Uşaq
qəlbi uğrunda mübarizə, yaxud uşaq qəlbinə
daxil olan kuklalar
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla
teatrından reportaj
Teatrın qarderobundan eşidilən uşaqların səsi
məni öz sehrinə aldı. Ayaqlarım yerdən
üzülmüş kimi özümü uşaqların
sırasında, onların yaşıdı kimi hiss etdim.
Abdulla Şaiq: "Doğdu Günəş
qırmızı, can gülüm can can,topladı
oğlan qızı can gülüm can can" şeirini yazarkən
yəqin ki, məhz onun adını daşıyacaq və illər
sonra bu teatra toplaşan uşaqları nəzərdə
tutmuşdur. Zalda ayaq üstə dayanıb
sevinclə alqışlayan və sakitcə oturub laqeydcəsinə
baxan uşaqlar da vardı. Karantin
dövrünə düşməsinə baxmayaraq, mən bu həyəcanı
görür və duyurdum. Çünki hər
birimizin içindən keçən bir uşaqlıq
vardır ki, o uşaqlıq bütün uşaqların hisslərinə
qoşula bilir.
Bu il 1 İyun uşaqlar günü bütün
ölkələrdə, eləcə də Azərbaycanda hələ
dünyada yaşanmamış bir pandemia dövrünə
düşdü. Bu elə bir dövr oldu ki, bu
zaman hamı evə qapanaraq birlikdə yaşamaq məcburiyyətində
qaldı. Bütün valideynlər
vaxtlarını ailəsinə, uşaqlarına ayırdı.
Övladının zövqünə, dünya
görüşünə və istəklərinə məhz
bu dövrdə bələd olaraq, maraq göstərən az olmadı. Karantin adı
altında dövlət tərəfindən valideynlərə
verilmiş məzuniyyət böyüklərlə uşaqlar
arasında maraqlı ünsiyyət formalarını
yaratdı. Uşaqlardan öz daxili bacarıqlarına
yönələrək, yaradıcılıq xüsusiyyətlərini
inkişaf etdirənlər də az
olmadı.
Uşaqlıqda kirayə yaşadığımız evə
yaxın çox gözəl mənzərəli həyətdə
bir yaşıdım yaşayırdı. Hər
axşam sevimli gəlinciyi ilə qapıda otururdu. Bir dəfə onu təəccüb icində təlaşlı
gördüm. Sevimli kuklası ilə
sualına cavab axtarırdı. Yaxınlaşıb nə
baş verdiyini soruşduqda: "Mən ağlayanda, kuklam məni
görmür, çünki gözlərini yumur", -deyə
hönkürtü ilə ağlayırdı. O
ağladıqca mənim fikrim kuklanın gözlərinə cəmləndi:
kukla iri parlaq gözləri və uzun kirpikləri ilə bizə
baxırdı. Düzü bu haqda cox fikirləşdim.
Cox sonralar anladım ki, uşaqlar ağlayarkən gözlərini
bərk yumur, heç kimi görmədikləri
üçün elə düşünürlər ki,
onları da görmürlər... Onu da qeyd edim
ki, kuklaların insanlardan fərqli olaraq bir siması vardır.
Güləyən kuklanın üzündə
daima təbəssüm, kinli kuklanın isə üzündə
qəzəb olacaq. Bəlkə də elə
ona görə onlarla işləmək çətindir. Burada cansız bədənləri idarə edən
aktyorlar uşaqları öz hisslərinə tabe etməli idilər.
Rejissor kuklalara quruluş verməli, onların tərtibini
rəssamlarla uzun mübahisələrdən sonra səhnəyə
gətirərək.
