Şokoladlı ev
Bu ki bəzəkli tortdu...
Burda ev
var, çəmən
var.
Poladın ad günüdü
-
Bilirsiniz, uşaqlar?
Xalası bişirən
tort
Necə də dadlı olur.
Toy-bayram günlərində
Həmişə adlı olur.
Bu gün də bax, xalası,
Yenə təbrikə çatıb.
Əlvan-əlvan xəyalı,
Dadlı aləm yaradıb.
Polad yaman sevindi,
Bilmir neyləsin indi.
Söylədi, - durun,
kənar
Şokoladlı bu evi
Axı, uçurmaq olar?
Dirriyimiz, diriliyimiz
Ay Bənövşə,
Bənövşə -
Evə çağır Cəfəri.
Səslə dirriyə
getsin,
Bir az
yığsın cəfəri.
Keşnişə də əl atsın,
Böyürtkəni qanatsın.
Bala dönüb çiyələk,
Sırğaları ləkbələk.
Torpaq baldı,
barlıdı,
Becərmişik dirriyi.
Axı, nə yox süfrədə?
Bol bərəkət,
bu zəhmət -
Evimizin diriliyi.
Ballıca
Günəşi bollucadı,
Otu daşdan ucadı.
Adam burda itər ki,
Bu çəmən
Ballıcadı.
Rənglər rəngə
qarışıb,
Tikan güllə barışıb.
Şehlə gözünü
qırpan
Bu çəmən
Ballıcadı.
Dağlarla boy-boyadır,
Nərdivanı qayadır.
Bu ovsundan ayıl di...
Bu çəmən
Ballıcadı.
Yanağına xal çəkən,
Çiçəyindən "bal" çəkən,
Arıları - uşaqlar
Çəmənim Ballıcadı.
Yağış yağır
Bıldır, bıldır
Yağır yağış.
Budur, budur,
Yağır yağış.
Quraqlıqlar
Çiçəklənir.
Solmuş kollar
Ürəklənir.
Damçıları
Saya-saya.
Gölməçələr
Güzgü tutub,
Baxır Aya.
Axır şirin
Yuxu tutdu
Yatdı yağış.
Bal-şəkərə
Batdı yağış.
Sünbüllü şeir
Çörək boldu
Süfrədə.
Çörək baldı
Süfrədə.
Qırıb qırağa
Atma.
Qədrini bil
Loxmanın.
İşığı hər
Daxmanın.
Əkinçi ol, əkində,
Biçinçi ol, biçində.
Bu deyimlə
öyün sən.
Əllərinə baxaraq,
Kimsən axı,
Deyim sən...
Qaratoyuq
Adın Qaratoyuqdu,
Nə qəribə adın var?
Sənin də quşlar kimi
Qəşəngcə qanadın var.
Sən ki, uça bilirsən,
Göyü uca bilirsən.
Gəzsən də budaq-budaq,
Axtarsan da yerdə dən,
Lap məəttəl
qalmışam
Qanadını göy açır,
Sənin haran toyuqdu?
Bapbalaca...
Sevil, Sevil... Bapbalaca
Şirin-şəkər baxışı var.
Güllü-güllü donuna bax,
Əlvan-əlvan naxışı var.
Ayağında çox
sevinən,
Yumşaq, qəşəng papışı
var.
O, yuxudan duran kimi,
Nənəsinə "appa"
deyir,
Babasına "oppa" deyir.
İnqilab İsaq
Ədəbiyyat qəzeti.- 2020.- 5 iyun. S. 26.