Qəşəm
Nəcəfzadə: "Uşaq olmaq çətindir, uşaq
şairi olmaq ondan da çətin"
Azərbaycan Yazıçılar
Birliyi Uşaq ədəbiyyatı şöbəsinin
müdiri Qəşəm Nəcəfzadə ilə müsahibə
- Qəşəm
müəllim, siz artıq bir neçə ildir ki, Azərbaycan
Yazıçılar Birliyi Uşaq ədəbiyyatı
şöbəsinin rəhbərisiniz. Bu
şöbənin yaranma tarixi haqqında nə deyə bilərsiniz?
- AYB-nin Uşaq ədəbiyyatı şöbəsi
ötən əsrin 70-ci illərində yaranıb. Bu şöbəyə
Hüseyn Abbaszadə, Hikmət Ziya, Zahid Xəlil, Əli Səmədli,
Tofiq Mahmud rəhbərlik etmişdir.
- Şöbə yarandığı vaxtdan indiyə kimi
hansı işləri görüb? Qarşıya qoyulan məqsədlər
həllini tapıbmı?
- Bu
şöbəyə kifayət qədər maddi vəsait
ayrılmayıb. AYB uşaq ədəbiyyatı
ilə məşğul olan yazıçıları Sovet
dövründə müxtəlif xarici ölkələrə
ezamiyyətə göndərib. Uşaq ədəbiyyatı
şöbəsi isə, öz növbəsində, müəyyən
qurultaylar təşkil edib, bu sahənin nəzəri məsələləri,
problemləri diqqət mərkəzində olub. Ölkə xaricində və daxilində çap
olunan əsərlər, onların bədii səviyyəsi bu
müzakirələrin əsas mövzusu olurdu. Ancaq bu şöbə hər hansı kitab
çapını həyata keçirməyib. Çünki maddi-texniki bazanın
çatışmazlığı, şöbəyə xas nəşriyyatın,
müəyyən ədəbi klubların olmaması kitab
çapı fəaliyyətinin olmaması ilə nəticələnirdi.
- Qəşəm
müəllim, siz özünüz də uşaq ədəbiyyatı
ilə məşğul olursunuz. Bu sahəni əhatə
edən xeyli sayda əsərlərinizin olduğu məlumdur.
Sizcə, bu ədəbiyyatın əsas
meyarı nədir?
- Hər
şey, vəzn, ölçü, qafiyə, aydın ifadə,
yenilik və sair. Uşaq şeirində əsas
meyarlardan biri dil məsələsidir. Şeirin
dili yumşaq və həlim olmalıdır. Şeir uşağın dilində yumşaq və
rahat nəfəs almalıdır. Nizamidən
bu günə qədər bütün ədəbi məqamlarda
fikir aydınlığı, sözün semantik mənasına,
təfəkkür çevikliyinə, dilin daxilinə nüfuz
etmək əsas məqsəd olub. Nizami
heç bir əsərini uşaqlar üçün
yazmayıb. Sadəcə olaraq Nizaminin
dövründə və sonralar da yazılan əsərləri
uşaqların yaş mərhələlərinə görə
müəllimlər qruplaşdırıblar və bununla dərsliklər,
məktəblər, qiraətxanalar yaranıb. Kim deyə bilər ki, Ənvər Məmmədxanlının
"Buz heykəl" hekayəsi ancaq uşaqlar
üçündür və ya əksinə. Kim deyə bilər ki, "Od tutub qırmızı
atəşlə yenə yandı üfüq" şeiri
ancaq böyüklər üçündür və ya əksinə.
Kim deyə bilər ki, M.Cəlilin "Saqqallı
uşaq", "Poçt qutusu", "Pirverdinin
xoruzu", A.Şaiqin "Məktub yetişmədi" hekayələri
ancaq böyüklər üçündür və ya əksinə.
Demək, uşaq və böyük ədəbiyyatı
bölümü ən çox pedaqoji termindir. Və bu gün uşaq ədəbiyyatınn əsas
problemlərindən biri də böyük və uşaq ədəbiyyatına
kəskin fərq qoymağımızdı.
Uşaqlar ilk dəfə mənsub olduqları xalqın
dilini onun ədəbiyyatı vasitəsilə daha mükəmməl
öyrənir.
Şübhəsiz ki, dişləri
çıxmayan körpə çörək yeyə bilmədiyi
kimi, təfəkkürü formalaşmayan uşaq da dediyi
sözlərin mənasını öyrənə bilməyəcək.
Çünki ona ən əvvəl ilıq,
aydın tələffüz olunan sözlər, bir növ təfəkkür
lazımdır. Təfəkkürü isə
dil yetişdirir. Məhz M.Ə.Sabir müəllim
olduğu üçün "Uşaq və buz"
şeirini çox aydın, sadə və mənalı, həm
də əruz vəznində yazmışdır.
- Uşaq
ədəbiyyatının bügünkü durumu sizi qane
edirmi? Bu sahədə hansı boşluqların
olduğunu düşünürsünüz?
