Uşaq
dünyasında ədəbiyyat və uşaq ədəbiyyatı
Vissarion Belinskiyə ithaf
Uşaq dünyası - bulaq suyu qədər
saflığı, açıq səma kimi
aydınlığı, ölkəyə ilk dəfə gəlmiş
qonaq kimi qeyri-adi heyranlığı ilə
yazılmamış şeirdir. Hər uşaq fərqli
bir bədii əsərdir. Dünyada nə
qədər uşaq varsa, o sayda da bitib-tükənməz
yazılmamış uşaq ədəbiyyatı ehtiyatı
vardır.
Uşaq dünyası uşaq şeirinin beşiyidir. Uşaq
dünyası - layla kimi yuxuda yaşanan şeirdir, sadəcə
onu sakitcə silkələmək lazımdır ki, şeirə
çevrilsin. Uşağın ilk dəfə
ayaq tutub yeriməsi, dil açıb danışması,
yıxılması, durması, əl qaldırıb
vurması, gülməsi, ağlaması, uşaq
dünyasının şeiriyyətidir. Uşaq
təbəssümü - təşbeh, metofora; uşaqların
danışığı - şeir; yerişi - misralar;
baxışları - qafiyələrdir. Dünyada
uşaq dünyası qədər sadə, aydın,
obrazlı, düşündürücü və pak bədii ədəbiyyat
mənbəyi göstərmək çətindir. Uşaqlar böyüdükcə, mühitə və
cəmiyyətə inteqrasiya olunduqca onların həyat hekayəsi,
dramı, povesti və romanı başlayır. Bu mənada uşaqların boy atması ədəbiyyatının
inkişafının barometridir. Dünya ədəbiyyatında
məktəbəqədər kiçik yaşlı
uşaqların həyatına həsr edilmiş romanlara rast gəlmək
çətindir. Uşaqların yaş mərhələləri
ədəbi janrları inkişaf mərhələləridir.
Xalq şairi Nəriman Həsənzadənin
"Ayaqqabılar" şeirində uşağın və ədəbiyyatın
boy artımın çox təbii şəkildə, əsl ədəbiyyat
tarixi faktı kimi ifadə olunmuşdur.
Evimizin
ağzında,
Onlar əvvəl iki idi.
Özü
də mənimki idi,
Dörd
oldu bir gün onlar
İkisi bərli-bəzəkli.
İkisi
bəzəksiz oldu
Sonra da səkkiz oldu.
Keçir
günlər, həftələr
Yaş
üstünə gəlir yaş,
Kiçik
ayaqqabılar
Böyüyür yavaş-yavaş.
Uşaq dünyasından uşaq ədəbiyyatı
dünyasına və dünya uşaq ədəbiyyatına
doğru böyük ədəbiyyatın təbii inkişaf
ritmləri uşaq dünyasının dərinlikləri və
incəliklərinin bədii cəhətdən dərk və kəşf
edilməsindən keçir. Kiçik uşaqlar
böyük ədəbiyyatın oxşama və laylaları,
cavan oğlanlar - əsərləri, sonrakı nəsillər
qurucularıdır. Uşaqları dərindən
öyrənməyə meyl etməklə uşaq
dünyasını kəşf etmək və vəsf etmək
olar. Uşaq dünyasının incəliklərinə
və dərinliklərinə yenməklə yazılan əsərlərlə
uşaq ədəbiyyatını ucaltmaq lazımdır.
Ədəbiyyatın növləri baxımından
uşaqlıq - lirika, cavanlıq - dram, yaşlı dövr -
epik ədəbiyyatıdır. Böyüklər
üçün ədəbiyyatda təsviri, tənqid, satira
aparıcıdır. Uşaq ədəbiyyatı
üçün lirika və yumor səciyyəvidir.
Uşaq ədəbiyyatı
bədii düşüncənin ali məqsədi
olan insana xidmət etmək baxımından böyük
imkanlara malikdir. Çünki uşaq ədəbiyyatı
uşaqların həyata və dünyaya açılan ilk pəncərəsidir.
