Balaca Şahzadə, yaxud uşaqlardan böyüklər üçün həyat dərsi

 

Eqzüperinin duası

 

1

 

Antuan de Sent-Ekzüperi (1900-1944) Lionda, sığorta məmuru Jan-Mark Sent-Ekzüperinin ailəsində dünyaya göz açıb. Antuan ailədə beş uşaqdan üçüncüsü idi. Dörd yaşın tamamında atası beynə qan sızmadan dünyadan köçür.

 

1908-ci ildə Lionda Müqəddəs Varfolomey xristian qardaşlarının məktəbinə daxil olur, sonra qardaşı Fransua ilə birlikdə Mansda Sent-Krua kollecində təhsilini davam etdirir, burada 1914-cü ilə qədər oxuyur. Daha sonra Friburda təhsil alır. 1919-cu ildə gözəl sənətlər və memarlıq akademiyasında dinləyici olur.

 

1921-ci il taleyində dönüş nöqtəsi sayıla bilər, bu zaman o, Fransada ordu sıralarına çağırılır. Antuan Strasburqda 2-ci qırıcı aviasiya polkuna yazılır. Əvvəlcə onu işçi qrupuna təyin edirlər, daha sonra, nəhayət o, mülki təyyarəçi olmaq üçün imtahan verir.

 

Alman faşistlərinə qarşı döyüşlərdə iştirak edir, hərbi şücaətlər göstərir. Mexanik kimi çox sayda ixtiraların müəllifidir.

 

Döyüşlərin bilində qəhrəmancasına həlak olur.

 

Yaxınlarda Antuan de Sent-Ekzüperinin 115 illiyi tamam oldu. Məqsədim bu gecikmiş yubileyi qeyd etmək, bu qəribə taleli yazıçı haqqında avtobioqrafik mətn yazmaq deyil. İnsan həyatda çox səhvlər edir, bəzən istinadgah kimi bir şey tapır, ona sarılır, bəzən də tapmır, sol əlinin ovuc içi qapanır. Həm də ümidsizliyə qapanır.

 

Başqa bir təsadüf də vardı. Onun "Balaca şahzadə" əsərini fransızcadan dilimizə çevirmişdim. Ön söz yazmalıydım. Elə bir şey ki, həyatı ilə yaradıcılığının kəsişdiyi nöqtələri göstərə bilsin. Bilmirdim nədən başlayım. Birdən onun haqqında yazılanları axtararkən iki şey çıxdı qarşıma. Həyat yoldaşı Konsuello haqqında xatirələr, bir də başqa bir şey, yəni ən vacib bir şey. Dua.

 

O, məlum olduğu kimi pilot olub, təyyarə sürüb ömrü boyu, Konsuello ilə də hava limanında tanış olub, Argentinada. Onu təyyarəsinə dəvət edib, havadaca deyib: siz məni öpmək istəmirsiniz? Ekzüperi insanlara təsir etməyi bacarırdı, o bu sahədə az qala maq kimi güclü idi. Ordan qayıdanda Andre Jid, o dövrün böyük fransız yazıçısı belə demişdi: Ekzüperi Argentinadan iki şeylə qayıtdı: həyat yoldaşı və bir romanı. Həyat yoldaşı ilə tanış olduq. Romanını oxuyub sevdik.

 

Ancaq hər bir yazıçının ömründə onun taleyi ilə yaradıcılığının kəsişdiyi nöqtəni göstərən bir əsəri olur. Ya əlinə qələm alan kimi doğulur bu əsər, ya da çox sonralar. Bəzən heç gəlmir, yolunu nə qədər gözləsən də. "Balaca şahzadə" belə bir əsərdir. Bütün dünya oxuyub və öz dilinə tərcümə edib. Bu, həm də janrı, janr xüsusiyyətləri etibarilə çox qəribə əsərdir. Nəsrdirmi? Əlbəttə, poeziyanın aşıb-daşdığı nəsr. Fəlsəfədirmi? Bəli, bütün fəlsəfi təlimləri gözdən salan bir əsər.

