Xalq
nağıllarının müasir interpretasiya və
dekonstruksiyası
Nağılların
müasir interpretasiya və dekonstruksiyası
çağdaş ədəbiyyat üçün kifayət
qədər yayğın olan ədəbi oyunlardandır…
Nağıl -
uşağın başqa reallıq barədəki təsəvvürüdür. İngilis yazıçı
və dramaturqu H.K.Çestertonun fikrincə, "Nağıl
həqiqətdən daha üstündür: ona görə yox
ki, bizə əjdahaların mövcudluğundan bəhs edir;
ona görə ki, əjdahalara qalib gəlməyin
mümkünlüyündən danışır."
Nağıllar uydurma olsa da, irəli sürdüyü ideyalar ali həqiqəti əks etdirir: mütləq
yaxşılığın təntənəsi, xeyirin qələbəsi
ilə bitərək, uşaqlara şərtlər nə olursa
olsun, düzün, dürüstlüyün,
yaxşının yanında olmağı təlqin edir,
onları işığın qaranlığı
udacağına inandırır. Uşaqlar bu
möcüzələrə daha çox inanırlar.
İnsan möcüzələrə inamını itirəndə
içindəki uşaq yox olur, həmişəlik
böyüyür...
Belə bir fikir var ki,
xalqın ruhuna bələd olmağa ona məxsus
nağıllarla tanışlıqdan başlamaq
lazımdır. Çünki nağıl insanın
dünyagörüşünü formalaşdıran ilk dərslərdəndir.
Nağıl mətninə dekonstruksiya prinsiplərini
tətbiq edən ilk müəlliflərdən biri Vladimir Propp
"Nağılın morfologiyası" kitabında qeyd edir
ki, onların əksəriyyəti eyni sxem üzrə qurulub.
Həmin fikri bizim xalq nağıllarına da aid
etmək olar. Nağıl üçün
əsas xarakterik cəhət uydurmadır - başqa sözlə,
onlar fantaziyanı daim oyaq saxlayır, yaradıcılıq
qabiliyyətini itiləyir. Məhz bu
baxımdan nağıl üzərində yeni mətn qurmaq
daha maraqlı, məqsədəuyğundur. Dekonstruksiya edilmiş mətnlərdə
nağıl ilkin mahiyyətini itirir. Adətən,
ənənəvi nağıllarda dürüstlük təbliğ
olunur, haqsızlıqla mübarizə aparan insan
özünün əsl gücünü kəşf edir, xeyir
şər üzərində qələbə çalır.
Lakin çağdaş ədəbiyyatda bu motivlər,
belə demək olarsa, dəbdə deyil - bütün bu
xarakterik cəhətlər darmadağın edilərək,
antinağıl yaradılır.
Nağılların
müasir interpretasiya və dekonstruksiyası
çağdaş ədəbiyyat üçün kifayət
qədər yayğın olan ədəbi oyunlardandır və
bu "oyun" müəyyənləşdirilmiş qaydalara
tabedir. Nağılları dəyişməyə məruz
qoyan ilk müəlliflər onların ilk
toplayıcılarıdır. Dünya ədəbiyyatında
bunun kökü XVII əsrə gedib çıxır. Fransa akademiyasının üzvü, dövrü
üçün kifayət qədər məşhur şair və
tənqidçi olan Şarl Perro qədim dövrə aid
nağılları toplayaraq, onların qəhrəmanlarını
öz dövrünə uyğunlaşdırıb, tamamilə
yeni məzmunlu nağıllar qələmə
almışdır. İlk dəfə 1697-ci ildə
çap olunmuş "Ana Qazın nağılı, yaxud
keçmiş zamanların hekayətləri" kitabında
bu gün də çox məşhur olan 8 nağıl
toplanmışdır: "Zoluşka", "Çəkməli
pişik", "Qırmızıpapaq", "Yatmış
gözəl", "Göysaqqal" və s. Bu
nağıllar toplusu elə böyük şöhrət
qazandı ki, Fransa aristokratiyasında nağıl dəbi
yaratdı. Xalq süjetlərindən bəhrələnərək
yazılan nağılların sayı getdikcə
artırdı, xüsusən Leprens de Bomon və Barbo de
Vilnyovun yazdığı "Div və gözəl"
nağılı olduqca çox sevildi.
