Təməl

 

Azərbaycan uşaq ədəbiyyatından söz düşəndə həmişə böyük şairimiz Səməd Vurğunun 1944-cü ildə yazdığı "Balalarımız üçün gözəl əsərlər yaradaq" məqaləsini xatırlayıram.

"Uşaq insandır! Onun sadə görünən oynaq, daima xoşbəxt və azad təbiətində böyük insanların bütün xassələri mövcuddur. Düşünmək, duymaq, sevmək, küsüb-incimək, ağlamaq, gülmək, qəzəblənmək, xatırlamaq, xəyala dalmaq, ümid və arzulara bağlanmaq, yaxşılıq, hörmət - bütün insan xassələri uşaq aləmində mövcuddur".

Daha sonra: "Uşaq üçün yazılmış hər bir əsərin əsasında məna gözəlliyi yaşamalıdır. Mənası dayaz, qayə və məqsədi aydın olmayan, ötərgi hisslər və təsirlər tərənnüm edən əsərlər uşağın hafizəsində bir qığılcım kimi parlayıb sönür. Məna gözəlliyinin əsas ruhu insana və təbiətə qarşı məhəbbətdir".

Bir qədər şairanə ifadələrlə deyilən bu fikirlər müasir uşaq ədəbiyyatı üçün də xarakterikdir.

Ara-sıra mətbuata sızan belə bir fikirlə qarşılaşırıq ki, Azərbaycanda uşaq ədəbiyyatı ən geridə qalan bir sahədir. Səbəbini də belə izah edirlər ki, birincisi; uşaq ədəbiyyatına qayğı və dəstək göstərilmir, ikincisi; uşaqlar üçün yazılan əsərlər tədqiqat predmetinə çevrilmir, uşaq ədəbiyyatı ilə bağlı müşavirələr, müzakirələr keçirilmir, üçüncüsü; təkrar, şablon mövzular uşaq ədəbiyyatı nümunələrinə sirayət edir, Abdulla Şaiq, Abbas Səhhət, Mirzə Ələkbər Sabir, Süleyman Sani Axundov, Rəşid Əfəndiyev ənənələri unudulur.

Əlbəttə, bu fikirlərdə azca da olsa, müəyyən həqiqət var, xüsusilə, bir sıra şablon mövzular, stereotiplər uşaqlar üçün yazılmış əsərlərdə də nəzərə çarpır, amma digər iradlarla o qədər də razılaşmaq olmaz. Çünki uşaq ədəbiyyatı heç də geridə qalan bir sahə deyil, 90-cı illərin ədəbi sükutundan sonra bu sahədə bir dirçəliş və inkişaf var. Yeni bir ədəbi nəsil yaranıb ki, onların sayı çox olmasa da, hər halda, yeni dövrün yeni uşaq ədəbiyyatının yaranmasında fəal iştirak edirlər. Hər il Nizami adına Ədəbiyyat İnstitutunda ilin ədəbi yekunları ilə bağlı müşavirələr keçirilir, burada uşaq ədəbiyyatı ilə bağlı bir neçə məruzə dinlənilir, bu məruzələr "Ədəbi proses" seriyasından olan toplularda da çap olunur. Elə həmin institutda bir neçə il öncə ayrıca "Uşaq ədəbiyyatı" şöbəsi də yaradılıb. Əlbəttə, ədəbiyyatın hər bir sahəsində olduğu kimi, uşaq ədəbiyyatında da müəyyən çatışmazlıqlar nəzərə çarpır, amma müasir dövrdə "Azərbaycanda uşaq ədəbiyyatı ən geridə qalan bir sahədir" fikri doğru deyil.

Uşaq ədəbiyyatının ən parlaq, sürəkli dövrü keçən əsrin əllinci-səksəninci illəri ilə bağlıdır. Əgər orta əsrlərdə və XX əsrin ilk onilliklərində yaranan uşaq ədəbiyyatı nümunələri 50-80-ci illər uşaq ədəbiyyatı üçün bir təməldirsə (görüb-götürmək, yaranan ənənələrdən faydalanmaq), əllinci-səksəninci illərdə meydana çıxan nümunələr də XXI əsrdə uşaq yazıçıları üçün bir təməl olmalıdır.