 

 

 

2

 

"Balaca şahzadə" uşaqların böyüklərə həyat dərsidir. Uşaqlar bir planetdir, sirrini az bilirik, yaxud bildiyimizi güman edirik. Yazıçı bunu və minlərlə sualı ünvanlayır hər birimizə: insan dünyada bircə dəfə müdrik olur və o adamı əsla unutmamalıdır!

 

"Balaca şahzadə" insanlara nəyi təlqin edir? Çox şeyi. Həyatın mənasını. Mənalarını. Onlar arasında baş verən faciə və bədbəxtlikləri. Həyatda sevinc ilğım kimidir. Xoşbəxtlik də. Qiyamətə qədər həyat belə olur. Ancaq bir şey də var. Sən bir gül əkirsən. Səhralıqda. Onu göz yaşlarınla sulayırsan. Səhrada tək-tənha bitən bu çiçəyin həyat eşqi işığa dönüb ulduzların qəlbində cücərir və əslində, dərk edirsən ki, o gül elə o ulduzun içində cücəribmiş. Və harda olsan, o ulduzun altındasan. O gülün necə nəfəs alıb-verdiyini hiss edəcəksən. Bu mənada Ekzüperinin bədahətən sevgilisinə baxıb yazdığı o dua yerinə düşür. İnsan yaşamaq üçün dua etməlidir. Geri qayıtmayan təmənnasız dua...

 

Deyildiyinə görə, təkrarsız və sirli Ekzüperi insanlar üçün bir sıra vəsiyyət qoyub getmişdi: "Məni yazdığım yerlərdə axtarın". Demək onun əsl portreti də yazdığı əsərlərin, xüsusən "Balaca şahzadə"nin sətirləri arasındadır. Bir yazıçı kimi onun səsi, mənəvi konsepsiyası, vəzifə borcunu anlaması, həyatın qayəsinə sədaqəti - bütün bunlar onun şəxsiyyətində birləşən sabit keyfiyyətlər idi.

 

Ekzüperinin portretində əsas cizgilərdən biri budur ki, o özünü həmişə insanlar və insanlıq qarşısında borclu hesab edirdi. Onun həyatı göylərdə keçirdi, bir yazıçı, xüsusən "Balaca şahzadə"nin müəllifi üçün bu məkan təsadüfi seçim deyildi. Onun bütün yaradıcılığı son dərəcə aydın bir məkanda sirli-sehrli mistika tülünə bürünmüşdü.

 

Əsərin "İthaf" hissəsində belə bir məqam var: "...Bu kitabı yaşlı bir adama həsr etdiyimə görə uşaqlardan üzr istəyirəm. Bu, hesab edin ki, çox ciddi bir səbəbdir: bu yaşlı şəxs bu dünyada ən gözəl dostumdur. Başqa bir səbəb də var: bu yaşlı adam hər şeyi, hətta uşaqların adına yazılan kitabları da anlamaq iqtidarındadır. Üçüncü bir səbəb də var: bu yaşlı şəxs Fransada yaşayır, burada o, acdır, soyuqdan əsir". O dövr üçün bu, Ekzüperinin müraciət etdiyi orijinal bir üsul idi. Ekzüperi nəyə görə povestinin qəhrəmanını uşaqlar arasından seçmiş və onu yaşlı dostuna həsr etmişdi. Bu heç də təsadüfi deyildi. Onun inamına görə, dünyaya uşaqların gözü ilə baxdıqda o, daha təbii və olduğu kimi görünür. Ekzüperinin bu üsulu, əslində, bir mesaj idi. Yəni böyüklər artıq dünyanı korlayıblar, onu elə yerdən deformasiyaya uğradıblar ki, düzəltmək mümkün deyildir. Yəni böyüklər bu "əyrini", bu əyilən yeri tapmaq və düzəltmək üçün dünyaya uşaq gözü ilə baxmalıdırlar. Ekzüperi üslubu etibarilə çox orijinal bir yazıçı idi, onun üçün yazmaq elə təyyarə sürmək qədər məsuliyyətli bir iş idi.