Ata və analarından sonra uşaqları həyatla, ətraf
aləmlə, dünya ilə tanış
etmək baxımından uşaq ədəbiyyatı ilə
müqayisə edilə biləcək digər vasitələr
göstərmək çətindir. Ən
yaxşı uşaq şeirləri uşaqların ən sevimli
oyuncaqlarıdır. Oyuncaqlar
uşaqları əyləndirdiyi halda, uşaq ədəbiyyatı
nümunələri uşaqları əyləndirməklə
bərabər həm də düşündürür və
onların mənəvi dünyasını zənginləşdirir.
Uşaq ədəbiyyatı - uşaq
dünyasının kompasıdır. Uşaqlar onları daha çox cəlb
edən şeirlərin və hekayələrin qanadlarında böyüyüb boy
atır, irəliyə baxırlar.
Uşaq ədəbiyyatı - uşaqların
böyük olmaq üçün keçdiyi ədəbiyyat
məşqidir. Bu məşq prosesini, yəni uşaq yaşlarında ədəbiyyatla
mənəvi cəhətdən zənginləşmək dərslərini
normal keçmədən uşaqlıqdan gəncliyə doğru gedən yolda baş
verə biləcək büdrəmələr onları bütün
ömrü boyu narahat edə bilər.
Uşaqların böyük həyata
hazırlanmasını uşaq ədəbiyyatı olmadan təsəvvür
etmək mümkün deyildir. Bu məqamda uşaq ədəbiyyatı
övladlarını yaşdan-yaşa, addım-addım irəli
aparmaq, düşündürmək, tərbiyə etmək vəzifələrini
yerinə yetirən valideynlərin də işini həyata
keçirir. Uşaq ədəbiyyatı
uşaqlığın bütün mərhələlərinin
bələdçisi və sükançısıdır.
Bir sözlə, uşaq ədəbiyyatı əsl
məktəb, uşaq yazıçısı isə ən
yaxşı müəllimdir. Ən kamil
uşaq əsərləri ən çox yadda qalan dərslərdir.
Uşaq ədəbiyyatı
ideologiyaya ən az məruz qalan ədəbiyyatdır.
Bu mənada uşaq ədəbiyyatı nəinki
uşaqları böyük həyata, həm də cəmiyyət
hadisələrinin mahiyyətini başa düşməyə
hazırlamışdır. Uşaqlar
üçün yazılmış ədəbiyyatda
böyüklər üçün də cəlbedici və
düşündürücü olan mətləblər öz
əksini tapmışdır.
Ana dilini qoruyub saxlamaq və uşaqlara sevdirmək Azərbaycan
uşaq ədəbiyyatının ən böyük tarixi
nailiyyətidir. Əsl uşaq ədəbiyyatı - ən
yaxşı ana dili dərsliyidir. Vətənpərvərlik
- uşaq ədəbiyyatının canı və ruhudur. Uşaq ədəbiyyatı
Azərbaycan ədəbiyyatının əbədi Vətəniyyəsidir.
Sadə və aydın ana dilində
yazılmış və vətənpərvərlik
üstündə köklənmiş Azərbaycan uşaq ədəbiyyatı
xalqımızın müstəqil dövlətçilik
uğrunda mübarizəyə hazırlanmasına şərəflə
xidmət etmişdir.
Uşaq dünyası ailə mühiti, ətraf aləm
və bağça tərbiyəsi ilə formalaşır. Ailə
mühiti uşaq aləminin başlanğıcı və təməlidir.
Hətta bir dəfə böyük rus pedaqoqu
Makerenkodan soruşanda ki, uşağın tərbiyəsi ilə
nə vaxtdan məşğul olmaq lazımdır, o, bu suala
"hələ dünyaya gəlmişdən qabaq, ana bətnində
olarkən" cavabını vermişdir. Ailə
mühitində baş verən nə varsa, mənəvi
rahatlıq, yaxud əksinə, gərginlik, zəhmət, tənbəllik,
şeirə, musiqiyə, nağıla münasibət, qonaqpərvərlik
və sair uşağın mənəvi dünyasına öz
izlərini salır. Böyük
yaşlarında olan adamların atalarından eşitdikləri
sərt sözlər, analarından dinlədikləri laylalar,
xüsusən, nənələrinin nağıl dünyası
haqqındakı unudulmaz təəssüratları ailə
mühitinin uşaq dünyasının inkişafındakı
rolunu çox real şəkildə ifadə edir. Əhməd Cəmilin "Can nənə bir
nağıl de" şeirində uşaq aləmində nənə-nəvə
münasibətlərinin nə qədər dərin təsirə
malik olduğunu əyani surətdə göstərir. Ailə mühiti ilə əlaqəli olan ətraf
mühitlə əlaqə əslində uşaqların
böyük mühitə çıxışının ilk
addımlarıdır. Uşaqların ətraf
aləm haqqındakı ilkin təəssüratları ailə
mühitində formalaşmaqda olan tərbiyəvi keyfiyyətlərin
üstünə gəlir və onu daha da zənginləşdirir.