Təməl dedim. Məqsədim, ilk növbədə, 50-80-ci illərdə Azərbaycan uşaq ədəbiyyatı nümunələrini imkan daxilində nəzərdən keçirmək, ayrı-ayrı müəlliflərin bu sahədə yaradıcılığı ilə qısaca da olsa, sizi tanış etməkdir. Yeri gəlmişkən qeyd edim ki, uşaq ədəbiyyatını yaradanlar sırasında təkcə sırf uşaq ədəbiyyatı ilə məşğul olan yazıçıları deyil, həm də digər sənətkarları da görürük. Bu o deməkdir ki, uşaq ədəbiyyatını mütləq mənada yalnız uşaqlar üçün yazan şair və nasirlərin yaradıcılığı kimi dərk etmək doğru deyil. Məsələn, S.Vurğun, M.Cəlal, S.Rəhimov, İ.Əfəndiyev, R.Rza, Ə.Vəliyev, S.Rüstəm, Ə.Məmmədxanlı, O.Sarıvəlli, Q.İlkin, S.Qədirzadə, Ə.Cəmil, N.Rəfibəyli, M.Rahim, daha sonra B.Vahabzadə, Xəlil Rza Ulutürk, Ə.Əlibəyli, Z.Cabbarzadə, H.Abbaszadə, H.Arif, İ.Səfərli, Elçin, M.H.Təhmasib, Z.Xəlil, Ə.Kürçaylı, Qabil, Fikrət Sadıq, Fikrət Qoca, Əli Kərim, M.Araz, M.Aslan, İ.İsmayılzadə, Ə.Salahzadə, R.Zəka kimi sənətkarlar da M.Seyidzadə, M.Rzaquluzadə, M.Dilbazi, X.Əlibəyli, Əyyub Abbasov, Yusif Əzimzadə, Teymur Elçin, Əmrah Əmrahov, Bayram Həsənov, Tofiq Mahmud, Nəriman Süleymanov, Əli Səmədov, Əzizə Əhmədova, Ələviyyə Babayeva, Eynulla Ağayev, Xalidə Hasilova, Həbibə Zeynalova kimi uşaq ədəbiyyatı ilə daha çox məşğul olan yazıçılarla bir sırada bu ədəbiyyatın yaranmasında iştirak edirdilər. Elə bircə Xalq şairi Rəsul Rzanın "Balacaların təbiət ensiklopediyası" seriyasından çap etdirdiyi "Güllər, çiçəklər", "Ev quşları", "Çöl quşları", "Cücələr", "Bostan və tərəvəz bitkiləri", "Ev heyvanları", "Ağaclar" silsiləsi kiçikyaşlı uşaqlara poetik informasiyalar kimi təqdim edilir. Yaxud bənzərsiz şair Əli Kərimin uşaqlar üçün yazdığı altı poeması, İsa İsmayılzadənin "Gedim anamdan soruşum", Xəlil Rza Ulutürkün "Marallar da duz yeyərmi" şeirlər kitablarının bütünlüklə balaca uşaqlara həsr olunması, Fikrət Sadıxın, Fikrət Qocanın, Məmməd Aslanın uşaqlara həsr etdiyi şeirlər bir daha sübut edir ki, ədəbiyyatda "böyüklər üçün", "kiçiklər üçün" bölgüsü yoxdur. Əsas məsələ necə yazmaqdadır, şeirdirsə - ifadə gözəlliyindədir, poetik obrazlarla, orijinal bədii təsvir vasitələri ilə diqqəti cəlb etməsindədir, nəsr əsəridirsə - xarakterik bir hadisənin necə canlandırılmasında, təhkiyə tərzinin, süjet xəttinin sənətkarlıqla təqdimindədir. Məsələn, qış fəsli haqqında bütün şairlərimiz şeirlər yazıb, amma Camal Yusifzadənin qış haqqında bu şeiri uşaqlar üçün o fəslin gözəlliyini duymağa ən yaxşı nümunədir:

 

Qışam,

 

Qışam,

 

Qışam mən.

 

Bağçalara, bağlara

 

Qar olub qonmuşam mən.

 

Qışam,

 

Qışam,

 

Qışam mən,

 

Dəstəsindən qırılmış

 

Bir qaranquşam mən.

