"Göyərçin"
jurnalı sehrli bir uşaq ədəbiyyatı xəzinəsidir
1 İyun - Uşaqların Beynəlxalq
Müdafiəsi Günü münasibətilə "Göyərçin"
jurnalının baş redaktoru, görkəmli şair-pedaqoq,
Əməkdar mədəniyyət işçisi, filologiya elmləri
doktoru, professor Rafiq Yusifoğlu ilə uşaq ədəbiyyatı
problemlərinə bir nəzər.
- Rafiq müəllim, xoş
gördük.
- Xoş gördük!
- Yazılarınızın birində
qeyd edirsiniz: "Tələbələrimə dərs deyəndə
çalışıram ki, birinci növbədə onların
ürəyində həyata, ədəbiyyata, insanlara
qarşı məhəbbət hissi oyadım. Məhəbbət
olan yerdə insanı böyük uğurlar, səadət,
xoşbəxtlik, mənalı ömür gözləyir.
Məhəbbət insan ömrünü adilikdən
qurtarır, ona sirli-sehrli bir çalar gətirir". -
Kiçikyaşlı uşaqlar üçün nəşr
etdiyiniz "Göyərçin" jurnalını vərəqləyərkən
eyni məhəbbət və sevgi, qayğı görünməkdədir.
- Diqqətinizə görə təşəkkür
edirəm. Sizin bu sevgini jurnalımızın səhifələrində
görməyiniz şəxsən mənim və
yaradıcı kollektivimizin işinə verdiyiniz ən yüksək
dəyərdir. Bu məni o mənada məmnun edir ki, deməli,
işimizin mahiyyətini anlayanlar, onun əhəmiyyətini bilənlər
var. Böyük türk şairi Nazim Hikmətin bir
sözü yadıma düşdü: "Balım olsun,
arısı gələr Bağdaddan". Biz həmişə
öz işimizi sevgi ilə, ürəyimizin səsi ilə
görməyə çalışmşıq. Məndən
əvvəl də belə olub, indi də belədi... Məhsulumuz isə göz qabağındadır
bütün uğur və nöqsanları ilə bərabər.
Bu məqamda yadıma "Göyərçin"in
sabiq baş redaktoru Tofiq Mahmudun məni şöbə
müdiri vəzifəsinə işə dəvət edərkən
dediyi söz düşür: "Mirzə, (o, həmişə
mənə belə müraciət edirdi - R.Y.) "Göyərçin"
jurnalını çox sevirəm. İstəmirəm
ki, məndən sonra bu jurnalın baş redaktoru təsadüfi
adam olsun. Ona görə
çox götür-qoydan sonra bu qərara gəlmişik ki, səni
redaksiyamızda işə götürək".
Bunu ona görə
xatırladıram ki, elə "Göyərçin"in
redaksiyasında həmişə sevgi, peşəkarlıq
ab-havası olub.
- Sovet dövründən fəaliyyətə
başlayan, müstəqillik illərində işini davam etdirən
"Göyərçin" jurnalında bu gün nələr
dəyişib, ənənəyə sadiqlik nə dərəcədə
gözlənilib?
- Müstəqilliyin ilk illərində
digər mətbuat orqanları kimi, "Göyərçin"
də müəyyən çətinliklərlə üzləşdi.
Lakin çox keçmədi ki, ulu öndər
Heydər Əliyevin qayğısı və diqqəti nəticəsində
"Göyərçin" öz fəaliyyətini yeni
dövrün tələblərinə uyğun şəkildə
qurmağa başladı. Sonrakı illərdə
də ümummilli liderimizin yolunu ləyaqətlə davam etdirən
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mətbuata,
o cümlədən də uşaq mətbuatına göstərdiyi
diqqət öz bəhrələrini verməyə
başladı. Jurnalımıza dövlət himayədarlığı
işimizi xeyli dərəcədə asanlaşdırdı,
bizi daha böyük həvəslə yazıb-yaratmağa
ruhlandırdı...
Sualınız jurnalımız haqda
görkəmli pedaqoqların, şair və
yazıçıların söylədikləri bəzi fikirləri
yadıma saldı: "Göyərçin"
"Əlifba"dan sonra ikinci dərslikdir", "Göyərçin"
Azərbaycan uşaq mətbuatının
flaqmanıdır", "Göyərçin" qartallar
yetişdirir" və sair. 1958-ci ildə nəşrə
başlayan "Göyərçin"in ilk baş redaktoru
görkəmli yazıçı, sonralar "Ulduz"
jurnalı, "Ədəbiyyat və incəsənət"
qəzetinin də baş redaktoru olan Yusif Əzimzadə olub.