Bağça dövrü - məktəbəqədər
tərbiyə isə uşaqların ailədə və ətraf
aləm vasitəsilə əxz etdikləri məlumatları,
ilkin bilgiləri, öyüdləri cəmləşdirməklə
bərabər həm də onlara bədii əsərlər,
mahnı və musiqi ilə əlaqədar əlavə biliklər
verərək onları məktəbə hazırlayır.
Bağçalar uşaqların ilk şeir, hekayə
və mahnı məktəbləri funksiyalarını həyata
keçirir. Ona görə də
bağça tərbiyəsi uşaq aləminin
formalaşdırılmasında mühüm mərhələdir.
Deməli, məktəbəqədər tərbiyə
müəssisələrini yenidən qurmaq uşaq
dünyasını və uşaqlar üçün ədəbiyyatı
inkişaf etdirmək baxımından xüsusi əhəmiyyətə
malikdir. Etiraf etmək lazımdır ki, sovet hakimiyyəti illərində
bağça sistemi məktəbəqədər tərbiyə
müəssisələrindən - tarla düşərgəsinə
qədər inkişaf etmişdi. Lakin bizim
nəsillərə yaxşı məlum olduğu kimi o
dövrün bağçalarında öyrədilən
şeirlərin və mahnıların əsas motivi
üstündə köklənmişdi. Dövlət
müstəqilliyimizin başlanğıc illərində isə
məktəbəqədər tərbiyə müəssisələrimiz
demək olar ki, ciddi dağıntıya məruz qalmış,
onların bir çoxunun yerində restoranlar, ictimai iaşə
ocaqları yaradılmışdır. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin
qayğısı ilə son illərdə ölkə
miqyasında mövcud bağçaların yenidənqurulması
və məktəbəqədər tərbiyə müəssisələri
üçün ən müasir, təzə binaların
tikilib istifadəyə verilməsi istiqamətində geniş
iş aparılır. Cənab Prezidentin
xüsusi tapşırığı əsasında Bakı
şəhərində və respublikamızın böyük
şəhərlərində inşa edilən yeni çoxmərtəbəli
binaların birinci mərtəbəsində bağçalar
üçün münasib infrastrukturlar yaradılır.