 

Bahardan qalmışam mən,

 

Günəşin baxışından,

 

Baharın qorxusundan,

 

Bəlkə ağarmışam mən.

 

50-80-ci illərin uşaq ədəbiyyatından söz açarkən, ilk növbədə, bu sahədə saç ağartmış iki sənətkarı yad etməliyik - Mikayıl Rzaquluzadə və Mir Mehdi Seyidzadəni. "Azərbaycan uşaq ədəbiyyatı" dərsliyində mərhum professor Qara Namazov bu iki sənətkarın yaradıcılığından geniş söz açıb. Mikayıl Rzaquluzadə demək olar ki, bütün yaradıcılığını uşaqlara həsr edib, şeirlər yazıb, poemalar, mənzum nağıllar, hekayələr qələmə alıb, hətta uşaq ədəbiyyatı ilə bağlı ədəbi-tənqidi məqalələrlə çıxış edib. M.M.Seyidzadə uşaqlar üçün gözəl pyeslər də qələmə almışdı: "Ayaz", "Fitnə", "Cırtdan", "Büllur qəsr" və s. Bu iki qocaman uşaq yazıçılarının sırasına Xalq şairi Mirvarid Dilbazinin də adını əlavə etmək olar. Doğrudur, Mirvarid xanımın yaradıcılığı təkcə uşaq ədəbiyyatı ilə məhdudlaşmayıb, amma onun əsasən orta və böyükyaşlı məktəblilər üçün qələmə aldığı şeirləri, poemaları və pyesləri uşaq ədəbiyyatına qiymətli töhfələr idi.

Uşaq ədəbiyyatının inkişafında bir sıra elə müəlliflərin adını çəkə bilərik ki, bu gün onlar az qala unudulublar. "Zəngəzur" kimi çox qiymətli bir tarixi romanın müəllifi olan Əyyub Abbasov (1906-1957) həm də uşaqlara gözəl şeirlər, poemalar, pyeslər bəxş edib. Eynulla Ağayev (1907-1978) adlı uşaq yazıçısının adını kimsə Xatırlayırmı? Biz Zeynal Cabbarzadəni 200-dən çox mahnılarından tanıyırıq. Halbuki o, kiçikyaşlı məktəblilər üçün şeirlər, tapmacalar, poemalar, nağıllar qələmə alıb. Əlbəttə, bu "unudulmuş" söhbətini Xalq yazıçısı Qılman İlkin haqqında söyləyə bilmərik. Qılman müəllimin "Ömrün oğlan çağı" və "Üçtəpə uşaqları" povestləri o dövrün gənc oxucularının yaxşı yadındadır. Elə indinin də. Eyni fikri Teymur Elçin haqqında da söyləmək olar. Azərbaycan uşaq ədəbiyyatına müasir elm və texnikanın nailiyyətlərini əks etdirən "Bip-bip", "Qızılduz, Yaşar, Nur nənə" poemalarının müəllifi də Teymur Elçin idi və bu poemalarla Teymur Elçin fantastikanı uşaq ədəbiyyatına gətirən ilk müəllif oldu. Uzun müddət Azərbaycan uşaq mətbuatında çalışan Tofiq Mahmud da unudulmur. Onun vaxtilə redaktor olduğu "Göyərçin" jurnalı indi də uşaqların sevimli jurnalıdır. O, həm bu jurnalda, həm də digər mətbuat orqanlarında uşaqlara həsr etdiyi şeirləri, poemaları ilə diqqəti cəlb edirdi. Bu əsərlər əsasən pioner və məktəblilərin həyatından bəhs edirdi, amma onun Azərbaycan təbiətinin gözəl guşələrinə həsr etdiyi və uşaqların sevə-sevə oxuduqları "Bu torpağı tanı sən!" silsiləli şeirləri, həmçinin "Sehrli meşəbəyi" poeması da unudulmur. Məmməd Aslanın - Azərbaycan folkloruna çox yaxşı bələd olan bu gözəl şairin uşaqlar üçün yazdığı "Səhəri kim açır", "Dəvələr niyə göyşüyür", "Böyürtkən-böyrü tikan" şeir kitabları da o zamankı balaca oxucuların sevdikləri şeir kitablarıydı.