Sonra onun yolunu Hüseyn Abbaszadə, Xalidə
Hasilova və Tofiq Mahmud davam etdiriblər. 1997-ci
ildən isə elə həmin qələm adamlarının zəmanəti,
xeyir-duası ilə bu işi mən davam etdirirəm. Onların tövsiyəsi ilə həmişə
"Göyərçin"in müqəddəs
yuvasını yad nəfəslərdən qorumağa
çalışmışam. Mənim
üçün kiminsə nüfuzu, xahişi yox, "Göyərçin"in
məndən əvvəl qoyulan ənənəsini davam etdirmək
əsas olub.
Sovet dövründə "Göyərçin"də
əsərləri çap olunan yazıçıların, şairlərin
adlarına fikir versəniz, həmin jurnalın səviyyəsi
haqqında Sizdə dolğun təsəvvür yarana bilər.
Süleyman Rəhimov, Əli Vəliyev, Mehdi Hüseyn, Mirzə
İbrahimov, Süleyman Rüstəm, Rəsul Rza, Məmməd
Rahim, Abdulla Şaiq, Mirvarid Dilbazi, İlyas Əfəndiyev,
Əhməd Cəmil, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə,
Hüseyn Arif, Balaş Azəroğlu, Mədinə
Gülgün, İsmayıl Şıxlı, Bayram Bayramov,
Mirmehdi Seyidzadə, Mikayıl Rzaquluzadə, Qabil, Qasım
Qasımzadə, Hikmət Ziya, Məmməd Araz, Anar,
Elçin, Fikrət Qoca, Fikrət Sadıq, Xəlil Rza,
Xanımana Əlibəyli, Sabir Əhmədov, Emin Mahmudov, Namiq
Abdullayev, Əli Kərim, Məstan Günər, İlyas
Tapdıq, Nəriman Həsənzadə, Ələviyyə
Babayeva, Əzizə Türkan, Məmməd Aslan, Məmməd
İsmayıl, İsa İsmayılzadə, Ələkbər
Salahzadə, Səyavuş Sərxanlı, Eldar Baxış,
Vaqif İbrahim... Hələ bu,
natamam siyahıdı...
Dünya uşaq ədəbiyyatının
ən gözəl nümunələrinin ilk dəfə tərcümə
edilərək "Göyərçin"də çap
olunması da əhəmiyyətli faktlar
sırasındadır. Necə deyərlər, "Göyərçin"
jurnalı sehrli bir uşaq ədəbiyyatı xəzinəsidir.
Müstəqillik illərində
də "Göyərçin" jurnalı əvvəlki
illərin ənənələrini qoruyub saxlaya, onu
günün tələblərinə uyğun səviyyədə
inkişaf etdirə bilib. Bu illərdə "Göyərçin"də
uşaq ədəbiyyatı ilə ciddi şəkildə məşğul
olan şair və yazıçılarımızın ən
yaxşı əsərlərini çap eləməyə
çalışmışıq. Dünya
uşaq ədəbiyyatı nümunələrinin tərcüməsi
və nəşri də diqqət mərkəzində
saxlanılıb. Fikrimizcə,
yaradıcı kollektivimizin ən böyük uğuru
"Göyərçin"in kitabxanası seriyasından
çap etdiyimiz əsərlərlə bağlıdır.
Dədə Qorqudun 1300 illik yubileyində hazırladığımız
"Kitabı-Dədə Qorqud" adlı komikslər
kitabının dövlət səviyyəsində nəşri
nəinki ölkəmizdə, eləcə də bütün
Şərqdə bu sahədə atılan ilk addım kimi dəyərlidir.
"Qoruq və yasaqlıqlarımız", "Ulu yurd yerlərimiz",
"Azərbaycan nağılları", "Böyük
arzuya gedən yol", "Günlərimiz,
aylarımız", "Yaddaş kitabı",
"Yollar", "Zamanın qatarı", "Söz
çəməni", "Ana dilim", "Şeirli-sehrli
qrammatıka" və sair kitablar müəllimlərin, tərbiyəçilərin,
valideynlərin istəyi, arzu və təklifləri əsasında
yaranıb nəşr olunan əsərlərdir. Bu illərdə dünya xalqlarının uşaq
oxusu üçün yararlı say-seçmə
nağıllarını da kitab halında çap edib
oxucuların istifadəsinə vermişik.