Lakin sadalanan bütün bu
nümunələrdə mətnin dekonstruksiyasından
çox, onun interpretasiyası, yaxud müasir dövrə
uyğunlaşdırılması müşahidə olunur. Dekonstruksiya
edilmiş nağıl süjetində isə adətən,
hadisələrə alternativ baxış sərgilənir;
başqa sözlə, mətnin dəyişdirilməsi konkret məqsədə
- həyat həqiqətləri və konfliktlərini təsvir
etməyə xidmət edir, hadisələrin mahiyyəti, qəhrəmanların
xarakteri, gerçəkliyə münasibəti tamamilə fərqlənir.
Dekonstruksiya
anlayışını ən sadə və bəsit şəkildə
izah etsək, deyə bilərik ki, o, müasir incəsənətdə,
fəlsəfə və ədəbiyyatda geniş işlənən
termin olaraq, stereotiplərin dağıdılması və ya
köhnənin yeni kontekstdə qəbul edilməsi kimi başa
düşülür. Lakin Jak Derrida dekonstruksiyaya adekvat olaraq,
onu birmənalı şəkildə izah edən hər
hansı bir ifadənin mövcud olmadığı haqqında
"xəbərdarlıq edirdi". Belə
ki, mahiyyət etibarilə nə tənqid, nə də təhlil
olan dekonstruksiyanı birbaşa artıq mövcud olanın
dağıdılması kimi qəbul etmək də onun tam
olaraq anlaşılmasına gətirib çıxarmır;
çünki köhnənin inkar edilməsi, eyni zamanda, həm
də yeninin yaradılması - rekonstruksiyası,
rekompozisiyasıdır.
Mətnin oxunmasını həm də
ona yeni mənalar vermək kimi izah edən Pol de Mannın təbirincə
desək, dekonstruksiya edilmiş mətnin
anlaşılmasında yekun rəy yoxdur və oxucunun bir vəzifəsi
də mətndəki bu çoxqatlılığı anlaya
bilməkdir. Maraqlıdır ki, otuz ildən
artıqdır müasir sənətə tətbiq edilən və
təhlillərdə geniş istifadə olunan
"dekonstruksiya" anlayışı konkret üslub olaraq
müəyyənləşdirilməyib. "Şüurun
daxili ziddiyyətlərinin aşkarlanması" zərurətindən
yaranan dekonstruksiya məfhumu qeyri-universal, yəni daha çox
konkret mətnlərə tətbiq olunan unikal, təkrarsız
nəsnədir.
Dünyada ən məşhur
nağıl mətnləri dekonstruksiya edilərək, yeni, fərqli
variantda işlənmişdir. Məsələn,
"Yatmış gözəl" nağılının
dekonstruksiyasında şahzadə yatmış gözəli
öpüb ayıltmaq əvəzinə, ona təcavüz
edir. Yaxud Zoluşkanın paxıl
bacıları başmaq ayaqlarına olsun deyə, öz
dabanlarını kəsib balacalaşdırırlar. Anjela Karter "Qırmızıpapaq"
nağılını "Canavar birliyi" şəklində
dekonstruksiya etmiş və 1984-cü ildə rejissor Nil Cordan
onun əsasında eyniadlı film çəkmişdir. Burada gənc və məsum Qırmızıpapaq
Canavarın sevgilisinə çevrilir; feminist müəllifin məqsədi
bu metafora vasitəsilə canavar-kişilərin
dünyasında qadının həmişə qurban olduğu
mesajını ötürməkdir. Ancey
Sapkovskinin "Sonuncu arzu" kitabına, əsasən,
nağıl dekonstruksiyaları toplanıb. Müəllifin məqsədi nağıl vasitəsilə
satira yaratmaqdır. Bu mətnlərdə
demək olar ki, nağıl "qətlə yetirilib",
üzü astarına çevrilib. Bu
cür misalların sayını xeyli artırmaq olar. Nağılların bu şəkildə "devrilməsi"
sübut edir ki, yaşadığımız dövr əxlaqi
ideallara inanmır, sehri absurd hesab edir, xeyirin yerini şər
alır, yaxşılıqları pisliklər əvəz edir,
gerçəklik tünd boyalarla təsvir edilir. Sanki
dekonstruksiya olunmuş mətn orijinal mətnə etiraz əlaməti
olaraq yaranır: "gerçəklik belə ola
bilməz, uydurmalarla sizi aldadırlar, həqiqət daha qəddardır"
fikri təlqin olunur.
