Gəlin
narahat olaq: dərsliklərdəki problemlər, ədəbiyyatdan
uzaq salınan
Uşaq ədəbiyyatı
ümumi bədii ədəbiyyatın bir hissəsi
sayılıb həmişə. Zənnimcə, müəyyən
prinsipial fərqləri nəzərə almasaq,
tendensiyaların kəsişməsi baxımından bu fikir
gerçəyi ifadə edir. Əslində,
eyni dönəmin, ictimai-siyasi rejimin, eyni ideologiyanın diqtəsi
ilə hasilə gələn mətnlərin uşaqlar, yaxud
böyüklər üçün yazılmasında
oxşarlıqların olması labüddür. Xüsusən, XX əsrin əvvəli ədəbiyyatın
hər iki sahəsində analoji, sinxron gedişləri izləməyə
yaxşı material verir. Xalqın maariflənməsi,
məktəblərə çağırış, ana dilində
qəzet və kitabların çapına cəhdlər həm
uşaq, həm də böyük ədəbiyyatını
yaradanların qarşısında dayanan məsələlər
idi. Bunların içində bir məqam
da düşündürməyə bilmir. Həmin
dövrdə milli ədəbiyyatımıza yeni
düşüncənin gətirilməsinə maraqlı olan və
bunu Qərb ədəbiyyatına inteqrasiyada görən
ziyalılar uşaq ədəbiyyatının
inkişafını da həmin istiqamətdə dəyərləndirirdilər.
Məsələn, "Üç mədəniyyət" əsərində
Əhməd Ağaoğlu məktəblərdə tədris
olunan Sədi Şirazinin "Gülüstan" və
"Bustan" əsərlərini zamanla ayaqlaşmayan əsərlər
kimi tənqid edir, Sədinin görüşlərinin orijinal
deyil, əcdadlarımızdan alınmış bir miras
olduğunu vurğulayaraq bu kimi idealları "bütün
Şərq həyatı üzərində icra edilmiş təxribat"
adlandırırdı. Əhməd
Ağaoğlunun milli tərəqqi üçün vacib
bildiyi əsas məsələ Qərb mədəniyyətinin
ən yaxşı örnəklərinin ana dilinə
çevrilib məktəblərdə tədris edilmə zərurəti
idi.
Əslində, XX əsrin əvvəlində
uşaq ədəbiyyatı ilə məşğul olan
aydınlar iki işi bir arada görürdülər. Onlar həm
rus, avropa uşaq ədəbiyyatının ən yaxşı
örnəklərini dilimizə çevirir, eyni zamanda həm
rus, həm də türk şeirindəki "fransız
modu"nun təsiri ilə mətnlər meydana qoyurdular.
Məfkurə və amal hüdudsuzluğu sənətin
də üfüqlərini genişləndirirdi. 1898-ci ildə hazırlanan "Vətən
dili"ndən Abbas Səhhətin "Vətən"
şeirinə qədər çevrələnən bu estetik ərazidə
milli uşaq ədəbiyyatının öz hərəkət
trayektoriyası cızılırdı. Qarşıda
isə bizi elə bir dönəm gözləyirdi ki, bunu
doğrudan da "Şərq həyatı üçün
inşa edilmiş təxribat" adlandıra bilərdik.
Sovet dövründə bədii
fikir daha çox tənəzzülə uğrama
reallığı yaşasa da uşaq ədəbiyyatına
münasibətdə bunu deyə bilmərik. Düzdür,
bu dövr uşaq mətnlərinə ideolojinin təsirinin
qaçılmaz olduğunu danmaq olmaz. Bunun
həm psixoanalitik və sosial-tarixi planda əsasları var.