- Son illərdə jurnalda çap
olunmuş nümunələrdə uşaqların bədii təxəyyülünü
genişləndirməkdə böyük əhəmiyyətə
malik olan folklora bağlılıq nə dərəcədədir?
- Ümumiyyətlə, folklordan
qaynaqlanmayan sənət əsərinin uğur qazana bilməsi
inandırıcı görünmür. Bunu təsdiqləyən
ədəbi faktlar istər dünya, istərsə də onun tərkib
hissəsi olan Azərbaycan ədəbiyyatında yetərincədir.
Birbaşa uşaqlar üçün nəzərdə
tutulan əsərlərə gəldikdə isə, əslində,
Azərbaycan uşaq ədəbiyyatının təməl
daşı folklor nümunələri ilə qoyulub. İlk peşəkar ədəbiyyat tarixçilərimizdən
biri olan Firidun bəy Köçərlinin tərtib etdiyi
"Balalara hədiyyə" kitabını xatırlatmaq
kifayətdir. İlk dərsliklər
yarananda da orda folklor nümunələrinə
üstünlük verilib. Uşaq
yazıçılarımızın əsərlərinin demək
olar ki, hamısında bu və ya digər şəkildə
folklor motivləri var. "Göyərçin"ə gəldikdə
isə, burda folklor nümunələrindən istifadə rəngarəng
formada olub. Məsələn, xalq nağılları, lətifələr,
oyunlar, tapmacalar, düzgülər, laylalar, yanıltmaclardan jurnalın səhifələrində
zaman-zaman gen-bol istifadə olunub və bu proses indi də davam
etməkdədir. Folklorşünas alim Məhərrəm
Qasımlının redaksiyamıza təqdim elədiyi "Təbriz
düzgüləri", "Dərbənd folklorundan nümunələr"ini
də jurnalımızda çap etmişik. Digər folklorşünasların təqdim etdiyi
nümunələrə də biganə qalmamışıq.
Əgər biz
uşaqlarımızı öz xalqımıza, onun adət-ənənələrinə,
dilinə, ədəbiyyatına, mədəniyyətinə, əxlaqi
meyarlarına uyğun şəkildə tərbiyə etmək
istəyiriksə,
ayrı-ayrı janrlı folklor nümunələrinin, eləcə
də folklor motivli əsərlərin nəşrinə
xüsusi önəm verməliyik.
- Çap olunmuş əsərlərdə
diqqəti cəlb edən ən yaxşı cəhət?
- Hər bir əsərə dəyər
verərkən iki meyar mütləq nəzərə
alınmalıdır: bu əsərdə nə deyilir və
necə deyilir? Birinci məsələ mövzu
ilə, ikinci məsələ sənətkarlıqla
bağlıdır. Ədəbiyyatda yeni
fikir çox önəmlidir. Səndən əvvəl
deyilənləri təkrarlamaq, özü də primitiv şəkildə təkrarlamaq kimə və nəyə
lazımdır? Özü də "belə dur, belə otur,
onu elə, bunu eləmə" deməklə iş bitmir. Gərək fikrin ifadəsi üçün səciyyəvi
bir detal tapmağı bacarasan. Məsələn,
Əli Kərimin "Fuad" adlı bapbalaca bir şeiri var.
Orada deyilir ki, "Fuad divarı yazırdı, adam yoxdu deyirdi.
Görəsən, Fuadın özü adam deyildi?".
Yaxud rusdilli uşaq
yazıçımız Tofiq Ağayevin "Yuva" adlı
bir şeiri var. Onu vaxtilə mən tərcümə edib
jurnalımızda çap eləmişəm. Şeirin məzmunu belədi:
ana quş balasını danlayıb, onu "künc"ə
qoyur. Şeytan quşcuğaz isə
görün nə deyir?
Anam deyir, küncdə dur,
Yuvanın varmı
küncü?
Yaxud bir var çəməni
ümumi sözlərlə vəsf edəsən, bir də var
onu uşaq gözü ilə belə mənalandırasan:
Bizim bağçamıza bir çəmən
düşüb,
Sürüşüb baharın
çiynindən düşüb...
(Zahid Xəlil)
Gizlicə yağıbdır,
Gör necə
yağıbdır.
Günəşdən qorxubdur,
Qar gecə
yağıbdır.
(Məmməd
Namaz)
Ötən axşam
sındırıb
Xətkeşini Ədalət.
Bu axşam dəftərində
Əyri alınıb düz
xətt.