Təbii ki, bu icmal-məqalədə Azərbaycan uşaq nəsrini də unutmaq olmaz - Xalidə Hasilovanı, Ələviyyə Babayevanı, Əzizə Əhmədovanı, Əli Səmədlini... İndi onların heç biri həyatda yoxdur. Amma Xalidə xanımın "Lalənin kitabı", "Dəniz çıraqları" Ələviyyə Babayevanın "Sabirin bağçası", Əzizə Əhmədovanın "Balaca və damda yaşayan Karlson", Əli Səmədlinin "Aqil babanın nağılları", "Məktəb səhnəsi", "Xəbərçi zəng" əsərlərini (Əli Səmədli həm də uşaqlar üçün pyeslər də yazmışdır) yaşadıqları dövrün uşaq aləmini əks etdirən əsərlər kimi qiymətləndiririk. Və burada uzun illər Gənc Tamaşaçılar Teatrında çox uğurla oynanılan "Anacan" pyesinin də adını çəkə bilərik, yurdsuz uşaqların taleyindən söz açan bu pyesin müəllifi Yusif Əzimzadə idi.

Burada bütün xatırlatmalara son qoyuram. İstəyirəm ki, çox sevdiyim dörd uşaq şairinin yaradıcılığından qısaca söz açım.

Xanımana Əlibəylini ağlım kəsəndən uşaq şairi kimi tanımışam. Orta məktəbin aşağı siniflərində oxuyanda dərsliklərdə şeirlərini əzbərləmişəm, kənd kitabxanasından "Dovşanın ad günü", "Meşə həkimi", "Novruz və Murtuz", "Yaz konserti", "İşləməyən dişləməz", "Uşaq mahnıları" kitablarını alıb evə gətirmişəm, sevə-sevə oxumuşam. Bu kitablardakı şeir və hekayələr məni valeh etmişdi. Üzünü görmədiyim bu müəllif böyük dünyaya gedən yolda ilk bələdçilərimdən oldu. Elə o zaman hiss elədim ki, Xanımana Əlibəyli Azərbaycanda yaşayan hər bir uşağın qəlbinə belə hakim kəsilə bilər. Sonralar öz uşaqlarıma da Xanımana Əlibəylinin şeirlərini, hekayələrini oxutdurdum, indi isə nəvələrim oxuyur.

 

Xanımana Əlibəylinin "Yol" adlı bir şeiri var və istəyirəm onun yaradıcılığı barədə bu qısa söhbətə də elə həmin şeirlə başlayım:

 

Yollar dünyada çoxdur,

 

Sayı-hesabı yoxdur.

 

Bostan yolu, bağ yolu,

 

Aran yolu, dağ yolu.

 

Bir yol var ki, dünyada

 

Onu getmirsən hədər.

 

Həmişə düşür yada, -

 

Qoca olana qədər.

 

Bax, uşaqla doludur,

 

O, məktəbin yoludur.

 

Bu şeiri Xanımana Əlibəylinin bütün yaradıcılığı üçün bir bələdçi şeir hesab etmək olar.

 

Bu yazıda gözəl uşaq şairi İlyas Tapdıqdan da söz açmaq istərəm. Ona görə ki, son 60 ilin uşaq poeziyasını İlyas Tapdığın yaradıcılığı olmadan təsəvvür eləmək mümkün deyil. Burada görkəmli yazıçı-tənqidçi Elçinin təxminən 27 il əvvəl yazılmış və indi də aktuallığını itirməyən "Azərbaycan uşaq ədəbiyyatı haqqında" məqaləsinə müraciət etmək istəyirəm. Elçin müəllim yazırdı: "Azərbaycan uşaq ədəbiyyatının, xüsusən şeirinin istedadlı nümunələrində məhz bu cəhət, yəni sözün ən sadə, lakin emosional təsir baxımından tez sirayət edən, rahat qavranılan, yaddaqalan, təmtəraq, elitarlıq və quramaçılıqdan uzaq xəlqi çalarından istifadə etmək bacarığı özünü göstərir. M.Ə.Sabirin, A.Səhhətin, A.Şaiqin uşaq şeirlərində formalaşan və Azərbaycan uşaq poeziyasının M.Seyidzadə, M.Rzaquluzadə, T.Elçin, X.Əlibəyli kimi görkəmli nümayəndələri tərəfindən cilalanıb inkişaf etdirilən həmin poetik xətt bu gün M.Əliyev, T.Mahmud, İ.Tapdıq, Z.Xəlil, Eldar Baxış, Sabir Məmmədzadə, Mir Sabir kimi uşaq şairlərinin əsərlərində estetik bir leytmotiv rolunu oynayır və uşaq poeziyasının effektli mütaliə və idrak materialına çevrilməsinə münbit zəmin yaradır".

