Qurtuluş
günümüz ədəbiyyatda necə varsa
Bir romanın
şahidliyi ilə
"Müstəqilliyi
qorumaq onu əldə etməkdən daha çətindir"
Heydər
Əliyev
Bugünün
Xalq yazıçısı, məşhur "Heydər
Əliyev: şəxsiyyət və zaman" çoxcildliyinin
müəllifi Elmira Axundovanın siyasi detektiv janrda qələmə
aldığı daha bir romanı "Şüşə
saray" (Bakı, "Yurd, 2007, 468 s.), mənimcə,
zamanında ədəbi ictimaiyyətin diqqətini çox da
çəkməmişdir. Roman yaxın
tariximizin ən gərgin, faciəvi, çıxılmaz
durumlarından birisi, hazırda barəsində hər növ
xaric notların çoxaldığı 1990-cı illərə
şahidlik edir; və haqqında danışmağa dəyər,
məncə.
1990-cı
illərin əvvəlləri - müstəqilliyinə can atan
Azərbaycan xalqının şərəfli səhifələr
dolu azadlıq mübarizəsi ilə yanaşı, tariximizin ən
dramatik, siyasi hakimiyyət uğrunda intriqalarla səciyyəvi
bir dövrüdür. Sovet dövlətinin süqutu fonunda
üç ildə dörd dəfə hakimiyyət dəyişikliyi
və hər dəfə xalqa, millətə dəyən
ağır zərbələrlə müşaiyət
olunması, 20 yanvar və Xocalı faciəsi, daxili qiyamlar nəticəsində
ölkənin vətəndaş müharibəsi sərhədinəcən
gəlməsi, erməni işğalçılarının
Qarabağ və Azərbaycan rayonlarını bir-birinin
ardınca ələ keçirməsi, əsas hökumət
üzvlərinin, güc nazirlikləri
başçılarının bir vertolyotda Qarabağ səması
üzərində düşmənlər tərəfindən
partladılması, ictimai həyatın iflic olması və
iqtisadiyyatın dağılması şəraitində
krimonogen durumun yüksək həddə çatması,
özbaşına silahlı qrup və bandaların meydana gəlməsi,
ən yüksək çinli məmurların qətlləri,
cinayətkar qüvvələrin hakimiyyətə sirayət
etməsi və s. olaylar, əslində, siyasi və detektiv ədəbi
janrlar üçün kifayət qədər münbit material
verir və ədəbiyyatımızda bu sıradan
yaranmış əsərlər (Elmira Axundova və İsa Nəcəfovun
"Naşirin ölümü" (2000), İsa Nəcəfovun
"Gecə yarısında qətl" (2000), Çingiz
Abdullayevin "Qanın üç rəngi" (2001) və
s.) içərisində "Şüşə saray"
romanının məxsusi yeri var.
Bununla belə, unutmamalı ki, adı çəkilən
əsərlər sırf tarixi materiallara söykənir; bədii
təxəyyül burda özünü əsasən
yazıçı ustalığı və sənətkarlıq
tərəflərində göstərir. Elmira Axundovanın vurğuladığı
kimi: "Amma nəsr əsəri üçün, elə
tarixi nəsr üçün də, təfərrüatlarda və
sözlərdə dəqiqlik vacib deyil. Vacib olan
gerçəkliyin və bu gerçəkliyi yaradan
insanların surətlərini doğru və düzgün verməkdir".
O da önəmlidir
ki, həmin romanlarda bu və ya digər həcmdə Heydər
Əliyevin obrazı əksini tapmışdır.
Yazıçılar tarixən bəlli olan həqiqətləri
- dövlət müstəqilliyini əldə etdikdən sonra
Azərbaycan xalqının daxili ziddiyyətlər və xarici
təzyiqlər nəticəsində az qala onu itirməsinə
qənşər ulu öndərin siyasət meydanına
qayıdıb, nəhəng bir atlant kimi xilaskarlıq
missiyasını çiyinlərinə götürməsi,
Müstəqil Azərbaycanın taleyini həll etməsi hadisələrini
bədii nəsrin həqiqətinə çevirə
bilmiş, müstəqilliyin heç də asan
qazanılmadığı, bu yolda ən çox Heydər
Əliyev dühasına, Heydər - Xalq sevgisinə borclu olduğumuz ideyasını
aşılaya bilmişlər.
Elmira
Axundovanın "Şüşə saray" əsəri məlum,
o cümlədən özünün Heydər Əliyev
haqqında altı cildliyindən də bəlli tarixi gerçəklərdən
mövzu alır: Heydər Əliyevin Vətənə
qayıdışı, "Naxçıvan epopeyası" və
Müstəqil Azərbaycanı xilas etməsi. Lakin bugün təkrar-təkrar
xatırlanan, geniş araşdırılan Heydər
Əliyevin xilaskarlıq missiyasının görünməyən,
birdən-birə dərk olunmayan elə nəhəng, insani, bəşəri
dəyərləri vardır ki, o nöqtələrə
yalnız ədəbiyyat nüfuz edə bilər. Axı tarix təkcə dövlətlərin,
xalqların taleyindən keçmir, həm də insanların,
insanın, ayrıca fərdlərin həyatında əks-səda
verir. Əgər tarix kitablarında baş verən olayların
ümumi qanunauyğunluqları, fakt mənzərəsi,
tarixi-mədəni və ictimai-siyasi faktorlar, xalqın və
tarixi şəxsiyyətin təkanverici rolu öyrənilirsə,
ədəbiyyat həm də bunun arxasında görünməyən
tərəflərə, tarixin xalqın və insanların həyatında
törətdiklərinə, bilavasitə İnsan taleyində
keşməkeşlərinə boylanıb-baxır.
