Günay
ƏFƏNDİYEVA: “Teymur Elçin sözün həqiqi mənasında
işıqla müqayisə ediləcək adam
idi”
"Varislər"in
bugünkü qonağı ötən əsrin ən məşhur
uşaq şeirlərinin müəllifi, öz
yaradıcılığı ilə Azərbaycan uşaq ədəbiyyatında
danılmaz xidmətləri olan, şeirlərinin əksəriyyəti
uşaqların dilində əzbərdən səslənən
gözəl insan, ictimai xadim, şair, tərcüməçi,
Azərbaycan SSR Dövlət Mükafatı laureatı Teymur
Elçinin nəvəsi, Beynəlxalq Türk Mədəniyyəti
və İrsi Fondunun prezidenti Günay xanım Əfəndiyevadır.
Bəzi mənbələrdə
yaşı bir il artıq göstərilirdi,
amma əslində, 1925-ci ildə, cənnət Qarabağda, yaşıllıqlar
diyarı, qədim Şuşada dünyaya göz
açmışdı. Ailənin böyük
övladı idi. Atası Süleyman
kişini çox erkən itirmişdi, sonra anası
övladlarını da başına yığıb Bakıya
köçmüşdü. Ruhu, xəyalları
Qarabağda qalmışdı, həyatı, gələcəyi,
sevgisi Bakıda idi.
1941-ci ildə Azərbaycan Dövlət Universitetinin
filologiya fakültəsinə qəbul olunsa da, əksər
yaşıdları kimi taleyinə İkinci Dünya müharibəsində
odun-alovun içindən keçmək düşdü. Müharibədən sonra ali təhsilini başa çatdırıb,
komsomol işində çalışmağa başladı. Müxtəlif illərdə komsomol təşkilatının
ən yüksək vəzifələrinə irəli çəkildi.
Müxtəlif partiya işləri, Dövlət Radio və
Televiziya Verilişləri Komitəsinin sədri, Mədəniyyət
nazirinin müavini...
O, ədəbi
yaradıcılığını bütünlüklə
uşaqlara həsr etdi. Uşaq dünyası
onun şair ruhunun ayrılmaz parçasıydı və bir
baba kimi Teymur Elçinin ədəbi qəhrəmanı ona
ilk nəvə sevincini yaşadan Günay xanım oldu. Elə bu səbəbdən ənənəni pozaraq
"Varislər"ə nəvə Günayı dəvət
etdik. Günay xanımla Bakıdakı
gözəl məkanların birində, rəhbəri
olduğu Beynəlxalq Türk Mədəniyyəti və
İrsi Fondunun ofisində görüşdük.
Həm nəvə,
həm də şeirlərinin ədəbi qəhrəmanı
-
Babanın ilk nəvəsi olmaq çox adamın payına
düşə bilər, amma babanın ədəbi qəhrəmanı
olmaq hər nəvəyə nəsib olmur. Belə bir
parça yadıma düşdü:
"Soruşdu
babası Günaydan:
Ay dəcəl
qızım,
Sənə nə yazım?
- Hər
şey, hər şey!".
O dəcəl,
ipə-sapa yatmayan, hazırcavab qız sizsiniz? Ümumiyyətlə,
babanın mövzu obyekti olmaq necə hissdir?
- Qeyd
etdiyiniz kimi, mən Teymur Elçinin həm də birinci nəvəsiyəm
və hər zaman böyük nəvə olmağın özəlliyini
hiss etmişəm. Belə bir babanın nəvəsi
olmaq mənim üçün qürurvericidir.
- Bu
gün nəvə ilə söhbət etdiyim üçün
ola bilsin belə suallar tez-tez səslənəcək.
Siz həm də iki məşhur babanın nəvəsisiniz.
Biri Azərbaycan ədəbiyyatının,
dramaturgiyasının hər zaman xatırlanan imzası
İlyas Əfəndiyev, digəri isə Teymur Elçin.
Tez-tez uşaqlardan soruşurlar: hansı babanı daha çox
istəyirsən? Sizi belə bir seçimlə
üz-üzə qoyurdularmı? Mənim
üçün də maraqlıdır, babaların
hansını daha çox istəyirdiniz?
O,
işıq idi...
