Varislər
Davud
HƏŞİMOV: “Biz həmişə onun üçün
darıxmışıq...”
"Qəhrəmanlıq
nə yanlız bir yüksəliş deməkdir,
Nə də
şimşəklər kimi, parlayıb sönməməkdir,
Bunun üçün ölümə bir
atılış gərəkdir.
Atıldıqdan
sonra da bir daha dönməməkdir"
H.N.Atsız
Artıq neçənci dəfədir "Varislər"lə
görüşə gedirəm, amma bugünkü
görüşüm digərlərindən tam fərqlidir. Mənim
bugünkü qəhrəmanım son günlər hər kəsin
haqqında ürək dolusu danışdığı,
söz açdığı adamdır. Mənim
bugünkü qəhrəmanımı bütün Azərbaycan
xalqı tanıyır və onunla fəxr edir. Onun haqqında dolaşan əfsanələr artıq
Azərbaycan sərhədlərini də aşıb
keçib. İndi onu düşmən də
tanıyır və onun yoxluğundan qorxur. Çünki düşmən dəqiq bilir, bu xalq
onun qanını yerdə qoymayacaq.
Bu gün "Varislər"də 2020-ci ilin 14 iyul
günü Azərbaycan torpaqlarının azadlığı
uğrunda düşmənlə döyüşdə qəhrəmanlıqla
şəhid olmuş general-mayor Polad Həşimovdan
danışacağıq. Əlbəttə, belə
ağır günlərdə onun ailəsini narahat etmək
istəməzdim, amma bir yerdə qərar tuta bilmirəm.
Son günlər baş vermiş hadisələr bir an belə yaddaşımdan çıxmır. Məhz onun şəhadətindən sonra Azərbaycan
xalqı bir daha misilsiz milli birlik, həmrəylik
nümayiş etdirdi. Döyüşən
ordumuza dəstək mitinqləri, dünyanın müxtəlif
yerlərində yaşayan həmvətənlərimizin bir
araya gəlib xalqa, vətənə bağlılıq ifadə
etməsi son dərəcə qürurvericidir.
Hər kəsin fəxr etdiyi general
İyul döyüşləri başlayan kimi
xalqımız düşmənə sarsıdıcı zərbə
vurmaq çağırışı ilə ordumuza, əsgər
və zabitlərimizə həmrəylik nümayiş etdirdi. Şəhidlərimiz - and
yerimiz! Şəhidlərimiz - qürur yerimiz! General-mayor
Polad Həşimovun şəhadəti isə ölkədə
işğal altında qalmış torpaqlarımızın
azadlığı uğrunda mübarizə
çağırışını daha da gücləndirdi.
Bu gün hamı Polad Həşimovla fəxr edir!
Nə qədər ağır olsa da, qardaşı
İlham Həşimovun nömrəsini yığıram. Cavab verməyə
də bilər, çünki nə hisslər keçirdiyini
bilirəm, amma bir neçə çağırışdan
sonra cavab gəlir. Özümü təqdim
edib məqsədimi bildirir, görüşmək istədiyimi
söyləyirəm və bir gün sonraya vədələşirik.
Gün, o gündür. Bu gün dini adətlərimizə
əsasən şəhidimizin yeddi mərasimidir, amma pandemiya
ilə bağlı qadağalara görə məclis verilmir.
Evdə görüşəcəyik. Axşamüstü bir neçə gün əvvəl
on minlərlə adamın öz qəhrəman şəhidini
qarşılamağa toplaşdığı həyətə
gəlirəm. O gün gecə olduğundan fikir verməmişəm,
indi isə binanın divarına vurulmuş lövhə diqqətimi
çəkir.
İki şəhidi olan bina
Yaxınlaşıram:
"İsmayılov Yaqub Aydın oğlu. 1994-cü ildə
şəhid olub".
"İsmayılov Aslan Qəzənfər oğlu. 1994-cü ildə
şəhid olub".
Bura general Polad Həşimovun böyüyüb
boya-başa çatdığı məhəllədir. O, bu xatirə lövhəsi
vurulmuş binada yaşayıb, uşaqlığı, yeniyetməliyi
bu həyətdə keçib. Nə vaxtsa bu
şəhid oğullarla üz-üzə gəlib, onların
şəhidlik xəbərinə sarsılıb. Artıq Polad Həşimov da onların
yanındadır və öz əbədiyyət
yolçuluğuna başlayıb.
Həyətdə bir neçə zabit var.
Görüşürəm. İlhama zəng
vururam, aşağıda olduğumu xəbər verirəm,
üzrxahlıq edir, deyir evdə Poladın döyüş
yoldaşı var, anamla söhbət edir, imkan varsa bir qədər
gözləyim. Əlbəttə, gözləyərəm.
Bir qədər sonra İlhamla haqqında bəhs
etdiyi döyüş yoldaşı aşağı enir.
Gözlərimə inana bilmirəm. Məşhur generallarımızdan biri, fəxr
etdiyimiz insandır. Yaxınlaşıram,
səmimi görüşürük. Adının
çəkilməsini istəmir. Hörmətlə
istəyinə əməl edirəm. Tələsdiyini
bildirir, amma sualıma məmnuniyyətlə cavab verir:
"Polad Həşimov Azərbaycan xalqının son illərdə
yetişdirdiyi son dərəcə peşəkar hərbçilərdən
biri idi. Biz onun simasında ən etibarlı
silahdaşımızı, yaxın dostumuzu, əvəzsiz bir
insanı itirdik. Amma əmin ola bilərsiniz,
Polad Həşimovun da, digər şəhidlərimizin də
intiqamı düşməndən çox ağır
alınacaq".