Birinci məqam bununla bağlıdır ki, sovet dövründə
təbliğ olunan bayağı vətənpərvərlik
ideyalarının vurduğu əxlaqi-mənəvi zərbənin
nəticəsi olaraq sovet vətənpərvərliyi ilə
ümumən vətənpərvərlik anlayışları
bir-birinə qarışdırıldı, ictimai-siyasi tematika
sanki uşaq ədəbiyyatının da əsas məqsədinə
çevrildi. Sosial-tarixi planda isə
sosialist realizminin şablonları önə keçməklə
estetik duyumun təravətinə kölgə salındı.
Buna baxmayaraq, həmin dövrə xas olan
ümumi bir qanunauyğunluq var ki, bu da həmin epoxada uşaq ədəbiyyatı
nümunələrinin ən yaxşı örnəklərinin
yazılma gerçəkləri, eləcə də bu sahəyə
olan nəzarətin, çap olunan mətnlərə tətbiq
olunan meyarların işləkliyi ilə ölçülməldiir.
Təsadüfi deyil ki, bu dövrdən bəhs
edən tədqiqatçılar və uşaq yazarları sovet
dövrünü uşaq ədəbiyyatının
inkişafı baxımından ən dinamik dövr kimi səciyyələndirərkən
bugünkü əngəllərdən,
çağımızın mənzərə
reallığından da yan ötmürlər. Məsələn,
bu həftə, "Ədalət" qəzetinin 2 iyun 2020-ci il sayında yer almış "Uşaq ədəbiyyatı
hansı durumdadır" mövzusunda sorğuda şair Qəşəm
İsabəyli belə bir fikir səsləndirir: "Sovet
dövründə uşaq ədəbiyyatı daha
güclü idi. Buna bir çox nümunələr
də gətirə bilərik. İlhamlı
əsərlər ortaya çıxırdı. Amma sovetin dağılmasından sonra bu ənənə
aradan qalxdı. Bunun səbəbisə hər
kəsin istədiyi materialı çap etdirə bilməsi
idi. Yaza bilən də, yaza bilməyən
də uşaq şeirləri yazıb dərc etdirirdi. Məhdudiyyətlərin aradan qalxması bu sahənin
zəifləməsinə səbəb oldu. Yeni əsərlər ortaya çıxır, amma
özümüzü tərifləməklə deyil. Qənaətbəxş durumda deyilik. Müasir dünya uşaq ədəbiyyatından xəbərdar
deyilik. Yeni dünya əsərləri tərcümə
və çap olunmur. Düzdü,
onları internet vasitəsiylə əldə edə bilərik,
amma bu, kütləvilik baxımdan eyni effekti vermir. Müasir dünyada gedən proseslərdən uzaq
olmağımız uşaq ədəbiyyatında dünyayla
ayaqlaşmağa mane olur".
Qəşəm İsabəyli
haqlıdır, müstəqilliyin gətirdiyi azadlıq bir
çox sahələrdə anarxiya kimi qavranıldı. Bunu bir
neçə yazımda mən də konkret faktlarla ifadə
etmişəm. Uşaq ədəbiyyatı adı
altında "al getsin, sat getsin, aldat getsin" kompaniyası
yaradıb gələcəyimizlə oynamaq olmaz. Çap olunan kitablar var ki, tərtibatından,
adlanmasından tutmuş, məna, mahiyyətinə qədər
ziyanlıdır. Bu gün böyüklər
üçün yazılan ədəbiyyatda müşahidə
olunan bir hal - konyukturaya meyil, bir çox mövzularda
manipulyasiya halları uşaq ədəbiyyatı üçün
də xarakterikdir. Fərq bundadır ki,
böyüklər üçün yazılan əsərlərin
ziyanı daha çox müəllifin özünə dəyir,
nədən ki, səviyyəli oxucu ilk misradan poetik duyumun
yerində olmadığını görüb
özünü kənarlaşdırır. Daha doğrusu, onun buna imkanı var. Zövqü varsa
zəif mətni oxumağa onu heç nə məcbur etməyəcək.