Qeyd edim ki, İlyas Tapdığın gözəl bir uşaq şairi olmasından, şeirlərində uşaq psixologiyasına bələdliyindən və bu sahədə ardıcıl fəaliyyət göstərməsindən digər müəlliflər də söz açmışlar. İlyas Tapdıq uşaq şeirlərində uşaqları təkcə dünyanın bilməcələri ilə tanış olmağa deyil, həm də gələcəyə qanadlandırır. Bir nümunə göstərək:

 

Nənənin

 

Evində

 

gəbə var.

 

Gəbənin

 

Üstündə

 

dəvə var.

 

Dəvənin

 

Belində

 

təpə var.

 

Təpənin

 

Üstündə

 

nəvə var...

 

...Təpələr

 

Üstündə

 

Oynaşır nəvələr.

 

İlyas Tapdığın əksər uşaq şeirləri bax beləcə oxunaqlı, təsəvvür yaradıcı, məlumatlandırıcı şeirlərdir. Bu şeirlərin çoxunda İlyas müəllim Azərbaycan şeirinə məxsus alliterasiyalardan məharətlə istifadə edir (xüsusilə, onun yanıltmacları). Məsələn, onun çox qısa bir şeirini nümunə gətirək: Daşkəsən dağ şəhəri, dağların şəhəri.

Məstan Günər (Əliyev) yeganə şairdir ki, uşaqlar üçün yazdığı şeir və poemalarına görə həm Azərbaycan komsomolu mükafatı laureatı, həm də Azərbaycan Dövlət mükafatı laureatı fəxri adına layiq görülüb. O, müasir Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri idi, yaradıcılığı haqqında həm sağlığında, həm də vəfatından sonra xeyli məqalələr yazılıb (X.R.Ulutürk, Balaş Azəroğlu, Hikmət Ziya, Akif Hüseynli, Məhərrəm Qasımlı, Vaqif Yusifli, Elnarə Akimova, Cavanşir Yusifli, Rafiq Yusifoğlu, Əjdər Ağayev, Allahverdi Eminov və b). Bu müəlliflərin əksəriyyəti onu həm də uşaqlarla öz dilində danışmağı, öz aləmində görməyi və təsvir etməyi bacaran, uşaq psixologiyasını duya bilən, balacalara Vətəni, təbiəti, ata-ananı, müəllimləri sevdirən bir sənətkar kimi təqdir etmişlər. Onun uşaqlar üçün yazdığı şeirlər də öz orijinallığı ilə seçilir.

 

Ay Şahanə, Şahanə,

 

Söylə, nə verim sənə?

 

Nağılmı istəyirsən,

 

Noğulmu istəyirsən?

 

Dişlədi barmağını,

 

Fikrə getdi o, bir az.

 

"Nağıldan keçmək olmaz,

 

Noğuldan keçmək olmaz".

 

Hansını seçsin indi?

 

Lap çətinə düşdü qız.

 

Dedi: ata, noğulun

 

Dadı qaçar nağılsız.

 

Məstanın şeirlərində doğrudan da bir nağıl şirinliyi var. Uşaqlar bu şeirlərə qulaq asanda həm o şeirlərdə təsvir olunan hadisəni maraqla izləyir, sonunun necə qurtaracağını düşünürlər. Məstan Azərbaycan təbiətinə yaxşı bələd idi və uşaqlara da təbiəti sevdirməyi bacarırdı.

