Milli mətbuat, Ayasofyada
namaz və Tovuz hadisələri…
Milli
Mətbuat Günüdür. İş otağımda oturub “Varislər”
rubrikamızın yeni təqdimatını - şəhid
general Polad Həşimov barədə yazını oxuyuram.
Yazı çoxlu intibalar doğurur. “Ədəbiyyat qəzeti”nin
1934-cü ildən bəri çap olunan bütün
saylarını vərəqləmişəm. İlk dəfədir
ki, bu qəzetdə iki həftə öncə şəhid
olmuş bir generalın əzizləri – anası,
xanımı, qardaşı, oğulları, qonşuları,
dostları danışır. Hələ üstəlik, o,
müstəqil Azərbaycanın şəhid olmuş ilk hərb
generalıdır və 45 yaşında ermənilərlə
döyüşdə həlak olub. Yadıma Ənvər
Paşa düşür. Polad Həşimov Ənvər
Paşanın yaşıdıdır. Ənvər
Paşanı da ermənilər qətlə yetirmişdi.
Düşünürəm, zamanında böyüklərimiz
Ənvər Paşanı dinləsəydilər indi Azərbaycanın
erməni problemi olmazdı. Çünki çibanı
kökündən təmizləmək istəyən Ənvər
Paşa haqlıydı...Amma biz çibanın qabarmasına və
genişlənməsinə imkan verdik. Erməniyə
yaşamaq üçün ərazi, dövlət qurmaq
üçün ölkə, özlərini idarə etmək
üçün şəhər verdik. Bədələni
yüz ildir ki, ödəyirik. Qərbi Azərbaycanda,
Qarabağda... İndi də daha içərilərdə -
general Həşimovun şəhid edildiyi Tovuzda...
Tovuz hadisələri
göstərdi ki, kamança kompleksi, humanizm fəlsəfələri
erməni vandalizmini sağalda bilmir. Kaş ki, zamanında
Ənvər Paşaya inanaydıq. Kaş ki, ermənilərə
Azərbaycan torpaqlarında dövlət qurmaq fürsətini
verməyəydik.
Mətbuatımızın
145 illiyi tamam olur...Vaxtilə Rusiyada, bəlkə də
dünyada ilk türk qəzeti olan “Əkinçi”nin
qapadılmasına səbəb yenə də ermənilərin
yazdığı donoslar və “1877 sənəsində Rus və
dövləti-Osmaniyyə müharibəsi əsnasında
müsəlmanları təşviq və təhrik edəcək
bir məqalənin nəşri olmuşdu...Bundan sonra Rusiya
hökuməti iyirmi yeddi sənə qədər bir müddət
Qafqasya türklərindən heç birinə qəzetə və
məcmuə nəşr etməyə müsaidə etmiyordu…”.
Hətta etmiş olsa belə, iyirmi yeddi ildən sonra, yeddi erməni
qəzetinin müqabilində bir “Həyat” qəzetimizin nəşrinə
izn verirdi. Bunu da 1905-ci ildə Əli bəy Hüseynzadə
Peterburqda Rusiya Jandarm İdarəsinin başçısı
Trepovun intriqalarına rəğmən, Rusiyanın Baş
naziri Vitteyə zorla qəbul etdirirdi. 27 il əvvəl
rus-osmanlı savaşında osmanlının təəssübünü
çəkən Rusiya təəbəsi Həsən bəy Zərdabi
iyirmi yeddi ildən sonra "Həyat" səhifələrində
yazırdı ki, "ermənilərin küçələrində
gözləri kor, əlində tar aşıqları bir
uşaq qolundan tutub qapı-qapı gəzdirir. Heç
bilirsinizmi ki, o aşıqlar nə oxuyurlar?.. Osmanlı
dövləti onlara elədiyi zülmlərdən və qeyrə
şeirlər oxuyurlar. Odur ki, bir millət işi olanda ermənilərin
hamısı birdən qalxıb bir adam kimi iş görürlər.
Məgər bizim belə olmağımız günahdır?!”.