Amma uşaq ədəbiyyatı Yolun əvvəlidir,
səviyyəli oxucu yetişdirməkdə birinci mərhələdir.
Uşaq ədəbiyyatı məhz o oxucunu yetişdirməlidir
ki, o, dediyimiz ali zövqün
daşıyıcısı olsun, xamı püxtədən,
qrafomanı istedaddan ayırmağa iqtidarı çatsın.
Belə bir zövqü isə
yalnız keyfiyyətli mətnlə həll etmək
mümkündür. Bu gün uşaq ədəbiyyatı ilə
bağlı yazılan əksər şeirlərdə ənənəvi
qəliblərdə işlədilən söz, bir-birini və
öz-özünü təqlid, dayaz və süni fəlsəfəçilik,
quru nəsihətçilik, səmimiyyətdən kənarlıq
baş alıb gedir. Şairlərimizin Vətən,
təbiət haqqında illərlə işlənmiş
epitetləri təkrarlamaq məcburiyyətində qalmaları
bu istiqamətdə "poetik yorğunluq"
yaranmasının göstəricisi kimi mənalanmalıdır.
Şair Qəşəm Nəcəfzadənin müsahibəsində
bu məqam diqqətimi çəkdi: "Yüz ildir ki,
uşaq şeirimizdəki obrazlar eynidir.
Uşaq ədəbiyyatımıza
ictimai və sosial məzmun öz ərazisini genişləndirməlidir.
Uşaq ədəbiyyatımızın
fəlsəfəsi, dili inkişaf etməli, uşaq şeiri
uşaq folkloruna söykənməlidir... Bu
gün uşaq şeirlərinin hamısı bir - birinə
oxşayır, vəzn, xitab, heca ölçüsü, qafiyə
sistemi oxşardı, bu mənada deyirəm ki, niyə bizdə
fərqli uşaq şeiri olmasın? Deyək
ki, modern şeir və ya sərbəst uşaq şeiri".
Yerində olan iraddır. Texnogen
informasiyanın ən güclü vasitələri ilə əhatələnmiş
uşaqlar üçün gül-bülbüldən, vətənin
uca dağlarından bəsit bir şəkildə bəhs edən
şeirlər özlərini həm praktik məzmun
daşıyıcısına, həm də effektini itirən
içiboş şablona çevirir. Bu
cür nümunələr uşaqların şeirə, ədəbiyyata
olan marağını elə beşikdəcə boğur.
Halbuki bədii ədəbiyyat sevgisi, mütaliəyə
maraq onlara bugünün sınağından çıxmaq,
insan kimi yetişmək, mənəvi dəyərləri mənimsəmək,
sağlam qərarlar vermək, ayaq üstə möhkəm
dayanmaq, doğru olanı seçmək üçün
çox vacibdir. Vicdanlı insan ola
bilmələri üçün vacibdir.
Niyə bu gün
çağdaş ədəbiyyatda böyüklər
üçün əsər meydana qoyanlar arasında uşaq ədəbiyyatına
maraq yoxa çıxıb? Yalnız bir neçə ad çəkə
bilərik: Elçin, Ramiz Rövşən, Qəşəm Nəcəfzadə,
Rafiq Yusifoğlu, Məmməd Namaz, Murad Köhnəqala. Bəs iki ziddiyyətli epoxada yaşamaq qisməti
olan, yeni ədəbi nəsil kimi formalaşan gəncliyin
uşaq ədəbiyyatı sahəsində səsi niyə bərkdən
duyulmur? Son illərdə bu sahəyə
diqqəti ancaq Sevinc Elsevər, Allahşükür Ağa,
Faiq Hüseynbəylinin yaradıcılığında izləyə
bilirik. Bunu yaşanmayan
uşaqlığın fəci sonluğu kimi almaq olarmı?