"Dekonstruksiya - bir küll
halında nağılın, əxlaqi qəhrəman
obrazının sonu, sehrin absurdla, hisslərin əqli
mühakimə ilə əvəzlənməsidir." (V.Pustovaya)
Nağıllar üçün aparıcı olan miflər
yazarları artıq qane etmir, onu gülüş obyektinə
çevirir, əsas məğzini alt-üst edib tamam yeni
yanaşma ilə fərqli nəticələrə varırlar.
Çağdaş Azərbaycan
ədəbiyyatında bu baxımdan ən çox diqqətimi
çəkən əsər "Cırtdan" xalq
nağılından dekonstruksiya edilmiş "Kim
yatmış, kim oyaq" hekayəsidir. Müəllif Rasim Qaraca
Cırtdanın yoldaşları ilə birgə Divin evində
keçirdiyi gecənin təfsilatını fərqli şəkildə
nəql edir: nağıldakı Divdən fərqli olaraq, hekayədəki
Div heç də Cırtdanın hiyləsinə aldanacaq qədər
axmaq deyil, əksinə, həmişə ayıq-sayıq olan
Cırtdanın başının altına yastıq qoyacaq, dərin
və şirin yuxuya dalmasına səbəb olacaq qədər
ağıllıdır. Postmodern estetikası ilə yazılan
bu mətn folklordakı Cırtdan avtoritetini məhv edir:
buradakı qəhrəman ağlı və
diribaşlığı sayəsində yoldaşlarını
və özünü xilas etmək üçün Divi məhv
edə bilən zirək bir obraz deyil, "zirəkliyi"
yalnız özünü və nənəsini (ən yaxın
ətrafını) "xilas etmək"də görən
bir surətdir. "Dünya
görmüş" Div bapbalaca boyu ilə onu devirmək istəyən
Cırtdanın oyaq qalmasının səbəbini soruşanda
bəlli olur ki, Cırtdanın məqsədi heç də
Divi devirmək deyil, o, sadəcə, xalqını xilas etmək
arzusundadır. Div arqumentlər gətirərək
Cırtdanı inandırır ki, yalnız bir parça
"yağlı əppək"dən ötrü onun
yanında olan bu "xalq" üçün fədakarlıq
etməyə dəyməz.
Müəllif folklorda, mifologiyada
şər qüvvə kimi təsvir olunan, bu dekonstruksiya-hekayənin
sonunda isə əzazil görkəmindən əsər-əlamət
qalmayan Divi postmodern mətnin tələbinə uyğun olaraq,
oxucuya kiçik detallarla tanıdır; haqqında fikir
yürütməyi də, onun şirin nağılını
dinləyəndən sonra canını xoş rahatlıq
bürüyən və "həyatının ən dərin
yuxusuna dalan" Cırtdanı da dəyərləndirməyi
oxucunun ixtiyarına buraxır. Belə ki,
posmodern mətnlərin bir özəlliyi də oxucuya müstəsna
fəallıq verilməsindədir. Hətta
bəzi nəzəriyyəçilər yazarın mətn
üzərindəki müəlliflik hüququnu tamamən inkar
edirlər.
