"Küsmüş
mələk", Gülbaharın, Şərminin sevdikləri
və sürreal qəfəs...
"Küsmüş Mələk"
tablosunun müəllifi, Xalq rəssamı Sakit Məmmədov
uşaqlıq dostum, Faruk Nafız Çamlıbelin "Mələk"
şeiri isə uşaqlığımdan bəri
yaddaşımda özünə yurd salmış unudulmaz
şeirlərdəndir. "Ədəbiyyat qəzeti"nin
"Uşaq ədəbiyyatı" sayını çapa
hazırlayarkən öncə Sakitin bu rəsmini və
Çamlıbelin "Mələk" şeirini
xatırladım. "Mələk"
şeirini uşaq ədəbiyyatı nümunəsi kimi dəyərləndirmək
olarmı? Olsa da, olmasa da, uşaq ədəbiyyatı
kontekstində bu şeir ana sevgisinin bədii ifadəsi, mələk
obrazının poetik mətnə bu şəkildə
yansıması baxımından orijinal və önəmlidir:
Annesi dün Zeynebe
"Melek yavrum!" diyordu,
İşitince bu sözü
Kız merak etti, sordu:
- Melek yavrum ne demek?
Doğrusu, anlamadım.
Melek kanatlı olur;
Hani benim kanatım?
Cevap verdi annesi:
- Üç yavrum daha vardı,
Onlar kanatlanarak
Elimden uçmuşlardı.
Hepsi yalnız bıraktı,
Bu talihsiz kadını.
Bari sen uçma diye
kopardım kanatını.
Mələkdir, amma mistik mələk
deyil, annesinin "Mələk yavrum" deyə əzizlədiyi
balaca Zeynəbdir. Bu baxımdan o, Sakit Məmmədovun
tablosundakı "Küsmüş Mələk"
obrazına adekvatdır. Estetizm baxımdan
isə şeir və tablo eyni ortamı bölüşür.
Azərbaycan rəssamlığında yeni
düşüncə üfüqləri açan
"Küsmüş Mələk" öz estetik məhvərindədir
və Aydan da, Yerdən də uzaqdadır. Realist
tablo olsa da, burdakı realizm mavi və romantik ruhsallığa
və rəmzlərə bürünüb. Amma sənət tarixinin ən parlaq mələklərindən
birinin - Huqo Simberqin məşhur "Yaralı mələk"
tablosundakı Mələyin yansıtdığı mübhəm
simvolizmlə tərs mütənasibdir. Sakitin
"Küsmüş Mələk" tablosundakı Mələk
həm kimdənsə küsmüş ərköyün bir
qızdır, həm də Yer üzündə törədilən
vəhşətlərə görə dünyadan inciyib
mağmın olmuş səmavi bir Mələkdir. "Küsmüş Mələk" tablosu "Mələk"
şeirindəki motivlə birbaşa səsləşməsə
də, onlar eyni estetik göy qurşağının
ayrı-ayrı rənglərini oluşdurmaqdadırlar. Və
bu göy qurşağında Küsmüş Mələyin
arxa çevirdiyi Yer kürəsi də, Mələk
qanadlarını əvəz edən Aypara da var. Sakit Məmmədov
yaratdığı Küsmüş Mələk
obrazını göylərin mavi örtüyünə
bürüyüb. Rəssam dostum rənglərin
dili ilə hədsiz şairanə bir tablo yaradıb. Təbii ki, bu, saf sənətdir. Saf sənətin estetikadan başqa hər şeydən
imtina etməsinə rəğmən isə, bu tabloda estetika
ilə yanaşı, dünyanın qlobal dərki də var.
Bir günahsız uşağı, bir məsum mələyi
küsdürəcək qədər şərə
könül vermiş dünyanın dəyəri olarmı?
Təbiət elmləri ilə
mifolojinin poetik sintezini verən "Bağçamın
ağacları" şeirinin müəllifi, 1908-ci ildə
"İkinci İl" dərsliyi ilə bağlı
yazdığı tənqidi (və haqlı tənqidi) məqaləsi
ilə ölkənin pedaqoji arsenalını silkələyən
Əli bəy Hüseynzadə də ideoloji plarformasından kənarda,
yəni sənətdə estetizmin tərəfindəydi:
"Biçarə şairlər məktəbin, elm və sənətin
xidmətçisi olmağa başlayıb, şeiri
bütün-bütün tənəzzülə
uğratdılar. ...Bilmirəm, nədən rəssamlara, heykəltəraşlara,
bəstəkarlara belə bir tövsiyədə bulunmurlar!