Uşaqlığının rəngli dünyasını
müharibənin korladığı və yalnız ağ-qara
boyalarla haşiyələdiyi bir nəsil öz ruhi
düşkünlüyü ilə uşaq dünyasına
varmaq üçün nə qədər bacarıqlı ola bilər? Eləcə də digər problemlər
sırası: müharibədə itirilən
uşaqlığın, gəncliyin nisgili, gələcəklə
bağlı illüziyaların yoxa çıxması, sosial
problemlərin məngənəsində çırpınan
yazıçı həyatı, gün-güzəran dərdi,
heç yerdən boy göstərməyən işığa
həsrətlik və s. və i.
sənin də uşaqların
qumluqda ev şəkilləri
cızırsa
kirayə qaldığın evlərin
pəncərələri
boşluğa açılırsa
...tanış mənzərədir
hər kəsin həyatı -
hər döngəsində
özümüz.
Zahir Əzəmət
90-cı illərin
yazarları sosial durumu hər şeyin önünə
çıxardı. Halbuki, eyni problemlər bütün
dönəmlərdə olub, XX əsrin əvvəllərində
Səhhət "Şair, şeir pərisi və şəhərli"
poemasında yazırdı ki, "Ürəyimdə daha yox
qönçə dodaqlar dərdi, / vardır ev dərdi,
qadın dərdi, uşaqlar dərdi". Amma
həmin Səhhət həm də uşaqlar üçün
"Vətən" şeirini yaradırdı. Estetik gücünü, məfkurə
aydınlığını bir əsr qoruyub saxlamağa
gücü yetən "Vətən" şeirini. Yeni nəsil yazarların uşaq ədəbiyyatına
müraciəti isə onların yeni uşaq obrazlarına
marağı ilə nəticələndi. Arxa
fondakı reallığı, sovet dövrünün daim gizlətdiyi,
təhrif etdiyi, bizə başqa cür tanıtdığı
uşaq həyatlarını natural boyalarla şeirə gətirməyə
çalışdı gənc ədəbi qüvvələr.
Sevinc Elsevərin şeirinə diqqət edək:
hardansa tapıb əyninə
keçirdiyi
köynəyinin üstündə
ingiliscə "sevilən uşaq"
kəlmələri yazılıb
avtobusa dilənmək
üçün minən uşağın.
bilmədiyi
yad dildə danışacaq
onunla dünya həmişə...
Yaxud:
nə vaxt ki
evə əliboş qayıtdı
qollarını daha geniş açdı
ata
daha çox sevgi verdi uşaqlara.
Bu şeirlər əlbəttə
ki, kiçik yaşlı uşaqlar üçün deyil. Onlar
üçün həyatı işıqlı tərəfləri
ilə birlikdə təsvir etmək lazımdır. Hətta Süleyman Sani Axundov belə öz hekayələrini
"Qorxulu nağıllar" adı altında təqdim
edirdi. Niyə? Çünki
nağıllarda qorxulu məqamlar olsa belə uşaqlar məhz
nağıl olduğu üçün dərin sarsıntı
yaşamırdılar.
Burda gəlirik digər məqama. Uşaqlar qaranlıqdan
qorxurlar, onlar üçün işıq həmişə
var, olmalıdır. Çıxış
yolu mütləqdir. Nağıllarımızda
"işıq gələn, yoxsa it hürən tərəf"
arifmetikası uşaqlar üçün həmişə
işığın qələbəsinə inamla
sonuclanmalıdır. Ona görə
zorakılıqlar, müharibə uşaqlara uzaq, yad
anlayışlar kimi çatdırılmağa cəhd edilib.
