Mənim ürəyimdə cəhənnəm yoxdur

 

Bütün sevdalar kimi

 

azadlığımsan

 

azadlığımı sevdim

 

Səni düşündüm

 

düşüncəmi sevdim

 

Sən mənim arzumdun

 

arzularımı sevdim

 

sən mənim yaradıcılığımsan

 

qoşulub illərə qaçdın, uçdun uzaqlara

 

uzaqları sevdim

 

amma hikmətsə özümü sevəmədim

 

Özümü köçürmüşdüm sənə

 

mən yoxam ki

 

hərdən mənə hop, mənə köç

 

özümü görüm

 

 

"xoş gördük" deyim.

 

 

 

Göyə yağan yağış

 

Bir əlçim buludam

 

qarımış-qartımış bulud

 

ağzına daş bağlayıb,

 

kirimiş bulud.

 

O qədər qaralmışam -

 

göy əsgiyə dönmüş

 

Vulkanam

 

özü-öz içində sönmüş.

 

 

 

Bir əlçim buludam,

 

qapqara bulud

 

Yerdə tapmadım səni

 

sənə yağıram, sənə,

 

Yerdə gülüşümü,

 

üzügülər insanımı qətl edib

 

qanlı köynəyimi özümə göndərdiniz

 

ya çaparla, ya poçt göyərçiniylə,

 

                                    ya da mesajla

 

("Qanlı köynək" muzeyi açmışam

 

muzeylər qapanan vaxtı)

 

Heç olmasa, heç olmasa

 

göydə ulduzumu oğurlamayın

 

(Ulduzum da tək-tənha)

 

əlindən oyuncaq alınan çocuğam

 

Bir sevgi tapmıram əynimə geyəm

 

çılım-çılpaq, lümlüt qalmışam

 

Əynimə bulud geymişəm.

 

 

 

Bir əlçim bulud olmuşam

 

Qurbağa qurultusuyla

 

ilbizlərin sükutuna

 

Bir az bülbül cəh-cəhi qatmışam

 

Sənə yağıram, Qütb ulduzum,

 

qəbul et şərqimi-dualarımı

 

Qəbir yeri saxla,

 

Göyə yağan yağışam,

 

Mən səndə gömülməklə

 

o qədər mutlu olacağam ki

 

sonra şüa-şüa göz yaşlarımla yağacam

 

adamların his-pasını yumağa

 

qayıdacağam

 

şəkkin-şübhən olmasın.

 

 

 

Kor kitabı

 

Mən koram, sən ki, kor kitabı

 

barmaqlarım oxuyur əllərini

 

saçlarını, qaşını, kirpiklərini

 

sən

 

oxunmuş kitab kimi baxma mənə

 

Mən sənin memarınam

 

büstüm, heykəlimsən, qayamsan

 

Ruh Can verdim sənə

 

səni arzu-arzu yapıb-yoğurdum

 

bütün yaranışdan ucasan belə

 

Torpaq hara, arzu hara?

 

Gəl "Kor oyunu" oynayaq

 

hərdən mən səni oxuyum

 

hərdən sən məni

 

titrək barmaqlarımız solmasın

 

bu qaçaq tikilən gecəqondumuz

 

zavala gəlməsin

 

balıqçı komasında

 

meşəbəyi evində

 

ağac koğuşundayam

 

yerimi bilirsən, qoxumu alırsan

 

harda olsam,

 

zamanları-məkanları adlayıb

 

mənə sarı gəlirsən

 

titrəyən barmaqlarınla.

 

 

 

İrəm bağım, Qaf dağımsan

 

Bağdadın yolunu oxuyur ayaqlarım

 

gözüyumulu.

 

İçərişəhərim, Xan evim, Xan sarayımsan

 

Kor olub adamların barmaqları

 

oxuya bilmir izləri.

 

 

 

əlində torbasını

 

baxtıtək sıxa-sıxa

 

kimsə gəzir dalımca

 

izimi yığa-yığa.

 

 

 

Mən koram

 

sən ki, daş kitabə

 

kor olmasın

 

korların barmaqları.

 

 

 

Məni bağışlamayın

 

Bir az dəymədüşər

 

bir az havalı

 

qürurlu-zavallı

 

qeylü-qallı

 

həm hallı

 

milyoner-pullu

 

dilənçi

 

sözünə dəqiq, yalançı

 

Müdrik ağsaqqal

 

(bu yerdə özümə-sözümə gülməyim tutur)

 

Unutqan, it kimi sədaqətli

 

Amma, Allahdan fərqli

 

Mənim dünyamda

 

məni qıyma-qıyma doğrayanlar da

 

cənnətdədi

 

mənim ürəyimdə cəhənnəm yoxdu

 

mən məni bağışlamıram

 

siz bağışlamayın.

 

 

 

Şuşanın xətrinə sus danışma

 

Bir məclisi tərk etməkdən başqa

 

çarəm qalmadı

 

 

 

Doğudan Batıya çapan atların

 

O qanad gətirib uçan atların

 

Sən o əzizlərin, sən o yadların

 

Ruhu xatirinə... Sus danışma

 

"Ah"ı xatirinə sus danışma.

 

 

 

Daha damarımdan qan axmır bilgil

 

Belə arsız-arsız sən, sən az gülgil

 

köhnə gor yeri tap, gir ora, ölgil

 

Lənət qədərinə, sus danışma

 

Şuşanın xətrinə sus danışma.

