənlər
kimlərdir, ölənlər, öldürənlər, didərgin
düşənlər, əsir götürülənlər -
bir sözlə, əzab çəkənlər və ya əksinə,
qorxu, xof yaratmaq, insanları daha ağır əzablarla hədələmək
üsulları düşünüb yaradanlar kimlərdir? -
İnsan.
Hansı
düşünə bilən insanın qatını tərpətsən
içindən müharibə barədə özünəməxsus
bir fikir tapıb çıxartmaq olacaq. Onu istəyənlər
də, lənətləyənlər də, qorxanlar da, irəli
atılanlar da, faydalananlar da, itirənlər də, əlinə
silah alanlar da, silaha nifrət edənlər də
haqlıdırlar... Hara çevirsəniz, hardan baxsanız,
müharibə barədə istənilən çağırış,
istənilən etiraz haqlıdır. Hamını dəlili,
sübutu, arqumenti var - müharibə arzulayanın da,
arzulamayanın da, bunu dəyişmək olmayacaq...
Amma...
Amma
müəllif olaraq bir şey barədə nəsə demək
və ya susmaq üçün o şeyə heç olmasa
yaxınlaşmaq lazımdır. Bu yaxınlaşmanın mərkəzində
sən dayana bilməzsən, sən heç zaman o dairənin
mərkəzində olmayacaqsan. Oldunsa sənin mərkəzləşmən
haqqında bildiyin və bilmədiyin, gördüyün və
görmədiyin hər şeyi uzaqda saxlayacaq. Bir nöqtə
- bir mövzu seçməli və onu yaxınlaşdırmalısan,
bəlkə də bu, texnoloji üstünlüklərdən
istifadə edib planet üzərində bir nöqtəni
axtarmağa bənzəyir. Fikir vermisinizmi, hər şey
get-gedə böyüyür, amma heç zaman heç nə
kiçilmir...
Müharibəni
nə qədər yaxınlaşdırmaq, yaxına çəkmək
mümkündür? Harda dayanıb, "bax, budur",
"tapdım" deyə bilirik?..
Şərif
Ağayarın "Arzulardan sonrakı şəhər"
romanını oxuyanlar bu yaxınlaşmanı və ya
yaxınlaşdırılmanı xatırlamamış olmazlar
- iynə ucu boyda səslər yaxınlaşdıqca
böyüyür, güclənir və bir kəsişmə
nöqtəsində pərdə çəkilir.
İnsanınmı müharibəyə, müharibəninmi
insana qaynayıb-qarışdığını bilmədən
hadisələrin nüvəsində qalırsan. Bu anda
özünü heç zaman kənarda görə bilməyəcəksən,
ya əlinə keçəni götürüb dairənin
çölünə yüyürəcəksən, ya xaotik hərəkətlərlə
özünü ora-bura vuracaqsan, ya döyüşəcək...
ya da öləcəksən - müharibə bu deməkdir.
Hiss etmədinsə
müharibə barədə danışma, yazma, şüar səsləndirmə.
Çünki o dairənin kənarına qaçıb
canını qurtarmaq istəyən də, özünü
ora-bura çırpan da, ölən də insandır, sənin
evinin, məhəllənin, kəndinin, şəhərinin,
ölkənin - Dünyanın insanı.
Bəli, ədəbiyyatın
müharibənin yaxınlaşdırmasında ali missiyası
budur - İnsan!
***
Hardasa on
il əvvəl əsgərlikdə olan oğluna baş çəkən
tanış ana-ataya kömək edən həyat
yoldaşıma qoşulub Tovuzun ən ucqar hərbi hissələrindən
birinə gedib çıxmışdım. Əsgər nə
əsgər, yaşlı valideynlərin on gündə, bir həftədə
yığıb-yığışdırıb yollara
düşməsi bir başqa mənzərəydi, hər dəfə
oğlanı onlarla görüşə gətirən zabitlərin
əsəbləşdiklərini eşitmək bir başqa mənzərə.