Hansısa nisgilin yanında mütləq göy
üzü, səmada uçan quş, sülh rəmzi göyərçin,
süngülərindən mərmi yerinə çiçək
tökülən silahların təsviri əsas inikas predmeti
olub. Nazim Hikmət demiş, "güzel günler
göreceyiz cocuklar, motorları maviliklərə
süreceyiz"... Belə. Xoşbəxtlik
hər zaman gələcək zamana aid olsa belə sənət
ona inam, ümidlə sarılıb gözləməyi
aşılayıb. Amma burdan bir sual doğur: hər
şey mütləq xeyirin şər üzərində qələbəsi,
işığa inamla sonuclanacaqsa onda uşaqlarımız həyatın
çətinliklərinə necə müqavimət, duruş
gətirəcəklər? Bu yaxınlarda Jerji
Koşinskinin "Boyalı quş" əsərini oxudum.
Müəllif altı yaşlı yəhudi əsilli
bir uşağın taleyi timsalında İkinci dünya
müharibəsinin dəhşətlərini olduqca sərt
müstəvidə nəsrə gətirir.
Uşağı altı il amansız
sınaqlardan keçirən müəllif sonda
"yaşamağa davam" mesajı ötürür oxucuya.
İnsan azadlığının hər şeydən
üstün olduğunu bildirir, qəhrəman boyalı
quşlar kimi öz dəstəsinə geri dönərkən
bütün olanlara rəğmən yerini tapa bilir. Yazıçılar bu məqamı
unutmamalıdırlar. Mətn yalnız
nağılçılıq etmək, informativlik vermək
üçün deyil, o uşağa həm də psixoloji dərinlik
ölçüləri ilə yanaşmalıdır,
onların daxili aləminə nüfuzun əhatəli
olmasına çalışmalıdır. Bunun üçünsə müəllif uşağın
psixologiyasını həm fərdi-şəxsi, həm də
ictimai baxımdan mənalandırmalıdır. Bizdə bu nəsrin ilk bədii örnəklərini,
bədii cəhətdən ən yaxşı və təsirli
nümunələrini lirik-psixoloji nəsrin
yaradıcılarından sayılan Süleyman Sani Axundovun
"Qorxulu nağıllar" ümumi başlığı
ilə çap olunan silsilə əsərləri ehtiva edir.
Dərin həyatilik və qüvvətli realizm! İnsan həqiqətinin uşaq nəzərlərindən
dərki, mənalanması lazımdır. Sadə
və anlaşıqlı bir dillə. Rusiyanın
görkəmli alimi V.V.Bartoldun dediyi kimi, "Elə yazmaq
lazımdır ki, savadsızlar başa düşə bilsin,
savadlı, təhsilli adamlar isə bəyənmiş
olsun". Bəs anlamaqla bəyənmək
arasında fərqi necə aradan qaldırmalıyıq? Necə etməliyik ki, bəyənmək
üçün uşağa gərək olan zövq, estetika
formalaşsın? Bunun yolu ailədən, tədrisdən
və mütaliədən keçir. Bu
üç komponenti bir arada tuta bilirikmi? Gözəl
uşaq yazarımız Sevinc Nuruqızının bu fikirləri
düşündürməyə bilmir: "Müasir dövrdə
uşaq ədəbiyyatı hələ də ədəbiyyatın
problemli sahəsi olaraq qalır. Bu janr müəlliflərin
diqqətini cəlb etmir, naşirlərin maraq dairəsində
deyil, sponsorlara "heç nə vəd etmir". Uşaq ədəbiyyatı təkcə ədəbi
böhran yaşamır, texnologiyaların inkişafi ilə bu ədəbi
növ həm də ciddi texnoböhran yaşayır. Ailələrdə kitaba meyl azalır. Uşaq nümunədən bəhrələnəndir.
Ailədə mütaliə nümunəsi olmadan
uşağı mütaliəyə həvəsləndirmək
çətindir. Bütün güc təhsil
müəssisələrinə düşür. Yəni bağça, məktəb və s".
Məktəblərdə uşaq ədəbiyyatına
ayrılan zaman, mütaliə prosesi, sinifdən xaric oxu
planları hansı vəziyyətdədir?..