Beləliklə artıq teatrda idim. Karantin
dövrünün gecə bitməsinə baxmayaraq, artıq
bir iyundan teatr öz məşqlərinə
başlamışdı. Teatr kollektiv bir əmək
olduğu uçün bütün heyət burada iş
başında idi. Premyerada Səməd Behrənginin
"Balaca qara balıq" tamaşası
oynanılırdı. Ən maraqlı
nüans aktyorların söhbəti idi. Belə
ki, onlar səhnədə məşq zamanı əvvəldən
uşaqların sevinclərini və iradlarını öz
aralarında bölüşməsi idi. Bu
maraqlı müzakirə onu sübut edir ki, onlar
uşaqların zövqünü və dünya
görüşünü hamıdan tez duyaraq, həssaslıqla
yanaşırlar.
Kuklaların yerləşdiyi emalatxana isə ayrı bir
sehirli aləm idi. Onlar geyimləri ədaları ilə
öz rollarını gözləyirdi.
Teatrın direktoru Rəşad Əhmədzadə bəzi
məqamlara aydınlıq gətirdi.
Rəşad müəllim uşaqları öz
başına toplayan kuklalar hansı prosesləri keçir?
Teatrda ilk növbədə maraqlı əsərlər
seçilərək, rəssamlara təhvil olunur. Mən deyərdim
ki, kukla teatrının digər teatrlardan fərqi yalnız səhnə
dekorasiyası deyil, personajlara da quruluş vermək
lazımdır. Rəssamlarla
personajların uyğunluğu və tamaşacılar arasında
əlaqəni qurmağa çalışırıq.
Aktyorları səhnə yetişdirir. Bura həmçinin
akademiya sayıla bilər. Çünki
heç bir universitetdə kukla teatrı fakültəsi yoxdur.
Bu baxımdan teatr hansı işləri
görür?
Bilirsinizmi, Kukla Teatrının aktyoru bütün
teatrlarda oynaya bilər. Amma digər teatrlardan bizə müraciət
edənlər müəyyən zaman müddətində təcrübə
keçməlidir. Universitetlərdə
Kukla teatrına dair ixtisasların olmaması səbəbindən
aktyorlar məhz burada yetişirlər. Buna
isə xeyli vaxt lazım olur.
Uşaqlar dünyanın ən səmimi
varlığıdır. Sizə çətin olmur ki, onları
idarə etmək?
Biz çəkdiyimiz xərcə görə
tamaşacını itirə bilmərik. Bizim işimiz
həm valideynlə, həm də uşaqların zövqü
ilə əlaqədardı. Cünki
uşağın xoşu gəlməyəndə
tamaşanı tərk edə bilir, ya ağlayır. Dərhal münasibətini bildirir. Səmimiliyi də elə yerindəcə münasibət
bildirməsindədir. Məsələ
burasındadır ki, valideyn də xoşu gəlməyəndə
uşağını götürüb gedir.
Tamaşalarda klassik, yoxsa müasir əsərlərə
üstünlük verirsiz?
Repertuarımızda 30 yaxın tamaşamız var. Bizdə
həm müasur, həm də klassik əsərlər
oynanılır.
Karantin dövründə necə, uşaqlarla əlaqəniz
oldumu?
Bəli, bizim "yutub" kanalında
tamaşalarımız gedir. Uşaqlar
üçün "Mədəniyyət" kanalında
tamaşalarımız çəkilib uşaqlara təqdim
olunub. Bizi birləşdirən Mədəniyyət
layihəmiz vardı, "Mədəniyyət" kanalı və
Mədəniyyət Nazirliyinin birgə layihəsi olaraq
tamaşaların videoları təqdim olunurdu. Amma əsas məsələ uşaqlarla canlı
görüşməkdi.
Bəli, əsas məsələ uşaqlarla canlı
ünsiyyətdir. Uşaqlar canlı olaraq, hər şeyi
görməli və götürməlidir.
Çalışaq, uşaqları sevindirək, hərəmiz
öz sənətimizlə... Kukla
teatrının belə bir imkanı olduğu üçün
çox şanslıdır. Onlar uşaq qəlbini
qazanmaq uğrunda mübarizə aparanlardır. Və
qalibdirlər!
Rəşad Əhmədzadə
Hazırladı: Fidan
Nizaməddinqızı
Ədəbiyyat qəzeti.- 2020.- 5 iyun. S. 27.