Azərbaycan Respublikasının Milli Məclisində 2017-ci
ildə qəbul edilmiş "Məktəbəqədər təhsil
haqqında" Qanun ölkəmizdə bağça təhsilinin
müxtəlif forma və metodlarının həyata
keçirilməsinə tam hüquqi təminat verməklə
bərabər, həm də geniş üfüqlər
açır. Respublika üzrə beş
yaşlı uşaqlar üçün məktəbəhazırlıq
siniflərinin təşkili "Məktəbəqədər
təhsil haqqında" Qanunundan sonra əldə edilən ən
mühüm nəticələrdən biridir. Dünyada
məktəbəqədər təhsilin ən çox
inkişaf etdiyi ölkə olan Finlandiyada uzun illərdən
sonra uşaqların məktəbə hazırlıq siniflərinə
cəlb edilməsi 92 faizə
çatdırılmışdır. Azərbaycan təhsil
sistemində isə bu mühüm iş cəmi üç il ərzində 80 faizə yaxın bir göstəricini
əhatə edir. Həm uşaq
bağçalarının, həm də məktəbə
hazırlıq siniflərinin çoxcəhətli
funksiyaları sırasında uşaqlarda mahnı və
şeir öyrənmək vərdişlərini genişləndirmək
əsas yerlərdən birini tutur. İndiki
halda uşaq bağçaları və məktəbəhazırlıq
sinifləri kiçik yaşlı uşaqlar üçün
şeirlərin və mahnıların əsas
sifarişçisidir. Şairlər,
yazıçılarımız və bəstəkarlarımız
bütün yaş qrupları, xüsusən də daha həssas
olan beş yaşadək olan uşaqlar
üçün bədii nümunələrin və musiqi əsərlərinin
yazılmasına daha çox diqqət yetirməlidirlər. Bu, yaş qruppu uşaqların ilkin formalaşma mərhələsi
olduğu üçün kiçik yaşlı uşaqlara
ünvanlanmış şeirlər və mahnıların mətni
çox sadə, axıcı, melodiyası rahat qavranılan, mənası
ilə həmin uşaqların qavrayışı səviyyəsində
cəlbedici və dərk olunan olmalıdır. Bədii yaradıcılıqla məşğul
olanlar bu vəzifələrin şərəfli olmaqla bərabər,
həm də nə qədər çətin olduğunu
başa düşürlər. Buna görədir
ki, məktəbyaşlı uşaqlar üçün
şeirlər, hekayələr və mahnılar nisbətən
çox olduğu halda (hərçənd ki, bu nümunələrin
də özünəməxsus problemləri vardır -
İ.H.), sırf bağça uşaqlarına
yazılmış bədii və musiqi əsərləri
qat-qat azdır. Uşaq dünyasını
isə şeir və musiqi olmadan lazım olan səviyyədə
formalaşdırmaq mümkün deyildir. Əgər
kiçik yaşlı uşaqlar özlərindən
böyük olan uşaqlar üçün yazılmış
şeirləri və mahnıları oxusalar, həmin mətnlərin
mənasını başa düşməkdə çətinlik
çəkəcəklər. Beləliklə,
kiçik yaşlı uşaqlar sadəcə mənasını
arzu olunan səviyyədə dərk edə bilmədikləri
şeirlərin əzbərçilərinə çevriləcəklər.
Ona görə məktəbəqədər
yaşlı uşaqlar və məktəbəhazırlıq
siniflərinin şagirdləri üçün onların
yaş və qavrama səviyyəsinə uyğun olan bədii
nümunələrin və musiqi əsərlərinin
yaradılmasına diqqətin artırılması uşaq ədəbiyyatı
sahəsində qarşıda duran əsas vəzifələrdən
biridir.
Ümumiyyətlə,
uşaq ədəbiyyatından söz düşən kimi adətən
ilk sual belə olur: uşaqlar üçün olan ədəbiyyat
neçə yazılmalıdır? Və
müxtəlif fikirlər meydana çıxır. Əslində bu ciddi sualdır və alimlər,
yazıçılar, bəstəkarlar, müəllimlər,
oxucular bu suala cavab verməli, ortaq nəticələrə gəlinməlidir.
Göründüyü kimi, sualın bu şəkildə
qoyuluşu uşaq yazıçılarına aiddir və
onların qarşısına "Nə etməli"
sualını qoyur. Əslində isə həmin
sualdan da ciddi vəzifə "Uşaqlar nə
oxumalıdırlar", yaxud "Uşaqlar nə oxumaq istəyərdilər"
suallarına cavab tapmaqdan ibarətdir. Çünki
neçə, hansı bədii formada, dil və üslubda
yazılmağından asılı olmayaraq, həmin bədii ədəbiyyat
və musiqi örnəklərini ilk növbədə
uşaqlar seçməli, sevməli, oxumalı və bəyənməli
və mənimsəməlidirlər. Əks
halda, biz uşaqlara nəyi isə diqtə etmiş olarıq.
