Analar bir günəşdi, övladlar günəbaxan.
Dolu
Tamaşadı,
baxanların gözü
doymayır.
Dəcəl dolu özü çalıb
özü oynayır.
Dibçək
Aşdı-daşdı
gül çiçək.
İçində itdi dibçək.
Şaftalı bağında
Alı baxdı Vəliyə,
Vəli baxdı Alıya.
Bir-birinə him edib
Cumdular şaftalıya.
Bir də baxıb gördülər
Sənəm nənə yetişib.
And içdilər: - Yemirdik,
ha,
baxırdıq ki, yetişib?
Qoruqçu çay
O üzünə
keçmək olmur.
Biçənəyi
Biçmək olmur.
Dolu gəlir
O tay - bu
tay.
Təbrik
edin,
Yaz gələndən
İşı çıxıb
Qoruqçu çay
Pinti qız
Verib kol-kosa,
söküb donunu.
Anası
yaman
dalayıb onu.
İşə qarışıb
tikiş maşını.
İncik
bulayır
o da başını.
Yağış
Səhərə kimi
Yağış döşədi.
Düzə gör necə
Naxış döşədi.
Analar bir günəşdir
Ana adı, ünvanı
deyildir yaddan çıxan.
Analar bir günəşdi,
Övladlar günəbaxan.
Vüqarın çəkməsi
Çəkmənin səsi
onu satmışdı.
Qoruqçuyacan
gedib çatmışdı.
O da çəkməni
qoyub qaçmışdı.
Yenə
başına
oyun açmışdı.
İndi
qoruqçu
haray salıb ki:
- Alma yeyəcək
tapsa çəkmənin
sahibini kim.
Tək ağac
Qırıb bəndi-bərəni,
su basıb arxı gecə.
O üzdə qalan ağac
elə bil çırmanıb ki,
adlayıb arxı
keçə.
Dərə
Yer qalmayıbdı
azğın sellərə.
Ağzına qədər
güllə-çiçəklə
dolubdu dərə.
Dağ çayı
Durub dağ çayı
dağlardan qaçır.
Qorxmur azmağa,
çünki yolunu
o, özü açır.
Dava
Kağızdan quş düzəldib
Adil atdı
havaya.
Məstan
pişik sıçradı
Əlbəyaxa davaya.
Lalənin güllü donu
Lalənin güllü donu
Gül-çiçəkli, qarmonu.
Küləklər yırğalayıb
Necə çalır gör onu.
Sərvaz Hüseynoğlu
Ədəbiyyat qəzeti.- 2020.- 5 iyun. S. 23.