Təbii
ki, günah deyildi. Amma biz “bir millət işi olanda
hamımız qalxıb bir adam kimi” olmaq istəyirdikmi? Erməninin
kor aşıqları qapı-qapı gəzib, gəzdirilib
osmanlının ermənilərə etdiyi zülmlər barədə
şeirlər oxuyanda, məhz elə həmin illərdə
bizim Mirzə Fətəli Axundovla Qasım bəy Zakir, hətta
bir-birinə yazdıqları məktublarda “Qulluğumuz rusa
nümayan (görünsün) gərək” – deyə Rus
çarının mütərənniminə çevrilib yenə
də osmanlı əsgərinə tənə edirdilər:
Yapalaq
Osmanlı buna bax kişi,
İstəyir
yerisin şahbaz yerişi.
Bu
misraları oxuduqca düşünürəm: Niyə indiyə
qədər bizim antierməni içərikli ədəbiyyatımız
yaranmadı? Qarabağda döyüşən əsgərin,
Tovuzda şəhid olan generalın savaş əzmində niyə
çağdaş ədəbiyyatımızın payı
olmadı? Azərbaycan ədəbiyyatının müstəqillik
dövründə meydana çıxan nəsli niyə Avropa ədəbi
estetikalarının pərdə arxasında gizlənib guya ki,
ədəbiyyatın amacı olmayan savaşı, müharibəni
ədəbiyyata yaxın buraxmadı?..Və nə qədər
gülüncdür ki, torpaqları işğal altında olan
bir məmləkətin ədəbiyyatı savaşa “yox”
deyir. Hələ də Vətən məfkurəli ədəbiyyatımızı
yaratmırıq, savaşa yox deyən ədəbiyyatımızla
da dünyaya çıxa bilmirik. 30 ildir ki, Qarabağı
Çanakkalaya dönüşdürə bilmirik.
İçimizdən hələ də “Ey şəhid oğlu
şəhid, istəmə məndən məqbər / Sana
ağuşunu açmış duruyor Peyğəmbər” deyən
bir Mehmet Akif çıxmır. Ədəbiyyatımız nəinki
30 ildir, ümumiyyətlə, 100 ildən artıqdır ki, erməni
dostluğu adlı xəstə bir tendensiyanın labirintindən
qurtula bilmir. Azərbaycan ədəbiyyatı insana, insanın
duyğularına enə bilsə də, Şuşaya qalxa
bilmir. Şuşaya qalxmağı bir yana, bəzən bu ədəbiyyat
Bakıdakı erməni kilsəsinin kədərli
xaçına, Əylis kilsələrinin damında gecələyən
göyərçinlərin yuxusuna təzim edir...
Ədəbiyyatımızda
1918-ci ildə Bakını erməni əsarətindən xilas
edib onu Azərbaycanın paytaxtına çevirən Ənvər
Paşanın parlaq bədii obrazı yoxdur. Bakıda həm də
Ənvər Paşa prospekti yoxdur. Bizim əl-əl gəzən,
ev-ev oxunan “Nuru Paşa” romanımız olmalıydı –
olmadı, yazılmadı. Fərman Kərimzadənin Andranikin
cinayətləri barədə yazdığı romanı elə
əlyazması şəkilndəcə yoxa
çıxdı... Əvəzində ədəbi sferada
Ayasofyaya həsəd və həsrətlə baxan yunanlı
ilə, Gövhər ağa məscidini xiffətlə
xatırlayan azərbaycanlının
baxışlarındakı kədərin qaynağını
eyniləşdirən uğursuz bir düşüncə gəlişdi.
Həşimovun
xanımı deyir ki, generalın “Son oxuduğu əsər
Hüseyn Cavidin “İblis” faciəsi idi, təəssüf,
bitirə bilmədi”. Niyə məhz “İblis”? “İblis”də
də canlar yaxan, evlər yıxan iblislərdən biri “papas ermənidir,
vaqtilə Ermənistanə daşırmış qurşun, Həm
də İncil deyə!..”.