(Ələsgər
Əlioğlu)
Bu nümunələrdə ən
mühüm cəhət lakonik səciyyəvi detallardan istifadədir
ki, bu, uşaq ədəbiyyatı üçün çox
vacib məsələdir.
Təəssüf ki, indi
uşaq şeiri yazanların böyük bir qismi nəzmçiliklə
məşğuldu, bir qismi isə heç şeirin ibtidai
qaydalarını da bilmir. Adama ağır gələn isə
budur ki, bu tip cızma-qaralar mətbuatda təriflənir...
- Jurnalda Azərbaycançılıq
ideyası nə dərəcədə əks olunur?
- Uşaq ədəbiyyatı strateji əhəmiyyət
kəsb edən bir ədəbiyyatdır. Bəziləri
deyirlər ki, uşaq ədəbiyyatında ideologiya yoxdur və
ya olmamalıdır. Bu fikirlə mən qətiyyən
razı deyiləm. Uşaq ədəbiyyatının
başlıca məqsədi yeni nəsil tərbiyə etməkdir.
Təbii ki, uşaq ədəbiyyatında
ümumbəşəri ideyaların təbliği əsasdır.
Ancaq hər bir xalq özü üçün vətəndaş
yetişdirir. Öz xalqının mənafeyini
nəzərə almaq hər bir insan üçün vacibdir.
Əgər biz Azərbaycançılıq ideyaları təbliğ
olunan yüksək bədii səviyyəli əsərlər
yazmasaq (söhbət nəzmdən, ümumi sözlər verilən
nəsr nümunələrindən getmir), çap eləməsək,
mətbuat, televiziya bu tipli əsərlərin təbliğinə
yer ayırmasa, uşaqları xarici cizgi filmlərinin, bərbad
şəkildə tərcümə edilən xarici
yazıçıların əsərlərinin ümidinə
qoysaq, onda biz istəsək də, istəməsək də
özümüz üçün yox, özgələr
üçün vətəndaş yetişdirəcəyik.
- Sovet dövrü ilə müqayisədə
uşaq ədəbiyyatının bugünkü vəziyyəti
sizi qane edirmi?
- Həm edir, həm etmir. Edir o mənada ki, yaxşı uşaq əsərləri
yazılır, ancaq onların nəşri, təbliği
günün tələblərinə cavab vermir. Təəssüf ki, xalqın mənafeyi çox
zaman biznes maraqlarına qurban verilir. Xarici
yazıçıların əsərlərini tələm-tələsik,
"moltanı dilində" tərcümə etdirib nəşr
eləyən naşirlər öz
yazıçılarımızı yada salmaq belə istəmirlər.
- Yaranan nümunələr
bugünkü XXI əsr uşağının maraq dairəsini
əhatə edə bilirmi?
- Uşağın maraq dairəsini təmin
edən əsərlər o zaman yazılacaq ki, uşaq
yazıçısının özü maraq dairəsində
olsun. Bu sahədə istedadı olan qələm
sahiblərini səfərbər etmək, onlara Azərbaycançılıq
ideyalarını təbliğ edən əsərlər
yazdırmaq, qonorar vermək, kitablarını nəfis şəkildə
çap etmək lazımdır. Serialların
çəkilişinə pul ayrıldığı kimi, ən
gözəl uşaq əsərlərinin də
yazılmasına, nəşrinə,
ekranlaşdırılmasına, təbliğinə vəsait
ayırmaq günün tələbidir. Özü
də burada yüksək tələbkarlıq vacib məsələdir.
Ən yaxşı ədəbi nümunələrin
önündə yaşıl işıq yandırmaq
lazımdır. Heç olmasa bu məsələdə
dostbazlıq, yerlibazlıq, bütün şəxsi maraqlar
arxa plana keçməlidir. Ona görə
ki, əvvəldə qeyd etdiyim kimi, uşaq ədəbiyyatı
strateji əhəmiyyət kəsb edən bir məsələdir.
Əgər biz bu gün öz
uşaqlarımızın zövqünü mənəvi dəyərlərimiz
ruhunda formalaşdıra bilməsək, onlar şou
salonlarını dolduran tamaşaçılardan o tərəfə
keçə bilməyəcəklər.
Yeri gəlmişkən, bir məsələni
də demək istəyirəm. Məlumdur ki, tərbiyə
çox çətin bir prosesdir, olduqca həssas bir məsələdir.