R.Bartın oxucu fəallığına
sərhəd qoymayan konsepsiyası dəyərlər
daşıyıcısı olan müəllif haqqında mifi
darmadağın edir. O, müəlliflə oxucunu qarşı-qarşıya
qoyaraq onların ünsiyyətini mümkünsüz sayır.
Mətn üzərindəki bütün səlahiyyətlərin
oxucuya aid olduğunu iddia edən R.Bart yazarı metaforik şəkildə
mətnin "atası" adlandıraraq, onun üzərində
heç bir səlahiyyətə malik olmadığını
vurğulayır və qeyd edir ki, müəllifin fikirləri
ilə hesablaşmaq lazım deyil. Başqa
sözlə, onun mövcudluğunu tamamilə inkar edərək
iddia edir ki, artıq əsərin müəllifi deyə bir
anlayış yoxdur, sadəcə skriptor, yəni yazan var.
Haqqında bəhs olunan hekayədə
də müəllifin yönləndirici mövqeyi
müşahidə olunmur, hansı tərəfin daha
yaxşı və ya daha pis olduğuna yalnız oxucu qərar
verir: ilk fürsətdən yararlanaraq öz ideallarına,
davamçılarına arxa çevirib Divin nökəri
olmağa, boyunduruq altına girməyə razı olan
Cırtdanmı mənfi obrazdır, yoxsa səlahiyyətlərindən
istifadə edərək onsuz da əzilməyə meyilli olan
cırtdanları satın alan Divmi?! Cırtdan
dostlarını yuxuda qoyub Divlə alverə başlayır.
Dostlarına nəzərən oyaq olan Cırtdan
Divə nəzərən yenə yatıb. Cırtdanlar ona görə cırtdan olaraq
qalırlar ki, divləşib (burada müsbət anlamda) öz
mənfəətlərini bir kənara qoymağı,
ümumun, xalqın, dövlətin rifahını şəxsi
mənafelərindən üstün tutmağı
bacarmırlar. Beləcə, Rasim
Qaracanın "Kim yatmış, kim oyaq" hekayəsi
uşaq nağılının dekonstruksiya edilmiş
variantı olaraq, böyüklər üçün hekayəyə
çevrilir.
Çağdaş uşaq ədəbiyyatında
folklora müraciət edilməsinin müxtəlif nümunələrinə
rast gəlsək də, bunlar çox vaxt sadəcə, motivlərdən
yararlanma, yaxud nağıl qəhrəmanının müasir
bədii mətnə gətirilməsi şəklində təzahür
edir. Burada artıq mətnin dekonstruksiyasından deyil,
yalnız əsərin motivlərinə müraciətdən,
nağılın müasirləşdirilməsindən,
interpretasiyasından söz açmaq mümkündür.
Zahid Xəlilin
"Cırtdanla Azmanın yeni sərgüzəştləri"
əsəri də "Cırtdan" uşaq
nağılının motivləri əsasında
yazılıb.
Burada xalq nağılı müəllif
nağılına çevrilir. "Cırtdanla
Azmanın yeni sərgüzəştləri" povesti vahid
süjet xətti üzrə birləşən bir neçə
nağıldan ibarətdir. Prinsipcə,
onların hər birini müstəqil nağıl kimi də qəbul
etmək olar. Əsas obraz və ona aid olan
xüsusiyyətlər nağıldangəlmə olsa da, əsərin
janrı və hadisələrin zamanı müasir qeyri-müəyyən
dövrü əhatə edir.
Povestdəki Cırtdan iddia edir ki, o,
nağıldakı Cırtdan deyil, çünki nağıl
qəhrəmanı olmaqdan bezib və bir gün Divin evinin
yanından sola burularaq, nağıldan çıxıb,
müstəqil həyata başlayıb. Bununla
belə, povestdə də nağılda olduğu kimi, onun ərköyün,
küsəyən, dəcəl bir uşaq olduğunu
müşahidə edirik. Müəllif
nağıldan "qopardığı" qəhrəmanının
yeni əhvalatlarıyla Cırtdanın yeni sərgüzəştlərini
yaradaraq, folklordan gələn nağılın müasir
variantını yaradır. Hətta povestin
içində Cırtdanın uşaqlara məktubu, öz
sözlərilə əhvalatları oxucuya
çatdırılır. Burada müəllif
mətni ilə Cırtdanın mətni iç-içə
yazılır.
