Balalarımız üçün

 

Tər çiçəkdən, tər güldən

 

Bal al, arım, bal al, arım.

 

Baldan yeyib bala dönsün

 

Balalarım, balalarım.

 

 

 

Yanıltmaclar

 

Dəmir dəmirə dəymir,

 

Dəmiri dəmir əymir.

 

Əmir dəmirə dəyir,

 

Dəmiri Əmir əyir.

 

***

 

Vurhavurdu, durhadur,

 

Durhadurdu, vurhavur.

 

A qurbağa, sakit ol,

 

Nə salmısan qurhaqur.

 

***

 

Gör nə gözəl güllərdi,

 

Gülü dərən Gülərdi.

 

Gül çiçəklər gülləri

 

Görən kimi gülərdi

 

Gül becərən bu əllər -

 

Elə bil ki, güllərdi

 

Mən baxıram, elə bil -

 

Bu əl deyil - bu ləldi.

 

 

 

Göz

 

Bizim bu dünyaya

 

Vurğun gözümüz

 

Qulaq as, qoy deyim

 

gör nə üçünmüş; -

 

Bizim gözümüzə

 

işıq bəxş edən

 

Vətən torpağını

 

Görmək üçünmüş.

 

***

 

Bir vətənimiz var.

 

Gör necə qəribə

 

Yaranmışıq biz:

 

Bir vətənimiz var,

 

bir ürəyimiz.

 

Bu qız gəlib şəhərdən

 

Bu qız gəlib şəhərdən -

 

Armud yığır çəpərdən.

 

Oğrun-oğrun bir oğlan -

 

Ona baxır səhərdən

 

Oğlan ona gül verir

 

Sevən bir könül verir,

 

Qız götürür gülləri -

 

Gül kimidir əlləri

 

Saçları upuzundu,

 

Uzundu, lap uzundu.

 

Sünbül kimi hörülüb -

 

Gözəl işlər görülüb

 

Oğlan gəlir yaxına -

 

Bir cürətə baxın, a...

 

Bir qırmızı çiçəyi

 

Qızın saçına taxır...

 

Baxır, gözünə baxır...

 

Sığallayıb telini -

 

Qız uzadır əlini...

 

- Salam, adım Fidandı,

 

- Xoşdur sənlə tanışlıq...

 

Sanki çoxdan tanışıq...

 

Mənim adım Qurbandı,

 

Bu kənd sənə qurbandı...

 

 

 

Fidan

 

Fidan mahnı oxuyur

 

Evdə, çöldə hər yanda.

 

Nəğmədən əl çəkməyir

 

Bu gözəl qız bir an da.

 

Nəğmələri şirindi,

 

Sözləri çox dərindi...

 

Nəğməsində dağlar var,

 

Çəmənlər var, bağlar var,

 

Qurularla oğlaqlar,

 

Bu nəğmədə oynaqlar.

 

Nəğmədə var at səsi

 

Atların kişnəməsi.

 

Açıb-solan çiçəklər

 

Əsən qəfil küləklər.

 

Şıllaq atan qurular,

 

Çiçəklənən arzular.

 

Oxu, oxu, a Fidan,

 

Nəğmə olsun qoy hər yan.

 

Sevgi

 

Ana sevgisi,

 

Ata sevgisi

 

Nənə sevgisi

 

Baba sevgisi...

 

Çiçək sevgisi -

 

Çəmən sevgisi.

 

Hamısından xoş

 

Vətən sevgisi.

 

 

 

Qar

 

Gör necə yağıbdı,

 

Gizlincə yağıbdı.

 

Günəşdən qorxubdu,

 

Qar necə yağıbdı...

 

Buz bulaq

 

Bu buz bulaq

 

gör nədi -

 

Əlim dəydi -

 

göynədi.

 

Məmməd NAMAZ

Ədəbiyyat qəzeti.- 2020.- 5 iyun. S. 12.