Uşaq ədəbiyyatımızın
qaynağı folklorumuzdur...
Çağa çağımızdan eşitdiyimiz
ilk bədii söz örnəkləri analarımızın
çaldığı laylalar,
nəvazişlə söylədikləri
oxşamalardır. Nənələrin danışdıqları nağıllar
bizi sirli-sehrli fantaziyalar aləminə aparır.
Rus dilində yazan Azərbaycan yazıçısı
bir dəfə söhbətimiz zamanı mənə "Uşaqlıqda
"Murzilka" jurnalını
oxumayan ziyalı sayıla bilməz" - dedi.
- "Uşaqlıqda "Məlikməmməd"
nağılını dinləməyən
adam da
Azərbaycan ziyalısı
ola bilməz" - dedim.
Məlikməmməd və Göyçək Fatma, Gül Qəh-Qəh xanım və Cırtdan, Ovçu Pirim və Armud bəy
ta körpəlikdən
zehnimizdə əbədi
həkk olunmuş personajlardır.
A.Bakıxanovdan, Mirzə Şəfi Vazehdən, Mirzə Fətəlidən üzü
bəri 150-160 illik ədəbiyyat tariximizin aparıcı cərəyanı,
əqidə və məqsədyönlü maarifçilik
olub. Maarifçilik, insanları ta
uşaq yaşlarından
düzgün tərbiyələndirmək,
xeyrə, doğruya, halala yönəltmək də elə nağıllarımızdan başlamırmı?
Bütün çətinliklərə rəğmən,
Xeyrin Şər üzərində qələbəsi,
alicənablığın, təmənnasızlığın, mərdliyin nankorluq, nanəciblik, paxıllıq
və yalan, böhtan üzərində
zəfər çalması
folklorumuzun əsas qayəsi, şah damarıdır. Yazılı ədəbiyyatımız da elə bu
yolla irəliləyib.
Sözün ən geniş mənasında maarifçilik amalları H.Zərdabinin çıxardığı
qəzetdə də, Seyid Əzim Şirvaninin təmsillərində
də, Firudin bəy Köçərlinin
balalara töhfə olan kitabında da davam edib,
XX əsdə Sabir, Səhhət, Süleyman Sani, Abdulla Şaiq, Mirzə Cəlil zirvələrinə ucalıb.
"Dərsə gedən bir uşaq, buz üstünə çıxan
qoçaq, sürüşüb
yıxılsa da, buza, soyuğa, şaxtaya meydan oxuyur. Yazın gələcəyinə, buzların əriyəcəyinə
inamını itirməyənlər
həvəslə "gəl,
gəl, a yaz günləri" deyə
çağırırlar, Abdulla Şaiqin ən azı iki misrasını
"Əlini mənə,
bəstərəcik, bəstərəcik
səndən küstərəcik"
misralarını uzun bir ömür boyu hafizələrimizdə
saxlamışıq, Süleyman
Saninin Qaraca qızı bizə təmənnasız fədakarlıq
dərsi verib. Mirzə Cəlilin "Buz" hekayəsində unudulmamış
uşaqlıq xətasının
peşmançılığı oxucuda da heç
bir vaxt yaddan çıxmayacaq nisgilli təəssürat
yaradır.
Ədəbiyyatımız bizi həm də
xəbərdar edir ki, savadlı olmaq hələ tam maariflənmiş, mədəni,
xeyirxah, faydalı insan olmaq deyil. O qədər
savadlıların bəd
əməlləriylə rastlaşırıq
ki... Bəzən alınan dərslərin
də bir faydası olmur, Danabaş kəndinin məktəbindəki canlı,
zirək, ayıqbaşlı
uşaqlar səfeh uçitel Həsənovdan
qat-qat üstündülər.
Məşhur yazıçılardan birinin (bəlkə də Qorkinin) sözüdür ki, uşaqlar üçün
böyüklər üçün
yazdığın kimi
məsuliyyətlə yazmalısan,
amma bir az da artıq məsuliyyətlə.
Ədəbiyyatın, o sıradan da
ilk öncə uşaq
ədəbiyyatının ən
ümdə məqsədi
kamil insan yetişdirməkdir. Gələcəyi
düşünən, Gələcəyə
yönələn, amma
Keçmişdən də
üz döndərməyən,
Gələcəyə sadiq
olan, Keçmişə
də insafla yanaşan, həsəddən,
kindən xali olan sağlam ruhlu insan... Çünki - bunu da kimsə doğru deyib ki, Keçmişə
güllə atanları
Gələcək topa
tutacaq.
31 may 2020
ANAR
Ədəbiyyat qəzeti.- 2020.- 5
iyun. S. 2.