Ermənistana
İncil adıyla silah daşıyan papas bu gün
Eçmiadzindədir. Katalikos Tovuz hadisəsindən iki gün
əvvəl Ayasofyanın ibadətə açılmasına
Roma papasından daha sərt təpki vermişdi. Məncə,
Tovuz savaşında Ayasofya amilinin də rolu oldu. Hər halda,
üçüncü Bizans indiyə qədər Azərbaycana
qarşı nə yapıbsa Eçmiadzinin əli ilə
yapıb. Eçmiadzin Azərbaycana hansı xəyanəti
edibsə üçüncü Bizansa güvənərək
edib. Bu dəfə Türkiyə Azərbaycanın yanında
1918-ci ildə olduğu kimi dayanmalıydı və dayandı.
Rəcəb Tayyib Ərdoğan bu dəfə Ənvər
Paşanın yoluyla getdi. Getməlidir. Zatən başqa yol da
yoxdur. Amma məsələnin bu gün çox da
qabardılmayan həssas bir tərəfi də var. 1918-ci ildə
Azərbaycanı hərbi baxımdan xilas etməklə həm
də Anadolunu iqtisadi cəhətdən qurtaran Türkiyə,
bu dəfə də Azərbaycanın yanında olmaqla həm
də özünü qorumuş olacaq. Türkiyə bunun fərqindədir.
Ənvər
Paşa haqlıydı: “Anlaşıldığına görə...ermənilər
Cənubi Qafqaz müsəlmanlarına aid ərazidən bir
qisim almaq istəyirlərmiş və müsəlmanlar da buna
muvafakat edəcəklərmiş. Ìəncə, bu, tamamilə
yanlışdır. Əgər bu gün Qafqazda
beş-altı yüz min əhalisi olan və kafi miqdarda əraziyə
malik kiçik bir Ermənistan təşəkkül edərsə,
gələcəkdə əmrləri Amerikadan alaraq, î tərəfdən gələn
ermənilərlə bu hökumət milyonlarla əhaliyə
sahib olacaqdır. Və bizim üçün Şərqdə
bir Bolqarıstan daha yaranar ki, bu bizim üçün Rusiyadan
daha müzir bir düşmənə çevrilər...”. Və
bunu Ənvər Paşa tək demirdi. Əli bəy
Hüseynzadə də, Əhməd Ağaoğlu da bu fikirdəydi.
Ənvər Paşa həmin fikirləri mayın 27-də Vehib
Paşaya yazmışdı. Əli bəy Hüseynzadənin
və Əhməd Ağaoğlunun imzası ilə isə
dörd gün əvvəl, yəni 23 may 1918-də cümə
günü Hüseynzadənin dəst-xətti ilə
Başkomandan vəkili Ənvər Paşa həzrətlərinə
yazılmış və “Buradakı türk nümayəndələri
və Seym üzvləri ilə vaki uzun və müfəssəl
müzakirələrdən hasil etdiyimiz fikir və
duyğularımızı Sizə olduğu kimi ərz etməyi
vacib bildik” sözləri ilə başlayan məktubda Qafqaz
seymindəki Azərbaycanlı vəkillərlə
bağlı belə bir örtülü qınaq da vardı
ki, “Hökuməti-Osmaniyyə tərəfındən ermənilərə
aid veriləcək ultimatumun məzmunundan xəbərdar
olmuş türk nümayəndələri adıçəkilən
ultimutumu sırf Dövləti-Aliyyəyə müxalifət
etməmiş olmaq üzərə qəbul etməyə
hazırdırlar”.
Əli bəy
Hüseynzadə və Əhməd Ağaoğlu Ənvər
Paşaya Azərbaycan torpaqlarında erməni dövlətinin
yaranmasına əngəl olmağı təlqin edirdilər.
Bu
torpaqlarda heç zaman erməni dövləti olmayıb.
Böyük Ermənistan adlandırılan coğrafiyanın
Qafqazlara heç bir dəxli yoxdur. Və bu torpaqlarda erməni
amili bir xalq və bir dövlət
kimi hər zaman mübahisəlidir və mübahisəli olaraq
da qalacaq.