Bu isə heç də bizim
uşaqlarımızı ədəbiyyat və incəsənət
əsərləri ilə tərbiyə etməyimizə xidmət
etmiş olmaz. Bu, cəhətdən
yanaşdıqda uşaq şairi və
yazıçısının, habelə uşaqlar
üçün mahnı yazmaq sahəsində
ixtisaslaşmış bəstəkarların ilk növbədə
həm də yaxşı müəllim - psixoloq olmaları
vacib şərtlərdən biridir. Təcrübə
göstərir ki, uşaq bağçaları ilə, məktəblərlə,
pedaqoji fəaliyyət sahələri ilə məşğul
olan, əlaqəli olan yaradıcı qüvvələr bu sahədə
daha çox müvəffəq olur, nailiyyətlər əldə
edə bilirlər. Uşaqların yaş
qruplarını və bilik səviyyəsini,
psixologiyasını, qavrama qabiliyyətlərini və maraq
dairələrini nəzərə almaqla yazılan ədəbiyyat
və incəsənət əsərləri uşaqlar tərəfindən
qəbul olunan, mənimsənilərək yaddaşlarda iz salan
və onları addım-addım irəli aparmağa xidmət
edən bədii örnəklərə çevrilir. Məhz bu qəbildən olan əsərlər
uşaq dünyasını formalaşdırır. Məhz həmin əsərlər uşaqlar hansı
kitabları oxumalıdırlar sualının cavabıdır.
Vaxtilə böyük rus tənqidçisi
Vissarion Belinski "Uşaqlar nəyi oxumalıdırlar"
sualına uşaqlarının yaşının, bədii
zövqünün, dünyabaxışının, qavrama
qabiliyyətlərinin, ən başlıcası isə maraq
dairəsinin nəzərə alınması şərti ilə
yaradılan ədəbiyyatı örnək kimi göstərmişdir.
Təkcə rus ədəbiyyatının deyil, ümumiyyətlə
ədəbiyyatın mahiyyəti, vəzifələri və əhəmiyyəti
haqqında sistemli elmi nəzəriyyə yaratmış
Vissarion Belinskinin uşaq ədəbiyyatına aid fikirləri
və mülahizələri də ədəbiyyatın bu
istiqamətinin simasının və missiyasının nəzəri
təlimindən ibarətdir. Uşaq ədəbiyyatı sahəsində
bu günkü vəzifələrimiz baxımından da
xüsusi əhəmiyyətə malik olduğunu nəzərə
alaraq, mövzumuzla əlaqədar olduğu üçün
Vissarion Belinskinin müxtəlif əsərlərimdən
seçdiyim aşağıdakı fikirləri ədəbi
ictimaiyyətin və oxucuların diqqətinə
çatdırmağı faydalı hesab edirəm:
"...Kitabların başlıca nöqsanı ondan ibarətdir
ki, bunlar uşaqların anlayışından ya yüksək,
ya da aşağıdır. Birinci halda kitablar
uşaqları vaxtından əvvəl yetişmiş əllaməyə,
quru cümləpərdazlığa öyrədir, ikinci halda
isə yaşlarına uyğun olmayan sadəliyə öyrətməklə
onların əqli zəifliyinə səbəb olur.
...İlk
yaşda olan uşaqlar üçün ən yaxşı
kitablar elə kitablar ola bilər ki, bunlar
uşaqları dünya ilə, təbiət və qismən cəmiyyətlə
şən bir surətdə tanış etsin. Belə
kitablar mütləq şəkilli olmalıdır,
çünki "əyanilik" uşağın
inkişafının əsasını təşkil etməlidir.
Burada əxlaqilik başlıca məsələ
olmalı, bu barədə əsla danışmamalı, əsla
heç bir nəsihət və qüdrətli sözlər
işlədilməməlidir. Əxlaqilik sözlərdə
deyil, işdə olmalı və uşaqlara məfhum
halında deyil, hiss halında verilməlidir.
...Gənclərin
roman oxumağa başlama vaxtı onların uşaqlıqdan gəncliyə
keçmə vaxtıdır. O zaman onlar çox şey oxuya
bilərlər. Amma bu, böyüklərin icazəsi
və seçib göstərmələri yolu ilə
olmalıdır.
...Uşaqların
da yalnız böyüklərin oxuduqları kitabları
oxumaları fikri əsassız və haqlı olmaqdan uzaq
fikirdir. Lakin bizə elə gəlir ki, bu barədə, demək
olar ki, heç bir istisna və məhdudluğa yol verməyən
bir qayda qoymaq olar: uşaqlar üçün kitab yazmaq olar və
lazımdır; lakin uşaqlar üçün yazılan o əsərlər
yaxşıdır ki, onlar böyükləri də yalnız
uşaqlar üçün yazılmış bir əsər kimi
deyil, hamı üçün yazılmış ədəbi
bir əsər kimi maraqlandıra bilsin.
