Varislər
Oktay
MİR-QASIM: “Atam bütöv Azərbaycan sevdalısı idi”
"Varislər"in
bugünkü qonağı akademik, Azərbaycan Milli Elmlər
Akademiyasının ilk prezidenti, Azərbaycanda tibb üzrə
ilk elmlər doktoru, tanınmış ziyalı, elm xadimi Mirəsədulla
Mirqasımovun varisi, Azərbaycanın Xalq artisti, "Şərəf"
ordenli, sevilən kinofilmlərin quruluşçu rejissoru Oktay
Mir-Qasımdır.
Akademiyanın
ilk prezidenti
Mirəsədulla Mirqasımov 1883-cü ildə ruhani ailəsində
dünyaya gəlmişdi. Onun böyüyüb boya-başa
çatdığı ailə Bakıda islam
dəyərlərinə görə sayılıb-seçilən
nəslin bir qolu idi, amma atası oğlunun gələcəyi
ilə bağlı seçim qarşısında qalarkən,
elmə üstünlük verdi. Çünki Mir Ələsgər
ağa islamda elmə verilən dəyəri gözəl
bilirdi...
O,
1913-cü ildə Odessadakı Novorossiya İmperator
Universitetinin tibb fakültəsini bitirmiş, cərrah
ixtisası almışdı. Bir müddət
Odessada, Bakıda hərbi lazaretdə, 1 saylı doğum evində
cərrah kimi fəaliyyət göstərmiş, Azərbaycan
Dövlət Tibb Universitetinin professoru olmuşdu.
1945-ci ildə Elmlər Akademiyasına həqiqi üzv
seçilən M.Mirqasımov Elmlər Akademiyasının ilk
prezidenti olur.
Bu mübarək insan, unudulmaz ziyalı, Azərbaycan
tibb elminin ən parlaq simalarından biri Mirəsədulla
ağanın varisi, tanınmış kinorejissor Oktay
Mir-Qasımla hər ikimizə doğma məkanda - AYB-nin Natəvan
klubunda görüşdük.
- Mirəsədulla
Mirqasımovun oğlu olmaq Oktay Mir-Qasıma nə verdi?
Edilməyən
xahiş
- Bu suala
cavab vermək üçün bizə ən azı bir həftə
vaxt lazımdır. Amma suala nisbətən
lakonik cavab verməyə çalışacağam. Atam
bir şəxsiyyət kimi çox nəhəng idi, mən
heç onun kölgəsi ola bilmərəm.
Qorxmaz, məğrur, amma olduqca mülayim və təvazökar...
Heç vaxt səsini qaldırıb, əsəbiliklə
nəsə dediyini xatırlamıram. Ən
çox əsəbi olduğu vaxtlarda sadəcə, əlini
astaca masaya vurub, "Allahu Əkbər!" deməklə
hisslərini bildirirdi.
Məndən böyük qardaşım Rüfətlə
aramızda 3 yaş fərq var. O, Akademiyanın müxbir
üzvü, tanınmış fizikdir. Balacaydıq, oyuncaq üstə
mübahisəmiz düşdü və ona "axmaq" dedim.
Atam bunu eşitdi, məni otağına aparıb tənbeh
etdi: "Adam özündən böyüyə kobud söz
deməz!". Ülgüc
itiləmək üçün istifadə etdiyi kəmərlə
yanıma vurdu. Bu cəza bütün
ömrüm böyu mənə dərs oldu.
Mirmustafa bir neçə gündən sonra cəbhəyə
gedəcəkdi. Anam atamın qarşısında diz
çöküb yalvardı ki, get Mir Cəfər
Bağırovdan xahiş elə, uşağı Bakıda
saxlasın. Atam kifayət qədər nüfuzlu adam idi, xahiş etsəydi, Bağırov onun
sözünü yerə salmazdı, lakin atam bu addımı
atmadı. Mirmustafa evin böyük
övladı, istedadlı, yaraşıqlı,
ağıllı oğlan idi. Atam onu
çox istəyirdi, amma bütün bunlara rəğmən,
o, Bağırovun yanına xahişə getmədi.
Atamın bu addımını sonradan analiz etməyə
çalışdım...
Mir Cəfər
Bağırovun sözünü yerə salmaq
1947-ci ildə Dövlət Filarmoniyasında birinci katib
M.C.Bağırovun rəhbərliyi ilə iclas olur. İclas başa
çatdıqdan sonra adamlar katibi yola salır, bu vaxt
Bağırov üzünü atama tutub: "Yoldaş
Mirqasımov, sabah Kommunist Partiyasına üzv olmaq
üçün ərizənizi masamda görmək istəyirəm",
- deyir. Atam iki il idi akademiyanın prezidenti
seçilmişdi, hər dəfə ona yumşaq formada
partiyaya keçməyini xatırladırdılar. O vaxt bu vəzifədə
Kommunist Partiyasının üzvü olmadan işləmək
imkansız idi. Bağırovun təklifini eşidən atam o dəqiqə
cavab verir: "Belə bir şey mümkün deyil, yoldaş
Bağırov". Hamı çaşıb
qalır. "Bunu necə başa
düşmək olar?" - Bağırov soruşur.
Atam: "Allaha inanıram, bir dəfə də Hippokrat
andı içmişəm, bu mənə bəsdir".