"Şüşə
saray" romanı 1990-cı illərin əvvəllərində
Azərbaycan həyatında cərəyan edən ictimai-siyasi
proseslərə, hakimiyyət qovğalarına və bu zəmində
baş qaldıran cinayətkar mühitə lap yaxın məsafədən
nüfuz etməklə, Heydər Əliyevin tarixi
missiyasının, Xilaskar obrazının misilsiz rolunu, əvəzsizliyini
bir daha göstərə bilmişdir. Qeyd
olunduğu kimi, bu baxımdan siyasi detektiv janrının
seçilməsi də özünü tam doğruldur.
Müəllif yazır: "XX əsrin 90-cı illərinin -
"Şüşə saray"da təsvir edilən hadisələrin
baş verdiyi dövrün - məhz bu qədər yaxın
olması kitabın qeyri-adi formasını da müəyyənləşdirdi.
Təhkiyə iki qatdan ibarətdir: kitabın detektiv
süjetli, roman-təhqiqat çərçivəsinə
salınmış ciddi sənədlilik və personajların
düçüncə və dialoqlarının sərbəstliyi..."
(Elmira Axundova, Şüşə saray. Bakı,
"Yurd, 2007, s. 3; Romandan bütün sitatlar səhifə
göstərilməklə bu nəşrdəndir - T.Ə.)
Romanın ciddi kompozisiya planı vardır; getdikcə gərginləşən
dramatik konflikt və süjeti də, qarşıya qoyulmuş
ideya-məzmunu da içinə alır. Bir yandan ölkədəki
kriminogen durumu səciyyələndirən səs-küylü
qətllər: 1992-ci ilin sakit aprel axşamı - Respublika Təbiəti
Mühafizə Komitəsinin sədri Arif Mansurovun köməkçisi
Əbdüləzəl Azaqovun qətli; 1992-ci il oktyabrın
5-də Şuşa sakini, qaçqın Tariyel Qulam oğlu
Əliyev VAZ-2109 maşınında Sumqayıtda bazara gedir və
bir də evə qayıtmır, meyidi təsadüfən
"digər üç tanınmamış cəsədlə
birgə yalnız 1996-cı ilin yanvar-fevral aylarında"
tapılır; "Tariyel Əliyevə məxsus VAZ-2109
avtomaşınından isə 1993-cü ilin aprelində
Bakı Ali Hərbi Dənizçilik Məktəbinin rəisi,
kontr-admiral Eduard Hüseynovun qətlə yetirilməsi
zamanı istifadə olunmuşdu"; 1993-cü il yanvarın
2-də Azərbaycan DİN Banditizmə və Terrorizmə
Qarşı Mübarizə İdarəsi rəisinin müavini
Ələkbər Əsgərovun qətli... - cinayət
faktlarını fəsil-fəsil istintaq materialları təqdim
edir. Bəzən düz, bəzən də yanlış
istiqamətdə - qəsdən izi azdırmaq
üçün uzun-uzun davam edən istintaq prosesləri;
yazıçı bu proseslərə təfərrüatlarınacan,
istintaqın ardınca təkrar-təkrar həssasdır,
çünki burda məhv olan insan taleləri var; qəsdən
suçlanan sadə vətəndaş, müharibə
iştirakçısı Cavanşir Əliyevin yerə-göyə
sığmayan məşəqqətli taleyi kimi... Bu -
1990-cı illərin əvvəllərinin Bakı həyatıdır...
Digər tərəfdən roman oxucunu blokada şəraitində
yaşayan, erməni hücum və təzyiqləri ilə
üz-üzə qalan Naxçıvana aparır. Ağsaqqal və
lider Heydər Əliyevin rəhbərliyi ilə xalq dinc
quruculuğa məşğuldur. "XX əsrin
20-ci illərində dahi Atatürkün böyük uzaqgörənliklə
İran şahından külli miqdarda pula satın
aldığı" Azərbaycanla Türkiyə arasında
11 km-lik torpaq zolağı Naxçıvanı blokadadan
çıxarır. "Atatürkün
varisləri - Süleyman Dəmirəl və Heydər
Əliyevin xalq arasında Ümid körpüsü
adını almış körpünün tikilməsi təşəbbüsü"
300 minlik Naxçıvan əhalisini aclıqdan xilas edir.
"Lakin Türkiyə mühasirədə olan
Naxçıvanı təkcə humanitar fəlakətdən
qurtarmadı... 1992-ci ilin yazında ermənilər muxtar
respublikanın sərhədyanı rayonlarında döyüş
əməliyyatlarına başlayanda Türkiyə liderləri
birmənalı şəkildə bəyan etdilər ki,
Türkiyə Naxçıvan muxtariyyətinin
qarantıdır və 1921-ci il Qars müqaviləsinin müddəalarına
birtərəfli qaydada yenidən baxılmasına yol verməyəcəkdir"
(s. 35) İran da qonşusuna biganə qalmadı: "İran
İslam Respublikasının prezidenti Rəfsəncaninin Heydər
Əliyevin Tehrana danışıqlara gələ bilməsi
üçün öz şəxsi təyyarəsini
Naxçıvana göndərməsi buna əyani
sübutdur..." (s. 36) Bir sözlə,
böyük çətinlikləri dəf edərək, dinc həyata
qayıdan Naxçıvan ictimai-siyasi islahatlarla tədricən
Azərbaycanı müstəqilliyə doğru aparmaqdadır.