Yeri gəlmişkən Vissarion Belinskinin uşaq
yazıçılarının qarşısında qoyduğu
tələbləri də yada salmaq istəyirəm. Təxminən
iki əsr bundan qabaq yazılmış aşağıdakı
fikirlər bu günün yazıçıları
üçün də aktualdır.
"...Uşaq
yazıçıları bütün bunları öz balaca
oxucularına çeynənmiş nəsihət və soyuq əxlaqi
təlimat şəklində deyil, quru hekayələr
halında deyil, həyat və hərəkətlə dolu,
canlı, hissi hərarətə malik hekayə və lövhələr
halında, zərif, azad, oynaq, sadə və rəngli bir dil ilə
çatdırılmalıdırlar. Bu zaman uşaq
kitabları tərbiyə üçün ən möhkəm
bir əsas və ən təsirli bir vasitə ola
bilərlər.
...Biz
dedik ki, uşaq yazıçısı olmaq üçün,
digər zəruri şərtlər içərisində
canlı şairanə xəyala malik olmaq da zəruri şərtdir:
Uşaqlara xəyal vasitəsilə təsir etmək
lazımdır. Uşaqlıq yaşlarında xəyal ruhun
üstün qabiliyyət və qüdrəti, onun
başlıca mühərriki və uşağın ruhu ilə
kənar aləm arasında birinci vasitədir...
...Uşağa
surətlər, rənglər, səslər lazımdır.
Uşaq mücərrəd ideyaları sevmir, ona tarixçələr,
rəvayətlər, hekayələr, nağıllar
lazımdır"...
Azərbaycanda uşaq ədəbiyyatının qədim
tarixi və böyük ənənələri vardır. Hər
şeydən əvvəl, onu qeyd etmək lazımdır ki,
xalq uşaq şeiri və nağıllarımız uşaqlar
üçün zəngin mənəvi xəzinədir. Şifahi xalq şeirinin mühüm bir qolu olan
laylalar və oxşamalar uşaq dünyasının misilsiz ədəbiyyatıdır.
Şifahi xalq ədəbiyyatında
uşaqların və gənclərin tərbiyəsi və
inkişafına aidiyyəti almayan hər hansı bir nümunə
göstərmək çətindir. Azərbaycan
şifahi xalq ədəbiyyatını bütövlükdə
uşaq ədəbiyyatı antologiyası kimi çap etmək
olar. Mübaliğəsiz demək olar ki, hər
tarixi dövrdə yeni nəsillərin tərbiyə
olunmasında fəal iştirak edən Azərbaycan şifahi
xalq ədəbiyyatı müstəqillik mərhələsinə
qədərki bütün ictimai-iqtisadi formasiyaların
ideologiyasına qalib gəlmiş əbədiyaşar ədəbiyyatdır.
Klassik Azərbaycan ədəbiyyatımızda da uşaq
ədəbiyyatı nümunəsi kimi səciyyələndirə
biləcəyimiz bədii nümunələr çoxdur. Qədim
dövr və orta əsrlər Azərbaycan ədəbiyyatındakı
mənzum hekayətlər Azərbaycan yazılı ədəbiyyatının
mənzum nağıllarıdır. Azərbaycan
klassik ədəbiyyatının poetik hikmət xəzinəsi
böyüklər üçün olduğundan daha artıq dərəcədə
uşaqlardan ötrü faydalı və əhəmiyyətlidir.