Hamıya məlumdur ki, uşaqlar nəsihətçiliyi,
danlağı-dansığı sevmirlər. Əslində, elə əsl uşaq
yazıçıları da belədirlər.
Uşağın daxili dünyasından, psixoloji durumundan, mənəvi
tələbatından xəbərsizlərin nəsihətləri
uşaqlara xoş gəlmədiyi kimi, çox şey
umduğumuz uşaq yazıçıları da onların əsərlərindən
sözün həqiqi mənasında xəbərsizlərin
"bizdə uşaq ədəbiyyatı yoxdur", "elə
yazın, belə yazın" deyən "çoxbilmişlər"dən
zəndi-zəhləsi gedir...
- "Göyərçin"də
çap olunan gənc şair və yazıçıların
kiçik oxucu ilə ünsiyyət yaratma bacarığı
sizi bir redaktor kimi razı sala bilirmi?
- Xeyr, salmır. Bunların
arasında istedadlılar var. Ancaq onların böyük əksəriyyəti
xeyirxah tənqidi başa düşmək istəmirlər.
Bir dəfə Mirzə Cəlilin
yanına bir cavan gəlib təşəxxüslə deyir ki,
Mirzə, mən istəyirəm, uşaqlar haqqında bir kitab
yazım. Cəlil
Məmmədquluzadə, acı bir təbəssümlə
deyir ki, bala, mən başa düşmürəm,
uşaqlardan məgər uşaqlar yazırlar?
Bu deyimin sətiraltı mənası
həmişə məni düşündürür. Uşaq
yazıçılarının əksəriyyəti məktəblə,
təlim-tərbiyə prosesi ilə bağlı adamlar olublar.
Uşaqların marağına səbəb olan əsərlər
yazmaq üçün gərək öz üzərində
yorulmadan işləyəsən, uşaqların
psixologiyasını biləsən. Uşaqdan az bilən yazıçı uşağa nə
öyrədə bilər ki?
- Uşaqlarla ünsiyyətdə
hansı yeni axtarış formalarına müraciət olunub?
- Bu suala konkret cavab vermək çətindir.
Bir var bədii forma axtarışları, bir də
var uşağın özü ilə ünsiyyət
formaları. Axtarışlar birbaşa
yaradıcılıq prosesi ilə əlaqəlidir. Əslində, sualın birinci hissəsinin
cavabını yazıçılar yox, konkret faktlara istinadən
tədqiqatçılar müəyyənləşdirməlidirlər.
Oxucularla ünsiyyət formaları isə tədbir,
görüş təşkilatçılarından,
onların zövqündən, məramından
asılıdır. Konkret tədbirlərə gəldikdə,
son bir-iki ildə Bakıdakı Elitar liseydə, Zəngi
liseyində, 220 nömrəli məktəb-liseydə,
Masazır, Digah, Sumqayıt, Kəlbəcər, Cəbrayıl
və başqa məktəblərdə dəfələrlə
görüşlərdə olmuşam. Bu
görüşlərin demək olar ki, hamısı bu və
ya digər dərəcədə bir-birindən fərqlənib.
Tutalım, İçərişəhərdəki
Kitab evində keçirilən görüş tamam fərqli
idi. Mühitin özü də
görüşün formasına əhəmiyyətli dərəcədə
təsir göstərir.
- Uşaq ədəbiyyatı (belə
demək mümkünsə) zamanın, dövrün nəbzini
tuta bilirmi?
- Bu suala elə bilirəm ki, əvvəldə
başqa şəkildə cavab vermişəm. Uşaq
yazıçısının dövrün nəbzini
tutması üçün elə onun öz nəbzini
tutmağı bacaran, əməyini lazımi şəkildə
dəyərləndirən insanlar lazımdır. Biz
uşaq yazıçısından çox şey umuruq,
onlardan çox şey tələb edirik, ancaq
övladlarımız, nəvələrimiz üçün
bircə dənə illik abunə haqqı cəmi 12 manat olan
"Göyərçin" jurnalı almağa
"pulumuz" çatmır... Onlara ən
bahalı telefonu, ən bahalı oyuncağı alanların
uşaq yazıçısını qınamağa haqqı
varmı?
- Son dövrlərdə çap
olunmuş əsərlərdə konkretlik gözlənilirmi?
