“Cavabsız qoymaq istəmədim”
Mən internetə
girmirəm. Mənə ünvanlanmış bir yazını kağıza çıxarıb
gətirdilər. Mənə müraciətlə
yazılmış mətndə
adı və soyadı göstərilməyən,
özünü "tanınmış
jurnalist və QHT sədri" kimi təqdim edən şəxs dilimizlə bağlı problemləri qaldırır.
Bir neçə dəfə
"Hörmətli Anar!"
yazır, "siz tanınmış insan, gözəl yazıçımızsınız"
- deyir və əlavə edir: "Azərbaycan ədəbiyyatı
və mədəniyyəti
üçün etdiyiniz
xidmətlər böyükdür".
Amma bununla belə, müraciətində
etikadan uzaq olan ifadələr də var. BŞİH nəzarət
edə bilmədiyi
"linqvistik ekspansiyaya"
görə məhz məni günahlandırır:
"Heç maraqlanmısınızmı,
o obyektlərin Azərbaycan
xalqını, onun dilini,
qanunlarını saymayan sahibləri kimlərdir? Onlardan qorxursunuzmu? Əgər yetərincə
qorxuncdurlarsa, deyin, biz
də qorxaq, təkbaşına qorxmaq sizlərə çətin
olar".
Bu tikanlı cümlələri
oxuduqca düşündüm
ki, ömrüm boyu qarşılaşdığım
haqsız iradların daha birinə cavab verməyə dəyməz. Amma söhbət ciddi
məsələdən getdiyi
üçün qaldırılmış
məsələləri cavabsız
da qoymaq istəmədim.
Məndən başqa Xalq yazıçıları Kamal
Abdullaya, Elmira Axundovaya,
Elçin Əfəndiyevə,
Xalq şairi Sabir Rüstəmxanlıya
da ilişərək dilimizin "linqvistik ekspansiyaya" uğramasında
məhz bizi - Azərbaycan ədəbi dilinin ən ardıcıl qoruyucuları
olan yazıçıları
təqsirkar bilirsiniz. Kimlərisə suçlamaqdan
öncə qaldırdığınız
məsələylə yetərincə
tanış olsaydınız, daha düzgün hərəkət
edərdiniz... Xəbəriniz olardı ki, məhz mən Milli Məclisin deputatı və Mədəniyyət Komissiyasının
sədri kimi Azərbaycan dilinin qorunması haqqında qanunun təşəbbüskarı
olmuşam. Sizin təlaşlarınızdan on səkkiz
il əvvəl
- 2002-ci il sentyabrın
30-da Milli Məclis bizim komissiyanın hazırladığı qanunu
üçüncü oxunuşda
yekdilliklə - 102 səslə
qəbul etdi. Prezidentin də imzaladığı
bu qanun qüvvəyə mindi.
Həmin gün Milli Məclisdə çıxışımdan bir
parçanı da diqqətinizə çatdırmaq
istəyirəm: "İndi
dilimizin nə hala düşdüyünü
bilmək üçün
Bakı küçələrinə
çıxıb baxın.
Bir də köşklərdə
satılan qəzetləri
alın. Görün bu
qəzetlərin adları
necədir. Ondan sonra televiziya kanallarını açın
və baxın görün ki, adları nədir:
"Space", "Lider",
"ANS". Gedək görək Azərbaycanda
"speys" sözünü
hamı bilirmi? Eləcə də qəzetlərin adları:
"İmpuls", "Alternativ",
"Aktual", "Palitra",
"Arena", "Ekspress", "Rezonans". Reklamlara baxırsan, bilmirsən
Hyustondasan, Dallasdasan, hansı Amerika şəhərindəsən? Özəl radioların da dilimizin pozulmasında
böyük "xidmətləri"
var. Qulaq asırsan başdan-başa "hello",
"bay-bay", "qud bay"... Hansı dildi bu? İngilis dilidi? Yox. Azərbaycan dilidi? Yox. Qarışmış, dəyişmiş mənasız
bir dildir".
Bir parçasını burda gətirdiyim çıxışımın
tam mətniylə mənim
"Əsrin əsiri"
kitabımda (2010) tanış ola bilərsiniz. Sizi 2020-də qayğılandıran
məsələlər bizi
2002-ci ildə qayğılandırırdı
və Dil haqqında qanun qəbul etməklə bu bəlanın qarşını almağa
çalışırdıq. İnsafla deyin, ayrı-ayrı, hətta ən nüfuzlu yazıçılar da, bütövlükdə Yazıçılar
Birliyi də şəhərin bütün
inzibati rayonlarına, çox saylı şirkətlərə, firmalara,
dükanlara (mən qəsdən "market", "mall" sözlərini işlətmirəm),
müxtəlif qəzetlərə
və TV kanallarına
bu xüsusda necə təsir göstərə bilər?!
Ancaq sözlə. Bunu da
biz hər zaman demişik və deyirik.
Yazırsınız ki, Bakının mərkəzində AMEA Dilçilik
İnstitutunun keçirdiyi
monitorinq nəticələri
Sizi qayğılandırır. Amma buna
görə niyə bu işdə təqsiri olanlara deyil, yazıçılara
irad tutursunuz? Qorxursunuz?
Kimdən? Deyin, biz də
qorxaq. Özünüzün dediyiniz kimi,
"təklikdə qorxmaq
Sizə çətin
olar".
Ən çətin
zamanlarda dilimizi qoruyan, yaşadan, inkişaf etdirən ilk növbədə yazıçılar
olub. Aşağıda gətirdiyim sözlərinizi
oxuyanda doğma dildə yazan yazıçılarla bu dildə danışan adamın dilin qayğısına qalmağına
şübhəm oyandı.
Yazıçılara üz
tutub deyirsiniz:
"Müstəqillik dövründə Bakının
ortasında Azərbaycan
dilinə divan tutulmasına
göz yummaqda davam etsəniz və günlərin birində hansısa biriniz Egey dənizində
üzərkən akulalar
xırçaxırçla yesə, digəri saunada gözlərini həyata yumsa, üçüncüsü təyyarədə
keçinsə və
s. Bir qırtım (!) üzülməməyə və bir dəqiqə
belə sükut etməməyə də söz veririk".
Çox təsirli etirafdır. Bu mərifətli
sözlərə ancaq
onu əlavə etmək istəyirəm ki, dəqiqləşdirdim:
Egey dənizində akula yoxdur!
09 iyun 2020
ANAR
Ədəbiyyat qəzeti.-
2020.- 12 iyun. S. 2.