Amma eyni
ölkədə sanki bir-birindən ayrı görünən
bu həyatlar arasında təkcə təzadlar yox,
toqquşmalar da var... Roman ilk belə
qarşılaşmanı 1991-ci ilin 3 sentyabrında qeydə
alır. Xalq demokratik qaydada, yekdilliklə
Heydər Əliyevi Naxçıvan Ali Sovetinə sədr
seçir. Ölkəni Fövqəladə Vəziyyətdə,
komendant sistemi ilə idarə etməyə üstünlük
verən Ayaz Mütəllibov isə eyni idarəçiliyi
Naxçıvanda da tətbiq etmək üçün 35 nəfər
DİN əməkdaşından ibarət dəstəni ora
göndərir. Ali Məclis sədrinin bəyanatı:
"-Sizə bir gün vaxt verirəm ki, Naxçıvanı
tərk edəsiniz, - deyə Əliyev onların
qabağına hərbçisayağı konkret şərt
qoydu, - əgər bir gündən sonra burda qalmış
olsanız, ciddi ölçü götürəcəyəm..."
(s. 35). Daha sonra, 1992-ci ilin oktyabrında
yeni hakimiyyət - Azərbaycan Xalq Cəbhəsi də
Naxçıvanda çevriliş etmək istəyir...
Görəsən, hakimiyyət hərislərində belə
vətəndaş qarşıdurmasına həvəs
haradandır?
- roman düşündürməyə
çalışır: "Qaya kimi vüqarlı
Naxçıvanın qüdrətli lideri elə bil
hamının üstünə öz kölgəsini sala
bilirdi, onun bədxahları narahat olur, özlərini qətiyyətsiz
aparır, yerlərində olmadıqlarını sanki bir daha
hiss edirdilər. Bu, belə də olmalı idi.
Siyasəti boşboğazlıqla, intriqalarla məşğul
olmaq kimi anlamaq səviyyəsindən yuxarı qalxa bilməyən
elçibəyçilər Heydər Əliyevin
qarşısına təxribat və dedi-qodudan başqa
heç nə ilə çıxa bilmirdilər..." (s. 36)
Roman təkcə
metaforalar ilə müqayisə aparmır, əməli olaraq prozaik
hadisələrin gedişatında da liderləri fərqləndirməyə,
kimin kim olduğunu əyani göstərməyə
köklənir. Fəsillərin birinin adında Xalq cəbhəsinin
lideri, "meydan hərəkatı"nın
yetirdiyi Əbülfəz Elçibəyin: "İndi hər
şey qanuni olacaq..." sözlərini qabartmaqla, müəllif
bir qədər sonra romanda baş verənlərin bu xoşməramlı
vədlə nə qədər uyuşmadığını,
tərs-mütənasüb olduğunu göstərməyə
çalışır. Əbülfəz Elçibəyin
hakimiyyətində güc strukturlarını təmsil edən
Daxili işlər naziri İskəndər Həmidovun,
Müdafiə naziri Rəhim Qazıyevin, Xüsusi təyinatlı
polis dəstələrinin başçısı Rövşən
Cavadov və onun prokuror qardaşı Mahir Cavadovun
özbaşınalıqları, silahlı təxribat və
"razborkaları", istintaq materiallarının təqdim
etdiyi cinayət işlərində əllərinin olması,
Qarabağ müharibəsində milli qəhrəman
adını almış Surət Hüseynovun qiyamı və
dövlət çevrilişinə cəhdi... - romanda
"qanun" adına qanunsuzluqlar törədən bir hakimiyyətin
faktik göstəricisi kimi təsbit edilir...
Heydər
Əliyev isə heç vəchlə boş vədlər
vermir; hər yerdə qanunun aliliyinə söykənir, qanuni
iş görür və xalqın etimadını qazanır. Hətta
Surət Hüseynovun Gəncə qiyamı zamanı xalqa vəd
verməyə tələsmir, Gəncəyə səfər
edir, hadisələrin həlli yollarını axtarır,
yalnız qayıtdıqdan sonra Milli Məclisin sədri vəzifəsini
qəbul edib, məhz qanunlar vasitəsilə vətəndaş
sülhünə nail olur. Heydər Əliyevin
qanunçuluğa münasibəti barədə, Əjdər
Olun "Canlı lətifələr, əhvalatlar, deyimlər"
kitabında qeydə aldığı, maraqlı bir xalq lətifəsi
yaranmışdır: "Səhər vaxtı Prezident Heydər
Əliyev qanunda oğruların ("Vor v zakone") Bakıda
gizli yığıncağının ("sxodka")
keçiriləcəyi xəbərini alıb Daxili işlər
naziri Ramil Usubova zəng edir və ondan soruşur: "- Ramil
Usubov, "Vor v zakone" nə deməkdir?" Məsələdən
xəbərdar olan Daxili işlər naziri dərhal cavab verir:
"- Sizi anladım, Heydər Əliyeviç!".