- Əlbəttə,
hər ikisini! Bilirsiniz, bir neçə il əvvəl
jurnalların biri məndən hər iki babamla bağlı
müsahibə götürmüşdü. Siz
indi sualı verəndə həmin müsahibəni
xatırladım. Onda babalarımı
müəyyən müqayisələr aparmaqla, paralellər
verməklə təsvir etməyə çalışdım.
Sonda məndən onları bir sözlə xarakterizə etməyimi
xahiş etdilər və dedim ki, Teymur Elçin
işıqdır. O, sözün həqiqi mənasında
işıqla müqayisə ediləcək adam
idi. Özü də işığın bütün
anlamlarında: həm aydınlıq, həm təmizlik, həm
istilik mənbəyi olaraq. O, bu işığı ünsiyyətdə
olduğu hər kəsə verə bilirdi. Öz səmimiyyəti
ilə, sadəliyi ilə, sevgisi ilə...
İlyas Əfəndiyevi isə həyatla müqayisə
etdim. O,
dünyasını dəyişəndə 82 yaşı
vardı. Amma o yaşda olmasına baxmayaraq, həmişə
deyirəm, tanıdığım ən gənc insanlardan
biridir. Həyat eşqi ilə
yaşayıb, yaradırdı. Sona qədər
bütün əsərlərində gənclik ehtirası, həyata
bağlılıq hiss olunur. Ona görə
də babalar arasında ayrı-seçkilik sala bilmərəm,
onların hər biri ilə öz münasibətim vardı.
Hər ikisini çox sevirəm və nə qədər
mən varamsa bu sevgi tükənməyəcək. Hər ikisi ilə fəxr edirəm.
İllər
keçsə də unudulmayan şeirlər
- Teymur Elçin Azərbaycan uşaq ədəbiyyatında
ən yaddaqalan şeirlərin müəllifidir. Sadə,
uşaq dilinə yatımlı, uşaq dünyasını
ehtiva edə bilən şeirlər. Orta məktəbdən
oxuyub əzbərlədiyim şeirləri var, üstündən
azı 40-45 il keçib:
"- Biz
gedirik
Səhər kəndə.
- Mən
də! Mən də!".
Yaxud:
"Uçdu
göylərə
Bizim peykimiz.
Söylədi
Yerə
Yol gedirik biz.
Bip-bip,
bip-bip...".
Onlarca belə nümunə göstərmək
mümkündür. Hətta küçəyə
çıxıb 60-70-ci illərdə orta məktəbdə
oxuyan istənilən adama yaxınlaşıb bir beyt söyləsək,
həmin beytin ardını xatırlaya bilərlər. Yaxşı, bəs nəvə Günay o şeirlərdən
hansını əzbər bilirdi və tez-tez həmin şeiri
deyirdi?
- Mənim
bəxtim həm də bir şeydə gətirib: babam mənə
"Balaca Günayın kitabı" adı ilə bir silsilə
şeir həsr etmişdi. Təxminən üç il əvvəl onun müxtəlif şeirlərini
bir araya topladıq və "Hər şey! Hər şey!.." adlı gözəl illüstrasiyalı
kitabını çap etdirdik.
Biz bu şeirlərlə böyümüşük. Bu şeirləri
nəinki mənim bacı-qardaşlarım, hətta müxtəlif
nəsillərin uşaqları da əzbər bilirdi. Sonra öz övladlarımıza da bu şeirləri
oxuduq. Kitabın ön sözündə: "Bu şeirlər
mənim və yaşıdlarımın
uşaqlığının şeirləridir... Mən arzulayıram ki, bu şeirlər sizin də
uşaqlıq illərinizin şeirləri olsun!" - yazmışam.
- Teymur Elçinin ən sevdiyiniz şeiri
hansıdır?
-
Babamın hər bir şeiri mənim üçün əzizdir.
"Axtarmışdım" adlı kiçik
bir şeiri var və həmin şeir mənə çox
doğmadır. Çünki o, balaca bir
şeirdə mənim hisslərimi və mənim
özümü son dərəcə dəqiqliklə verib.
"Analar və laylalar" silsiləsini çox sevirəm. Bu şeirdə
müxtəlif ana heyvanların, ana quşların laylası təsvir
olunur və bu laylalarda ortaq bir sevgi var - təmənnasız
ana sevgisi.