- Gözlənilən də var,
gözlənilməyən də. Ümumiyyətlə,
hər əsərin öz predmeti, öz strukturu, məziyyət
və nöqsanları var. Ümumi sözlə doldurulan əsəri
əsər adlandırmaq düzgün olmadığı kimi,
hər bir əsərə də ümumi nəzəri
meyarlarla yanaşmaq düzgün deyil. Tərbiyədə
olduğu kimi, bədii dəyərləndirmədə də fərdi
yanaşma vacibdir. Əsl bədii əsərdəki
fikir çox vaxt konkret bir detal üzərində qurulur.
- Sizcə, bugünkü uşaq
yaranmış nümunələr əsasında onu
düşündürən saysız-hesabsız suallara cavab
tapa bilirmi? Bu nümunələrdə uşaq
psixologiyasının rəngarəngliyi, uşaq təfəkkürünün
əlçatmazlığı yetərincə əks olunurmu?
- Bir dəfə ADPU-da işləyəndə
iki professor dostumun uzaqdan məni görəndə şaqqanaq
çəkərək güldüklərini gördüm. Nəyə güldüklərini israrla soruşanda
zarafatla dedilər ki, bunun sənə aidiyyəti yoxdu,
çünki sən təkcə şair deyilsən axı,
alimsən. Bu dostum deyir ki, şairlərdə
nəsə çatışmır.
Mən də həmişə zarafat
elədiyim dostlara zarafatla dedim ki, bəli, düz deyir.
Şairlərdə nəsə çatışmır, elə
buna görə də onlar daim axtarırlar...
Uşaq da insandır. Heç zaman
o, axtardığı bütün sualların cavabını
kitablardan tapa bilməz. Ən əsası isə
uşağa düşünməyi öyrətməkdi...
Ümumiyyətlə,
yaradıcılıqda heç vaxt hər şeyi yetərincə
həll etmək mümkün deyil. Əgər bu
mümkün olsaydı, heç sonrakı illərdə bu
işlə məşğul olmağa da ehtiyac qalmazdı.
Tutalım, Nizami, Nəsimi, Füzuli, Axundov, Mirzə Cəlil,
Sabir, Cavid, Abbas Səhhət, Səməd Vurğun, Rəsul
Rza və başqaları yaradıcılıqlarında
bütün problemləri həll edə bilsəydilər,
heç onlardan sonra bədii yaradıcılıqla məşğul
olmağa ehtiyac qalardımı?
Hər dövrün öz problemi və öz
yazıçısı var. Nə yazmağı, necə
yazmağı dövr, zaman diktə edir... Nəyi oxuyub-oxumamaq
da oxucunun öz haqqıdı...
- Sizcə, uşaq ədəbiyyatına
peşəkar, yaxud həvəskar axını müşahidə
olunur?
- Təəssüf ki, indi nə
peşəkar axını var, nə də həvəskar. Hamı qaz vurub qazan doldurmaq arzusundadı. Şübhəsiz ki, bəzi istisnalar var.
- Kiçik oxucular üçün
dünya ədəbiyyatı nümunələrinin dilimizə
tərcüməsi sizi qane edirmi?
- Tərcümə çox vacib məsələdi.
Burda da peşəkarlara xüsusi ehtiyac duyulur.
Dünya uşaq ədəbiyyatının
gözəl nümunələrinin böyük bir qismi hələ
sovet dönəmində dilimizə tərcümə olunub.
50 cildlik uşaq ədəbiyyatı, 100 cildlik
dünya ədəbiyyatının ölkəmizdə
çap olunması danılmaz faktlar sırasındadır.
İndi də bu işlə ciddi şəkildə
məşğul olanlar var. Elə bizim "Göyərçin"
jurnalında da xeyli tərcümə əsərləri
çap olunub və olunmaqdadır.
- Çağdaş
dövrümüzdə yaranan uşaq ədəbiyyatının
xarici dillərə tərcüməsi haqqında nə deyə
bilərsiniz?
- Bu da vacib məsələdir. Ancaq dünya oxucularının nəbzini bizim ədəbi
nümunələrimizlə tutmaq o qədər də asan məsələ
deyil. Bu yaxınlarda F.Köçərli adına
Respublika Uşaq Kitabxanasında Amerika və İngiltərə
yazıçıları ilə bizim uşaq
yazıçılarının işgüzar söhbəti
oldu. Onların sözündən belə məlum oldu ki,
Amerikada digər ölkələrdə yaranan dünya uşaq
ədəbiyyatı nümunələrinin çap olunub
uğur qazanması şansı cəmi bircə faizdir... Azərbaycanın da bu bircə faizin içərisində
olması vəziyyətin necə olması haqqında təsəvvür
yaradırmı?
