işıq

 

Və yaxud "ölümü öldürüb" dünyaya gələn şairin 70-inə salam...

 

Çox az adama qismət olur Musa Ələkbərli ömrü yaşamaq - bir kimsəni incitmədən, qəlb qırmadan, könül bulandırmadan, sevgi dolu, həyat dolu, halal, namuslu, işıqlı, nurlu...

Onu ilk görəndə, sanki həyatın işığı ilə qarşılaşmışdım, ətrafda pislik, paxıllıq, yalan, ikrah... heç yox idi, işıqda cilvələnən yaşam var idi, sevgi var idi, misra-misra arzular, qafiyələnmiş diləklər, bənd-bənd ləpələr, civil-civil quşlar, uşaqlar, bəxtəvər adamlar var idi. O işığı sevdim, o işığa sevindim. Sevindim ki, zamanımızın saflığını qanadlarında saxlayan, özgələri özü bilən, özü kimi sevən, dəyərləndirən adamlardan xali deyilik.

Bu saflıq, təmizlik, yaşıl rəngin içərisindən boy atan işıq bəlkə , elə onunla doğulmuşdu - Gədəbəy havasında, Gədəbəy suyunda. Bəlkə , bu işığı o özü içində yoğurmuşdu, yapmışdı, nemət eləmişdi özünə, sözünə, özününkülərə, özgələrə... Lakin ən önəmlisi o  ki, Musa Ələkbərli işığı olan adamdır, işıqda yürüyən, işıqda şeirlər böyüdən adamdır.

Bu gün şairin 70 yaşı tamam olur! Əslində, 70 rəqəmi adil, həm zalım rəqəmdir. Kənardan baxana iki qərinəni geridə qoymuş uzun yoldur 70 il.  Bu yolda qarası, ləkəsi olanlar üçün daha geri dönmək imkanı yoxdur, ədalət doğur bu zaman. İşıqlı yol yolçuları üçünsə bu yol, yarıdan sonranı da ağardacaq qədər bir qərinəni gözə almalıdır, bu qərinə isə sıldırımlı yoxuşda qərar tutur buradan da zalımlıq baş qaldırır ədalətə sarı...

 

Heyran olub baxışına tutmuşam,

Üzü ömrün yoxuşuna tutmuşam.

 

Bu davamı - yeni bir qərinəni hər kəsə arzu etmirik ki... bu davamı məhz Musa Ələkbərli kimi insanlara diləyirik.

...70 həm ona görə zalımdır ki, görünüşcə "əllidəyəm", "altmışdayam" deyəni, "yetmişdəsən" ədalətsizliyi ilə suçlamağa çalışır. Şair özü zalım yetmişini danlayır axı...

 

Bir kənd uşağının saf ürəyini

Ahıl bir qocaya nişan gətirdin.

 

Ona görə danlayır ki, içindəki o saf ürəkli kənd uşağı axı dəyişməyib, o uşaq yenə arzusu-istəkləriylə, ümidverici baxışları, inamıyla boylanır o gözlərdən.   Ona görə mən 60 (+10) deyəcəm Musa Ələkbərli sənəsinə. Bu gənc ürəkli, odlu-alovlu şeirlər müəllifi Musa Ələkbərliyə:

 

Səni gördüm huşum çıxdı başımdan,

Bir qərinə yaşım çıxdı yaşımdan.

Alov qalxdı torpağımdan, daşımdan,

Közlənərsən, alışarsan çıxıb get,

Mən fağırı birdəfəlik yıxıb get.

 

Musa Ələkbərli təmizlik nişanəsidir. Bu dünyanı öz vəfasında carlayan, vəfalı dünyanın sirlərinə sirdaş olan təmizlik nişanəsi:

 

Dünya vəfalı dünya,

Zövqü-səfalı dünya.

Hər işdən baş çıxaran,

Hər sirdən halı dünya.

 

Onu təmizləyən, saflaşdıran isə içində bəslədiyi, göyərtdiyi, bəhrəsini gördüyü Tanrı sevgisidir. O sevgi ki, Adəmdən başlasa da, Nuhla bərabər əbədiyyətə qədər ucalmağı başaran, xaliqini ruh adamı, adamı, irfan adamı, Səma adamı edən sevgi:

 

Sevgi yanan Tanrı şamı,

Sevgi, həyat tapdı hamı...

