Qayğıkeş
külək...
Biri vardı, biri yoxdu. Səma adında balaca
bir qız vardı. O, lap kiçik yaşlarından
ata-anasını Qarabağ müharibəsində itirmişdi.
Buna görə də nənəsinin himayəsində
yaşayırdı. Sənəm nənə
doğma yurd, övlad itkisindən dərd içində idi.
Getdikcə bu dərd qəriblikdə onun belini
bükürdü. Sənəm nənəni
bu həsrət daha da qocaltdı. Bir
gün o da dünyasını dəyişdi. Səma lap
yalqız qaldı. Hönkür-hönkür
ağlamağa başladı. Bunu görən
külək hay-harayla qızın yanına gəldi.
Sakitləşib mehribanlıqla ondan soruşdu:
- Niyə
ağlayırsan, de görüm, sənin xətrinə kim dəyib?
Səma küləyin qayğıkeşliyindən daha da
kövrəldi. Sonra o, yavaş səslə dedi:
- Bircə
nənəm vardı. O da məni tək qoyub başqa
dünyaya getdi...
Külək
fikrə getdi... O düşünürdü ki, bu balaca
qıza necə kömək edə bilər. Birdən
uğultuyla əsməyə başladı. Tapdım,
tapdım deyə, sevinclə dilləndi...
Külək kəndin bir kənarında yaşayan Xeyir nənəni
tanıyırdı. Nənə həmişə
uşaqları əzizləyər, onlara şirin qoğallar
bişirərdi. Amma onun heç nəvəsi yoxdu. O, tək-tənha
qalmasın deyə, qonum-qonşunun uşaqlarını
özünə həyan bilərdi...
Külək bunları bildiyinə sevindi. O, Xeyir nənəylə Səmanı
görüşdürmək qərarına gəldi. Ona
görə də əvvəlcə nənənin yanına gəldi
və dedi:
- Xeyir nənə,
sənə şad xəbər gətirmişəm. De görüm, balaca qəşəng bir qız sənin
nəvən olsaydı neyləyərdin?
-
Çox sevinərdim, çox... Nənə bunu
deyib kövrəldi. Külək
uğuldadı və gəlib Səmanın yanında sakitcə
dayandı.
- İstərdinmi sənin mehriban, xeyirxah bir nənən
olsun. Səma təəccübləndi. Axı onun nənəsi
yenidən bu dünyaya necə gələ bilər, deyə
düşündü... Külək dedi:
- Nə
düşünürsən? Bu başqa nənədi, amma
çox qayğıkeş, mərhəmətli bir nənə...
Bilirəm onu da çox sevəcəksən.
De görüm indi mənimlə onun yanına
getməyə razısan?
- Bayaqdan
təklikdən ürəyi sıxılan qız
razılaşdı...
Külək Səmanı qollarına aldı. Ona öz
dilində nəğmə deyə-deyə gətirib nənənin
evinə çatdırdı. Nənə
qızı görüncə çox sevindi. Səma da
yavaş-yavaş ona öyrəşməyə başladı...
...Külək
dərindən nəfəs aldı... Sanki onun
üstündən ağır bir yük
götürülmüşdü. Körpəlikdən
müharibənin ağrı-acısını dadmış bu
balaca qız indi isti bir könüldə qızınacaq.
Nənə də, daha yollara baxıb həsrətlə boynunu
bükməyəcək... Külək etdiyi
yaxşılıqdan özünü xoşbəxt
sanırdı... O, həzin-həzin əsdikcə insanlara daha
necə kömək edəcəyi barədə
düşünürdü...
Mina RƏŞİD
Ədəbiyyat qəzeti.- 2020.- 5 iyun. S. 9.