Nağılda müəlliflə
dialoqa girən Cırtdan deyir: "Əgər məni görmək
istəyirlərsə, haqqımda bir az düşunsünlər.
Ümumiyyətlə, siz böyüklər balacalar haqqında
az düşunürsünüz. Buna görə də balacaları görə
bilmirsiniz." Cırtdanın dili ilə
uşaqların, yəqin ki, ən böyük problemi dilə
gətirilir. Povestdə müəlliflə
qəhrəmanının dialoqundan belə başa
düşülür ki, əsərdə qətiyyən
şişirtmə olmayacaq. Vaxtaşırı
Cırtdan müəllif nağılına müdaxilə edir,
"gərək bunu xüsusi yazaydın, uşaqlar
üçün filan məsələ daha çox
maraqlıdır" deyə, müəllifin diqqətini
müəyyən məqamlara cəlb edir. Başqa
sözlə, bu cümlələrlə müəllif
uşaqları hadisələrin gerçəkliyinə, əhvalata
özündən heç nə artırmadığına
inandırmağa çalışır.
Müasir düşüncədə
nağıl epizodların rəngarəngliyi, hadisələrin
inkişaf dinamikası ilə seçilən janrdır. Zahid Xəlilin
nağılında Cırtdan azərbaycanlıdır, vətəni
Yevlaxdır, Yuri Qaqarinlə dostdur, hətta onunla birlikdə
ilk dəfə kosmosa uçan uşaqdır. Sadəcə, onun yalnız gizli şəkildə
kosmosa uçmasına icazə verilib, buna görə jurnalistlər
təkcə Yuranın uğurlarından danışır,
bapbalaca Cırtdanın heç fərqinə belə,
varmırlar. Əksər nağıllarda
yol motivi qabardılır və bu motiv nağılın
süjetqurmasını təşkil edir. Zahid
Xəlilin nağıldangəlmə povest qəhrəmanının
da başına gələn hadisələrin çoxu yolla, səfərlə
bağlıdır. Burada Cırtdan
nağıldan çıxıb müasir dünyanın
reallığına keçir, lakin bu reallığı da
nağıl kimi yaşayır; yəni folklordakı
"Cırtdan" nağılının müasir
variantı və müəllif interpretasiyası yaranır.
Zahid Xəlilin povestində Divin əvəzinə Azman olsa da, o,
"Cırtdan" nağılının Divi qədər mənfi
obraz deyil - Cırtdan onun bülbül cəh-cəhinə bənzəyən
tütək səsini eşidərkən bəyənməsindən
əmin olur ki, Azman "yaxşı adamdır". Azman da Div
kimi yekəpərdir, amma o, adam yemir; bir
oturuma 20 təndir çörəyi, 30 kotlet, bir vedrə
kompota "azdır, doymayacam" deyib ağlayır. Kepkasının yelkən boyda günlüyü olan,
ciblərinin hərəsinə dünyanın ən uzun
adamına yarayacaq 2-3 yorğan yerləşən Azman
özü də bir uşaqdır və qorxaqdır; hətta
qorxusunu yenmək üçün dərman içir. O,
uşaqlar üçün özü kimi böyük,
bütün gecə davam edən nağıllar toplayan
obrazdır.