Mən olmadım yer adamı

Mənim sevgim ruh sevgisi -

İnsanlığa Nuh sevgisi...

 

O sevgi ki, fanini gülə-çiçəyə, torpağa, gördüyü gözəlliyə, yediyi nemətə, içdiyi suya, udduğu havaya boylanmaq üçün ləngitməyi əbədi etməyi başaran sevgi:

 

O gülü bu sayaq üzə bilməzdin,

Arxayın, təmkinli gəzə bilməzdin.

O boyda sevincə dözə bilməzdin

Onunçün yollarda ləngidi, vallah,

Bu sənin dediyin sevgidi, vallah.

 

O sevgi o qədər ucadır ki, Musa Ələkbərli boyunda, Musa Ələkbərli içində Əzrailə belə meydan oxuyacaq qədər:

 

Könlüm gözəlliyə olsa da mail,

Qismət deyilənə qailəm, qail.

Bir şərtim var canım-gözüm Əzrail,

Ömür boyu gəzdiyimi tap, gedim.

 

Bu günə qədər kim Əzrailə şərt qoya bilmişdi, kim onu sözlə cəngə çağırmışdı? Ona bu cəsarəti verən isə İlahi sözləridir:

 

İlahi eşq ilə təpərlidirsə

İnanma o qəlbi ağrılar yenə.

Dörd yanın sevgiylə çəpərlidirsə,

Əcəl belə erkən yol tapmaz sənə!

 

Qarşısına qoyduğu məqsədə asi çıxmamasıdır, o məqsəd uğrunda mübarizə aparmasıdır. Mübariz yolla, təmiz yolla, saf yolla, yolla...

 

Hirslisənsə bulaq suyu , Musa,

Qan qaraldan bu söhbətdən keç, Musa.

Sən sözlərin gözəlini seç, Musa,

Yaxın qoyma qaba sözü, qart sözü!

 

Musa Ələkbərli yaradıcılığının göz yaşı əksər şairlər kimi yar vəfasızlığından, tənhalıqdan, həyatın amansızlığından, baharın gedişi, qışın gəlişi, dağların duman-çən geyməsi sair ilaxırdan deyil. Onun yaradıcılığının bircə ağrılı yeri var, Qarabağ ağrısı:

 

Bir iynənin ulduzundan keçməkdi,

Ağrıların ağırını seçməkdi,

Diri gözlə cəhənnəmə köçməkdi

Mənim Qarabağdan şeir yazmağım.

 

Şair bu ağrını qələmə almağı diri gözlə cəhənnəmdən keçmək adlandırır. Qələmə alammadıqca isə, içindəki adam gündə yüz yol bir iynənin ulduzundan keçir, ağrıların ağrısını seçir...

Ona görə içindəki qarabağlı misralar elə şuşalanır ki, o misralara gendən baxır, o misralara toxunammır, o misraların təşnəsində boğulur, o misralara yetmək üçün gözləyə biləcəyinə ümidi tükənir... buradan iki söz iki yola cığır salır:

 

İki söz canlanır: ölüm həyat...

Ortaya Tanrının sirri gələndə.

 

Ölümdən (qarabağlı misraların şair bətnindən) həyata doğru (Qarabağa doğru) salınan cığır... Bütün sirlərin açarı əlində olan Tanrının da sirrindən halı olammadığı cığır...

Musa Ələkbərli 70 yaşını salamladı. Bu mübarək salam onun taleyinə yazıldı. Öz mübarəkliyi, müqəddəsliyi ilə hər kəsə qismət olmayan salam idi bu salam. Biz bu salama qoşuluruq. Şairə yeni-yeni onilliklərdə yeni-yeni mübarək salamlar diləyirik.

 

Salam yetmiş yaşım, ay üzü nurlum,

Ömrümə-günümə xoş gəldin, salam!

Ay sevda həvəslim, şeir qürurlum,

Yadıma saldın ki, mən ağsaqqalam.

 

İradə Aytel

Ədəbiyyat qəzeti.- 2020.- 12 iyun. S. 11.