 

Ekzüperinin hekayəsi forması və süjet dolanbacları etibarilə son dərəcə gözlənilməz və orijinaldır. Bu əsəri oxuyanda dünyada gizlin qalan mətləbləri, hər gülün, çiçəyin ətrini, qürubun və doğuşun gözəlliyini özün üçün yenidən kəşf edirsən. Fikirlər bizə uzaq ulduzların işığı kimi çatır. O, bu dünyanı, sanki fəzanın hansı yerindəsə qərar tutaraq təsvir edir. Ona görə bu görüntü orijinaldır. Bu nöqtədən o, ölkəsini yox, bütün Yer kürəsini görür, sözünü təkcə onun dilində danışdığı insanlara deyil, bütün bəşəriyyətə deyir. Ona qədər şairlər, yazıçılar yerin hər hansı nöqtəsindən kosmosla əlaqə, rabitə yaratmağa can atırdılar, Ekzüperi, həmnin nöqtədən qopur, imtina edir, təyyarəsini sürüb uzaq ulduzlara yol alır. Uşaq xəyalı, uşaq müdrikliyi ulduz işığı kimidir, onu görmək və ona baxıb yaşamaq lazımdır. Bu, artıq ayaqlarının mismarlandığı, yapışıb qopmadığı bir yer deyil, burdan fəzaya qanadlandığın və geri döndüyün bir yerdi, yəni "insanların planeti"dir. Ekzüperi XX əsrin çox maraqlı nağıl süjetini və onun əsasında orijinal biçimli nəsr nümunəsini yaradıb.

 

Ekzüperi baxış bucağını radikal şəkildə dəyişdiyinə görə əsərin - "Balaca şahzadə"nin sətirlərinə bütün insanlığın müdrikliyi cəmlənib. Məsələn, tülkünün şahzadəyə dediyi sözlər: "...yalnız ürəklə yaxşı görmək olur. Ən əsas şeyləri gözlə görmək olmur...". Qızılı saçlı şahzadə quzuya rəsmini çəkdiyi qutunun deşiyindəın baxır. Bax, elə buna görə də o, insan sözlərinin və əməllərinin dərindən dərin mənasını anlaya bilirdi. Bəsirət gözü uşaqlarda olur!

 

Müəllif deyir ki, həyatda ən önəmli şeyləri gözlə, gözünə eynək taxıb və ya mikroskopla baxıb görmək olmaz. Əks halda məsələn, balaca şahzadənin onun planetində tək-tənha qalmış qızıl gülə məhəbbətini necə izah etmək olardı. Ümid, inam, fəhm, intuisiya - bu hisslər heç zaman ürəksiz insanlara nəsib olmur. Dünyada ən böyük pislik, ən dəhşətli şər ürəyin kor olmasıdır. Yalnız möcüzə və həqiqi məhəbbət ona "gözünün nurunu" qaytara bilər.

 

Balaca şahzadə əvvəldə insanları axtarırdı, sonra ona belə bir şey məlum oldu ki, insanların olmaması yaxşı deyilsə də, insanlarla da pisdir. Böyüklərin neyləməsi də ona tam qaranlıqdır. Bu dünyada nə qədər mənasız şey varsa, içi güclə doludur, harda həqiqi və gözəl şey varsa - onlar zəif və gücsüzdür. İnsanda olan bütün gözəl şeylər - insanın zərifliyi, doğruçu olması, səmimiyyəti və dostluq etmək keyfiyyəti - bunlar zəifdir və gücsüzdür. Ancaq günlərin bir günü bu baş-ayaq dünyada balaca şahzadə bilmədiyi həqiqətlə üzləşir, bunu onun üçün dostu tülkü açır. İnsanlar bir-birinə laqeyd və yadlaşmış olmamalıdırlar, onlar bir-birlərinə möhtacdırlar, hansısa dar ayaqda bir dostu xatırlasan, bu elə günəşin şəfəq saçmasına oxşayacaqdır. Bir-birinin dalınca altı planeti gəzib-dolaşan şahzadə onların hər birində bu planetin əsas keyfiyyətini əks etdirən həyat əlamətləri ilə rastlaşır. Balaca şahzadə bu planetlərdə insanı məlum çərçivədən çıxaran bütün qüsurları böyüdülmüş fokusda görür və müşahidə edir: hakimiyyət ehtirası, lazımsız qürur, sərxoşluq, yalançı alimlik. Məhz bu məqamda balaca şahzadə insan mühakiməsinin doğruluğuna şübhələnir.