Generalla görüşüb onu yola salırıq. İlhamla bərabər
pillələri qalxıram. Bura onun
böyüdüyü evdir. Təmkini ilə
məni heyrətə gətirən Səmayə ana, şəhid
generalın ömür-gün yoldaşı Ofelya xanım və
övladları ilə görüşürəm.
- Səmayə
ana, sizə, ailənizə, yaxınlarınıza Azərbaycan
Yazıçılar Birliyinin sədri, Xalq
yazıçısı Anar, "Ədəbiyyat qəzeti"nin yaradıcı kollektivi və bütün
yazıçı dostlarım adından
başsağlığı verirəm. Başınız
sağ olsun! Allah səbr versin! Bağışlayın
ki, belə ağır bir gündə sizi narahat edirəm.
Vaxtınızı çox almayacağam. İmkan varsa bir qədər ailəniz haqqında
danışın.
Mən onun hərbçi
olmasını istəmirdim
- Polad
1975-ci ilin 2 yanvar tarixində Sumqayıtda anadan olub.
Yoldaşım İsrayıl Həşimov metallurq idi, uzun illər
Sumqayıt Alüminium Zavodunda fəhlə, mühəndis,
növbə rəisi, sex rəisi vəzifələrində
çalışıb. Ailəmizin əsli Qəbələ
rayonunun Vəndam kəndindəndir, amma gənc
yaşlarımızda rayondan çıxmışıq,
bütün ömrümüz Sumqayıtla bağlıdır.
Polad orta məktəbi Sumqayıtda bitirib. Mən onun
hüquqşünas olmasını arzulayırdım, amma
onuncu sinfin axırlarında Polad fikrini dəyişdi, birdən-birə
hərbçi olmağa qərar verdi.
Polad orta məktəbdə çox yaxşı oxuyurdu, əlaçı
idi. Tarixi, riyaziyyatı, ədəbiyyatı, ingilis dilini
çox sevirdi. Mən valideyn iclasına
gedəndə müəllimləri ancaq ondan razılıq
edirdilər. Həmişə
başımızı uca edib. Dərsləri ilə
çox ciddi məşğul olurdu, bu adam
süfrə arxasında çörək yeyəndə belə,
kitabdan ayrılmırdı.
Hadisələr başlamışdı, onlar orta məktəbi
bitirəndə. Tarix müəllimi vardı - Habil müəllim,
o həvəsləndirmişdi Poladı hərbi məktəbə
sənəd verməyə. Mən onun bu fikrinə
narazılıq edəndə dedi ki, atamdan icazə
almışam. Yoldaşımla aramızda fikir
ayrılığı yarandı, amma artıq Polad da, atası
da qərar vermişdi.
Atası
çox sakit adam idi, uşaqlarla da
çox mehriban rəftar edirdi, heç vaxt səsini
qaldırmazdı, amma mən arada nadinclik edəndə, sözə
baxmayanda uşaqları oxlovla vurmuşam.
18 yaşını döyüşdə
keçirən kursant
Bakıda Ali Hərbi Məktəbə daxil oldu. 18 yaşı
tamam olanda evdə atası ilə razılaşdıq ki, icazə
alaq, ad gününü evdə keçirək. Belə tədbirlər olanda hərbi məktəbdən
icazə verirdilər. Atası məktəbə
gedəndə məlum olmuşdu ki, onunla bir yerdə kursant
yoldaşlarını da döyüşə aparıblar.
Ağdamda, Mərzilidə döyüşlər
başlamışdı. Təxminən 15
gün Ağdamda döyüşlərdə iştirak edəndən
sonra evə gəldi. Yəni Polad
müharibəyə kursantlıqdan qoşuldu. İlk dəfə Murovu da o vaxt gördü. Bir müddət xidmət edəndən sonra
Türkiyədə təlimlərdə, kurslarda iştirak
etdi.
- Səmayə
ana, hərbçi anası olmaq, özü də müharibə
gedən bir ordunun zabitinin anası olmaq, hardasa ayaqyalın
tikanlıqda gəzmək kimi bir şeydir. Hər an qulağın səsdə, gözlərin
yolda olur. İyulun 12-dən sonrakı günlər
xatirinizdə necə qaldı?
-
Axırıncı dəfə iyulun 10-da səhər saat 10
olardı, evə zəng vurdu, danışdıq. Hərbçiydi də, xidmətdə idi. Gün olurdu iki-üç dəfə zəng vurub
hal-əhval tuturdu, bəzən bir neçə gün ondan xəbər
çıxmırdı. Alışmışdıq
belə şeylərə. Zarafat deyil, 30 ilə
yaxın vaxt keçib onun hərbi xidmətə başlamasından.
Həmin gün də xeyli danışdıq.
Mən ondan kefini, halını soruşdum, yaxşıyam dedi.
Uşaqları soruşdum, dedi, kəndə göndərmişəm.