Axşam nazir Prezidentə məruzə edir: "- Cənab
Prezident, Bakıdakı bütün qanunda oğrular həbs
edildi". Heydər Əliyev deyir: "- Qoy hamı bilsin, Heydər
Əliyev hakimiyyətində qanun var, qanunda oğru yox!" (Əjdər Ol, Canlı lətifələr, əhvalatlar,
deyimlər. Bakı, Qanun nəşriyyatı,
2015. s. 28). Romanda da təsbit olunur: məhz
Heydər Əliyevin hakimiyyətə
qayıdışından sonra ölkədə qanunsuz hər
cür silahlı qruplaşmalar aradan qalxır, qanunun hökm
sürdüyü əmin-amanlıq mühiti yaranır.
Romanda iki liderin - xalqın lideri Heydər Əliyevin və
demokratik hərəkatın yetirdiyi AXC lideri Əbülfəz
Elçibəyin münasibətləri məxsusi diqqət
altındadır. Müəllif hər iki obrazın
gerçək əməlləri, fəaliyyət müstəvisini
cızmaqla yanaşı, daxili portretinə də nüfuz etməyə,
Azərbaycanın sürükləndiyi ən faciəvi
dövrdə hakimiyyət yükünün altına girmiş
iki fərqli liderin psixoloji dünyasını içdən
izləməyə cəhd edir. Yazıçı
üçün də, oxucu üçün də
maraqlıdır: idealist milliyyətçi şüarlarla
iqtidara gələn və bu arzularla da yaşamaqda davam edən,
milli hərəkat dalğasında çox sürətlə
siyasi fəaliyyətinin olimpinə çatan, lakin bir illik
prezidentliyi dövründə eyni templə də xalqın
inamını itirən, ətrafında baş verən
reallıqları dərk etsə də, barışmaq istəməyən,
öz komandası ilə rəftarında belə qətiyyət
göstərə bilməyən Əbülfəz Elçibəy,
görəsən, "düşünmədən çiyinlərinə
götürdüyü hədsiz hakimiyyət"in məsuliyyətini
nə dərəcədə anlayır? Bu nöqtəni ona
Naxçıvanda çevriliş cəhdi zamanı Heydər
Əliyev də sərt şəkildə xatırladır:
"Əvvəl Elçibəy danışıqdan
yayınmaq istədi. Amma Heydər Əliyev onu dəstəyi
götürməyə məcbur etdi: "-Adamlarını
burdan yığışdır!" - o,
Elçibəydən tələb etdi. "-Mənim heç
nədən xəbərim yoxdur", - o, özünə haqq
qazandırmağa, məsuliyyətdən yayınmağa
çalışırdı. "-Necə yəni
xəbərin yoxdur? Əgər nə
baş verdiyini bilmirsənsə, bəs onda nə prezidentsən?"
(s. 50)
Heydər
Əliyev isə əksinə, sanki heç siyasi olimpə
qalxıb-enməmişdir: "Kiminlə
danışmasından asılı olmayaraq - xalqla, öz
müavinləri ilə, Ali Məclisin deputatları ilə - o
elə əminliklə danışırdı ki, hamı məəttəl
qalırdı. Bu, əvvəlki Heydər
Əliyev idi. Elə bir şey yox idi ki, bu
insan onun qarşısında aciz qalsın. Əgər
Naxçıvan üçün hansısa məsələləri
həll etmək lazım olurdusa, o qətiyyətlə
İrana, Türkiyəyə zəng edirdi..." (s. 85)
Naxçıvanda
çevriliş etmək istəyən qüvvələrə
qarşı son dərəcə qəzəblidir: "Onun
açıq mavi gözləri parıltı ilə
işıqlandı. Gədələr... Bunların arasında
bir nəfər də olsun dövlət səviyyəsində
düşünə biləcək adam yoxdur.
Qumluqda eşələnən uşaq kimi Azərbaycanın
taleyi ilə oynayırlar. O indi də aydınca hiss edirdi
ki, Bakıda onun başını batırmaq üçün
hər cür təxribata getməyə hazırdırlar.
Xalqın fəlakəti onları narahat etmir! 80-ci illərin
axırlarında Moskvada işləyərkən də belə
tipləri çox görmüşdü..." (s.43)
Romanda
Heydər Əliyevin düşmənlə üz-üzə,
"Sədərəkdə daim ermənilərlə
toqquşmalar" zamanı qorxusuz-hürküsüz
davranışına şahidlər misal gətirir.
"Görüşlər adətən erməni ərazisində,
danışıqlar üçün qoyulmuş vaqonlarda
keçir"; görüşlərin birində söhbətləşərək
bir kilometrə yaxın piyada gedən Əliyevi müşaiyət
edənlərin "gərginlikdən ürəyi
partlamağa" qalır: "Axı burada nə desən
baş verə bilərdi. Hər tində erməni
snayperi gizlənmişdi". Bunu ona nöqsan tutanda Heydər
Əliyev deyir: "- Onların mənə əl
qaldırmağa cürətləri çatmaz". Bu insan heç nədən qorxmurdu. O,
sözün tam mənasında qorxu nə olduğunu
bilmirdi" (s. 86)
1993-cü ilin əvvəlində erməni
işğalları Qarabağ ətrafındakı respublika ərazilərinə
keçərkən, Əbülfəz Elçibəy Heydər
Əliyevi məşvərət üçün Bakıya dəvət
etməli olur.