-
Ümumiyyətlə, uşaqlar üçün mətn yazmaq
çox çətindir. Çünki ən tələbkar
oxucu uşaqlardır. Birmənalı olaraq
onların ürəyi istəyəni yazmalısan, əks halda
bəyənmədikləri bir şeyi onlara bəyəndirə
bilməzsən. Müəllif kim
olursa-olsun, uşaq üçün fərq etmir.
Böyük
ailə...
- Tamamilə
doğrudur. Bizim böyük ailənin tam tərkibdə
bir yerə yığışdığı günlər
vardı. Bayramlarda mütləq
hamımız onlara toplaşırdıq və ailə
üçün ən əziz bayram təbii ki, Novruz
bayramı idi. Bir yerdə şirniyyatlar
bişirirdik, əsl bayram ab-havası yaşanırdı.
Babamın anası, ulu nənəm - Hafizə nənə
- bizə sonda qalmış xəmirdən cücələr
düzəldirdi və biz o anı səbirsizliklə gözləyirdik.
Belə bayramlara biz də xüsusi
hazırlaşırdıq. Mən,
bacılarım, xalalarımın, dayımın
uşaqları... hamımız. Müxtəlif
tamaşalar hazırlayırdıq. Mən
pianoda çalırdım, bacım şəkil çəkirdi,
kimisi rəqs edir, kimisi şeir deyirdi. Bir
sözlə, hər kəs öz bacardığını qoyurdu
ortalığa. Yaşca böyük olduğumdan
özüm rəhbərlik edirdim: hamı toplaşandan sonra məharətimizi
göstərirdik. Babam bizim bu fəaliyyətimizə
"Konsert" adlı silsilə şeirlər həsr edib.
Hərənin bacarığını,
istedadını göstərib.
- Teymur
müəllim müxtəlif dövlət vəzifələrində
işləyib. Mədəniyyət nazirinin
müavini, Televiziya və Radio Verilişləri Komitəsinin sədri
və s. Televiziyaya yaxın adamam və televiziyada
çalışan nisbətən yaşlı nəslin
nümayəndələrindən həmişə onun
haqqında xoş sözlər eşitmişəm. İndi elə olmaq çox çətindir.
Biri vəzifədən çıxan kimi arxasınca o qədər
söz deyirlər ki... Mənim üçün
maraqlıdır: baba kimi yaxşı babadır, onu başa
düşdük, bəs necə olur ki, həm də
yaxşı rəhbər ola bilir?
Nümunə
olmadan tələb etmək olmaz...
-
Bilirsiniz, o çox məsuliyyətli və vicdanlı adam idi. Eyni məsuliyyəti və
vicdanlı yanaşmanı başqalarından da tələb
edirdi. İşə sevgi, can yandırmaq
prinsipi ilə yanaşırdı. İnsan
özü nümunə olmadan başqasından nəsə tələb
edə bilməz. Üstəlik, səlahiyyətləri
çərçivəsində insanlara kömək etməyə
çalışırdı. Hətta bu
gün də o vaxtlar kömək etdiyi adamlar bizi görəndə
onu minnətdarlıq hissi ilə xatırlayırlar. Televiziya və Radio Verilişləri Komitəsinin sədri
vəzifəsində çalışdığı zaman onun
rəhbərliyi altında aparılan çəkilişlər
artıq televiziyamızın Qızıl Fondunda
saxlanılır.
Günün çox hissəsini işdə
keçirirdi.
Amma nahar fasiləsində mütləq evə gəlirdi.
Yolu çıxsaq, hardasa qırx dəqiqə
vaxtı qalırdı. Nahar edir, azacıq
dincəlir sonra yenidən işə qayıdırdı.
Bir də işdən sonra, özü də gec
gəlirdi evə, vaxtını artıq bizə sərf edirdi.
Sonra biz yatır, o isə kabinetinə çəkilir,
yaradıcılıqla məşğul olurdu. O kabinet
böyük və zəngin kitabxana idi. Divar boyu
kitablar, təsəvvür edin, 5-6 rəf sadəcə
nağıllardı. Uşaqlığımın
çox hissəsini onlarda, o kitabxanada keçirmişəm,
bu elə mənim formalaşmağıma da böyük təsir
göstərib. Birdə ən yaddaqalan uşaqlıq
xatirələrimdən, bunu hər zaman danışıram,
"Mikki-Maus" şəkli olan mavi və çəhrayı
rəngli iki dəftər... Demək, gecələr işləyir,
yazır-pozurdu, sonda hazır bildiyi mətnləri, şeirləri
həmin "Mikki-Maus"lu dəftərlərə
köçürüb, kitab rəfinə qoyurdu. Mən yazıb-oxumağı çox erkən
öyrənmişdim, üstəlik, həmin dəftərlərdən
xəbərim vardı. Səhər babam
işə gedirdi, mənsə onun otağına çəkilib
o dəftərləri götürüb oxuyurdum. Bunu yada salanda gülürəm ki, yəqin, orda olan
şeirlərin ilk oxucusu da mən olmuşam. Gözəl, muncuq kimi səliqəli xətti
vardı.