 

Ekzüperi hekayəsinin elə ilk səhifəsində əsərinin əsas ideyalarından birini ön plana çəkir: dostluq. Onun fikrincə, dostluq bu dünyadakı yadlaşma və digər qüsurların buzunun qırılmasında böyük rol oynayır.

 

"Balaca şahzadə"nin əsas özəlliklərindən biri də budur ki, əslində, böyüklər üçün yazılan bu kitab sürətlə uşaqların auditoriyasına daxil oldu.

 

"Balaca şahzadə"nin proobrazı kimi folklordakı səyyar süjetli sehrli nağılları götürmək olar: gözəl şahzadə məhəbbətinin alınmaması səbəbindən doğma evini tərk edir və xoşbəxtlik və macəra axtarışında yolların ağına düşür.

 

Ekzüperi bu süjeti götürüb dəyişdirir və ona ironiya ilə unudulmaz naxışlar salır. Başqa bir cəhət: balaca şahzadə obrazı avtobioqrafik keyfiyyətlərə də malikdir, həm də bəzi keyfiyyətləri etibarilə müəllifdən uzaq tutulur, başqa xüsusiyyətlərlə süsləndirilir.

 

Əsərin səhifələrində balaca şahzadə planetləri gəzib-dolaşır, müxtəlif insanlarla tanış olur. Müəllifin təhkiyəsində təqdim edilən fantastik dünyalar bir-birindən fərqlənir. Bu planetləri müxtəlif xarakterli insanlar idarə edir. Bu yaşlı insanlar onda qəribə təəssüratlar oyadır. Planetlərin birində kral xeyirxah olsa da, hər şeyin məhz onun əmrinə görə icra edilməsini istəyir. Günlərin birində onun qarşısına bir sərxoş insan çıxır. İçdiyinə, eyş-işrətlə məşğul olduğuna görə bu adam utanır. Ancaq utanc hissini unutmaq üçün içməkdə davam edir. Biznesmenlə rastlaşarkən şahzadə birə-on təəccüblənir, bu adam gecəli-gündüzlü payına düşən "ulduzları" və ya fənərləri saymaqla məşğuldur, hər dəqiqə fənəri yandırıb-söndürür və yuxu yatmağa bircə dəqiqə vaxtı da qalmır. Şahzadənin rastına çıxan coğrafiyaçı alim onu daha çox təəccübləndirir, bu adam səyyahların dediklərinə qulaq asıb qalın-qalın kitablar yazır, ancaq öz planetində nələrin olduğundan xəbərsizdir. Bütün bunlar süjetin yalnız zahiri tərəfidir. Süjetin daxili qatında başqa mətləblər yatır. Əsərin bütün fəlsəfəsi məhz buradadır. Üst qatda xəfifcə hiss edilən ironiya dərin qatlarda fəlsəfi mənaların açımına gətirib çıxarır. Məsələ belədir ki, alman idealist filosofları belə bir tezislə çıxış edirdilər ki, insan Allaha bərabərdir, insan elə Yaradanın özü kimi ideya yarada və onu həyata keçirə bilər. Ancaq insan mənəvi ipostasları unudaraq yalnız maddi olan şeylər uğrunda yaşamağa başlayır. Dünyada şər o zaman kök atmağa başlayır ki, insan Allaha tən olduğunu unudur. Yalnız uşaq ürəyi, həm də həqiqi sənətkarın qəlbi merkantil maraqlardan uzaqdır və şərə qulluq etmir. Məhz bu səbəbdən romantiklərin yaradıcılığında uşaqlıq kultu qabarıq nəzərə çarpır. Buna görə də əsərdə varlıq fəlsəfəsi bir müddəa kimi qoyulur - real varlıq keçicidir, ideal mövcudluq əbədi. İnsan ömrünün mənası ideal olana maksimum yaxınlaşmaqdadır. Balaca şahzadə əlində əsa, ayağında çarıq bütün dünyanı gəzib-dolaşaraq həyatın gizli mənalarını axtaran bir obrazdır.

 

Cavanşir YUSİFLİ

Ədəbiyyat qəzeti.- 2020.- 5 iyun. S. 30-31.