Heydər Əliyev getməyə qərar verir,
bu məqam ulu öndərin daxili dünyasının
genişliyini bir daha göstərir. Köməkçisi
Vasif Talıbova
deyir: "-Elə şeylər var ki, onlar şəxsi
inciklikdən və ambisiyalardan daha yüksəkdir. Özü də sən çox yaxşı bilirsən,
mən kinli deyiləm. Mən, əgər
kursumuzu köklü şəkildə təshih etməsək,
qarşıda Azərbaycanın əsl fəlakətə
uğrayacağını qabaqcadan görürəm. Əgər məsləhətimə əməl etsələr,
bu gün hələ gec deyil. Əks halda sabah
onlara heç nə kömək etməyəcək. Onlar cəhənnəmə,
bəs ölkəyə bu nəyə başa gələcək..."
(s. 90)
1993-cü ilin fevral görüşündə Heydər
Əliyev özünə qarşı edilən
yamanlıqları yaddan çıxarıb, Vətən, xalq,
Azərbaycanın sabahı naminə Elçibəy hakimiyyətinə
kömək etmək istəyir. Hakimiyyətin
bütün səhvlərini, daxili çəkişmələri,
səriştəsiz addımları, vəzifə oyunlarını,
xarici siyasətin yanlışlığını, ölkənin
beynəlxalq aləmdən təcrid edilməsini birbaşa
müsahibinin üzünə deyir. "Gücsüzlük
hissi Elçibəyi boğurdu. Onu bir
küncə sıxışdırmışdılar. Bir tərəfdən silahdaşlarının
intriqaları, uçurum, iflas. Digər tərəfdən
- bu dəmir iradəli qoca. Yenə də
uçurum. Onun, yəni Elçibəy
üçün tarixi bir yoxluq. O, mübarizəsini davam
etdirə bilərmi? Çalışmaq
lazımdır. Bu Əliyev də, axı,
Allah deyil. Onun bacardığı və
bildiyi şey nədir ki, Əbülfəz bunu öyrənə
bilməsin? Razılığa gəlməyə
çalışmaq, vaxt udmaq, sazişə girmək
lazımdır..." (s. 100)
Romanda hakimiyyəti (əslində, hakimiyyətə)
uduzmuş Əbülfəz Elçibəyin daxili
sarsıntıları yanında, hakimiyyət haqqında
düşünməyən, yalnız xalq və Vətənin
xilası naminə fədakarlıq göstərən, yollar
axtaran Heydər Əliyevin durumu gümrah görünür. Elçibəy 1992-ci ilin
oktyabrına görə Heydər Əliyevdən üzr istəsə
də, bu ona gərək deyil; onların
görüşünün məzmunu kimsəyə bəlli
olmasa da, görüşdən dərhal sonra Heydər
Əliyev Moskvaya yollanır, aparıcı dövlətlərin
səfirləri ilə söhbətlər edir... Və sonra,
romanda oxuyuruq: "Naxçıvana qayıtdı və Azərbaycan
xalqına "Əbülfəz Elçibəyin ətrafında
sıx birləşməli!"
çağırışı ilə müraciət
etdi..." (s. 215)
Sabir
Rüstəmxanlının "Xətai yurdu" romanında
diqqətəlayiq bir məqam var; 1989-cu ilin iyununda AXC-nin təsis
yığıncağından sonra, təhkiyəçi-qəhrəmanın
yadına gəlir: "Konfransda təşkilata sədr
seçilən Əbülfəz bəyə nə qədər
hörmətim olsa da, idarəçilik qabiliyyəti barədə
təsəvvürüm yox idi. Hakimiyyətə
gəlməkdən söz düşəndə "Məndən
respublikaya başçılıq edən olmaz" - deyirdi.
Bir dəfə də divarda Heydər Əliyevin
şəklini göstərib "hakimiyyətə o gəlməlidir"
sözləri ilə məqsədini açmışdı.
Amma bu, ilk dövrlərdi. Hələ hər
şeyə yalnız bir fikir adamı, tarixçi, millətini
bütöv, azad görmək istəyən ziyalı kimi
baxan, amma bunu daha çox ideya mübarizəsi kimi təsəvvür
edən vaxtlarıydı..." (Sabir Rüstəmxanlı, Xətai
yurdu. Bakı, "Qanun" nəşriyyatı, 2003, s. 431)
"Şüşə saray" romanından isə
görünür ki, "ideya mübarizəsi"ndən uzaq
gedə bilməyən Əbülfəz Elçibəyin
altşüurunda yer almış və özünün
heç cür yüksələ bilmədiyi hakimiyyət zərurəti
onu son halda Vətənin xilası naminə Heydər
Əliyevi Bakıya dəvət etməyə vadar edir...