- Bir az çətinliklər var. Televiziyada uşaq
verilişləri az yayımlanır. Vaxtı ilə
qocaman uşaq yazıçısı Zahid Xəlil Azərbaycan
Dövlət Televiziyasında uşaqlar üçün
hazırlanmış "Çıraq" proqramının
aparıcısı idi, bu da kiçikyaşlı izləyicilər
tərəfindən maraqla qarşılanırdı. Hər dəfə proqram ibtidai siniflərdə
hazırlanır, müxtəlif uşaq əsərləri
yazanlar dəvət olunurdu. Həm balaca
oxucular öz şairini tanıyırdılar, həm də
onların dünyagörüşü formalaşırdı.
İndi o veriliş çoxdandı bağlanıb... Vaxtı ilə mərhum yazıçı
Mikayıl Rzaquluzadə "Kitab evi" layihəsində yeni
çıxan uşaq kitabları haqqında məlumat verirdi.
Aktyorların ifasında uşaq şeirləri səslənirdi.
İndi hanı o veriliş? Kim uçurdu
balaca oxucuların "Kitab evi"ni? Bəlkə o da yazıçı Mikayıl
Rzaquluzadə kimi dünyasını dəyişdi? "Savalan baba" verilişi
yadınızdadımı? Aparıcısı
da Əməkdər artist Sadiq Hüseynov. Görən
o verilişin taleyi necə oldu, Savalan dağına qarmı
yağdı, dolumu düşdü? Bəs
nədən donduruldu o gözəl veriliş?
Televiziyalar uşaq verilişlərinə indi geniş yer
verməlidir.
Deyək ki, kitab Gədəbəy rayonunun ən
ucqar kəndinə gedib çıxa bilmir. Amma televiziyalar çox asanlıqla ən ucqar kəndlərin
qonağı olur. Bu texniki imkan çox təəssüflər
olsun ki, əlimizdən çıxıb.
Yaxud uşaqların diqqətini cəlb etmək
üçün nağıllarımız səhnələşdirilib
disklərə köçürülməlidir. Bəzi uşaqlar ola bilsin ki, indi kitabı qəbul etmir. Biz bunu uşaqlara hansısa formada təqdim etməyin
yolunu tapmalıyıq. Uşaqların
oynamaq istədiyi oyunlara uşaq ədəbiyyatını
qatmalıyıq. Tədris müəssisələrində
kompüterlərə cizgi filmləri, uşaq ədəbiyyatımızın
nümunələri yüklənməlidir. Elə "Məlikməmməd"
nağılından bir oyun düzəltmək olar. Bəlkə uşaq ədəbiyyatı kitab
formasında yox, kino, tamaşa şəklində
uşaqların yanına gəlməlidi.
- Uşaq
ədəbiyyatı ilə bağlı bu yaxınlarda
geniş məruzə etdiniz. Həmin məruzədə
qeyd edirsiniz ki, uşaq şeiri modern formada olmalıdır.
Modern uşaq şeirini Qəşəm Nəcəfzadə
necə görmək istəyir?
- Modern
sözünü hərfi mənada başa düşmək
lazım deyil. Baxın, bu gün uşaq
şeirlərinin hamısı bir-birinə oxşayır, vəzn,
xitab, heca ölçüsü, qafiyə sistemi
oxşardı, bu mənada deyirəm ki, niyə bizdə fərqli
uşaq şeiri olmasın. Deyək ki,
modern şeir və ya sərbəst uşaq şeiri. Türkiyədə belədir. Onların
mahnılarının mətni sərbəst şeirdir,
uşaq şeirlərinin əksəriyyəti də sərbəst
vəzndə yazılıb. Bizdə bəzən
uşaq şeirimizdə uşaqları böyük kimi
danışdırmaq, böyüklərin fikirlərini
uşaq dilinə pərçim etmək meyilləri
özünü göstərir. Bu, sovet
dönəmindən qalma mirasdır. Gəlin, görkəmli
türk şairi İsmayıl Uyaroğlunun neçə illər
əvvəl yazdığı uşaq şeirlərinə diqqət
yetirək:
Qar
qardaş,
Atamın
pulu yox
Mənə
palto ala...
Nə
olar, məni anla,
Bir az isti-isti
Yağ mənim üçün.
Artıq bu şeir də sosial problem səciyyəsi
daşıyır. Uşaq hiddətlənir.
- Bəs,
sizcə, uşaq ədəbiyyatında hansı yeni obrazlar
yaradılmalıdır?
- Onu mən
deyə bilmərəm. Uşaq şairi, uşaq
yazıçısı özü təbii şəkildə
çıxış yolunu düşünüb
tapmalıdır. Yüz ildir ki, uşaq
şeirimzdəki obrazlar eynidir. Uşaq həmin
uşaq, ayı həmin ayı, tülkü həmin tülküdür.
Bioloji mənada ayı həmin ayı, tülkü həmin
tülkü ola bilər, amma bunların
filologiyasının dəyişməsi təbiidir. Mən hələ bunu yetərincə müasir
uşaq ədəbiyyatımızda görmürəm.
Uşaq ədəbiyyatımızda ictimai və sosial məzmun
öz ərazisini genişləndirməlidir.