Sonra bir qədər də bacısı ilə
danışdı, söhbətimiz bitdi. Ertəsi
gün ondan xəbər-ətər olmadı. Xidmətdə olduğu üçün biz ona zəng
vura bilmirdik, telefonu çox vaxt bağlı olurdu, ancaq
özü imkan tapan kimi bizi arayıb-axtarırdı. İyulun 12-də hamı kimi mən də Tovuzda
döyüşlərin başlandığını
eşitdim. Ana ürəyidir, o dəqiqə
narahat oldum. Dəfələrlə nömrəsini
yığıb zəng vurmağa çalışdım, hər
dəfə zəng çatmadı. İyulun
13-də yenə ondan xəbər çıxmadı. Yerə-göyə sığmırdım, neçə
ildir xidmət edir, amma birinci dəfə idi ürəyim belə
narahat idi, özümə yer tapa bilmirdim. 13-dən
14-nə keçən gecəni çox narahat yatdım.
Ürək dərmanı qəbil elədim,
sakitləşə bilmədim ki bilmədim. Elə bil Allah mənə nəsə agah etdirmək
istəyirdi.
İyulun on dördü...
İyulun 14-də səhər yatağımdan durandan
sonra evdə qərar tuta bilmirdim. Kimə zəng vurum,
kimdən xəbər alım?! Başımı
itirmişdim. Dəfələrlə ona zəng
vurdum, yenə nömrəsi bağlı idi. Tanıdığım dostları vardı, zəng
vururdum, heç kəs cavab vermirdi. Sadiq adlı dostu var,
ona zəng vurdum, özü yox, yoldaşı cavab verdi, dedi ki, Sadiq özü zəng vurmur, ancaq
mesaj yazır. Xahiş etdim ki, Sadiq mütləq
mənimlə əlaqə saxlasın, Poladdan çox narahatam.
Səhər saatlarıdır hələ, saat 10 olar, bu
eyvandan o biri eyvana keçirəm, özümə bu evdə
yer tapa bilmirəm. Ürəyim quş kimi
çırpınır. Bir qədər
vaxt keçdi. Eyvana çıxanda həyətdə
qəribə maşınlar gördüm. Yad
maşınlar idi. Yad adamlar gördüm həyətdə.
Sonra Poladın məktəb yoldaşlarından
ikisini görüb tanıdım, həyətdə skamyada
oturmuşdular. Təəccübləndim.
Ağlıma hər fikir gəlirdi, amma
Poladın şəhid olacağını qətiyyən
düşünmürdüm. Növbəti
dəfə eyvandan baxanda oğlumu gördüm, İlhamı.
İlhama xəbər verilən kimi uşaq
çöküb. Skamyada oturub əlləri
ilə nəsə çarəsiz-çarəsiz qəribə
hərəkətlər edirdi. Sən demə,
başına toplaşmış adamlara deyirmiş ki, "bu xəbəri
anama necə çatdırım?". Mən o adamları görmürdüm, onlar
binanın girişinə yığışmışdılar.
Qızım da evdə idi. Sən demə, artıq onun da xəbəri
varmış, hiss elədim, məndən qaçırdı. İlhamı elə görəndən sonra
qızı axtardım, birdən nəsə tappıltı
eşitdim, tez yüyürdüm, gördüm qızım o
biri eyvanda yerdə oturub, büzüşüb. Ürəyim xəstədir, məndən gizlətməyə
çalışır hamısı. Nə
baş verdiyini xəbər aldım, boynuna almadı. Dedi
İlhamı çağıraq, gedək Şəmkirə. Polad ailəsi ilə bir yerdə Şəmkirdə
qalırdı. Yenə dalağım
sancdı. Yenə ağlıma ən dəhşətlisi
gəlmədi. Elə biz söhbət
edirdik, bir anda həyət adamla doldu. Qonşular,
qohumlar, tanışlar gəldi əvvəlcə. Xeyli adam toplaşdı. Evə
qalxanlar, hal-əhval tutanlar vardı artıq. Nə baş verdiyini soruşa-soruşa
qalmışdım, heç kəs həqiqəti demirdi mənə.
Təsəvvür edin ki, həyət adamla doludur, ev adamla doludur, mən yenə Poladın
başına belə bir iş gələcəyini
ağlıma sığışdıra bilmirəm.
Baldızım qolumdan tutub məni qaldırdı, dedi dur,
rayona getməliyik. Təəccübləndim, dedim rayonda nə
var? Dedi ki, Polad yaralanıb, Qəbələyə hospitala
aparıbar. Bu sözdən sonra elə bil yuxudan
ayıldım. Dedim axı, Qəbələdə hospital
yoxdur, məndən nə gizlədirsiniz?! Artıq nəsə
baş verdiyini anladım və Allaha yalvardım ki, nə
olursa-olsun, lap şikəst olsun, lap elə iki
ayağını itirsin, quru nəfəsi üstündə
olsun, qoşa-qoşa qurban kəsdirəcəyəm! Bu vaxt
qohumlardan biri nalə çəkib dedi ki, "ay bədbəxt,
qolu-qıçı getməyib ey, özü gedib!". Yer-göy başıma hərləndi!
Allah heç bir anaya belə müsibət göstərməsin!