Görünür ki, aramızda sənətin bu sahələri
ilə məşğul olan adamlara rast gəlmədilər, rast
gəlsəydilər, bunların da sənətini zavala
uğradacaqları şübhəsiz idi!..
Canım, nəqqaşa, ya rəssama demək
olurmu ki, "nə üçün bir dağın zirvəsini,
ya üfüqlərdə vaqe olan bir qürubun lövhəsini,
mənzərəsini təsvir etməklə məşğul
olursan? Bizə bol-bol məktəb rəsmləri ver,
camaatımızı elm və maarifə təşviq et!..". Göründüyü
kimi, ömrünü millətin maariflənməsinə həsr
edən Əli bəy Hüseynzadə sənətdə quru,
yalnız təbliğat xarakterli maarifçiliyi sevmir,
sxematizmi qəbul etmir və "şairliyin, rəssamlığın
hünər meydanı ayrıdır..." - deyirdi.
Şəxsi örnəyində
şairliklə müəllimliyin ilk əfəndi tipini yaradan
Hüseyn Cavidin "Qız məktəbində" şeiri
ilə Tofiq Fikrətin "Şərmin" şeiri hər
ikisi dialoq əsasında qurulsa da, hər ikisi uşaq
dünyasından bəhs etsə də, hər iki şeir
struktur baxımından eyni olsa da (və nəzərə alsaq
ki, dünya uşaq poeziyasında dialoq əsasında
qurulmuş bu biçimli poetik mətnlər - şeirlər əvvəllər
də olmuşdu, onda da var idi, sonralar da oldu, amma), "kimi daha
çox sevirsən?" sualına cavab əsasında yazılmış
Tofiq Fikrətin "Şərmin"i şəkilcə,
Cavidin Gülbaharı isə həm şəkilcə, həm
də estetik məhvərinə görə Bodlerin
"Yabançı"sı ilə həmahəngdir. Bodlerin
Yabançısı belə danışırdı:
- Söylə, anlaşılmaz adam, kimi sevərsən ən çox,
ananımı, atanımı,
bacınımı, yoxsa qardaşınımı?
- Nə anam, nə də atam var, nə
bacım, nə də qardaşım.
- Dostlarınımı?
- Mənasını bu günə qədər
anlamadığım bir söz işlətdiniz.
- Yurdunumu?
- Hansı enləmdədir bilməm.
- Gözəlliyimi?
- Tanrısal və ölümsüz
olsaydı, sevərdim kuşkusuz.
- Qızlımı?
- Siz Tanrıya nasıl kin bəslərsəniz,
mən
də ona öyləsinə kin bəslərəm.
- Pəki, nəyi sevərsən
öyləysə sən, olağanüstü yabançı?
- Bulutları sevərəm... işte
o...
o
keçib gedən buludları... eşsiz buludları!
Türk uşaq ədəbiyyatı
Lafontenin nağıl və təmsillərinin timsalında
fransız ədəbiyyatına Tənzimat dönəmində
açılmışdı. Azərbaycan ədəbiyyatında
ötən əsrin əvvəllərində fransız təsiri
ya heç yox idi, ya da çox zəif idi. Dünya ədəbiyyatı bəzi istisnalarla Azərbaycana
Rusiyadan daxil olurdu. Rus uşaq ədəbiyyatının
təsiri (bəzən, hətta təqlid səviyyəsində
təsiri) isə Azərbaycan uşaq ədəbiyyatının
bir sıra ən önəmli mətnlərində qabarıq
müşahidə olunurdu. Amma Cavidin
yaradıcılığı Rusiya deyil, Türkiyə xətti
ilə gəlişdiyindən burda məsələ bir qədər
fərqli şəkil alırdı...
Nənəm sordu:
- Şermin, kimi
Çox sevərsin?
- Oo, nənəmi!
- Başqa?
- Babamı, şübhəsiz,
- Daha?
İzin verirsəniz
Sayayım: Muhallebimi,
Sütlacımı, şəkərimi,
Həp şəkərləmələrimi;
Bir az da gevrək
sevərim...
Fəqət, ən çox məktəbimi,
Məktəbimi pək sevərim.
Rəsm əsərinin müəllifi
- Xalq rəssamı Sakit Məmmədovdur
Göründüyü kimi,
"Şermin"dəki "Muhallebim və müəllimim"
şeiri qismən "Qız məktəbində"
şeirini xatırlatsa da, Tofiq Fikrətin "Şermin"i
1914-cü ildə İstanbulda, Hüseyn Cavidin
"Keçmiş günlər"i isə ondan bir il əvvəl
Bakıda nəşr olunmuşdu.
