Təranənin
arzusu
Təranə məhəccərə söykənib pəncərədən
baxırdı.
Çöldə hava soyuq idi. Külək
vıyıldayır, sulu qarı göyə
sovururdu.
Birdən
küləyin girdabından ağ göyərçin
peyda oldu. Təranə təəccübləndi.
İlin bu vaxtında göyərçin nə
gəzir? Özü də bu havada?
Yazıq quş təntimişdi. Özünü
ora-bura vurur, sığınmağa bir yer axtarırdı.
O, uçub Təranəgilin
pəncərəsinə qondu. Özünü
soyuq şüşəyə çırpıb imdad istədi.
Təranə tez pəncərəni açıb quşu
içəri buraxdı. Ona pənah gətirmiş gözəl ağ
göyərçinə sığınacaq, yem və su verdi.
O gündən
göyərçin Təranənin otağında qaldı. Nəcib
qız hər gün yarım saat pəncərəni
açıq saxlayırdı ki, bəlkə quş uçub
getmək istəyər. Amma ağ göyərçin
uçub pərvazlansa da bir azdan geri qayıdır, yenə Təranənin
otağına sığınırdı.
Bir gün səhər Təranə yuxudan oyananda
balışının üstündə çəhrayı rəngli
gözəl bir lələk gördü.
Qız təəccübləndi. Bu lələyi
onun yanına kim qoymuşdu?
Təranə otağı nəzərdən keçirdi
- göyərçin gözə dəymirdi. Lələyi
götürüb sığalladı.
Birdən
lap yaxınlıqdan səs gəldi: "Mən burdayam!"
Təranə diksindi. Hər tərəfə
baxdı. Səs haradan gəlirdi?
"Sən məni xilas etdin. Çox sağ ol!".
Səs çəhrayı lələkdən gəlirdi.
Qız qorxdu. Əlindəki
lələyi yerə atıb qışqırmaq istədi, amma
səsi çıxmadı.
"Qorxma,
Təranə. Sən məni xilas etdin. Mən də sənin bir arzunu yerinə yetirəcəyəm".
Qız
titrəyərək soruşdu: "Arzumu? Hansı arzumu?".
"Bunu sən deyəcəksən. Ən
çox istədiyin nədir? Bir
düşün. Qərarını verəndə
lələyi sığallayarsan. Mən səni
eşidəcəyəm".
***
Təranəni fikir götürdü. Nə istəsin?
Qızcığaz şokoladı çox sevirdi. İlk
ağlına gələn şokolad ayı oldu - onu bir filmdə
görmüşdü. "Yox,
şokoladı yeyəcəyəm bitəcək. Mən axı balaca deyiləm. Daha
ağıllı bir şey istəməliyəm".
Birdən
anası ilə alış-verişə çıxarkən
gördüyü qırmızı don yadına
düşdü. Həmin donu istəmək
ürəyindən keçdi. Amma az
sonra fikrini dəyişdi.
"Bəlkə anam üçün bir şey istəyim? Həmişə
deyir ki, evimiz bir az geniş olaydı".
Təranə qalxıb anasının yanına getdi. Bir az söhbət edəndən
sonra sözarası soruşdu: "Ana, sən istəyərsənmi
daha geniş evimiz olsun?".
Anası bu zaman xəstə nənənin dərmanlarını
verirdi. O dedi:
"Əlbəttə, istəyərdim. Amma
ondan daha vacib insanın cansağlığıdır. Adam xəstə olanda nə ev gözünə
görünür, nə də başqa bir şey".
Təranə otağına qayıtdı. O, qərarlı idi: "Nənəm
üçün cansağlığı istəyəcəyəm.
Qoy o, tez sağalsın".
Təranə əlində lələk otaqda bir xeyli gəzinib
düşündü. Birdən qonşuları Oqtay əmi onun
yadına düşdü.
Oqtay əmi Qarabağ müharibəsi əlili idi. Cəbhədə
minaya düşüb iki ayağından məhrum olmuşdu.
Əlil arabasında gəzirdi.
Təranənin özünə acığı tutdu. "Necə
olub ki, bu mənim ağlıma gəlməyib? Oqtay əmini xahiş etməliyəm. Nənəmin xəstəliyini həkimlər
sağaldarlar. Oqtay əmini isə əlil arabasından
yalnız möcüzə qaldıra bilər...".
Axşam xeyirxah qızcığaz nə istəyəcəyini
dəqiqləşdirmək üçün qonşuya,
Qarabağ müharibəsi əlilinin yanına getdi.
- Oqtay əmi,
əlil arabasını atmaq, ayağa qalxmağı çox
istəyirsizmi?
- Əlbəttə, istəyirəm, qızım. Çox istəyirəm.
Amma bu mümkün deyil.
Həm də mən tək deyiləm axı. Müharibədə yüzlərlə
cəsur oğullarımız şəhid olub, məndən
də yaxşı oğlanlar ömürlük əlil
qalıblar. Müharibə amansızdır.
Amma nə edək, müharibəni biz
başlamamışıq. Biz
işğalçı deyilik ki. Biz
torpaqlarımızı qoruyuruq. İnşallah,
Qarabağı alandan sonra bizim üçün
müharibə bitəcək.
Təranə evə qayıtdı. O, artıq Göyərçindən
nə istəyəcəyini bilirdi.
Çəhrayı lələyi sığalladı Təranə. Göyərçin
onun otağında peyda oldu.
-
Qarabağı istəyirəm! - dedi Təranə. -
Torpaqlarımızı işğaldan qurtarmaq istəyirəm.
İstəyirəm ki, biz daha heç vaxt
müharibə görməyək.
Ağ Göyərçin bu balaca
qızcığazın belə böyük ürəyi
olduğunu təxmin eləməmişdi. O dedi:
- Sənin
arzun o qədər böyükdür ki, onu yerinə yetirməyə
mənim gücüm çatmaz. Amma mən nə
edəcəyimi bilirəm. Mən sənin ürəyindəki
o böyük Vətən sevgisini bütün Azərbaycana
yayacağam! O zaman ki, hər kəsin ürəyi Vətən
sevgisi ilə dolacaq, onda Qarabağ azad olacaq. Və
siz daha heç vaxt müharibə görməyəcəksiz.
Ağ Göyərçin uçub getdi. Qızcığaz
onun ardınca baxıb əl elədi.
O gündən
Təranə gözləyir.
Gün gələcək,
hər kəsin ürəyi Vətən sevgisi ilə dolacaq və
Qarabağ azad olacaq!
Reyhan Yusifqızı
Ədəbiyyat qəzeti.- 2020.- 5 iyun. S. 27.