Yenə də
mətbuat gününə qayıtmaq istəyirəm. Bu bir həqiqitdir ki, 115 il əvvəlki
mətbuatımız bugünkü mətbuatımızdan, yəni
öz xələfindən müqayisəyə gəlməyəcək
dərəcədə nüfuzlu idi.
Unutmayaq
ki, Azərbaycanda fikir və düşüncə üzərində
basqı, ilk repressiya dalğası hələ sovetlərdən
öncə milli mətbuata, milli təmayüllü, özəlliklə
türk istiqamətli yazarlara, redaktorlara tətbiq olunmuşdu.
1911-ci il martın 19-da Bakıda, qəzet redaksiyalarına olan
təcavüz elə həmin günlərdə, hətta
Türkiyə mətbuatına yansımışdı:
“Dün cümə ertəsi martın 19-da gecə
yarısında bir-çox jandarma və polis məmurları
bütün türk qəzetələrinin idarəxanələrini
basaraq təhriyyat icra ilə sahib-imtiyaz və sərmühərrirlərini
təhti-tevkifə (nəzarət altına) alıb həbsxanaya
göndərdilər. Tevkif edilən zatlar şunlardır:
“Yeni-həqiqət” qəzetəsinin sahibi-imtiyazı (imtiyaz
sahibi) Oruc Orucov, sərmühərriri (baş redaktoru) Məhəmmədsadiq
Axundov, “Səda” qəzetəsinin sahibi-imtiyazı və sərmühərriri
Haşım bəy Vəzirov, “Yeni Füyuzat” məcmueyi-ədəbiyyəsinin
sahibi Əlipaşa Hüseynzadə və sərmühərriri
Əhməd Kamal bəy əfəndi, heyəti-təhririyyəsindən
(redaksiya heyətindən) Cəfər Bünyadzadə, “Şəhabi-saqib”
qəzetəsinin sahibi-imtiyazı və sərmühərriri
Əlabbas Müznib Mətləbzadə”.
Həbs
edilən yazarlar, qapadılan qəzetlər Əli bəy
Hüseynzadənin təsir dairəsində olan redaktorlar və
mətbu orqanlar idi. Əli bəy isə (oxu: bir baş redaktor
isə) bir il əvvəl elə o dövrün mətbuatında
yazıldığı kimi, millətə milli kimliyini öyrədib,
yenə də o dövrün təbiriycə desəm, “vətəndaşları,
milləti başsız, yetim qoyub” Türkiyəyə hicrət
etməyə məcbur edilmişdi.
Hüseynzadənin
baş redaktor olduğu “Həyat” qəzeti əsrin ilk illərində
və ilk dəfə öncə ədəbi, tarixi, etnoqrafik
baxımdan milli kimlik məsələsinin konturlarını
müəyyənləşdirmişdi, ardıyca ideoloji
baxımdan milli dövlət ideyasını dövriyyəyə
buraxmışdı. “Möhtərəm Əli bəy
Hüseynzadə həzrətlərinin “Həyat” qəzetəsindən
sonra təsis etdiyi “Füyuzat” məcmueyi-nəfisəsi o
zamanlarda bütün əfradi-osmaniyyənin, bütün
osmanlı şüəra və üdəbasının bir mərcəi-yeganəsi
olmuşdu” (Əhməd Ağaoğlu). Bu adam, başqa
sözlə desək, bir baş redaktor, sözün həqiqi
mənasında “məfkurələr fabriki”nə
çevrilmişdi, təkcə Avropa mədəniyyətinin
deyil, milli məfkurənin də milli zehniyyətdə
oturuşmasını təmin edirdi. Bir baş redaktordan bu millətə
miras qalan, bu gün bayrağımızı mənalandıran
amillər oldu.