 

 

 

Doğudan Batıya uçan durnalar

 

Yaz gəlib, geriyə qayıtmayacaq

 

Zəkası mühacir doğan analar

 

Belə korun-korun yanan o ocaq

 

Uyuyan ruhunu oyatmayacaq?

 

 

 

Yox, qıyya cəkəcəm, ulayacağam

 

Dağların başında yanan ocağam

 

Daşı-qayanı da qalayacağam

 

Əməl zamanıdı, sus danışma

 

Al qanım xınadı? Sus danışma!

 

 

 

Onsuz da

 

Unudulan bir yerdi Yer kürəsi

 

bir qucaq çiçəyə bənzər

 

ya da ki, üstünə

 

"Bura zibil atmayın" yazılan

 

imiri zibil qabına

 

Heç nədən qorxmayan Allahsızın biriyəm

 

səndən qorxuram

 

Sən mənə hər şeyi unutdurursan

 

- Onsuz da unudulacaq hər şey, - deyirsən

 

Ürpəndiyim bildiyimdi,

 

üzünə telefon qapanmış kimiyəm:

 

- du...du..du..(sonsuza qədər)

 

gömülmüş səslər cücərməyəcək

 

hamı hamını unudacaq, onsuz da

 

dünən yazı taxtasını silən silgi

 

bu gün internet camına "sil" əmrini verən

 

unudulacaq, unudulacaq, unudulacaq.

 

Yaddaşına bir virus yoluxacaq

 

ruhun da inciməyəcək

 

sən mənə hər şeyi unutdurursan

 

yavaş-yavaş

 

özünü mənə yoluxdurursan

 

qulağıma layla

 

- onsuz da unudulacaq hər şey, - deyirsən

 

kəsilir YERlə rabitə əlaqəsi

 

əzabkeş yaddaşdan azad oluram

 

sönür qulaqlarımda duaya bənzəyən layla

 

- onsuz da, onsuz da...

 

 

 

"Gözəli" gözəlləməsi

 

Xəfif külək

 

Yağır yağış

 

Nazlana-nazlana

 

arxanca düşüb gəlir

 

baxışlar islana-islana.

 

rəqs eləyirəm

 

səmavi bir eşqlə.

 

 

 

Deyəmərəm... canım fəda

 

bu yeriş, bu əda

 

Qeybdən gəlir bir səda

 

- Heç tapmasın qəm gözəli.

 

 

 

Ruhsan ruhlar gözə gəlməz,

 

yağış yuyar, izin qalmaz

 

Əlinə su tökə bilməz

 

Ərəb, Firəng, Çin gözəli.

 

Yeriyən balıq kimisən

 

Yoxsan ki... varlıq kimisən

 

Heç bilmədim nəsən, kimsən

 

Gözəllərin ən gözəli.

 

 

 

Evdə qalma

 

 - Hayqıracam bir gün

 

Qalma evdə, - pıçıldayacam

 

Əzandan öncə

 

sübh quşlarıyla cəh-cəh vurub

 

- Evdə qalma.., - şərqisini oxuyacam

 

Körpə qoxulu insanları

 

bağrıma basıb qoxlayacam

 

"Oxqay!" deyəcəm

 

yollara tökülsün ayaqlar

 

ot basıb aramızdakı yolları

 

əllər yüyürsün əllərdən əllərə

 

şərqilər yayılsın

 

ellərdən ellərə

 

 - Sevdam, gəl

 

- gəlsənə, Həsrətim

 

- qucuma gəl, nəvəm.

 

...............................

 

qucağım mamır gətirib.

 

Əzandan öncə

 

sübh quşlarıyla cəh-cəh vurub

 

- Evdə qalma! - şərqisi oxuyacam.

 

 

 

Qorxu əlacı

 

Çərxi-fələk,

 

Qorxuyla fırlanır fələyin çarxı

 

məscidləri, cameləri, sinaqoqları, kilsələri

 

Süpürgəçi - böyük qorxu

 

Silib süpürdü Yer evindən

 

son bircə ibadət yeri açdı -

 

get, böyük qorxu ya biət et, - dedi

 

siz birləşin

 

Allahsızlar, imansızlar s. (sızlar)

 

Qorxusuzlar

 

sevin, əlac-ilac budur, bu

 

Sevgi yenir qorxuları.

 

baxışlarımın boyu km-lərlə uzandı

 

keçdi sərhədləri

 

qadağaya baxmadan

 

virusa-mirusa bulaşmadan

 

çatdı sonuncu dayanacağa,

 

Yəni sənə.

 

yorğundu zatən

 

izn ver, başını dizinə qoyub dincəlsin

 

Upuzun yollar yolçusu, yorğunu

 

usanmaz bu inadkar

 

hələ zamanları, məkanları keçmək

 

qorxusu var.

 

***

 

Quşlara zəng edirəm

 

unutdum adam dilini

 

əllər unutdu əlimi

 

(məni tərcümə eləməyə

 

dil tapıldı, söz)

 

4.12 vaxtıdı

 

sübh namazı... az qalıb, az

 

o dünyadan zəng gəldi:

 

- yenə şeir yazırsan?

 

camaatın içində

 

özünümü gəzirsən.

 

 

 

Nankor oğul kimiyəm

 

bir azca da qərarsız.

 

Qovulduğum dünyaya

 

qayıtmışam mən arsız.

 

 

Kəramət

Ədəbiyyat qəzeti.- 2020.- 12 iyun. S. 3.