İki liderin son görüşü 1993-cü ilin
iyununa təsadüf edir; bu - ulu öndərin xalqın
israrlı təkidi ilə Bakıya gəlib, hakimiyyəti ələ
alması, vətəndaş müharibəsinə
yuvarlanmış ölkəni uçurumun ağzından
qoparıb xilas etdiyi məqamdır. Həm də bircə
damla qan tökmədən. Hələ Naxçıvan
hadisələri zamanı bir şahidin müşahidələri
bir daha təsdiqlənir: "Əliyev məşhur
"Hakimiyyət silahdan doğur" deyiminin tam əksinə hərəkət
edirdi. Onun hakimiyyəti qeyri-maddi, lakin daha əhəmiyyətli
amillərə - şəxsi nüfuza, ənənəvi
humanist dəyərlərə və millətin ideallarına
söykənirdi..." (s. 39). İyunun
9-da prezidentin təyyarəsi ilə Bakıya gələn Heydər
Əliyev iyunun 13-də Gəncəyə yola düşür,
qiyamçılarla görüşür, vəziyyətlə
tanış olub Bakıya qayıdır. 15
iyun 1993-cü il tarixində Milli Məclisin
fövqəladə iclasında Heydər Əliyev Azərbaycan
parlamentinin sədri seçilir və ulu öndərin
Xilaskarlıq missiyası belə başlayır. Həmin gün "Qurtuluş günü"
adıyla ümummilli bayram kimi tarixə
düşmüşdür.
Romanda siyasi hakimiyyətlərin savaşını əks
etdirən süjetin kulminasiya anı məhz Heydər
Əliyevin sədr seçildiyi parlament iclasıdır. "İyunun
15-də Milli Məclisin iclası oldu. Uzun sürən
mübahisələrdən sonra, orada baş verənlərin
hamısının canlı yayımla bütün Azərbaycana
verilməsi qərara alındı..." (s.
241). Bu həm də xalqla açıq dialoq demək idi;
həmin gün başladığı dialoqu Heydər
Əliyev sonra da, bütün 1990-cı illər boyu davam etdirəcəkdir...
Bir halda ki, bütün ölkəyə açıq
olan həqiqətlərdən söhbət gedir, roman oxucunu həmin
acı həqiqətlərin məğzinə və Heydər
Əliyevin siyasi dühasının təntənəsinə həssas
olmağa yönəldir. Heydər Əliyevi Bakıya, çıxılmaz duruma
yardım etmək üçün Əbülfəz Elçibəy
özü dəvət etmişdir; daxili işlər naziri,
baş nazir, parlament sədri istefa vermiş və hamı
gözünü ümidlə Naxçıvan Ali Məclisinin
başçısına dikmişdir... Amma bu zaman parlamentdə
kimlərsə ucuz komediya oynamağa başlayır, əllərindən
gedən hakimiyyətdən necəsə yapışmaq
üçün Heydər Əliyevin sədr seçilməsinə
əngəllər törətmək istəyirlər... Heydər
Əliyev kükrəyir: "Məsələnin burada
müzakirəsi vaxtı səslənən hər cür
sözlər, söhbətin başqa məcraya yönəldilməsinə
edilən cəhdlər məndə çox ciddi
narazılıq doğurur. Mən
Naxçıvandan bura öz istəyimlə gəlməmişəm.
Məni dəvət ediblər. İsa Qəmbər, Pənah Hüseynov və
prezident Əbülfəz Elçibəy dəfələrlə
mənə zəng edib gəlməyimi, burada müəyyən
bir vəzifə tutmağımı və onlarla birgə bu məsələnin
həllində iştirak etməyimi xahiş ediblər. Bir neçə gün ərzində mənimlə
danışıqlar aparılıb. Mən
bu vəzifələrdən imtina edirdim. Bu gün də
imtina edirəm..." (s. 251)
Müəllif hər cür yüksək vəzifələrdə
olmuş və bu vəzifələrdən ucada duran qəhrəmanının
daxilən azad, sərbəst əhval-ruhiyyəsinə,
olduğu məkandan çox-çox uzaqlarda gəzən
düşüncələrinə önəm verir. Heydər
Əliyevə suallar yağdırır, nələrsə
soruşur, vəziyyətdən çıxış barədə
təminat tələb edirlər, amma bu vaxt "o özü
isə zəngin və mürəkkəb həyatının səhifələrini
vərəqləyirdi. Heç kəs,
heç vaxt, heç nəyi ona hazır gətirməmişdi.
Hər şeyə özü nail olmuşdu və çox
şey əldə etmişdi. Doğrudanmı
indi hər şeyi təzədən başlamaq lazım gələcək?
Çiyinlərini necə də ağır bir yükün
altına verməli idi! Elə bil viranəyə
dönmüş bir yerə qayıdırdı! Əvvəlcədən həqiqəti onların
üzünə çırparaq "necə aləmi
qatmısız, özünüz də vəziyyətdən
çıxın" demək hələ gec deyildi.
Əgər bacarsanız... Və öz sərt
dağlarına, sevimli Naxçıvanına qayıtsın...
Lakin bu anda Gəncədə gördükləri, onu ümidlə
yola salan cavan əsgərlərin baxışları gözlərinin
qabağına gəldi..." (s. 250)
Elçin
1992-ci ildə qələmə aldığı "Dünya
axirət əkini" essesində siyasi xələflərinin
xəyanətini anıb, Heydər Əliyevin pərişanlıq
halını Kral Lirlə müqayisə etmişdi; "ki, o
zamanlar Heydər Əliyevin Bakıya qayıdışı və
ona hücumlar vaxtı beynimdə bir obraz məni xeyli müddət
rahat buraxmadı: Kral Lir..." (Elçin, Dünya axirət əkini
// Elçin, Seçilmiş əsərləri. 10 cilddə.