Uşaq ədəbiyyatımızın fəlsəfəsi,
dili inkişaf etməli, uşaq şeiri uşaq folkloruna
söykənməlidir. Qədim yurd yerlərimizin, şəhidlərimizin,
Milli Qəhrəmanlarımızın obrazlarını
uşaq ədəbiyyatında daha da canlandırmalıyıq.
Etiraf etməliyik ki, uşaq şeiri yazmaq çox
çətindir. Vaxtilə uşaq olmaq çətindir deyən
tənqidçi Alla Marçenko ilə mübahisə edən
S.Mixaylov, M.Trilyayeva və L.Razqon birlikdə məqalə
yazaraq qeyd edirdilər ki, Alla Marçenko ilə
razılaşmaq olmaz. Uşaq olmaq, xoşbəxt
olmaq, şən olmaq, şirin olmaq deməkdir.
Xalq
yazıçısı Elçin "Azərbaycan uşaq ədəbiyyatı"
məqaləsində üçlüyün arqumentlərinə
qarşı öz haqlı sualını qoyur: "Məgər
uşaq çətinliyi məfhumunun özündə uşaq
xoşbəxtliyi yoxdur? Bəli, uşaq xoşbəxt
olmaqla, şən olmaqla, şirin olmaqla bərabər, həm
də çətindir".
Yenə də
Elçinin haqlı sözü: "Uşaqlar
üçün yazmaq da çətindir" və
Elçinin haqlı nəticəsi: "Lakin bədii çətinlik
olmayan yerdə bədii qələbə də yoxdur".
Ancaq bütün bu qeyd etdiklərimizə rəğmən
cəsarətlə deyə bilərik ki, uşaq ədəbiyyatının
böyük klassikləri olub və indi də var. Onlar elə
bir ənənə qoyublar ki, bu çevrədən qopmaq
mümkün deyil. Mən Zahid Xəlilin, Qəşəm İsabəylinin,
Rafiq Yusifoğlunun, Ələmdar Quluzadənin, Aləmzər
Əlizadənin, Ələsgər Əlioğlunun, İnqilab
İsağın, Sevinc Nuruqızının, Reyhan
Yusifqızının, Aygün Bünyadzadənin, Gülzar
İbrahimovanın, Gülarə Munisin, Vüqar Haqverdiyevin
adını bu gün fəxrlə çəkə bilərəm.
- Uşaq
ədəbiyyatı ilə məşğul olan yazıçılar
hansı istiqamətdə mövzu və problematikaya
üstünlük verməlidirlər ki, oxucularının diqqət
və marağına səbəb ola bilsinlər?
- Bu
sualı mənə çox verirlər. Bu barədə
mən son iki qurultayda məruzə etmişəm, fikirlərimi
də konkret misallarla göstərmişəm. Bu gün elə adamlar var ki, uşaq ədəbiyyatından
danışmağı uşaq söhbəti kimi başa
düşür və ona görə uzun zaman bizdə uşaq
ədəbiyyatını uşaq yerinə qoyublar.
Uşaq ədəbiyyatının yaranması,
inkişafı, təbliği üçün əvvəlcə
münbit şərait olmalıdır. Əsər
oxucu ilə reaksiyaya girməlidir. Elə
bilirlər dəvəyə, tülküyə, dovşana,
qarışqaya, cücəyə, Turala, Aydana, Ayselə
şeir yazanda uşaq şeiri olur, Amerikaya, Bakıya şeir
yazanda böyük şeiri. Tamamilə
yanlış fikirdir. Uşaq şeirində
uşağın duyğu və düşüncələri
olmalıdır. Burda əsas bir məsələ
var, istedad və zəhmətlə yazılan şeir
bütün zamanlarda marağa səbəb olub, bundan sonra da
olacaq.
- Gənc
yazarlardan uşaq mövzularına müraciət edənlər
varmı? Kimlərin adlarını çəkə
bilərsiniz?
- Bu
gün gənc yazıçılardan Mina Rəşid,
Əfsanə Laçının adını çəkə
bilərəm. Onların da yaşı artıq
qırxı haqlayıb. Yəni belə deyək
ki, çağdaş dövrdə gənc yazarların
uşaq ədəbiyyatına müraciəti zəifdi.
- Qəşəm
müəllim, 1 İyun - Uşaqların Beynəlxalq
Müdafiəsi Günüdür. Sizcə,
ümumdünya səviyyəsində uşaqlar yetərincə
müdafiə olunurmu?
- Yox,
qoruya bilmir. Bu gün dünyanın harasında
müharibə ocağı varsa, orda ən birinci uşaqlar
ölürlər. Elə biz
özümüz, 90-cı illərin əvvəllərində
Qarabağ boyda uşaq ədəbiyyatı itirmişik. Həmişə ədəbiyyat, mədəniyyət,
nəğmə insanları, ölkələri qovuşdurur.
Tezliklə ədəbiyyat qalib gələcək,
Qarabağ Azərbaycana qovuşacaq.
Qəşəm Nəcəfzadə
Söhbətləşdi:
G.Qəmbərova
Ədəbiyyat qəzeti.- 2020.- 5 iyun. S. 24.