Heç düşmənimə də
arzulamıram. Ana üçün bundan ağır
sınaq, bundan çətin imtahan ola bilməz.
Əgər mən o xəbəri eşidib
ölmədimsə, bu günə qədər
yaşayıramsa, demək, güclü adamam.
Sağ
olsun millətimiz, xalqımız, bizi tək qoymadı. İnsanların həyətə toplaşması
bizim üçün böyük təsəlli idi. Bu
sevgi, bu xalq məhəbbəti bizə təpər verdi, güc verdi. Ailənin ayaqda
dura bilməsinin əsas səbəblərindən biri də
bu xalq sevgisidir.
- Səmayə
ana, eşitdiyimə görə, generalın ailə
qurmasında əksər analar kimi sizin böyük rolunuz olub.
Bəlkə bu barədə bir qədər
danışasınız. Necə olub həmin
əhvalat?
Onun üçün qızı mən
seçdim
-
Yoldaşım xəstə idi, uzun illər zərərli
zavodda işləməsi səhhətinə təsir
etmişdi. Məsləhət oldu ki, Poladı
evləndirək. Həm də 28 yaşa
çatmışdı, vaxt idi. Anayam da, təbii
ki, ailəm üçün, övladım üçün
münasib gəlin istəyirəm. Soraqlaşdım, məsləhətləşdim,
kəndçimizin qızını nişan
verdilər. O vaxt gəlinimiz Bakı Dövlət Universitetinin
riyaziyyat fakültəsində oxuyurdu. Polada
çox deyirdik evlənsin, hər dəfə bəhanəsi o
olurdu ki, xidmətdəyəm, burada özümə necə
nişanlı seçim, məndə o vaxt hardandı?! Nəsə, bu qızın sorağını
aldıqdan sonra Polada xəbər verdim. Bir
günlük icazə alıb gəldi. Qız
universitetin yataqxanasında qalırdı. Bakını
yaxşı tanımıram, qızmı da
götürdüm, üçümüz bir yerdə getdik.
Mən Poladla həyətdə gözlədim,
qızım gedib yataqxanadan gəlini aşağı
düşürtdü. Uzaqdan nişan
verdim ki, bax, bu qızdır, gör ürəyinə
yatır, ya yox?! Nəsə, yaxınlaşdılar, oğlumun
əlindən tutub qızın əlinə verdim, bunları
birləşdirdim, dedim, mənlik bura qədərdir, qalan qərarları
özünüz verin.
Ulduzları barışdı
Belə...
Polad qızı universitetə qədər ötürüb,
Bakıda bir az gəzib, bir-birlərini
tanımışdılar. Axşam Poladdan qərarını
soruşdum, dedi ki, ana məsləhətdirsə, gedin
elçiliyə. Hər şey belə oldu.
Gəlin sonradan danışdı bizə. Ona da Polad
haqqında, ailəmiz haqqında xəbər verilib. O da ali məktəbi bitirmək üzrəydi, ailə
qurmaq vaxtıydı. Biz həmişə
Sumqayıtda yaşamışıq, amma
qohumlarımızın get-gəli olub kənddə. Qız pəncərədən baxanda Poladı
görüb. Səliqəli geyim-kecimi,
yaraşıqlı oğlan olduğunu görüb, həm də
adamın üzünə baxanda o dəqiqə hiss olunur da.
Qız baxıb, onun da ürəyinə
yatıb. Deyir Poladın üzündəki
nuru gördüm, fikirləşdim ki, bu yaxşı
insandır. Bununla danışmaq olar.
O vaxta qədər qızın adını kim
tutubsa, razı olmayıb, amma Poladla ulduzları
barışdı. Qızın atası çox
mühafizəkar adamdır, onun öz ailə qanunları var.
İlk görüşləri çox qısa olub, təxminən
bir saata yaxın, ancaq elə bil illərlə bir-birlərini
tanıyırmışlar.
Şəhid generalımızın, qəhrəman
generalımızın bir kənarda oturub oğlanlarına
sığınan ömür-gün yoldaşı Ofelya
xanım bu yerdə köks ötürür. Dediyi sözlər sinəsini
parçalaya-parçalaya ağzından çıxır:
"Məncə, Allahın yazdığı, qərar
verdiyi şeylər var ki, vaxtı çatanda həmin hadisələr
mütləq həyata keçir. Bizim
görüşümüz, ailə qurmağımız da
Allahın yazısı idi və bu evlilikdən hər zaman məmnun
qaldım".
Ofelya xanımın sözlərindən sonra araya ani
sükut çökür. Generalın
yadigarlarına, aslan parçası iki oğluna baxıram.
"Maşallah!" - ürəyimdə
deyirəm. Yadıma məşhur filmdən bir
epizod düşür.
- Yəqin,
"Moskva göz yaşlarına inanmır" filminə
baxmısınız. Orada belə bir yer var, iki rəfiqə
söhbət edir və biri digərinə: "General arvadı olmaq xoşbəxtlikdir", - deyir və
rəfiqəsi də cavabında "General arvadı olmaq
üçün vaxtında leytenanta ərə getməlisən".
Sualım sizədir, leytenanta ərə getməyə
təəssüflənmədiniz ki?