Bütün bunlara baxmayaraq, Azərbaycanda professional
uşaq ədəbiyyatı XIX əsrin əvvəllərində
özünün ən yüksək zirvəsini fəth
etmişdir. Heç tərəddüd etmədən demək
olar ki, XX əsrin əvvəlləri Azərbaycan uşaq
şeiri ümumiyyətlə Azərbaycan uşaq ədəbiyyatının
qızıl fondunu təşkil edir. Cəlil Məmmədquluzadə,
Mirzə Ələkbər Sabir,
Abbas Səhhət, Abdulla Şaiq, Süleyman Sani Axundov, Rəşid
bəy Əfəndiyevin uşaq əsərləri sayəsində
Azərbaycan uşaq ədəbiyyatı özünün
intibahı səviyyəsinə çatmışdır. Zəngin uşaq folkloru və uşaq maarifçi ədəbiyyatı
bütün nəsillərin formalaşması və
inkişafına istənilən ən yaxşı məktəbdən
çox təsir göstərmişdir. Hər
hansı bir azərbaycanlını bu böyük və əbədiyaşar
xəzinədən kənarda təsəvvür etmək qeyri
mümkündür. Şifahi və
yazılı uşaq ədəbiyyatı
uşaqlarımızın mənəvi atasıdır.
Nə qədər çətin olsa da, sovet
dövründə də uşaq ədəbiyyatımız
ciddi bir inkişaf yolu keçmişdir. Sovet
ideologiyasının təsiri ilə yaranan uşaq ədəbiyyatı
nümunələri ilə bir sırada, bu dövrdə Azərbaycan
uşaq ədəbiyyatının xəzinəsinə əbədi
olaraq daxil olmuş şeir və hekayələr yazılıb
nəşr edilmişdir. Hətta senzura ideoloji cəhətdən
az şübhə ilə
yanaşdığı üçün bir çox hallarda
şair və yazıçılar böyüklər
üçün yazdıqları əsərlərdə deyə
bilmədikləri ciddi ictimai-siyasi fikirləri uşaq ədəbiyyatı
örnəklərində ifadə etmişlər. Mikayıl
Rzaquluzadə, Hikmət Ziya, Xanımana Əlibəyli, Xalidə
Hasilova və başqaları sovet dövründə yetişib
formalaşmış uşaq ədəbiyyatı klassikləridir.
Sovet dövrü Azərbaycan milli uşaq ədəbiyyatının
ən yaxşı örnəkləri geniş mənada Azərbaycan
ədəbiyyatının üzvü tərkib hissəsi, nəsillərdən-nəsillərə
qədər yaşamaq haqqı qazanmış ölməz
nümunələridir.
Hazırda Azərbaycan uşaq ədəbiyyatımız
özünəməxsus inkişaf yolu keçməkdədir. Uşaq ədəbiyyatı
dünyası öz mövzuları və süjetləri, fərqli
qəhrəmanları, dili və üslubu olan bir ədəbiyyat
kimi inkişaf edir. Müstəqillik
dövründə Azərbaycan uşaq ədəbiyyatının
bir neçə yaradıcı nəsli böyük ədəbiyyat
meydanında öz sözünü deməkdədir.
Görkəmli
uşaq şairi Zahid Xəlil uşaq ədəbiyyatı sahəsində
çoxillik xidmətləri
olan böyük sənətkardır. Müstəqillik
dövrü Azərbaycan uşaq ədəbiyyatı
özünün yeni simalarını da yetişdirib
formalaşdırmışdır. Rafiq Yusifoğlu, Qəşəm
Nəcəfzadə, Qəşəm İsabəyli, İbrahim
Yusifoğlu, Vüqar Haqverdiyev, Sevinc Nuruqızı, Bayram
İsgəndərov, Reyhan Yusifqızı, Kamil Araz, Gülzar
İbrahimova, Ayğün Bünyadzadə, Arzu Soltan, Əfsanə
Laçın, Elvira Məmmədova, Mirmehdi Ağaoğlu və
başqalarının uşaqlar üçün müxtəlif
janrlarda yazdıqları ən yaxşı əsərlər
artıq ədəbiyyatımızda vətəndaşlıq
hüququ qazanmışdır. Müstəqillik
dövrü Azərbaycan uşaq şeiri özünün ədəbiyyatındakı
yerini bərpa etmiş, hədəflərini müəyyənləşdirmiş,
yeni inkişaf yoluna çıxmışdır. Yeni tarixi epoxanın uşaq nəsri sahəsində
də mövcud boşluq əsasən aradan
qalxmışdır. Lakin uşaq dramaturgiyası sahəsində
böyük geriləmə aşkar hiss olunmaqdadır. Uşaq dramaturgiyasında olan gerilik istər-istəməz
uşaq teatrına da özünün təsirini göstərməkdədir.