Unudulmaz mətnlərdən
bərbad mətnlərə keçid dövrü
- Uşaq
şeirlərinin bir özəlliyi odur ki, iki dəfə
uşağın yanında deyəndə, onu əzbərləməlidir.
Sadə, amma uşaq üçün izahı
olan mətn yazılmalıdır. Dərsliklərimiz
elə mətnlərlə zəngin idi. Hər
birinin konkret mesajı vardı, üstəlik, ardınca mətnə
uyğun atalar sözü, ya da tapmaca verilirdi və
azyaşlı məktəbli həm də fikirləşməyə
macal tapırdı. İndi elə mətnləri
yazan müəlliflər yox dərəcəsindədir. Kitablarda isə bərbad mətnlər yer alır,
qeyri-peşəkar müəlliflər məktəb
uşaqlarının zövqünü korlayır. Uşaq elə bilir ki, nağıl belə olur,
şeir elə budur. Bundan qurtulmağın
bir yolu varmı?!
- Məncə,
ilk növbədə, biz öz köklərimizdən
başlamalıyıq. Yəni klassiklərimizdən
başlamaqla müasirlərimizə qədər onların əsərlərini
uşaq dilinə, uşaq dünyasına
uyğunlaşdırmalıyıq. "Kitabi-Dədə
Qorqud", "Koroğlu" dastanlarını, eləcə
də Nizamidən, Füzulidən başlayaraq o əsərlər
müasir dilimizin tələblərinə cavab verən şəkildə
uşaqlar üçün adaptasiya olunmalıdır. Müəyyən nəşriyyatlar bu işi
görür, amma bu işə hamı səfərbər
olunmalıdır. Yaxşı zövq, səviyyə
uşaqlıqdan başlamalıdır. Biz
uşaqlarımıza hələ balaca vaxtlarından əsl ədəbiyyatı
sevdirməliyik. Bu işdə mən də
öz məsuliyyətimi dərk edirəm və Fondun rəhbəri
kimi Türk dünyasının bəzi klassik mətnlərinin
uşaq dilinə uyğunlaşdırılması layihəsi
üzərində çalışıram.
Həm də
gözəl tərcüməçi
- Teymur Elçin gözəl, yaddaqalan uşaq mətnlərinin
müəllifi olmaqla yanaşı, həm də çox
gözəl uşaq mətnlərini tərcümə edib,
özü də çox peşəkarlıqla tərcümə
edib. Bu barədə nə deyə bilərsiniz? Mən onun tərcüməsində 70-ci illərdə
nəşr olunan K.Çukovskinin məşhur "Aybolit"
nağıl-povestini bir neçə dəfə oxumuşam.
- Teymur Elçin sovet və ümumilikdə dünya və
uşaq ədəbiyyatını çox gözəl bilirdi. Və Azərbaycan oxucusunu
da K.Çukovskinin, S.Marşakın, T.Hofmanın, eləcə
də dünya uşaq folklor poeziyası ilə tanış
edib. Qeyd etdiyiniz kimi, "Aybolit" və yenə
K. Çukovskinin "Milçək-vizilçək" əsəri
çox böyük tirajla çap olunmuşdu. Eyni zamanda o, Qarsia Lorka, İ.Turgenev, Ç.Aytmatovun əsərlərini
Azərbaycan dilinə tərcümə etmişdi. Qarsia Lorkanın "Dişi canavar" əsəri
Azərbaycan Dram Teatrında səhnələşdirilmişdi
və biz hamımız premyerada iştirak etmişdik. Teymur Elçin bu əsərləri tərcümə
edərkən sözləri sərraf kimi seçib, müxtəlif
xalqların folklorunda, klassik ədəbiyyatında işlədilən
ifadələrin qarşılığını tapıb və
bu tərcümə işində çox vacib amildir. Ümumiyyətlə, babam kitaba, sözə çox
diqqətlə yanaşırdı. Atam həmişə
deyir ki, Teymur müəllim qədər kitaba diqqətlə
yanaşan ikinci adam tanımıram.