Toydan bir gün sonra
- Biz ailə
quranda o, həqiqətən leytenant idi və çox
aşağı maaşla kiçik bir vəzifəsi
vardı. O vaxt Murovda xidmət edirdi. Çox
ağır şəraitdə yaşayırdıq,
Göy-göl rayonunda kirayədə qalırdıq. Təsəvvür edin ki, toyumuz oldu, bir gün sonra
Poladın xidmət yerinə yola düşdük. Təzə gəlin idim, məni evdə qoyur, həftədə
bir dəfə gəlib evə baş çəkə bilirdi.
Toydan sonra məni ata evində saxlaya bilərdi,
amma elə ilk gündən bir yerdə olduq və bir yerdə
çətinlik də gördük, xoş günlər də
yaşadıq. Bəzən, ümumiyyətlə,
şəraitsiz yerlərdə yaşamağa məcbur
olmuşuq, amma bir yerdə olmuşuq, bu, bəs edirdi. Polad demək olar ki, cəbhə boyu rayonların
hamısında xidmət edib və biz də o rayonların
hamısında yaşamışıq. Son
illər də Şəmkirdə qalırdıq. Mən
də bir neçə il olar məktəbdə
müəllim işləyirəm.
Həyatımdan
razıyam! Çox gözəl bir insanla ailə
qurmuşam, hər zaman onun arxasında durmuşam. O, həmişə
evdən, ailədən, uşaqlardan arxayın olub. Hərbçi üçün bu, çox vacib
amildir. Həmişə mənə deyirdi ki,
"çox dözümlüsən, mərdsən!". O, hər kəsin çəkdiyi əziyyətə
dəyər verirdi. Polad mənə elə bir həyat
yaşatdığı üçün, ondan qətiyyən
narazı olmadım, çünki onun özünün bizdən
qat-qat ağır şəraitdə xidmət etdiyini
yaxşı bilirdim və bu mənim öz seçimimdir.
Yenə olsaydı, yenə onun üçün
hər şeyə hazır idim. Ömrümün
sonuna qədər onun qulluğunda durmaqdan, onun
üçün hər çətinliyə dözməkdən
yorulmazdım, təəssüf ki, belə oldu.
Səmayə ana söhbətə
müdaxilə edir:
"Yoldaşım
gəlinin atasına demişdi ki, ola bilər nə vaxtsa
oğlumun maddi vəziyyəti yaxşı olar, amma yadında
saxla ki, evində hər zaman ona ehtiyac olacaq, çünki mənim
oğlum hərbçidir, onun üçün hər şeydən
əvvəl Vətən qarşısında xidməti borc gəlir!".
Əvvəl
vətən qarşısında olan borc gəlir
- Ofelya
xanım, generalın iki oğul, bir qız övladı var,
oğlanlardan atalarına daha çox hansı oxşayır? Bir də, aralarında hərbçi olmaq istəyən
yoxdur ki?
-
Kiçiyi xasiyyətcə daha çox oxşayır
atasına.
- Bəlkə
siz özünüz cavab verəsiniz, - deyib, üzümü
generalın ciyərparalarına tuturam. Aslan
parçaları analarına baxıb razılıq alır,
sonra oturduğum masaya yaxınlaşırlar. İlk olaraq sözə böyüyü
başlayır.
- Adım
Davuddur, 13 yaşım var. Hələ peşə ilə
bağlı qəti qərar verməmişəm. Atam belə şeyləri bizim öz
ixtiyarımıza buraxırdı. Yəqin,
II qrupa hazırlaşacağam, amma hələ konkret deyil.
- Davud,
ata sənin yaddaşında necə qaldı?
Atamın bir arzusu vardı...
- Biz həmişə
onun üçün darıxmışıq. Uşaq
olanda lap çox darıxırdıq. Həftədə
bir, uzaqbaşı iki dəfə evə baş çəkirdi.
Həmişə xidmətdə, təlimlərdə
olurdu. Bizə münasibəti çox
yaxşı idi, evə gələn kimi dərslərimizlə
maraqlanırdı, deyib-gülürdü,
zarafatlaşırdı. Atamın bir arzusu
vardı, istəyirdi həyətimizdə iri bir çinar
ağacı olsun, hamımız onun kölgəsinə
sığına bilək. Mən onun bu arzusunu yerinə
yetirəcəyəm, həyətimizdə onun adına
çinar əkəcəyəm. Atam bizim
üçümüzü də savadlı, ağıllı
görmək istəyirdi.
- Bəs
sən, Teymur bala, ata haqqında nə demək istəyirsən?
İstəyirdim getməsin
- Mən
onu çox istəyirəm. Həmişə də
çox istəyəcəyəm. Qardaşım
düz deyir, evdə tapılmırdı, gələndə istəyirdim
daha getməsin. Bəzən mən səhər
yuxudan duranda görürdüm çıxıb gedib. Yolunu səbirsizliklə gözləyirdim. Mənə
dedi ki, dərslərimi yaxşı oxuyum, mən ona söz
verdim, həmişə dərslərimi yaxşı
oxuyacağam. Hələ bilmirəm qrup nədir,
ancaq ingilis dili ilə riyaziyyat xoşladığım fənlərdir.
- Ofelya
xanım, son günlər eviniz ziyarətgaha çevrilib. Az qala hər kəs şəxsən gəlib
bu ailəyə öz sevgilərini, hörmətini bildirmək
istəyir. Kimlər gəlib getdi, kimlər oldu
yanınızda?