Bəyənmədiyimiz sovet
dövründə "Detskaya literatura" jurnalı
bütöv bir nömrəsini Azərbaycan uşaq ədəbiyyatına
həsr etmişdi. Rəhmətlik Tofiq Mahmud Özbəkistanda, Belarusda,
Qazaxıstanda "Azərbaycan uşaq ədəbiyyatı
antologiyası" kitablarının nəşrinə nail
olmuşdu. Zahid Xəlilin xeyli kitabının, o
cümlədən də "Azərbaycan uşaq ədəbiyyatı"
monoqrafiyasının rus dilində kütləvi tirajla nəşri
də bu sahədə olan əhəmiyyətli faktlar
sırasındadır. Mən özüm
üç dəfə uşaq ədəbiyyatı üzrə
Moskvada keçirilən birinci, ikinci, üçüncü
ümumittifaq seminarlarının, Qazaxıstanda keçirilən
beynəlxalq uşaq ədəbiyyatı günlərinin
iştirakçısı olmuşam. Ayrı-ayrı
uşaq yazıçılarının bir-birilə şəxsi
tanışlığı, ünsiyyəti yeni-yeni tərcümə
əsərlərinin yaranmasına səbəb olurdu. O
vaxt mənim xeyli əsərim digər xalqların dillərinə
tərcümə olunduğu kimi, mən də həmin
yazıçıların əsərlərini dilimizə
çevirirdim ki, bu proses ədəbiyyatların
qarşılıqlı zənginləşməsinə səbəb
olurdu...
Azərbaycanda da digər xalqların
uşaq ədəbiyyatı kitablarının tərcüməsi
və nəşri üzərində iş gedirdi. Rəhmətlik Əzizə Əhmədova "Gənclık"
nəşriyyatının direktoru olanda uşaq
yazıçılarını tez-tez yanına dəvət
edir, onlara sifarişlər verirdi. O zaman mənə Sergey
Yeseninin, Yelena Blagininanın, M.Sapgirin əsərlərini tərcümə
etmək tapşırılmışdı... "Yazıçı"
nəşriyyatının 100 cildlik dünya ədəbiyyatı
kitabxanasına daxil etmək üçün mənim Qarsia Lorkadan
etdiyim tərcümələri istəmişdilər.
Lakin təəssüf ki, bu proses yarımçıq
qaldı...
- Uşaq ədəbiyyatına yeni nəfəs,
yeni ruh gətirən gənc qələm sahiblərindən
kimlərin adını çəkə bilərsiniz?
- Yazanlar var. Ancaq təəssüflə
deməliyəm ki, bu gənclərin arasında uşaq ədəbiyyatına
yeni nəfəs gətirəcək adam
görmürəm. Uşaq
yazıçısı gərək uşaq
psixologiyasını gözəl bilə, Sergey Mixalkov
demişkən, "uşaqla oynamağı bacara". Çoxlu oxuya, öyrənə, sonra bildiklərini
konkret ünvana çatdırmaq üçün yollar, ədəbi
priyomlar axtara. Bir neçə şeir,
hekayə, nağıl "qondarmaqla" heç nəyə
nail olmaq mümkün deyil. Gərək uşaq
yazıçılarında peşəkarlıq və
istedadı öz ardınca aparmağa qadir sonsuz sevgi ola... Təəssüf ki, bu
yazanların əksəriyyəti nəinki şeirin ibtidai,
heç dilin də qrammatik qaydalarını bilmirlər.
İddiaları nə qədər böyük olsa belə...
Ancaq bu danılmaz faktdır ki, yeni düşüncəli gənc
uşaq yazıçılarına böyük ehtiyac var.
Onlara kömək etməyə, məsləhət verməyə,
yol göstərməyə həmişə hazırıq...
- Bir redaktor kimi sizi qane etməyən
mövzular?
- Ümumiyyətlə, pis mövzu
yoxdur, pis yanaşma və pis təqdim etmə var.
- Hansı müəlliflərlə
işləyirsiniz?
- Müəlliflərimizin coğrafi
dairəsi təkcə Bakını yox, digər bölgələri
də əhatə edir. Tutalım, Zahid Xəlil, Qəşəm
İsabəyli, Ələmdar Quluzadə, Reyhan
Yusifqızı, Sevinc Nuruqızı, Mina Rəşid
Bakıda, Məmməd Namaz, Günel Almaz Sumqayıtda,
Ağasəfa Xızıda, Aləmzər Əlizadə, Sahib
İbrahimli, İnqilab İsaq Gəncədə, Ələsgər
Əlioğlu Goranboyda, İsmayıl İmanzadə Mingəçevirdə,
İbrahim Yusifoğlu Naxçıvanda yaşayır. Ancaq bizim
üçün kimin harda yaşaması yox, onların nədən
və necə yazması maraqlıdır.