- Bir qədər
Teymur müəllimin ailəsi haqqında danışın. Eşitdiyimə görə, Leyla xanımla
aralarında bir "komsomol" sevgisi olub və bu sevgi
heç vaxt tükənməyib.
Əsl
komsomol eşqi
- Əvvəlcə onu deyim ki, onlar bir-birini
tamamlayırdılar. Babam ədəbiyyatçı idi, bu,
öz yerində, amma nənəm Leyla xanım
iqtisadçı olmasına baxmayaraq, ədəbiyyatı,
folkloru, xalq mahnılarımızı gözəl bilirdi.
Ailə münasibətlərinə gəlincə, hamı
Teymur Elçini uşaq şairi kimi tanıyır, amma o,
dünyasını dəyişəndən sonra çap
olunmayan nənəmə həsr etdiyi şeirləri üzə
çıxdı və biz onu həm də gözəl, lirik
şair kimi kəşf etdik.
Nənəm Leyla xanım Füzulidən, məşhur
Cuvarlinskilər nəslindəndir. Nənəm Xalq Təsərrüfatı
İnstitutunda oxuyurdu, o vaxtkı Stalin təqaüdçüsüydü,
əlaçıydı. O, institutun komsomol katibiydi. Babam isə Bakı Şəhər Komsomol Komitəsinin
birinci katibi idi. Bir dəfə nənəmə
fəal olduğuna görə mükafat kimi sanatoriyaya dincəlməyə
göndəriş verilir və bu göndəriş şəhər
komsomol komitəsində təsdiq olunmalıymış. Babam nənəmin sənədlərini təsdiq
etmir və beləcə səfər təxirə
salınır. Nənəm də çox
üzülür. Bir neçə gündən sonra babam
nənəmə ilk dəfə: "Yoldaş Cuvarlinskaya, icazə
verin sizi evinizə qədər ötürüm", - deyir. Sən demə, babam onun sənədlərini elə
bu səbəbdən təsdiq eləməyib. Yəni dediyiniz kimi, əsl saf, səmimi komsomol
eşqi. İlk görüşlərinin
birində babam nənəmi ötürərkən söhbətə
şirinlik qatmaq üçün ona bir beyt bayatının ilk
iki misrasını deyib. Nənəm də
gözlənilmədən həmin bayatının son iki
misrasını söyləyib və babam bunu heyranlıqla
qarşılayıb.
Nənəm
çox gözəl qadın idi, hətta tələbə
vaxtı 1945-ci ildə lentə alınmış
"Arşın mal alan" filmində
Gülçöhrə roluna da dəvət alıb, amma ailəsi
sınaqlarda iştirak etməsinə razı olmayıb.
Unudulmaz
uşaq mahnıları
Teymur Elçinin şeirlərinə çoxlu uşaq
mahnısı yazılıb, amma o, həm də böyüklər
üçün çox məşhur mahnı mətnlərinin
müəllifidir. Fikrət Əmirovun bəstələdiyi
mahnıları deyim: "Toy, toy, toydur bu gün",
"Göy-göl", "Qaşqabağın yerlə
gedir", "Gülür ellər gülür" və s.
Rauf Hacıyev, Tofiq Quliyev onun sözlərinə mahnılar bəstələmişdi.
Qarabağ
Heç vaxt Qarabağı unutmurdu. Həm ictimai həyatda: dəfələrlə
orda olurdu, insanların problemlərinin həllinə köməklik
göstərirdi, həm də yaradıcılığında
- öz şeirlərində. Və əlbəttə,
mən görkəmli bəstəkarımız Vasif
Adıgözəlovun bəstələdiyi "Qarabağ
şikəstəsi" oratoriyasının adını
çəkməyə bilmərəm. Həmin
oratoriyaya görə onlar Dövlət Mükafatına layiq
görülmüşdülər. Bu əsər
hesab edirəm ki, Azərbaycan mədəniyyətinin və
ümumilikdə Türk dünyasının incilərindəndir.
Söz sərrafı
Və
yaxud xatirələrimdən biri: Bizim unudulmaz akademikimiz Vasim Məmmədəliyev
xalamın yoldaşı idi. O.