Sevinc xanımın sözləri ilə desək,
"dərs yükünün ağırlığı
uşaq ədəbiyyatına vaxt güzəşti etmir".
Belə bir ayrıntının olmaması, təlabatın
yoxa çıxması bu sahədə fəsadlara - nəzarətin
itirilməsinə, işbazlara öz cızmaqara
yazılarını kitaba çevirib meydana qoymaq fürsəti
qazandırsa da tədrisin özündə olan problemləri də
üzə çıxarır. Bir halda ki, dərs
yükünün ağırlığı uşaqlara asudə
vaxt imkanı tanımır, buyurun, o zaman dərsliklərin
özünü o şəkildə tərtib edək ki,
uşaqlar üçün hər mənada yararlı olsun: həm
estetik tərəfləri təmin etsin, onlarda ali
zövq formalaşdırsın, həm yaş səviyyələri
nəzərə alınsın, həm də psixoloji dərinliyi
ilə uşağa həyatın bütün çətinliklərinə
davam gətirib mübariz olmaq hissi aşılasın. Bu kontekstdə yanaşanda çox sayda problemlər
meydana çıxır. Bir neçəsini
burda qeyd etmək istəyirəm. Onlardan
biri dərsliklərdə dil faktının, uşaqların
yaş senzinin nəzərə alınmaması məsələsidir.
Məlumdur ki, bizim aşağı sinif dərsliklərində
klassik əsərlərə də yer ayrılır. Olsun, amma bu məqam üzərində çox həssas
çalışmalıdır dərslik müəllifləri.
Məsələn, deyək ki, Seyid Əzim
Şirvaninin ərəb-fars izafətlərindən
yoğrulmuş şeirini, yaxud müxtəlif qədim və
orta əsr şairlərinin qəzəllərini uşaqlara əzbərlətmək
onlara nə verəcək? Bu dönəmdə
uşaqlara həyatı, insanları, ədəbiyyatı
sevdirmək üçün daha asan mətnlər təqdim
olunmalıdır. Yaxud biz tarixi faciələrimizi
uşaqlarımızin şəxsi yaşantısına
çevirə bilirikmi? Bunun
üçün hansı təsirli əsərlərə,
şeirlərə müraciət edirik? O mətnlər
ki, onlar uşaqlarda bu faciələrə qarşı həssaslıq
deyil, laqeydlik yaradır. Bir nümunə deyim.
5-ci sinif dərsliyində 20 Yanvarla bağlı
bölümdə Sabir Əhmədlinin "Şəhidlər
xiyabanı" hekayəsini ixtisarla təqdim ediblər. Sabir Əhmədlinin çətin üslubunu, qəliz,
uzun cümlələrdən qurulmuş hekayələrini
böyüklər belə asan oxumadığı halda 5-ci
sinif şagirdinə bunu oxutmaq düzgündürmü? Ondansa uşaqlara 20 Yanvar faciəsi ilə
bağlı sadə, rəvan bir dillə yazılmış
informasiya vermək olmazmı? Bu faciənin
mahiyyətini onlara anlatmadan verilən hekayə hansı bədii
təsir oyada bilər? Hələ bunu
çətin bir dillə qavramağa
çalışırlarsa. Hələ
verilən nümunə bədii cəhətdən zəifdirsə.