Getdik. Bir
təpənin başında balaca bir yeməkxana. Kiçik
qonaq otaqları. İki saat gözlədikdən sonra komandiri əsgəri
götürdü gəldi. Yanlarında otura bilmədik, nə
mən, nə keçmiş döyüşçü olan həyat
yoldaşım. O anları, baxıb hirsləndiyimi, əlimdə
olsa o oğlanı yumruqlamaq istədiyimi utansam da, utanmasam da
söyləyəcəyəm.
Çölə
çıxdım, yeməkxananın kölgəliyindəki
masa başında oturmuş həyat yoldaşımla zabitin
yanına getdim. Hər ikisi əsəbi
görünürdü.
"Biz
burda hər əsgərə cavabdehik, hamı eynidir, burda kim
varsa eyni şəraitdə, eyni şərtlər altında
xidmət edir. Biz onların hər biri üçün məsuliyyət
daşıyırıq, lazım gəlsə
özümüzü qabağa verməyə hazırıq ki,
heç birinə heç nə olmasın", -
başıyla içəriyə işarə edib siqaret
yandırdı, - "belə əsgərin xidməti bitib geri
qayıdanda hamımız nəfəs alırıq".
Qarşıdakı
sıra dağlara baxdım, bir az irəlidən, təpənin
üstündən erməni kəndi ovuc içində
görünürdü. Zabitə baxdım, sifəti günəş
altında yanmışdı, əlləri cadar-cadar idi,
gözündən yorğunluq, yuxusuzluq
tökülürdü. İstirahət edə bilməmişdi,
əsgəri görüşə gətirmişdi, vaxtı
bitəndə götürüb aparacaqdı...
Son
günlərdə şəhidlərimizin səngərdə əsgərləriylə
çiyin-çiyinə şəkilləri yayılanda, bir
çoxları bunu qeyri-adi bir şey kimi, hətta sevinclə
nümunə çəkəndə başımı
aşağı saldım - Onlar orda həmişə belə
olublar...
Orda, o
uzaq səmtdə, düşmən hərbi hissələriylə
üz-üzə nöqtənin ortasında insanın ətrafında
qəribə bir halə yaranırdı və sən istəsən
də, istəməsən də o halənin çölünə
çıxıb ədalətsizlik,
aşınmışlıq, kiçikli-böyüklü narazılıqlar,
ayrı-seçkiliklər, yad və doğmalar, heç nə,
müharibədən kənar heç nə barədə
düşünə bilməzdin. Nə atəş
açılır, nə göydən üstümüzə
güllə yağırdı, nə toplar guruldayır, nə
tanklar yeri titrədirdi... amma o zabit, o insan, o ərköyün
uşaq, o valideynlər, o keçmiş
döyüşçü və o bapbalaca əsgər yeməkxanası
- Müharibənin düz ağzındaydı... Onu yalnız
orda hiss edə, bütün dünyadan ayıra, əlahiddə
bir dünya halına gətirə, haqqında danışa və
düşünə bilirdin... Bilirdin ki, bir saat sonra buralar
qızğın döyüş meydanına çevrilə
bilər, az əvvəl yanından keçib gəldiyin əsgərlərdən
kimlərsə evinə sağ qayıtmaya bilər, o səbrini
toparlamağa çalışan zabit vurulub yıxıla bilər,
bilirdin ki, bu səssizlik qədər yanıldıcı,
aldadıcı və tükdən asılı vəziyyət
yoxdur bu an dünyada.
O anda
dünyada ancaq müharibə hiss olunurdu.
Qarşı
təpədə bir az irəli getmək istədiyimi görən
zabit: "Olmaz, getməyin" deyəndə
"vurarlarmı", - deyə soruşmuşdum. "Getməyin!"
- qısa, kəskin bir əmr..
***
Bəzi vətənpərvər
mövzuda olduğu irəli sürülən mətnləri
oxuduğum zaman həmişə o zabitin səsi qulaqlarımda
səslənir: "Getməyin!".
Bəzi
hallarda nəsə yazmaq istəyəndə də: "Etməyin!".
Yazmayın!