Yaxud yenə
də ötən əsrin ilk illərindəki Azərbaycanı
düşünün. 1906-ci il. Yanvar. Bakıya – “Həyat” qəzetinin
redaksiyasına Amerika mətbuatının təmsilçiləri
mister Hovard Tomson və Heliks Gerson gəlib. Ölkənin
gerçəklərini, son dövrlərdə cərəyan
edən hadisələrin əsl mahiyyətini öyrənmək
istəyirlər. Qafqazdakı vəziyyətdən
başlayıb Amerika qızıldərililərinin dilindəki
türk mənşəli sözlərə qədər
çox şeylər barədə danışırlar. Bu
faktı niyə xatırladıram? Texnoloji imkanların
heç olmadığı XX yüzilin ilk illərində
Bakıda nəşr olunan “Həyat” qəzeti, hətta Amerika
Mətbuat İttifaqının da diqqətini cəlb etməyi
bacarmışdı. 115 il bundan əvvəl Amerikadan Bakıya
– “Həyat” qəzetinin redaksiyasına müsafirlər gəlirdi. Milli
ideologiyanın qurucusu olan baş redaktorun – Əli bəy
Hüseynzadənin arxasında isə mesenat Tağıyev
dayanırdı... Məhəmməd Hadi “Qafqaz xatirələri”ndə
Hacı Zeynalabdin Tağıyevin sözlərini həyəcan
və ehtizazla yada salır: “Millətimin tərəqqisini iki
şeyə yaxınlaşmaqda görürəm. Bunlardan
birincisi “Quran”ın həqiqi mənasına vaqıf olmaq,
ikincisi də fikir və amalımızın yayılma vasitəsi
olan mətbuata yaxınlaşmaq. Buna görə də “Qurani-Kərim”i
sağ əlimdə, mətbuatı sol əlimdə tutmağa
qərar verdim”.
Qarabağ
cəbhəsində, indi isə artıq Qarabağ ərtafından
da bu tərəfə - Tovuz cəbhəsində şəhid
olan general da, əsgər də, döyüşən ordumuz
da, hətta ədəbiyyatımız da, hətta
çağdaş Azərbaycan da “Əkinçi”nin bəhrəsidir.
1907-ci ilin 29 noyabrında Zərdabinin dəfn mərasimində
Əli bəy Hüseynzadə demişdi ki, “Biz Qafqaz türklərinin
öhdəsində bu adamın artıq haqqı vardır.
Çünki bu şəxs bizim üçün dil
yaratmışdır. Ədəbiyyata qapı
açmışdır”. Əli bəy vida mərasimindəki
həmin çıxışını bu sözlərlə
bitirirdi: “Burada şairi-əzəm Firdovsinin vəfatında
edilən hərəkəti müşahidə ediyoruz. O
böyük şair... sağlığında çoxlu məşəqqətlər
çəkdi... Axır zamanlarda isə onun həməsri olan
Sultan Mahmud onun qədrini, hörmətini
düşündü. Bir karvan cəvahirat cəmləyib ona
yadigar və bəxşiş göndərməli oldu. Cəvahirat
karvanı Tus şəhərinin məşriq qapısından
daxil olanda Firdovsi əleyhirrəhmənin cənazəsi şəhərin
məğrib qapısından
çıxıyordu. İştə Həsən bəy də...
həyatın məğrib qapısından çıxır.
Əcəba, məşriqdən gələn nədir? Bu məşriqdən
gələn cəvahirat karvanı deyildir, ziyayi-mədəniyyətdir
gəlir. İştə Həsən bəyin qəlbpərvərdəsi
olan mədəniyyət ziyası bizim həyatımıza
budur daxil oluyor!!!”.
İyulun
14-də ordusuna, torpağına, vətəninə, dövlətinə
“sevgili, ən sevgili, ey sevgili” imanı ilə Şəhidlər
xiyabanına axışıb bir Bakı gecəsini Qarabağ
şövqü ilə zinətləndirən toplum elə həmin
mədəniyyət və millət ziyasının özü
idi...
22 iyul
2020
Azər TURAN
Ədəbiyyat qəzeti.- 2020.- 25
iyul.- S.8-9.