Buradaca, mənə Sabir Əhmədlinin
yazıçı kimliyindən, mətn anlayışından
dərs keçmək istəyində olacaq kəslərə ərz
edim ki, Sabir Əhmədli qələminin gücünü
bilirəm və nəsrinin poetikasını incələyən
həcmli bir yazım "Azərbaycan" jurnalının
iyul sayında çap ediləcək. Söhbət
bu hekayəyə münasibətdən gedir və onun
uşağın yaş səviyyəsinə uyğun verilməməsi,
20 Yanvar faciəsinin dramatizmi, mahiyyəti ilə bağlı dərin
məzmun aşılamaması reallığından. Üstəlik, mətndə işlənən bəzi
sözlərin izahı verilməli idi. Məsələn,
hekayədə belə cümlələr yer alır:
"DTK-nın yeni binasının qarşısından
başlayaraq, Nərimanov cadasının hər iki səkisində
qərənfillər qoyulmuşdu". Yaxud
"Gecələr Bakı sakinləri, Azərbaycan milləti
"Azadlıq"dan danışan Mirzə Xəzərin səsini
eşitməkdən ötrü
çırpınırdı". Burada DTK, cada, Mirzə
Xəzərin kimliyi, "Azadlıq" haqda məlumat verilməsi
gərək idi ki, dərslik müəllifləri bundan yan
keçiblər.
Daha bir məqam. Günel Eyvazlının
"Ədəbiyyat qəzeti"nin 2018-ci
ilin dekabr sayında çap olunan "Fiqaro - kasıb, zəhmətkeş,
optimist nəslin nümayəndəsi" məqaləsindən
oxuduğum bir fikri xatırlayıram: "Həftə sonu idi.
TV kanalları çevirən zaman maraqlı
heç nə tapmadığımda cizg filminə kökləndim.
Dəfələrlə baxsam, gedişatın nə
olduğunu bilsəm belə, "Tom və Cerri" cizgi filminə
yenidən baxmağı qərara aldım. İlahi, Tom nə edir? Kütlə
qarşısına çıxan məşhur pişik
Motsartın Fiqarosunu oxuyur. Bəli, bu,
Motsartdır. Necə olub ki, bu vaxta qədər
buna nəzər yetirməmişəm. Təcili
Yutub kanalını açıram. Cizgi
filminin müxtəlif bölümlərinə nəzər
salıram. Cerrinin addımından
tutmuş, Tomun qaçışına qədər, pianoda
ifasına qədər hər şey klassikadır. Və qəribəsi budur ki, məktəblərimizdə
tədris olunan musiqi dərsindən fərqli olaraq, cizgi filmində
"filan opera neçənci ildə yazılıb?",
"filan bəstəkarın neçə komediyası var?",
"nə vaxt doğulub, nə vaxt dünyadan gedib?" kimi
yorucu suallar, rəqəm yığını şagirdlərin
beyninə doldurulmur. Axı orada həzm
prosesi getməlidir, cənablar. Axı lazımsız rəqəmlərlə,
A,B,C, yoxsa D variantı ilə kilidlənən
beyinlər boğula bilər. Oraya nəfəslik
lazımdır. Hava lazımdır, əfəndilər.
İcazə verin balacalarımız yüklənmiş
tədris proqramından oyanıb dünyaya baxsınlar, nəfəs
alsınlar. İcazə verin, lütfən".
Əlavə nəyəsə
ehtiyac varmı? Hələ iki əsr öncə Belinski də
"Uşaqlar üçün almanax" məqaləsində
yazırdı ki, "Uşaqlar, məsələn,
"İliada" və "Odisseya"nı oxuyub və bu
poemalardan bir şey bəyənmədən əvvəl onlar
üçün Homerin tərcümeyi-halını bilməyin
nə faydası var? Oxuduqdan sonra isə məsələ
başqadır".
Ədəbiyyatın
missiyası nədir? Məqalələrimin birində yazmışdım:
"Bütün haqsızlıqlara, nadanlıqlara, cahilliklərə
baxmayaraq, işığı qorumaq lazımdır. Rəngli karandaşlar yenə də sevimli və gərəkli
əşyamız olmalı. Uşaqlıqdakı kimi...