Bəs
necə olsun?
Həqiqətənmi
ədəbiyyatın missiyası bu cür hallarda susmaq,
gözləmək, nəyin nə ilə nəticələnəcəyini
gözləmə mövqeyi tutmaq, ya da irəli atılmaq, hər
şeyə isti-isti münasibət bildirmək, əlüstü
mətnlər yazmaq, qınamaq, öymək, təbliğat
aparmaq, kütləni coşdurmaq, qəzəbləndirmək,
intiqama səsləməkdir?
Niyə
bizdə hər şey ya tündləşdirilir, ya solğunlaşdırılır,
niyə hisslər bu qədər süniləşdirilir?
Qarışdırırıq...
insanı unuduruq, hisslərini, həyatını, hadisələrin
onun üzərində cəmləşdirilməsini
lazımsız hesab edib genişmiqyaslı döyüş
tablosu çəkmək istəyirik. Qoy bütün dünya
görsün, qoy bütün dünya başımıza nələrin
gətirildiyindən xəbər tutsun, yüz minlərlə
qaçqın, bir o qədər dədə-baba məzarımız,
əsirlər, yüzlərlə kənd, yüzlərlə mədəni
abidə, minlərlə şəhid...
Bütün
bunlar, statistik məruzələr ədəbiyyatın işi
deyil və heç nəyə aparıb çıxartmır.
Xocalı boyda faciəsi, dərdi olan adamlarıq, hər
ildönümündə "Fəryad"dan başqa
heç nəyə üz tuta bilmirik...
Nə qədər
ki, o yüz minlərdən kimlərisə, təsadüfənmi,
bilərəkdənmi tək-tək ayırıb
ağrısıyla, sevinciylə, qorxusuyla, ehtirasıyla,
sevgisi və nifrəyitlə yaza bilməyəcəyik,
müharibəmizin mərkəzinə bir insan qoya bilməyəcəyik...
alınmayacaq...
Natiq Məmmədlinin
"Şuşa dumanı" adlı hekayəsi var. Balaca bir
hekayə.
Müharibə
o hekayədə bir həkimin - insanın sızıldayan dizlərində
dünyadan böyük, özümüzdən yaxın
görünür...
***
...Düzənliyin
ortasında müvəqqəti çadır kəndi. Bəlkə
kənd də demək olmaz.
Dan yeri
sökülər-sökülməz böyük yaşlı
uşaqlar analarının, ayağı yer tutan nənələrinin
yanına düşüb bir az aralıdakı kəndə
qayıdırlar. Ocaqlar tüstülənir, səslər
yüksəlir, lavaş salınır, yemək bişirilir...
Hər
şey qarşıda yüksəklikdə yerləşən
düşmən mövqelərinin gözü önündə
baş verir. Kənd tablosunda kişilər yoxdur. Kişilər
düşmənlə üz-üzə dayanıblar,
çiyin-çiyinə, əlləri silahdan çəkmədən,
gözlərini düşməndən ayırmadan...
O
kişilər o torpağın övladlarıdırlar, o hər
səhər ocaqları tüstülənib alışan kəndlər
onların kəndləridir, o lavaş salan, qazan qaynadan
qadınlar, uşaqlar onların ailə üzvləridirlər...
Düşmən
iki addım uzaqda dayanıb hər dan yeri sökülər-sökülməz
evinə qayıdan qadınları da, qarşısında
onların göz qırpmadan dayanan ərlərini,
atalarını, oğullarını da yaxşı
görür, yaxşı bilir, yaxşı tanıyır. Bura
müharibənin içidir, orta nöqtəsidir, bütün
hiss və reallıqlarıyla, həqiqətiylə. Pafossuz,
çağırışsız, səssiz-səmirsiz, lakin
bütün əzmiylə...
Bunlar
doxsanıncı illərdə Sədərəkdə
yaşanıb, bunu mənə sədərəkli bir xanım
danışıb. Mən onu dinləyə-dinləyə həyətə
baxırdım, tikinti gedirdi, ustalar, fəhlələr işləyirdilər,
küçədə bir dəstə uşaq oynayırdı,
yol kənarı boyunca əkilmiş ərik ağacları həmin
il necə bol bar gətirmişdisə, hər tərəf
sapsarı ərik rənginə bürünmüşdü.