Keçən ilin yanvarında
Türkiyə "Çocuk və Gənclik Ədəbiyyatı
Yazarları Birliyi" başkanı Bican Yıldız Veysəl
"Ədəbiyyat qəzeti"nin redaksiyasında qonaq olarkən
mən ona Tofiq Fikrətin "Şərmin" kitabından əzbər
örnəklər dedim, əvəzində Hüseyn Cavidin
"Qız məktəbində" şeirinin Türkiyədə
bilinib-bilinmədiyini soruşdum. Belə
aydınlaşdı ki, "Qız məktəbində"
şeirindən türkiyəli mütəxəssislər xəbərsizdir.
Bodlerin anlaşılmaz
Yabançısı hara getsə, dünyanın sonuna qədər
onunla olacaq buludları hər kəsdən daha çox sevir,
Şərmin hamıdan çox muhallebini (şirniyyat) və məktəbi,
Gülbahar isə hər kəsdən daha artıq Allahı və
bütün insanları sevir. Bodlerin Albatrosu yerdə
yaşaya bilmədiyi kimi, Cavidin də qəhrəmanları
yaşamaq üçün bütün mənalarda səmanı,
hüdudsuzluğu seçib. Cavidin "Qız məktəbində"
şeiri ilə bağlı Kamal Abdullanın dəqiq bir
müşahidəsini xatırlayıram: "Cavidin balaca
Gülbaharı bütün insanları sevməyi ilə
birbaşa, hamının başı üstündən,
birbaşa gedib Füzulinin ideallarına qovuşur. Füzulunin
yenicə doğulmuş Məcnunun dilindən dediyi: "Həm
ver mənə qəm yemək kəmali / Həm aləmi qəmdən
eylə xali!". Aləmi qəmdən
xali eləmək ideyası Azərbaycan sənətkarının,
yazıçısının, şairinin, elə bil ki, intəhasızlıq
qarşısında bir missiyasıdır. Füzuli
qarasına, ağına, sarısına baxmadan bütün aləmi
xilas eləmək istəyirdi... Cavid bir
qızcığazın dilindən hamını sevməyə
hazır olan bir azərbaycanlı obrazını
yaratdı".
XX yüzil ədəbiyyatımızda
hamını, bütün insanlığı sevən azərbaycanlı
obrazı məktəbli Gülbaharın timsalında təzahür
etdi.
Ötənlərdə bizim
bir uşaq şairinin quş rəsmindən bəhs edən
şeirini oxuyub fransız sürrealisti Jak Prevertin "Bir
quşun rəsmini çəkmək üçün"
şeiri barədə esse yazmışdım. Prevertin həmin şeirinin
Rusiyada da, Türkiyədə də orta məktəblərin
5-ci sinfində öyrənilməsi tövsiyə edilir...
Uşaq xəyalının sənət üfüqlərinə
pərvazlanması, estetik dünyagörüşünün
formalaşdırılması baxımından Prevertin şeiri
hədsiz intibalar doğururdu...
Öncə bir qəfəs rəsmi
yaparsan
Qapısı açıq bir qəfəs
Sonra quş üçün
Bir şey çəkərsən
içinə
Sevimli bir şey
Yalın bir şey
Gözəl bir şey
Yararlı bir şey
Sonra götürüb bir ağaca
Asarsan bu rəsmi
Bir bağçada
Bir qoruqda
Ya da bir ormanda
Gizlənib gözləyərsən
ağacın arxasında
Səs çıxarmaz
Qımıldamazsan
Quş bəzən tez gələr
Amma uzun illər gözləyə
də bilər.
Qərar verməzdən öncə
Usanmayacaqsan
Gözləyəcəksən
İllərlə gözləyəcəksən
gərəkirsə
Rəsmin başarısıyla
heç bağlılığı yoxdur çünki
Quşun tez ya da gec gəlməsinin
Gələcəyi olub da gəldimi
quş
Səs çıxarmaq yox
Qəfəsə girməsini gözlərsən
Girdimi qəfəsə
fırçanla
Üsulluca qapısını
qapayarsan
Sonra quşun bir tükünə
toxunmadan
Bütün qəfəs tellərini
bir-bir silərsən
Yerinə bir ağaç rəsmi
çəkərsən
Budaqlarının ən
gözəlinə qondurarsan quşu.
Təbii, nə yapraqlarının
yaşılını unudacaqsan
Nə yellərin sərinliyini
Nə də yay
sıcağındakı böcək səslərini
Otlar arasında.