6-cl cild. Bakı, Çinar-Çap, 2005, s. 237). Doğrudan da 1990-cı illərin əvvəllərində
Azərbaycan həyatında Şekspir ehtiraslarına layiq
dramatik hadisələr cərəyan edir. Bir az əvvəl
bəlkə də Kral Lirlə müqayisələr yerinə
düşürdü, amma bu dəm, romanda Heydər
Əliyevin parlament
ittihamları sanki Hamlet monoloquna daha yaxın
görünür: Olummu, ölümmü?! "Məni hiddətləndirən
odur ki, Azərbaycan belə acınacaqlı vəziyyətdədir,
bəzi adamlar isə artıq on gündür, əllərini
ağdan-qaraya vurmayıblar. Haralardasa Azərbaycandan
qıraqda gəzirlər, kabinetlərində cürbəcür
işlərlə məşğul olurlar, bu gün isə
kinayə ilə deyirlər ki, kimsə yüksək kreslo
tutmaq istəyir. Mənə heç bir kreslo lazım
deyil, mənə heç bir vəzifə lazım deyil..."
(s. 252)
Heydər
Əliyev istefa verdikdən sonra üç hakimiyyət mənsubları
ilə: Moskva ilə, Ayaz Mütəllibov hökuməti ilə,
Xalq Cəbhəsi ilə üz-üzə gəlmiş, Vətəni,
xalqı, milləti naminə kömək əlini təklif
etmiş, əfsus ki, hər dəfə rədd cavabı
almışdır... "1991-ci ilin fevralında, bu zalda
çıxış edərkən, mən bu tribunadan söylədim:
respublikaya ona görə gəlmişəm ki, bu ağır
gündə xalqımla bir yerdə olum və ona köməyimi
edim. O vaxt məni qəbul etmədilər. Mən
sonralar da dəfələrlə bəyan etmişəm ki,
heç bir vəzifəyə iddialı deyiləm. Mən bunu bu gün də təkrar edirəm. Mən
bu dəqiqə burdan çıxıb gedə bilərəm..."
(s. 252)
Romanda Əbülfəz Elçibəy Heydər
Əliyev barədə düşünəndə Allahı
xatırlamış, "Bu Əliyev də axı Allah
deyil!" - fikirləşmişdi. Heydər Əliyev
özü daha da aza qanedir: "Mən heç kəsə
heç bir təminat vermirəm. Mən özümü
peyğəmbər hesab etmirəm..." (Bu
sözlər romanda məxsusi qabardılmışdır-
T.Ə.). Heydər Əliyev özünü sadəcə
siyasətçi, xalqının bir parçası hesab edir:
"Əgər siz bir vətəndaş kimi, Ali Sovetin
deputatı kimi, Ali Sovet sədrinin müavini kimi mənə
etimad göstərsəniz, onda, Ali Sovetin sədri kimi, bunu istəmədiyimə
baxmayaraq, ağır vəziyyətdən
çıxış yolu tapmaq üçün fəaliyyət
göstərməyə hazıram. Mən bu
işə ancaq ona görə gedirəm ki, xalqı
ağır vəziyyətdən çıxartmaq
üçün müəyyən fəaliyyət göstərim,
mənim başqa məqsədim yoxdur. Burda
çıxış edən bəzi insanlar bura ancaq
hansısa bir məqsəd naminə gəliblər. Buna görə də mən heç kəsə təminat
vermirəm. Lakin hesab edirəm ki, Azərbaycan xalqı
kifayət qədər müdrik xalqdır, bizim millətin
böyük potensialı var. Əl-ələ verib bu vəziyyətdən
çıxmaq olar" (s. 252)
Romanın
başlıca ideyalarından biri də məhz budur: xalq və
hakimiyyətin vəhdəti! Akademik İsa Həbibbəyli
"Azərbaycanın qurtuluş zərurəti və Heydər
Əliyevin böyük xilaskarlıq missiyası" əsərində
yazır: "Ölkələrin və xalqların tarixində
və taleyində elə məqamlar olur ki, həmin çətin
dövrlərdə yaranmış ağır siyasi-hərbi vəziyyət,
ictimai-iqtisadi və mənəvi böhran Şekspirvari
"ölüm, ya olum" sualını sərt şəkildə
meydana qoyur. XX əsrin doxsanıncı illərinin əvvəllərində
Azərbaycan belə bir gerçək sual qarşısında
idi... Sual açıq və aydın idi: "Ölüm, ya
olum!" Heç şübhəsiz, hər
hansı xalq həmin sual qarşısında qalarsa, nə qədər
çətin olsa da, mütləq "qalım" qərarını
verərdi. Azərbaycan xalqı da
varlığını, ölkənin bütövlüyünü,
elan olunmuş müstəqilliyin qorunub saxlanılmasını
arzu edirdi" (İsa Həbibbəyli, Heydər Əliyev
dövlətçilik təlimi və müasir dövr.
Naxçıvan, "Əcəmi", 2013, s. 5). Belə ki, 1990-cı illərin əvvəllərində
dəfələrlə gündəmə gələn
ölüm-olum monoloqu ən nəhayət xalqın xeyrinə
həll olunur.
Hakimiyyətin sifətini xalq təyin edir, əksinə
yox. Mövlud
Süleymanlı yazır: "Xalq məfhumu öz mənası
- anlayışıyla təbiətə çox bənzəyir.