Bir yanda sapsarı taxıl zəmiləri uzanıb gedirdi,
biçin başlamışdı. Qarşıdakı yüksəklikdə
Ermənistan hərbi nöqtələri, onlardan bir qədər
aralı bizim mövqelərimiz. Hər şey nə qədər
sadə və asan, sakit, təhlükəsiz, sanki belə də
olmalıymış kimi görünürdü...
O zaman
orda danışdığım, tanıdığım
insanların xatirələrini dinləyə-dinləyə
başa düşdüm ki, bəzi hekayələr
yazılmadan var. Bu hekayələrdə təkcə insan
müharibənin mərkəzində deyil, həm də
müharibə onun həyat hekayəsinin ortasındadır...
Bəzən
bəzi yazılmayan hekayələr bəzi yazılmış
hekayələrdən daha yüksək təsir gücünə
sahibdir.
***
İllər
əvvəl yazılmış bir romanımız var, Aslan
Quliyevin "Ağrı" romanı. Niyəsə
haqqında demək olar susulan, danışılmayan, diqqətdən
kənar qalan, dar dairə istisna olmaqla oxucunun bəlkə də
heç adını eşitmədiyi böyük həcmli əsər.
Bir az mistika qatılmış, nağılvari
göründüyü qədər də ciddi məqamlara
işarə edən, səmt göstərən, təkcə
içində danışılan tarixi hadisələr, sənədlər
göz önünə gətirildikdə hansı zəhmət,
əziyyət, səbr, bahasına başa gəldiyini başa
düşə biləcəyimiz böyük roman.
İlk
baxışda inanılmaz görünən, hətta
dünyanın harasındasa olub-olmadığına inanmaq istəməklə
istəməmək arasında ilişib
qaldığımız bir kənd.
Mərkəzdə
insan... nəzər nöqtəsini hara çevirsən
üstündə cəmləşdirəcəyin, ancaq onu, əlahiddə,
həmçinin böyük bir orqanizmin tərkib hissəsi
olduğunu bütün çılpaqlığıyla hiss edə
bildiyin, istənilən halda hər dəfə düşən
işıqların altında mərkəzdə dayanan insan!
Keçmiş
yazıçı, indiki döyüşçü. Son ana qədər
döyüşəcək. Bunun sənin ölkən, sənin
insanın, sənin mübarizən, sənin müharibən
olduğuna həm inanır, həm inanmırsan, çünki
bütün sərhədləri aşaraq bütün
insanlığa eyni çağırışı səsləndirir:
"Tanrı, onları bağışlama, onlar nə etdiklərini
bilirdilər!".
Biz nə
insanlıqdan, nə humanizmdən, nə ali dəyərlərdən
nəsibini almamış insanlar deyilik.
Biz cəmiyyətdə
nələrin baş verdiyini, dəyərlərin necə dəyişdiyini,
necə aşındığını, xaosun hər birimizi
özünə çəkdiyini, nə olduğunu anlamadan bir
girdabın içində daşa-divara
çırpıldığımızı, doğru yol axtardığımızı,
bəzən bir-birimizə girdiyimizi, bir-birimizə qəzəbləndiyimizi
ürək ağrısıyla yaşayırıq.
Hər
şeyin ən ali dəyərlər çərçivəsində
həll onunmasını hamıdan çox istəyib,
hamıdan çox gözləmişik..
Amma olmur...
Bizim hər şeyin fövqündə bir müharibəmiz var, biz ona, xaincəsinə, bilərəkdən cəlb edilmişik və kifayət qədər qurbanlar vermişik.
Biz nə etdiyini bilən heç bir
düşməni bağışlamırıq...
Hədiyyə
ŞƏFAQƏT
Ədəbiyyat qəzeti.- 2020.- 25 iyul.- S.10-11.