Sonra gözləyərsən
ötsün deyə quş
Ötməzsə çox pis
Rəsm çox pisdir deməli
Ötərsə gözəl
olduğunun rəsmidir
İmzanı ata bilərsən
artıq
Bir tük qopararsan üsulca
Quşun qanadından
Və yazarsan adını rəsmin
bir köşəsinə.
"Bir quşun rəsmini
çəkmək üçün" sürrealist
şeirdir. Rus pedaqoqlarının interpretasiyasında Prevertin
şeirində təlqin olunan fikir ondan ibarətdir ki, həyat
gözəldir, amma rəssam onu daha da gözəlləşdirə
bilər. Türk interpretasiyasına görə,
tablo dünyadır, quş fiquru insanın özüdür...
və s.
Prevert şüurardından, fəhmdən,
röyadan, instinktiv, sövq-təbii düşüncədən
yola çıxaraq, bütün sürrealistlər kimi,
yaradıcılıq və yaradılış prosesində
"əqlin və məntiqin nəzarətini" rədd
edib, ənənəvi məntiqin sədlərini
dağıdıb, metafizik məntiq yaradıb. Həm
bu, həm də bunun əksi. Prevert
quşu azadlıqdan qəfəsə salır və qəfəsin
içində estetik iqlim qurşağı yaradır. Bu
şeirdə hüzurun melodiyası misradan misraya uçur,
sözdən sözə qonur... Uşaqlar
üçün ədəbiyyat həm də budur. Və
yuxarıda da qeyd etdiyim kimi, Prevertin "Bir quşun rəsmini
çəkmək üçün" şeirinin
Rusiyanın da, Türkiyənin də orta məktəblərinin
5-ci sinfində öyrənilməsi tövsiyə edilib...
Zövqü, təfəkkürü uşaq yaşlarından
etibarən bu kimi ciddi estetik dalğaya kökləməyin
faydasını kim etiraf etməz. Məncə, bizim dərslik müəlliflərimiz də
belə şeirlərə biganə qalmamalıdırlar.
Uşaqlar üçün bu səviyyədə intellektual
poeziya örnəkləri, milli ədəbiyyatımızda yox
dərəcəsindədir, elə dünyada da çox
deyil... Belinskinin sadaladığı və uşaq
yazıçısına gərək olan bütün
xüsusiyyətlər, sanki bu şeirin
yaradılışında iştirak etmişdir: "Nəcib,
sevən, riqqətli, sakit, körpəcə, sadədil bir qəlb,
yüksək məlumatlı bir ağıl, şeylərə
aydın bir baxış, yalnız canlı təsəvvür
deyil, həm də canlı, şairanə bir xəyal, hər
şeyi canlı, rəngin surətlər halında təsəvvür
etməyə qabil bir xəyal lazımdır".
Herluf Bidstup uşaqlar
üçün çəkən rəssamlara uşaq
dünyasına nüfuz edə bilmək üçün
uşaqlaşmamağı tövsiyə edirdi. Yəni sən
elə öz düşündüyün kimi təsvir elə.
Balaca onu öz bildiyi və gördüyü
kimi qavrayacaq. Və dünya Cakondanı kimə
bənzətmək istəyirsə, qoy bənzətsin. Uşaq onun çöhrəsində anasına məxsus
cizgiləri arayacaq. Bu mənada Abbas Səhhətin 111
yaşlı "Vətən" şeiri 111 ildir ki, Vətən
düşüncəmizin ana sözünə çevrilib, 111
ildir ki, yeddidən yetmiş yeddiyə qədər hamıya Vətən
sevgisini təlqin edir... Azərbaycanda hər kəsin
təkcə ruhunda deyil, həm də qanında bir parça
"Vətən" şeiri vardır.
"Südüdür, kim dolanıb qanım olub...".
"Vətən"
şeiri ilk dəfə Mahmudbəyovla Səhhətin bir yerdə
hazırladıqları "Yeni məktəb"
("Üçünci il") dərsliyində çap
olunub. Kitab üçüncü sinif şagirdlərinin dərs
kitabı idi. Bir az əvvəl,
"İkinci il" kitabında dərc olunmuş uşaq
şeirlərinə görə Əli bəy Hüseynzadə
Abbas Səhhətin dilini tənqid etmişdi. "Üçüncü
il" kitabında isə artıq Səhhət təshih
olunmuş, işlənmiş bir dillə "Vətən"
şeirini yazırdı.
Azərbaycanı həm də
Səhhətin "Vətən" şeiri yaratdı.
1 iyun 2020
Azər TURAN
Ədəbiyyat qəzeti.- 2020.- 5 iyun. S. 16-17.