- Bütün Azərbaycan xalqını yanımızda
gördük, hiss etdik. Sağ olsun hamı! Bu münasibət
Polada olan sevginin, sayqının təzahürü idi. İyulun 14-nə qədər Polad bir ailənin, bir
hərbi hissənin, bir ordunun oğlu, işçisi,
generalı idisə, indi o, bütün azərbaycanlıların
oğlu, qardaşı, dostudur. Biz
hamımız onunla fəxr edirik, qürur duyuruq.
İlk
gündən Müdafiə Nazirliyinin nümayəndələri
gəlib bizə komadanlıq adından
başsağlığı verdi. Özünüz
gördünüz, dəfndə şəxsən nazir,
general-polkovnik Zakir Həsənov iştirak etdi.
Tanıyan, tanımayan kim vardısa, evə
qalxmasa belə, həyətə gəlib
başsağlığı verdi.
- Deyilənlərə
görə, general ona verilən evdən imtina edib və həmin
evi bir şəhid ailəsinə bağışlayıb. Bu nə məsələdir? Bir də bankdan
kredit götürüb, əsgərlərin ehtiyacını
ödəyirmiş... Bu məsələlərə bir qədər
aydınlıq gətirin...
Xidmətlə bağlı evdə
heç nə danışmazdı
-
Çox qapalı adam idi, xidmətlə
bağlı evdə heç nə danışmazdı.
Əlbəttə, ev məsələsini mən
də eşitmişəm, amma özü bu söhbəti
açmadığı üçün mən də
soruşmadım. Çünki əgər o, belə
bir qərar veribsə, mən onun qərarına qarşı
çıxa bilmərəm.
Bildiyim isə
budur: 2016-cı ildə Aprel döyüşləri zamanı
göstərdiyi şücaətə görə ona ev verilib, o da həmin evdən imtina edib, onu
şəhid ailəsinə bağışlayıb. Polad heç vaxt etdiyi yaxşılığı
açıb ağartmağı xoşlamazdı. Bank məsələsi də elədir. Bilirdim ki, hansısa əsgərin ehtiyacı
üçün nəsə edib, amma elə o qədər
bilirdim.
- Səmayə
ana, Aprel döyüşlərində də Polad Həşimov
atəş nöqtəsində olub. O günlər sizin
yaddaşınızda necə qalıb? Özü
nəsə danışırdı sonradan o barədə?
- Yenə
budəfəki kimi, telefonu bağlı oldu. Heç
cür əlaqə saxlaya bilmədim. Dostlarına
zəng vurdum, dedilər yaxşıdır. Axır mənim xahiş-minnətimi birtəhər
çatdırmışdılar ona. Arada
imkan tapıb mənə zəng vurdu, döyüşlər
gedəndə o qədər qışqırmışdı
ki, səsi batmışdı.
Aprel
döyüşlərinin on birinci günü idi, evə zəng
vuranda qızı cavab verdi, dedi nənə,
ata evə gəldi, yarasının sarğısını dəyişib
qayıtdı. Dalağım sancdı, başa
düşdüm ki, nəsə olub. Sonradan
eşitdim, neçə gün hospitalda müalicə alıb,
amma nə bizə, nə də ailəsinə xəbər
verib. Hələ indi də bimirik o vaxt
yaralanmışdı, yoxsa sadəcə, ayağını əzmişdi.
- Ofelya
xanım, müharibədən sonrakı arzuları barədə
sizinlə nəsə bölüşürdü?
Mən
elə şeyləri ancaq kitablardan oxumuşdum
- Bayaq da dedim, çox danışmağı, hər
şeyi danışmağı sevmirdi. Bəzən
qısa şəkildə dediyi fikrin içində çox
böyük məna olurdu, başa düşən
düşür, düşməyən öz həyatını
yaşayırdı. Onun yeganə dərdi
torpaq dərdi idi. Həmişə deyirdi ki, torpaqlar azad
olunmadan ölə bilmərəm! Onun Vətən
sevgisi, torpaq, el məhəbbəti ağlasığmaz dərəcədə
idi, mən ancaq kitablardan oxumuş, filmlərdən seyr
etmişdim elə şeyləri. Təsəvvür edin,
evdir də, uşaq xəstələnə bilir, nəsə
problem ola bilir, hər şeyi qoyub xidmətə
gedirdi. İcazə istəmək, yayınmaq,
baş girləmək bu adamın xasiyyətinə yad idi.
Deyirdi ki, sən varsan, sənə arxayınam.
Ona nahaq yerə "səngər
generalı" adı verilməmişdi, gününün
çox hissəsi səngərlərdə, əsgərlərinin,
zabitlərinin yanında keçirdi. Evə
gələndə çəkmələri toz-torpaq,
palçıq içində olurdu çox vaxt. O, zabit
olanda da belə idi, general olduqdan sonra da belə davam etdi.
- Ofelya
xanım, o, bir əfsanə oldu artıq və əfsanələr
həmişə maraqlı olur insanlar üçün. Ən çox hansı yeməyi bişirirdiniz ona?