Onlar bizə həyatın ağ və qara
zolağından çıxmağa kömək edər. Ədəbiyyat nədir ki?! İnsanın
dünya, zaman, Tanrı və təbiətlə bağlı
düşüncəsinin sınırlarını
böyütməsi üçün üz tutduğu müqəddəs
mehrab! Axı insan pisliklərdən, yaramazlıqlardan
sığortalanmayıb, o, əzabların pandora
qutusudur, ədəbiyyatsa həmişə əzabları yenməsində
ona yol göstərən olub. Sovet sistemi dağılandan sonra
biz bu fikri də tarixin qalıqları altından
çıxarıb, bir az da postmodernist
dalğanın ardınca gətirdiyi revanşist ədanın
təsirinə düşərək ona özgə məzmun,
mündəricə verməyə çalışdıq:
Ədəbiyyat insan tərbiyə eləmir! O zaman ədəbiyyat
nəyə xidmət edir? Hansı amala, hansı
məfkurəyə, hansı düşüncəyə?
Əgər çağın insanı onu
gündəlik sarmış olan hər cür mənəvi-ruhsal-psixoloji
deqradasiyadan, maddi-sosial anomaliyalardan qurtuluş
üçün ədəbiyyata sığınmayacaqsa, orda
öz hüzurunu tapa bilməyəcəksə, o zaman bədii
sənətin qayəsi hardan başlanıb harda bitir?
Əgər durmadan artan kitablar, yazılan əsərlər
sonucda insana yönəlik söz deməyə hasilə gəlmirsə,
o zaman bəşəriyyət niyə hər zamanın qəhrəmanını
yaratmağa çalışır, onunla öz dilində,
düşüncəsində danışmağa çaba
göstərir?!". Bax, bu
missiya eynidir, fərqi yoxdur, istər böyüklər
üçün ədəbiyyat yarat, istərsən də
kiçiklər üçün. Mətn
hər zaman xilasdır, ədəbiyyat hər zaman
"çovdarlıqda uçurumdan qoruyan"dır.
Böyük ədəbiyyatı
yaradanların hədəfi var. Nobeli qazanmaq,
dünya ədəbiyyatının qabaqcıl tendensiyaları
ilə kəsişmə nöqtələrini tapıb ona
doğru addımlamaq. Bəs uşaq ədəbiyyatının
hədəfi nədir? Sadəcə,
uşaq təbəssümü. Onların sabahlı gələcək
qurmalarına nail olmaq. Bu yaxınlarda uşaq
yazıçısı Aygün Bünyatzadənin
"Karusel" hekayəsini oxuyarkən həmin fərq üzərində,
yəni uşaq ədəbiyyatının missiyası üzərində
düşünməli oldum. Hekayə bu
missiyanın kiçik bir modelini təqdim edir. Parkda tərkinə
mindiyi körpə uşaqları fırlatmaqdan bezən və
daha böyük işlərə can atan karusel köhlən at
hansısa məqamda anlayır ki, onun missiyası elə budur:
uşaqların sevincinə səbəb olmaq, onlara xoşbəxtlik,
gülüş nəsib etmək, qocalanda xatirələrinə
dönmək. Məncə, uşaq ədəbiyyatının ən
böyük hədəfi buna nail olmaqdır: bir uşaq
üzündə təbəssüm yarada bilmək. Bu elə bir həssas məsələdir ki,
zaman-zaman çox ziyalılarımızı narahat edib. Hərdən düşünürəm ki, XIX əsrdən
başlayaraq, bizim əksər şair və
yazıçılarımız, tənqidçi-ədəbiyyatşünaslarımız
nədən tədqiqat, təsvir predmetləri ayrı sahələr,
ayrı məsələlər olduğu halda uşaq ədəbiyyatından
da yazmağı özlərinə borc biliblər?! Çünki onlar narahat olublar. Öz
övladlarının timsalında bütün yer
üzünün uşaqları, onların sağlam ruhda
böyümələri, yetişmələri
üçün narahat olublar. Bir az
da biz narahat olaq.
Elnarə AKİMOVA
Ədəbiyyat qəzeti.- 2020.- 5 iyun. S. 18-19.