- "Göyərçin"ə
və digər uşaq jurnallarına ünvanlanmış mətnlərin
hamısını uşaq ədəbiyyatı hesab etmək
olarmı?
- Hər bir mətbuat orqanının
öz tələbləri, meyarları var. Bütün səhifələri
bədii mətnlərlə doldurmaq məqbul variant deyil. Uşaq əyləncəli materiallara, testlərə,
rəngləmələrə daha çox meyillidir. Ona görə biz çalışırıq ki,
jurnalımızın hər səhifəsində rəngarəng
mövzulu şeirlər də, hekayələr, nağıllar
da, folklor nümunələri də, tərcümə əsərləri
də, təbiət guşəsi də, informasiyalarla zəngin
bilik klubu da olsun. Ümumiyyətlə, uşaqlar
rəngarəngliyi çox sevirlər.
- Daha çox hansı mövzularda
yazılmış mətnlərə ehtiyac var?
- Belə bir deyim var:
"Bütün yollar məbədə aparır". Uşaq ədəbiyyatı nümunələri
hansı mövzuda yazılırsa yazılsın, eyni məqsədə
- uşağın idraki qabiliyyətini yüksəltməyə,
dünyagörüşünü genişləndirməyə,
onları vətənpərvərlik ruhunda tərbiyə etməyə
yönəlməlidir.
- Yaranmış nümunələri
janr baxımından necə səciyyələndirmək olar?
- Janrlar müxtəlifdir. Şeir, mənzum
nağıl, kiçik poema, hekayə, xalq
nağılları, ədəbi nağıllar...
- Rafiq müəllim, sizin dram
janrında yazılmış əsəriniz varmı? Bu sahədə böyük bir boşluq var.
Düşünürəm ki, uşağa nəyisə əyani
şəkildə göstərmək daha səmərəli
olar.
- Təəssüf ki, yox. Mən dram əsərləri yazmıram. Həmişə hər işin peşəkarı
olmaq arzusu mənim bu sahədə qələm
sınamağıma imkan vermir. Onsuz da yetərincə
çox sahə ilə məşğul olmaq zorundayam.
Poeziya, uşaq ədəbiyyatı, tərcümə,
publisistika, naşirlik, müəllimlik, ədəbiyyatşünaslıq...
- Rafiq müəllim, sizə daha
hansı sualın ünvanlanmasını istərdiniz?
- Heç vaxt ürəyimdən
keçirməmişəm ki, mənə hansısa sualla
müraciət etsinlər. Əslində,
gözlənilməz sualları daha çox xoşlayıram.
Bunu tələbələrim də bilirlər.
Gözlənilməz sual yaradıcı
insanı düşünməyə vadar edir.
Elə bilirəm ki,
hazırladığınız suallar uşaq ədəbiyyatı
haqqında söhbətimizə zəmin yaratdı.
Yeri gəlmişkən, bir məsələni
xüsusi vurğulamaq istəyirəm. Son illərdə uşaq ədəbiyyatına
marağın güclənməsi, hər il
ədəbi proses icmalı hazırlanarkən əvvəlki
illərdən fərqli olaraq uşaq ədəbiyyatına
xüsusi yer ayırılması, AMEA-nın Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunda Uşaq ədəbiyyatı
şöbəsinin fəaliyyətə başlaması
çox mühüm, əhəmiyyətli hadisələrdir.
Bütün bunlara görə akademik İsa Həbibbəyliyə
uşaq yazıçıları adından bir təşəkkür
borcum var. Eləcə də Azərbaycan uşaq ədəbiyyatını
həmişə diqqətində saxlayan Anar müəllimə,
"Ədəbiyyat qəzeti"nin bütöv bir nömrəsini
uşaq ədəbiyyatına həsr edən Azər Turana, bu
işin təşəbbüskarı Elnarə Akimovaya, o
cümlədən də müsahibə üçün
maraqlı suallar hazırladığınıza görə
Sizə dərin təşəkkürümü bildirirəm...
Rafiq Yusifoğlu
Söhbətləşdi:
İlhamə AĞAZADƏ
Ədəbiyyat qəzeti.- 2020.- 5 iyun. S. 14-15.