Hansı yeməyi xoşlayırdı? İçkiyə, siqaretə münasibəti necə
idi? Birgə maraqla baxdığınız
filmlər vardımı? Hansı bədii
kitabları oxuyurdu?
"İblis"i bitirə bilmədi
- Bizdə
belə bir ifadə var, "daşdan yumşaq", bax onun da
qabağına daşdan yumşaq nə qoysan, yeyirdi. Çox
şükranlı adam idi. Belə
şeylərdə xüsusi istəyi, tələbi olmurdu.
Əvvəllər hərdən içki
içirdi, siqaret də çəkirdi, amma son illər hər
ikisini tərgitdi və çox sağlam həyat tərzi
keçirməyə başladı. İdmanla
məşğul olurdu, xüsusi tərəvəzlər
qatmışdı yemək rasionuna. Belə.
"Əhməd haradadır?", "Bəyin
oğurlanması" filmlərinə bir yerdə maraqla
baxıb gülürdük. Bədii kitaba
böyük marağı vardı, imkan yaranan kimi mütləq
mütaliə edirdi. Nizamini, Əhməd
Cavadı, Şekspiri, müasirlərimizi oxuyurdu. Son oxuduğu Hüseyn Cavidin "İblis" faciəsi
idi, təəssüf, bitirə bilmədi.
Bəxtiyar Vahabzadənin "Bayraq" şeirini
çox sevirdi, özü də əzbər bilirdi,
uşaqlara da əzbərlətmişdi. Xüsusilə
son bəndi çox xoşlayırdı. Ruhu
təzələnirdi o yerə çatanda.
Bu yerdə qarşımda oturan Davudla Teymura baxıram. Qardaşlar
fikrimi anlayır, onlar da bir-birinə baxıb nəsəyəsə
qərar verir, razılaşırlar. Sonra Teymur
adıçəkilən şeirin son bəndini əzbərdən
deyir:
"Aləmə
nur saçdı tarix boyunca
Məbədlər
başına tac olan hilal.
Daim
ucalasan! Savaş günündə
Əsgər silahıyla səni tən görüm.
Yalnız
zəfər çalmış şəhid önündə
Səni alqış üçün əyilən
görüm".
Evə ziyarətə gələnlər çoxdur. Hələ həyətdə
məni xidmət yoldaşları, qonşuları,
qardaşı İlham gözləyir.
Səmayə ananın qarşısında əyilib əllərindən
öpürəm, generalın ciyərpalarını
köksümə sıxıb, ömür-gün
yoldaşı Ofelya xanıma bir daha
başsağlığı verir, evdən çıxıram.
General
Polad Həşimovun qonşusu Eldar Məmmədov ötən
günləri xatırlayır:
Yaxınlığımızdakı
qəhrəmanı tanımamışıq
"Bizim binadan on bir nəfər könüllü
döyüşçü getmişdi Qarabağ
savaşına, ikisi 1994-cü ildə şəhid oldu, binaya
onların xatirə lövhəsi vurulub. Mən də
o könüllü döyüşçülərdən
idim. Yeddi yaş böyüyəm
generaldan, o, ilk dəfə bizi həyətdə əliavtomatlı,
hərbi geyimdə görmüşdü. Bəlkə elə
hərbə maraq onda biz könüllülərdən
yaranmışdı, kim bilir. Ancaq Polad çox dəyərli oğul idi. Ağıllı oğlan idi, onun həyata
baxışı fərqli idi. Mən onun qədər
patriot, işinə, vətəninə bağlı adam görməmişəm. Bu xəbəri
eşidəndə çox sarsıldım, inana bilmirdim.
Biz çox böyük, əvəzsiz bir hərbçimizi
itirdik. Ümumiyyətlə, Poladgilin ailəsi
nümunə idi. Çox tərbiyəli
uşaqlar idilər. Ataları İsrayıl əmi
tanınmış mühəndis olsa da, çox sadə adam idi. Polad həyətdə
yerini bilən, sözünü bilən oğlan olub. Polkovnik rütbəsi alanda eşitdik, general olanda
sevindik. İnsanın
böyüklüyü onun əməli ilə, işi ilə
bilinir. Sən demə, biz yaxınlığımızda
olan bir qəhrəmanı, bir igidi tanımamışıq.
Bu adamı heç vaxt təkəbbürlü
görmədik. Heç vaxt öz işindən
danışmazdı. O, şəhid olandan sonra etdiyi
igidliklər, yaxşılıqlar çıxdı üzə.
Nə bilim... Böyük itkidir. Allah rəhmət
eləsin!".
Qardaşı İlhama üz tuturam. Əvvəldən
mənə xəbərdarlıq edib ki, çox
danışmaqla arası yoxdur, həm də hələ
özünü belə şeylərə hazır bilmir.
"Aramızda iki yaş fərqi olub, böyük idi məndən
və bu böyüklüyü hər zaman hiss elədim. Bir yerdə
bağçaya gedirdik. Valideynlərimiz zavodda
işləyirdi. Bağçada qalmaq istəmədim,
məni də götürdü, qaçdıq
bağçadan. Bir dəfə evdən
icazəsiz dənizə getmişdik. Əslində,
mənim başımdan çıxmışdı dəniz həvəsi,
evdə mərəkə qopdu, hər şeyi öz boynuna
götürdü. Məndən əvvəl
məktəbə getdiyi üçün evdə konsert verdim.