"Quran"ı tərcümə edərkən bəzən
fikri uyğun sözlə ifadə etmək üçün
bir neçə variant qarşısında qalır, babama zəng
vurub ən münasib variantı onunla məsləhətləşirdi.
Bəzən babam özü hər hansısa mətn
üzərində işləyəndə bir sözün,
yaxud fikrin münasib olub-olmadığını nənəmdən
soruşurdu. Onun sözə yanaşması fərqli idi. O,
sözün çalarlarını, rənglərini bilirdi. Şeirlərində də, tərcümələrində
də bunu açıq şəkildə görmək
mümkündür. Sözləri elə
oynadır ki, musiqi kimi ritmə düşür, ahəngə
düşür.
Ən dəyərli
hədiyyə - şeir
- Baba-nəvə
münasibətlərində babalar bəzən nəvələri
şıltaq böyüdürlər. Atanın-ananın
qoyduğu qadağalar babalar, nənələr tərəfindən
pozulur. Dondurma olmaz! Baba
üzüyoladır. Şirniyyat olmaz! Babanın ürəyi
yumşaqdır və s. Teymur baba nəvə Günay
üçün özəl olaraq nə hədiyyə
alırdı? Nə ilə sizi öz sevgisinə
qərq edirdi? Nə ilə
başınızı aldadırdı?
- Təbii
ki, hər şeydən əvvəl ən dəyərli hədiyyəsi,
bəlkə də dəyərə, ölçüyə gəlməyən
hədiyyəsi onun şeirləri idi... Biz hər
birimiz öz şeirlərimizi əzbər bilirdik. Sonra yenə dəyərli hədiyyələr -
kitablar idi. Şəxsi kitabxanamda
babamın mənə özəlliklə
bağışladığı kitablar var və onlar mənimçün
çox dəyərlidir. Biz kitabların
arasında böyüyürdük və bu gün də kitaba
olan sevgimiz dəyişməyib. Müxtəlif
xarici səfərlərdə olurdu. Bir dəfə
İspaniyadan qayıdanda mənə "kastaneta" gətirmişdi
və mən onu əziz xatirə kimi indi də qoruyuram
- Ailə
dəyərlərindən, bağlılıqdan
danışdıq, mənim üçün maraqlıdır,
o münasibətləri bu gün də qoruyub saxlaya
bilirsinizmi? Baba, nənə yoxdur həyatda, yenə
o böyük ailə bir yerə toplaşa bilirmi?
Hər il martın 28-i
- Mütləq!
Nə olursa-olsun, onların doğum və anım günlərində,
məsələn, hər il martın 28-də,
Teymur Elçinin doğum günündə yenə
hamımız bir yerə toplaşırıq. O evdə indi
dayım yaşayır. Bir də sizə deyim: onlar bizi elə
böyütdülər, elə tərbiyə verdilər, elə
nümunə oldular ki, biz artıq o ənənələri həyatımızın
bir parçası hesab edirik.
Baba,
hardaydın, səni gözləyirdim
- Babalar həm
də nəvələrin sehrli qəhrəmanlarıdır. Tutaq bir poçtalyon gəlib və babaya qısa bir
məktub yaza bilərsən. Günay
xanım o məktubda öz babasına nə yazmaq istəyərdi?
- Məncə,
onlar daha mükəmməl bir dünyadadırlar və hətta
bizim bilmədiyimiz ?eyləri bilir, görmədiyimiz
?eyləri görürlər. Ona görə də
fikirlərimi heç bir poçtalyona etibar etməzdim,
çünki o, nə deyəcəyimi, nə yazmaq istədiyimi
onsuz da bilir.
Bilirsiniz, o, dünyasını dəyişəndən təxminən
bir ay sonra yuxu gördüm. Gördüm ki,
qapının zəngi çalınır, baba evə girir və
hamımız onun üstünə cumuruq. Mən də
deyirəm ki "baba, haradaydın, mən səni gözləyirdim!". Bəlkə də, bu,
söhbətin əvvəlində haqqında
danışdığım şeirdən şüuraltı
qaynaqlanırdı. Bilmirəm... Bəlkə də, o
bizimlə belə sağollaşırdı...
Günay
ƏFƏNDİYEVA
Söhbətləşdi:
Əyyub QİYAS
Ədəbiyyat qəzeti.- 2020.- 5 iyun. S. 10-11.