Ədəbiyyatda müstəqillik
dövrünün dramaturgiyasının yeni nəfəs
qazanmasına baxmayaraq, uşaqlar üçün dram əsərlərinə
ciddi ehtiyac vardır.
Azərbaycan Uşaq ədəbiyyatının tədqiqi
sahəsində ciddi problemlər müşahidə
olunmaqdadır.
Sovet dövründə uşaq ədəbiyyatının
tədqiq olunub öyrənilməsi sahəsində müəyyən
nəticələr əldə olunsa da, müstəqillik mərhələsində
bu istiqamətdə uzun illərdən bəri ciddi bir
durğunluq nəzərə çarpmaqda idi. AMEA Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutu ilə
Azərbaycan Yazıçılar Birliyinin 2015-ci ildə
"Uşaq ədəbiyyatının vəziyyəti və vəzifələri"
mövzusunda keçirdiyi yaradıcılıq müşavirəsi
ədəbiyyatşünaslıq elminin diqqətinin bu zəruri
sahəyə yönəltmək baxımından müəyyən
bir dönüşə səbəb olmuşdur. Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunda hər il davamlı
olaraq keçirilən "Ədəbi proses"
müşavirələrində uşaq ədəbiyyatının
ayrı-ayrı janrlarına həsr olunmuş elmi məruzələrin
müzakirəyə çıxarılması ədəbi-elmi
mühitdə əks-səda verərək ədəbiyyatın
bu qoluna marağı qüvvətləndirmişdir. Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunda
2018-ci ildə "Uşaq ədəbiyyatı" elmi-tədqiqat
şöbəsinin yaradılması ilə ədəbiyyatşünaslıq
elmində uşaq ədəbiyyatı tədqiqatları yeni nəfəs
qazanmışdır. İstedadlı ədəbiyyatşünas,
filologiya elmləri doktoru Elnarə Akimovanın rəhbərlik
etdiyi "Uşaq ədəbiyyatı" şöbəsi
qısa müddət ərzində ölkə üzrə
uşaq ədəbiyyatı tədqiqatlarının əsas
elmi mərkəzi kimi tanınmışdır. Ədəbiyyat
İnstitutunda və "Uşaq ədəbiyyatı"
şöbəsinin ətrafında, obrazlı şəkildə
desək uşaq ədəbiyyatşünasların yeni nəsli
formalaşmaqdadır. Elnarə Akimova, Aygün
Bağırlı, Mətanət Vahid, Günay Qarayeva,
İlhamə Ağazadə, Səadət Bayramova, Gülnar Qəmbərova
demək olar ki, hər həftə ölkə mətbuatında
uşaq ədəbiyyatına həsr olunmuş məqalələrlə
çıxış edirlər. Azərbaycan
Dövlət Pedaqoji İnstitutunda da uşaq ədəbiyyatı
üzrə tədqiqatların aparılması ənənəsinin
dirçəldilməsi də müşahidə
olunmaqdadır. Bütün bunlar uşaq ədəbiyyatı
problemlərinin yenidən ədəbiyyatşünaslıq
elmində özünün layiq olduğu yeri tutacağına
böyük ümid və ilham yaradır.
Uşaq ədəbiyyatının inkişafına
qayğı və diqqət ədəbi-elmi ictimaiyyətimizin
diqqət mərkəzindədir. Azərbaycan Yazıçılar
Birliyi və Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutu artıq uşaq ədəbiyyatının müasir
problemlərinə həsr ediləcək ikinci respublika yaradıcılıq
müşavirəsinə hazırlaşır.
Uşaq ədəbiyyatının oxucusu da, uşaq
kitablarının alıcıları da
çoxalmışdır. Uşaq ədəbiyyatını
ədəbiyyatın böyük magistral yoluna
çıxarmaq təkcə elmi və bədii yaradıcılıq
işi deyildir, həm də cəmiyyət və nəvələrimiz
qarşısında vətəndaşlıq borcumuzdur.
İsa
HƏBİBBƏYLİ
Ədəbiyyat qəzeti.- 2020.- 5
iyun. S. 4-5.