Azman onun
nağıllarını sağ-salamat ünvana
çatdıra bilməyən Cırtdanı cəzalandırmaq
istəyir, amma onu tuta bilmir. Cırtdan çox
balaca olduğu üçün Azmanın gah cibində, gah
kepkasının günlüyünün bir küncündə
gizlənir. Nəhayət, Cırtdan onun
hücumlarından qurtulmaq üçün tütək
çalır, musiqi Azmanın uzun-uzadı xəyala
dalmasına səbəb olur və o, Cırtdana heç nə
etmədən uzaqlaşıb gedir. Beləliklə,
nağıl uşaqlara sənətin xilasedici olduğu,
güclü olmaq üçün fiziki
böyüklüyün və gücün deyil, ağlın
vacibliyi ideyasını təlqin edir. Buradakı
ideya "Cırtdan" xalq nağılının qayəsini
davam etdirir. Demək olar ki, bütün
nağıllarda xeyir və şər, müsbət və mənfi
tərəflər qarşı-qarşıya qoyulur və hadisələr
necə cərəyan edirsə, etsin, sonda mütləq xeyirin
qələbəsi ilə bitir.
Sevinc Elsevərin
"Tıq-tıq xanımın nağılı" hekayəsi
sadə dekonstruksiyadır. Burada da Tıq-tıq xanım
özünə dost (ər) axtarmaq üçün yola
düşür, Çoban və Tülkü ilə
rastlaşıb, onların dostluğundan imtina edir və daha
mehriban və "alicənab" Siçanın dostluğunu
qəbul edir. Lakin nağıldan fərqli olaraq,
hekayədə quyuya Tıq-tıq xanım yox, evə ərzaqla
dolu torbayla qayıdanda sevincindən gözü
ayağının altını görməyən Siçan bəy
düşür. Bundan xəbər tutan
Tıq-tıq xanım tez özünü ona yetirib, kömək
əlini uzadır. Siçan soruşur ki,
səni özümlə aparmadığım
üçün məndən küsməmisən ki?
Tıq-tıq cavab verir ki: "Dost dostdan küsərmi
heç? Deyiləm səndən küstərəcik..." Növbəti dəfə xan evinə ərzaq
üçün gedəndə Siçan Tıq-tıq
xanımı da özüylə aparır və bu dəfə
köməkləşdikləri üçün nə ərzaq
yerə tökülür, nə də özü çuxura düşür.
Hekayə müəllifinin
ötürdüyü mesajı ifadə etmək
üçün yenə folklora müraciət etsək, deyə
bilərik ki, "tək əldən səs
çıxmaz", başqa sözlə, "güc birlikdədir."
Bəzi digər Azərbaycan
nağılları da, xüsusən, kukla teatrlarında səhnəyə
qoyulmaq üçün interpretasiya, dekonstruksiya edilir, əsasında
pyeslər yazılır. Bu sıradan "Turpun nağılı"nın dekonstruksiyasından bəhs edən
Aydın Talıbzadə bir neçə il öncə
yazırdı ki, nağılı dekonstruksiya edəndə ətrafa
fəlsəfi tezislər səpələnir. Qəhrəmanları
öz nağıllarından "qoparıb" yenilərinə
gətirəndə onlar yeni zamana, onun tələblərinə
uyğunlaşır, dünyagörüşlərini,
düşüncələrini, əməllərini dəyişirlər.
Əks təqdirdə bir məkandan digərinə
adlamağın - ədəbi oyunların nə mənası
olar, nə də əhəmiyyəti.
Nağıl
dekonstruksiyası və interpretasiyası oxucuya (uşağa) nə
verir? Yəqin ki, oxuduğunu fərqli müstəvidə
dəyərləndirmək, estetik və analitik təhlil
zamanı dekonstruksiya olunmuş mətnin əvvəlki və
sonrakı variantlarını müqayisə edərkən
düşüncənin geniş üfüqlərə yol
açması, nəticədə, oxucunun həm də öz
mətnini düşünməsi imkanı qazandırır.
Hər halda, nağıl mətninin yenilənməsi, dəyişdirilməsi
uşaqlara mətnə "belə də ola
bilər" fikri ilə yanaşaraq, alternativ
düşüncəyə açıq olmaq imkanı, vərdişi
qazandırır.
2015, 2020
Mətanət VAHİD
Ədəbiyyat qəzeti.- 2020.- 5 iyun. S. 20-21.