Bağçaya da getmirdim. Evdə
tək qalmağa məhkum oldum, çünki hamı ya
işdə, ya da dərsdə olurdu, mənimsə
uzaqbaşı 5-6 yaşım vardı. Ancaq
birinci sinfə gedəndə təzə çanta
görmüşəm, sonra evin böyüyü olduğu
üçün onun çantalarını mən
daşımışam. Elə
paltarlarımız da, mən, o... fərq eləmirdi, bərabər
geyinirdik. O vaxt ütülü pioner qalstuku olmadan məktəbə
buraxmırdılar. Poladın qalstuku həmişə
ütülü olurdu, çünki çox məsuliyyətli
idi. Bəzən o, dərsdən gələndə
mən dərsə gedirdim, yolda qalstuklarımızı dəyişirdik.
Polad yaxşı qardaş idi
Bilmirəm başqa şəhərlərdə, başqa
yerlərdə necədir, Sumqayıtın qəribə,
özünəməxsus keyfiyyətləri var. Burada bir məhəllənin
uşaqları yaxşı işə görə də, pis
işə görə də bir yerdə cavab verirdilər. Polad
yaxşı qardaş idi. Ona etibar etmək,
ona güvənmək olardı. Onda əmanətə
xəyanət yox idi. Bizim bina iki şəhid
vermişdi Polada qədər, bəlkə də, o şəhidlərin
qanını almaq hissi oldu onun hərbə getməyinə səbəb,
amma biz onun hüquqşünas olacağını gözləyirdik.
Məncə, bu onun taleyidir.
Düşünürdük ki, təsadüfdür, Poladın
bəxtinə müharibə dövrü düşdü, amma
həyatda izahı tapılmayan şeylər də var...
Başa düşürəm olanları, amma hələ
şokdayam, hələ inana bilmirəm və yəqin,
inanmağım çox çətin olacaq".
On ilə
qədər general Polad Həşimovla bir yerdə xidmət edən,
indi isə ehtiyatda olan polkovnik-leytenant Loğman Xanlarov söhbətə
qoşulur:
"Polad Həşimov bizə bir daha millət
olduğumuzu, özü də böyük millət
olduğumuzu, bir olduğumuzu, həmrəy olduğumuzu
xatırlatdı. Bu gün dünyanın çox yerindən
Polad Həşimov baxır bizə. Xarici
ölkələrdə yaşayan həmvətənlərimizi
görürük televiziyada, internetdə,
maşınlarına şəhidlərimizin şəkillərini
vurub küçələri gəzir və Azərbaycan həqiqətlərini
dünyaya tanıdırlar. İngiltərədə,
Kanadada, Almaniyada, ABŞ-da, Avropanın, Asiyanın onlarca
ölkəsində həmyerlilərimiz səsini səsimizə
qatır. Şəhidlərimiz
dünyanın hər yerində yaşayan azərbaycanlılar
üçün qürur mənbəyi oldu. Bu, çox xoş duyğudur.
Postun adını dəyişdirdi
Mən
generalla bir yerdə xidmət etmişəm, çox təvazökar,
xeyirxah adam idi. Daşkəsəndə xidmətdə
olanda onun apardığı əməliyyat nəticəsində
bir post almışdıq düşməndən. Sonra onu Bərdəyə xidmətə göndərdilər.
Şəxsi heyət hörmət əlaməti olaraq həmin
posta onun adını verdi, Polad müəllim
bundan xəbər tutan kimi, postun adının dəyişdirilməsini
tələb etdi.
Bir dəfə elə oldu ki, onun əsgərlərinin
biri ilə yol yoldaşı oldum. O danışdı mənə. Demək, maşınla gedərkən yolda ermənilər
onları görür. Bu, təhlükəli
bir şeydir. Hər an hərəkətdə
olan maşını vura bilərlər. Sükan
arxasında olan əsgər maşını saxlayıb.
Polad müəllim səbəbini xəbər
alanda, əsgər məsələni izah edib. Komandir
başa düşüb ki, əsgər qorxduğu
üçün yola davam etmək istəmir, bu zaman kürəyi
ilə əsgərin qarşısını kəsib və
deyib: "Yola davam elə, əgər atsalar güllə
birinci mənə dəyəcək...".
Beləcə, günümüzün əfsanəsi,
şəhid generalımızın doğmalarından,
tanışlarından ayrılıb, fotoqrafımız
Elgünlə bərabər sakit-sakit addımlayırıq. Artıq
qaranlıq çöküb, səmada milyonlarla ulduz var.
Qeyri-ixtiyari başımı qaldırıb göyün
üzünə baxıram. Əminəm,
göydə dolaşan narahat ruhlardan biri də general Polad Həşimovun
ruhudur. Axı, vədinə əməl etmədi,
torpaqlar azad olmadan ölə bilmərəm demişdi... O bizi
görür, biz isə onu, sadəcə, hiss edirik. Göy üzündə narahat ruhlar çoxdur.
Biz torpaqlarımızı azad etmədən, onların
qisasını almadan bu ruhlar sakitlik tapa bilməyəcək...
Söhbətləşdi: Əyyub
QİYAS
Ədəbiyyat qəzeti.- 2020.- 25 iyul.- S.4-7.