Xarıbülbül
- Ata, mən
ona ərə gedə bilmərəm.
- Bu bizim
sərhədlərimizi möhkəmləndirəcək. Ağa Məhəmmədin ölümündən
sonra Baba xan İranın padşahı olacaq. Novruzda onun tacqoyma mərasimi olmalıdır. Yola düşməyə hazırlaş. Mən sizin toyunuza razılığımı
vermişəm və qərarımı dəyişməyəcəm.
Ağabəyim çox ağlamışdı. Anası ona
heç cür təsəlli verə bilmirdi. O
özü də, gizlincə göz yaşlarını silə-silə
qızını yola hazırlayırdı. Qızının
on altı yaşı vardı və onu ərə verməyin
vaxtı gəlib çatmışdı. Anası
Xurşid Bəyim Qacar bilirdi ki, qızının könlü
əmisi oğlundadır, amma İbrahim xana etiraz edə bilməzdi,
həm də Baba xan artıq elçilərini göndərmişdi.
1798-ci ilin mart ayında Ağabəyim iki yüz atlı və çox sayda qulluqçunun
müşayiəti ilə Baba xanın tacqoyma mərasimi
münasibətilə Tehrana - onun hərəmxanasına
göndərildi. O, bütün yolboyu ağlamışdı.
Vətənindən, onu sevən anasından,
sevgilisindən ayrılmaq onun üçün
ağrılı idi. Rəfiqələri ilə güllər
yığdığı dağın yamacındakı
yaşıl çəmənliklər, bulağın
şırıltısı, şəlalənin səsi,
bülbüllərin cəh-cəhi, arıların
vızıltısı - bütün bu mənzərə,
uşaqlığı gözlərinin qarşısında
dururdu.
-
Allahım! Mənə kömək et, -
Ağabəyim elə hey pıçıldayırdı. Şahın sarayında onu böyük sevgi və rəğbətlə
qarşıladılar, axı onun damarlarında Qacarların
qanı axırdı. Ağabəyimə
ayrıca otaq verildi. Otaqda məcməyidə
qızıl zinət əşyaları və toy
üçün bahalı gəlin paltarları vardı.
Lakin onun dərdi dözülməz idi.
- Mənə Baba xanın anasının köhnə
donunu gətirin, - o, kənizlərdən xahiş etdi.
- Burada bu
qədər gözəl, zinətlərlə bəzədilmiş
paltarlar ola-ola, onun köhnə donu nəyinizə gərəkdi?
- Mən Baba xanın vərdiş etdiyi donu geyinmək
istəyirəm, - o, qulluqçu qızları inandıra
bildi. Onlar da
bu geyimin şahın xoşuna gələ biləcəyinə
inanıb, ona şahın anasının köhnə ev paltarını gətirdilər. Tacqoyma mərasimindən sonra adını Fətəli
şah qoyan Baba xan gəlini görməyə gələndə,
otağa girib Ağabəyimi anasının geyimində görəndə
heyrətə gəlmişdi. Yarıqaranlıq
otaqda anasının paltarından gələn doğma qoxu onu
dayandırdı. Gözünə anası
göründü.
- Bu nədi?
- ürəyində o fikirləşdi. - Mənim
hədiyyələrim sənin xoşuna gəlmədi? - şah Ağabəyimdən soruşdu.
- Yox,
şahım, onlar çox gözəldir, amma bu don sizə
çox əzizdir.
-
Düzdür, o mənə çox əzizdir, amma sən bunu
haradan bilirsən, axı hələ çox cavansan? Əbəs
yerə sənin adını Ağabəyim qoymayıblar, sən
çox ağıllısan və öz adına,
nəslinə layiqsən. Bu gündən sən
mənim müşavirim və hərəmxanada böyük
zövcəm olacaqsan.
Bunları deyib Fətəli şah Ağabəyimin
otağını tərk etdi.
Günlər ötüb keçdi və Ağabəyim
vətən həsrəti ilə şeir yazmağa
başladı.
Fətəli şahın arvadları dərhal
bu barədə şaha xəbər verdilər. O,
Ağabəyimi hüzuruna çağırdı:
- Sən Qarabağı yaddan çıxara bilmirsən?
Mən aşiqəm
Qarabağ,
Şəki, Şirvan, Qarabağ.
Tehran cənnətə
dönsə,
Yaddan çıxmaz Qarabağ.
- Bu nə
şeirdi yazmısan?
- Şah, mənim yazdığım şeir təkcə
Qarabağdan deyil.
- Oxu, -
şah dedi.
Mən
aşiqəm Qarabağ,
Şəki, Şirvan, Qarabağ.
Tehran cənnətə
döndü,
Yaddan çıxdı Qarabağ.
- Hə,
sən həmişə olduğu kimi haqlısan. Bu gözəl şeirə görə məndən
nə istəyirsən?
- Tehranda
elə bağ sal ki, orada Qarabağda bitən bütün
bitkilər olsun.
Fətəli şah elə də etdi. Bir müddət
keçdi. Bağda ağaclar
çiçək açdı, qəribə, qeyri-adi gözəl
güllər öz ətirləri ilə arıları
oyatdı, bülbüllərin nəğməsi insanın qəlbini
həyəcana gətirir; ilıq mehin əsməsi Ağabəyimə
doğma şəhəri Şuşanı xatırlatdı.
Amma bağbanların işini fəxrlə tərifləyən
Fətəli şahla birgə bağa girəndə Ağabəyimin
qəlbində bir narahatlıq yarandı.
Onun gözləri şahı məftun edən bu ecazkar
gül-çiçəkləri görmür, o, qürbətdə
bitməyən bir gülü axtarırdı. Çox
ümidli idi ki, bağbanlar bu gülü yetişdirə biləcəklər.
Sanki bulağın zümzüməsi,
bülbülün cəh-cəhi, sərin mehin əsməsi
kimi, birdən onun dodaqlarından kədərli şeir qopub səsləndi.
Baharın
gülşən çağında
Nə gəzirsən bağı, bülbül?
Könül
Vətən sorağında,
Çağır gəlsin yarı, bülbül.
Bülbül,
sənin işin qandı,
Aşiqlər oduna yandı.
Nədən
hər yerin əlvandı,
Köksün altı sarı bülbül.
Vətən
bağı al-əlvandı,
Yox içində xarıbülbül.
Ömür
sürməli dövrandı,
Səsin
gəlsin, barı, bülbül.
Ağabəyim zərif çöhrəsindən axan
göz yaşlarının kəhrəba damlalarını
saxlaya bilmədi.
- Sənə
nə oldu, niyə ağlayırsan, bu ki sənin
bağındı, bitkilər də vətənindəndir.
- Şahım, bu torpaqda mənim sevimli gülüm -
xarıbülbülüm gül açmayıb.
- Bu
yalnız bir güldü, ətrafına bax gör, sənin vətəninin
gülləri necə gül açıblar, - şah dedi.
- Amma mən
burada xarıbülbülün gül açacağına
ümid edirdim. Hə, şahım, o
güldü, mən isə insan; ona görə də
ağlayıram ki, öz vətənim Şuşanı və
xarıbülbül gülümü yaddan çıxara
bilmirəm.
Solmaz Amanova
Ədəbiyyat qəzeti.- 2020.- 5 iyun. S. 29.