Belə ki, əgər təbiətə laqeyd olsaq,
qayğısına qalmasaq, qorumasaq, əksinə, söküb
dağıtsaq, intiqamını heç kəsdən yox, bizim
özümüzdən alacaq, nəticədə
ağrısını özümüz çəkməli
olacağıq! Xalq da belədir, onu
anlamadınsa, o da səni anlamayacaq, sevmədinsə, o da səni
sevməyəcək. Bir anlıq tarixə
nəzər salaq. Son 40 il müddətində Azərbaycan
xalqıyla Heydər Əliyevin səmimi dostluğunun,
birliyinin, ata-oğul istəyinin şahidi
olacağıq..." (Mövlud Süleymanlı, Qırx ilin
yeddi görüşü. // Tənqid.net jurnalı, ¹ 10, s. 24)
Elmira
Axundova "Şüşə saray" romanında Vətənə
dönərkən ümumxalq sevgisindən dirçələn
qəhrəmanını əfsanəvi Anteylə müqayisə
etmişdir: "Xalqın ona münasibətindən ruhlanan
Əliyev elə bil bir neçə onilliyin yükünü
çiynindən atdı; o yorğunluq bilmədən insanlarla
ünsiyyətdə olur, muxtar respublikanın kəndlərini
bir-bir gəzirdi. Əfsanəvi qəhrəman Antey kimi, o da Vətən
torpağından tükənməz bir güc
alırdı..." (s. 33). Romanda
övlad-xalq münasibəti xüsusən ən çətin
məqamlarda, xalqın, sözün hər mənasında qəhrəman
oğulun arxasında durduğu, onu və onunla birgə
özünü xilas etdiyi çıxılmaz situasiyalarda
qabarıq təzahür edir. 1992-ci il oktyabrında
çevrilişə cəhd zamanı Heydər Əliyev xalqa
müraciət edir; romanda hadisənin canlı şahidi Sirus Təbrizli
xatırlayır: "Televiziya ilə çıxış edən
"cəbhəçilər"i görən kimi, Əliyev
Vasif Talıbova tapşırdı: "- Camaatı
yığ". Bu üsuldan o, sonralar,
1994-cü ilin oktyabrında da istifadə etdi. İki
maşın şəhərə çıxdı: "-
Camaat, meydana yığışın! Heydər Əliyevi
devirmək istəyirlər! Sirus Təbrizli hamınızı
mitinqə çağırır! Ali Məclisin
qabağına yığışın! Heydər
Əliyev sizi köməyə çağırır!"
Camaat da meydana axışmağa başladı.
Mən çıxış edirdim, insanlar isə
elə hey gəlirdilər. İndi Heydər
Əliyevi öldürmək üçün "cəbhəçi"lərə
bütün xalqı güllələmək lazım gələcəkdi.
Bizim başqa müdafiəmiz yox idi..." (s. 54)
1992-ci ilin oktyabrında olduğu kimi, 1994-cü ilin
oktyabrında da çevriliş cəhdinin
qarşısını xalq alır. Bu dəfə
Bakıda, xalq öz Prezidentinin keşiyində durur.
Mövlud Süleymanlı yazır: "1994-cü il oktyabr
ayının 4-ü gecəsini xatırlayaq. Azərbaycan
dövləti və dövlətçiliyinin ölüm-dirim
məsələsi həll olunurdu. İllər
boyu fürsət axtaran düşmən əllərini
içimizə uzada bilmiş, aramızdakı satqınlarla
işini qurmuşdu. Qarşıda onlara mane ola biləcək bir qüvvə
qalmamışdı, hamı, demək olar ki, Heydər
Əliyevi meydanda tək qoyub, qaçıb dağılmışdı.
O, dahiyanə fəhmiylə vəziyyəti çox
düzgün və vaxtında qiymətləndirib,
gücünün harda olduğunu doğru anlayıb, xalqa
üz tutdu. Gecə yarıydı. Minilliklər
boyu xatırlanacaq şərəfli bir tarix! "-
Əziz həmvətənlərim! Bacılar,
qardaşlar! Oğullarım, qızlarım! Vətənimizin
üstünü qara buludlar alıb! Dövlətimiz-dövlətçiliyimiz
təhlükə altındadır..." O gecə əli
çatan, ünü yetən hər kəs onun səsinə
səs verdi. Ayağı yer tutan yola
çıxdı, avtobuslarla, maşınlarla, metro ilə,
piyada, ayaqyalın, başıaçıq Prezident
Aparatının qarşısına axışdılar...
Bir-birini ruhuyla anlamış, tarixin bütün dönəmlərində
bir-birinə səmimi, sadiq və həyan olmuş iki qüvvə:
Xalq və Heydər qüvvəsi birləşmişdi,
bütün təhlükələri, xəyanəti
tapdayıb bayrağını yenidən ucaltmağa, dövlətini-dövlətçiliyini
qorumağa gəlmişdi..." (Mövlud Süleymanlı,
Qırx ilin yeddi görüşü. // Tənqid.net
jurnalı, ¹ 10, s. 27)
Tarix bizə günümüzü dəyərləndirmək
üçün gərəkdir; elə ədəbiyyat da. Bunu
unutmağa haqqımız yoxdur.
Tehran
Əlişanoğlu
Ədəbiyyat qəzeti.-
2020.- 12 iyun. S. 6-8.