Məstan uşaqlara yazdığı şeirlərdə həm də bir müəllim kimi nəzərə çarpır, onlara suallar verir, ya da uşaqların suallarına cavab verir. Onun şeirlərində çoxlu uşaq adları sadalanır: Süsən, Gülər, Elşən, Kərəm, Elbəy, Babək, Cəbi, Orxan, Eldar, Aycan, Qəşəm, Göygöz, Aypara, Kərim, Nərgiz, Nazim, Vüqar Ovçu və bir də Ovçu İbiş-Gopçu İbiş. Ovçu İbişin "gopçuluğuna" aid bir poema da həsr edib. Onun yalanları bir sıra bilməcələri dərk etməyə ünvanlanır. O, uşaqlara deyir ki: Getmişdim ov dalınca, Qayada keçi gördüm, Doludur keçilərlə qayanın içi gördüm. Uşaqlar deyirlər ki, bu, yalandır, qayada keçi olmaz. İbiş sonra qayada öküz gördüyünü, qayalarda adamların yallı getdiyini, onların birinin əlində ox olduğunu söyləyir. Və sonra uşaqlara izah edir ki: "Yamanca tənbəlsiniz, Getmirsiniz heç yana. Yığım sizi mən gərək Aparım Qobustana". Beləliklə, onun yalanları gerçəkləşir, Qobustan tarixi abidəsinin obrazı canlanır. Məhz bu poemaya və "Çalğıçı quşlar" şeirlər kitabına görə Məstan Respublika Dövlət mükafatına layiq görülmüşdü.Yeri gəlmişkən qeyd edim ki, Məstanın "Ağacda leylək", "Lovğa Murtaz", "Çoxbilmiş keçi", "Dəcəl dələ, qorxaq dovşan və qorxmaz küçük" poemaları və nağıl-təmsilləri də uşaqların maraqla oxuduqları əsərlər idi.

Tofiq Mütəllibov da tanınmış uşaq şairi idi. Onun "Cücələrim" şeiri az qala dünyanın bütün ölkələrini gəzmişdi. "Ay qəşəng cücələrim, Tükü ipək cücələrim" - Qənbər Hüseynlinin bu şeirə bəstələdiyi mahnının qocalmaq və köhnələşmək qorxusu olmayıb. T.Mütəllibov adi həqiqətləri qələmə alırdı, özü də uşaqların anlayacağı dildə.

Uşaqlar üçün yazılan şeirlərdə vətənə sevgilər də aparıcı xətlərdən biridir. Amma Vətən sevgisini, Vətənin tərənnümünü şablon və standart şəkildə təsvir eləmək doğru deyil. Tofiq Mütəllibov "Necə bəxtəvərsən" şeirində Vətən sevgisini konkret olaraq Abşeronun gözəlliyi timsalında reallaşdırır:

 

Abşeronun torpağı

 

Çiçəkdir, güldür yenə.

 

Abşeronun göyləri

 

Bir qızıl tüldür yenə.

 

Mən müasir uşaq şairi və tanınmış ədəbiyyatşünas Rafiq Yusifoğlunun "Uşaq ədəbiyyatı, onun xüsusiyyətləri, məqsəd və vəzifələri" yazısından bir misal gətirim və bununla da söhbətimə xitam verim. "Bir dəfə görkəmli ispan şairi Federiko Qarsia Lorkadan soruşurlar: "Nə üçün sənin şeirlərin mənalı, qısa və aydındır?". Lorka gülümsünərək cavab verir: "Ona görə ki, mən şeir yazanda həmişə gözlərimin qarşısında balaca bir qız uşağı canlanır. O, özündən hündür gülü dərmək üçün boylanır, ancaq əli çatmır". Uşaq ədəbiyyatı nəinki özündən hündür gülə, eləcə də Günəşə, Aya, gələcəyə boylanan bəşər övladının ədəbiyyatıdır".

...Bu icmal-məqalədə mən Azərbaycan uşaq ədəbiyyatının keçən əsrin 50-80-ci illərdəki mənzərəsini (tam olmasa da) qısaca canlandırmaq istədim. Təbii ki, unudulanlar da oldu. Amma məqsədim bu idi ki, həmin illərdə yaranan uşaq ədəbiyyatı nümunələri bu günün uşaq ədəbiyyatı üçün də bir təməldir.

 

Vaqif YUSİFLİ

Ədəbiyyat qəzeti.- 2020.- 5 iyun. S. 22-23.