Zahid
Xəlil - uşaq ədəbiyyatının böyük ismi
Zahid Xəlilin ilk şeirindən ("Vətənim")
və ilk kitabından ("Uçan çıraqlar"dan)
başlayan uğurlu yol onun böyük istedadının
aydınlığı üçün əsas zəmin oldu. Onun yaradıcılığının zənginliyində
aparıcı xətti uşaq ədəbiyyatı istiqamətində
gördüyü işlər təşkil edir. Məşhur altmışıncı illər nəslinin
nümayəndəsi kimi dövrün yeniləşən
ruhuna, milli mənsubluq duyğusuna, orijinal yanaşmalara
köklənən şair bir-birindən maraqlı bədii
örnəklərin yaranmasında xidmət göstərmiş
ziyalıdır. Şeir və hekayələri
mövzu və mündəricəsi ilə bir istiqamətdə
ənənəyə bağlanırsa, digər baxımdan
orijinal yaradıcı təfəkkürünün nümunəsi
olaraq müstəsna təsəvvür formalaşdırır.
Zahid Xəlilin poeziyası bilgi vermək, uşaq
dünyagörüşünü formalaşdırmaq, həyat
təsəvvürlərini genişləndirmək gücü
ilə səciyyələnir. Onun çeşidli
poetik örnəkləri təkcə məzmun
uğurluluğu ilə deyil, həm də fikrin çatdırılması
formasının özünəməxsusluğu ilə diqqəti
cəlb edir.
Göy
çəmənlər yamaca
Sərilmiş bir xalıdır.
Qızıl-qızıl
lalələr
Yanağının xalıdır.
Göründüyü kimi, burada təbiətin əsrarəngizliyi
timsalında çəmənin obrazlaşdırılması
uşaq təsəvvüründəki bir bütövü əhatələyir. Uşaq ədəbiyyatının
tanınmış tədqiqatçısı Füzuli Əsgərli
vurğulayır ki, "Z.Xəlilin uşaq poeziyasında
müxtəlif rayihəli rəssam palitrasının və
fırçasının qüdrətindən
yaradılmış əlvan boyalı təbiət mənzərələrinə
kifayət qədər rast gəlmək mümkündür... Sərrast söz seçimindən düzümlənmiş
poetik misralar rəngarəng mənzərələr yaradaraq, təbiətin
əsrarəngiz gözəlliyini uşaqlara daha çox sevdirir".
Zahid Xəlilin altı cildlik "Seçilmiş əsərləri"ndə
(2008) yer almış hər poetik örnəklə uşaq
dünyasına işıq salır. Maraqlı yozumu, orijinal mənalandırması ilə
uşaqların təsəvvürlərini canlandırmaqla
yanaşı, həm də onlar haqqında bilgi vermək məqsədi
daşıyır. "Yaxma", "Leylək",
"Qurbağa", "Qazayağı", "Gilas",
"Dovşan və köpək", "İydə",
"Keçi və Əziz", "Dilarənin
danası", "Külək və Mələk" və
s. kimi poetik şeir nümunələri
yığcamlığı, lakonik və sadəliyi,
aydınlığı ilə qəlblərə yol tapır.
Z.Xəlil uşaq ədəbiyyatınin istedadlı
nümayəndəsi olmaqla yanaşı, həm də
yazdıqları ilə uşaq qəlbinin memarıdı,
onların rübabını dilləndirə bilən çox
az-az sənətkarlardandır. Ədəbiyyatımızın
tarixinə uşaq şairi kimi adını yazmış bu sənətkarın
yaradıcılığında uşaq bədii nəsrinin
çeşidli poetik nümunələri də kifayət qədərdir.
""Kağız adamlar", "Abdulla baba",
"Qulamın qəribə qarnı", "Tüklücə",
"Siçanların padşahı pişik",
"Bağırmaq istəyən adam",
"Qarışqaların evi", "Beçə",
"Arıların düşməni", "Ağca və
Axça", "Turalın atı",
"Quyruq", "İnci", "Günəşi qoparmaq
istəyən ayılar", "Qayıq sürən ayı
balası", "Güzgü",
"Üzgüçü Tural", "İki nar" və
s. kimi bədii nəsr nümunələrinin hər birisi uşaqların təsəvvürlərinə,
düşüncəsinə hesablanmış və onları
öz dillərində, öz təsəvvürlərində
olan səviyyədə təqdim edə bilmək gücü
ilə səciyyələnir. Məsələn,
"Güzgü" hekayəsində dovşan, canavar, ilan,
meymun və s. haqqında verilən informasiya məzmun və
mahiyyəti ilə uşaqların heyvanlarla bağlı təsəvvürlərini
canlandırma və eyni zamanda obrazlaşdırma
baxımından mükəmməl təsəvvür
formalaşdırır. "Dovşan yoldan bir
güzgü tapdı. Güzgüdə
özünü görüb elə bildi ki, şəkildi.
- Qəşəng
bir şəkil tapmışam, lap qəşəng! Deyə səs-küy saldı. Ceyran
güzgünü alıb baxdı:
-
Doğrudan da gözəldir. Siz bir onun buynuzlarına
baxın. Lap mənimkinə oxşayır.
Gözlərinə söz ola bilməz!
Canavar
güzgünü qapıb dedi:
- Hm,
gözəl olmağına sözüm yoxdur, amma
yırtıcıya oxşayır.
O
güzgünü ilana verdi. İlan
baxıb dedi:
- Ay aman,
məgər siz onun dişlərinin dibindəki zəhərə
fikir vermirsiniz? Bu saat o hamını çala bilər.
Meymun güzgünü ilanın əlindən qapdı və
diqqətlə baxmağa başladı. Xeyli baxandan sonra
qışqırdı:
- Belə
çirkin heyvanın şəklini hələ bir əlinizə
də alırsınız?- deyib
güzgünü dərəyə tulladı".
Göründüyü kimi, bu hekayə bir neçə
baxımdan mükəmməl təsəvvür
formalaşdırır. Birincisi, mətn nümunəsi olaraq
mükəmməlliyi, aydınlığı və informasiya
tipi kimi uğurludur. Burada obrazlaşma və obrazların dili ilə
canlandırma, onların xarakterik cizgiləri ilə təqdim
olunma mətnə əlavə ovqat qatır. İkincisi,
hekayə təqdimolunma üsullarının uğurluluğu və
seçim çalarları ilə mükəmməlləşir.
Son olaraq obrazlaşmanın aparılması və
bilgi vermə baxımından tipik bir örnək olaraq
bütün aspektləri ilə yazıçı qayəsini
ifadə edir. Bunlar isə
özlüyündə əsərin alınmasına,
uğurluluğuna əsas olur.
Z.Xəlil Azərbaycan ədəbi-mədəni
mühitində təkcə şair, nasir kimi maraq doğurmur,
həm də uşaq ədəbiyyatının istedadlı tədqiqatçısı
kimi tanınmış alimdir. Onun
bütünlükdə ədəbi irsi bədii və elmi
olmaqla iki istiqamətə köklənmişdir. "Azərbaycan uşaq poeziyası və
folklor" mövzusunda yazdığı (1974) namizədlik
dissertasiyası (indiki fəlsəfə doktorluğu) ədəbiyyatımızın
köklü bir probleminin araşdırılmasına
hesablanmışdır. "Azərbaycan
uşaq ədəbiyyatının mənşəyi, təşəkkülünün
əsas amilləri və inkişaf problemləri"
mövzusunda yazdığı (1990) doktorluq dissertasiyası da
namizədlik dissertasiyasının davamı olmaqdan əlavə,
həm də orada həllini tapmamış məsələlərin
araşdırılması baxımından ciddi əhəmiyyət
daşıyır. Problemin
uğurluluğunun əsas və diqqəti cəlb edəcək
tərəfi bir istiqamətdə Z.Xəlilin uşaq ədəbiyyatının
istedadlı nümayəndəsi kimi mahiyyətə bələdliyidirsə,
digər istiqamətdə araşdırma, tədqiqatçı
bacarığı ilə bağlıdır.
Bütün bunlarla yanaşı, Z.Xəlilin zəngin fəaliyyətində
diqqət önünə gətirilməli bir tərəf də
var, bu onun müəllimlik fəaliyyəti ilə
bağlıdır. O, uzun illər Azərbaycan Dövlət Pedaqoji
Universitetində Uşaq ədəbiyyatından mühazirələr
oxumuş, magist və bakalavr pilləsində dərslər
aparmışdır. Rəhbərliyi altında proqramlar, dərs vəsaitləri,
metodik vəsaitlər hazırlanmışdır. "Uşaq ədəbiyyatı" dərsliyi
(F.Əsgərli ilə birgə) bunun göstəricisidir.
Bütün bunlar şair, nasir, publisist, alim
Zahid Xəlilin zəngin yaradıcılıq yolunun möhtəşəmlik
göstəricisidir.
Səadət BAYRAMOVA
Ədəbiyyat qəzeti.- 2020.- 5 iyun. S. 31.