Bağırov atamın müstəqil adam
olduğunu yaxşı bilirdi, bu cavab birinci katib
üçün sürpriz deyildi, amma atam bu cavaba görə
ağır cəzalana bilərdi. Bağırov başqa
heç nə demir,
çıxıb gedir. Atamın
böyründə-başında olan adamlar yoxa
çıxır. Qovluğunu
götürüb Filarmoniyadan Akademiyaya olan 5-6 dəqiqəlik
yolu piyada gəlir. Akademiyada heç kəsi
görməyəndə təəccüblənir. Pillələrlə qalxır, dəhlizlər
boşdur. Qəbul otağına yaxınlaşır:
qapı bağlıdır. Öz açarı
ilə açıb içəri keçir və kabinetinin
qapısına baxanda otağının möhürləndiyini
görür. O dəqiqə başa düşür ki,
artıq EA-nın prezidenti deyil. Bu iki epozodu xatırlamaqda məqsədim
var: əgər atam illər əvvəl qardaşımı cəbhədən
saxlatmaq üçün Bağırovun yanına xahişə
getsəydi, təbii ki, sözü yerə
salınmayacaqdı, amma sonra atam heç vaxt Bağırovun
sözündən çıxa bilməzdi. Atam imanlı adam idi, yəqin, əmin idi ki, Allah onun
övladını odun-alovun içində qoruyacaq.
- Oktay
müəllim, bu fikirlərinizlə Mirəsdulla ağanın
dolğun portretini yaratdınız. Əminəm,
fikirləriniz oxucularımız üçün də
maraqlı olacaq. O, peşəkar cərrah idi, ictimai fəaliyyəti
vardı, amma bu qədər işin-gücün içində
bir ara müsəlman qadınlarının
hüququ ilə bağlı məqalələr də
yazıb. İndi gedib beş-altı saat
kompüter qarşısında oturan gənclər işdən
yorulur. Bu boyda enerji o kişilərdə
haradan qaynaqlanırdı?
- O, təkliyi
sevirdi. Düzdür, qohumcanlı idi, bibilərimiz
gələndə ürəyi açılırdı, ancaq
daha çox öz düşüncələri ilə
baş-başa qalırdı. Qadın
hüquqları onun üçün çox həssas məqam
idi, çünki o, Azərbaycan qadınını savadlı,
ziyalı, mübariz görmək istəyirdi və tapdanan, əzilən
qadın hüquqlarının üstündən mübariz
insan kimi sükutla keçə bilməzdi.
Bütöv
Azərbaycan sevdası
Atam bütöv Azərbaycan sevdalısı idi. Balacaydım,
mənim üçün Azərbaycan bizim evdən, Xaqani
küçəsi, 19-dan, Bakı şəhərində futbol
oynadığımız məhəllədən, Şüvəlana
gedən yoldan, bir də Şüvəlandakı bağlardan
ibarət idi. Bir dəfə söhbət əsnasında
atamın: "Ordubad camaatı elmə böyük maraq
göstərir. Ordubaddan gələn gənclər
çox işgüzar, istedadlı olurlar. Mən
öz ordubadlı tələbələrimdən çox
razıyam", - dediyini eşitdim. Başa
düşdüm ki, Azərbaycan adlı məmləkətdə
Ordubad da var. Beləcə, Azərbaycanın coğrafiyası
mənim üçün açıldı. İlk dəfə Ordubada 1972-cı ildə çəkilişə
getdim. Ürəyim şiddətlə
döyünürdü, sanki atamın bir vaxtlar dediyi sözləri
canlı olaraq ziyarət edirdim.
- Mirəsədulla
ağa Bakıda çox məşhur bir ruhani nəslinin
nümayəndəsi, tanınmış ruhani aliminin ailəsində
dünyaya gəlmişdi. Bildiyimiz kimi, seyidlər islam peyğəmbərinin nəslindən gəlir,
Mir Mövsüm ağaya qohumluq da bir yandan. Nə
əcəb o, ruhani olmağı yox, həkim olmağı,
elmi seçdi?
Mədrəsələrdə
yetişən ziyalılar
- Bu sual məni
də uzun illər düşündürüb. Mədrəsə
deyilən təhsil müəssisəsi öz dövrünə
görə artıq son dərəcə oturuşmuş tədris
proqramı olan bir yerdir. Orada məqsəd
dini kadrlar yetişdirmək deyildi, sadəcə bu, təhsilin
bir forması hesab olunur, orada əsl ziyalılar
yetişdirilirdi. Gəlin tarixə baxaq: XX əsrin ən
üzdə olan ziyalıları, elm, ədəbiyyat, mədəniyyət
xadimlərinin çoxu ilk təhsilini mədrəsələrdə
almışdı. Ziyalı sadəcə boynuna
qalstuk taxıb, başına şlyapa qoyanlara deyilmir,
ziyalılıq əqidə məsələsidir. Əbu Əli İbn Sina qalstuk taxmışdı,
yoxsa Nizami başına şlyapa qoymuşdu?! İndi biz onlara ziyalı deməyək?! Mədrəsələrdə dini elmlərlə
yanaşı, dünyəvi elmlər də tədris olunurdu və
uşaqlar özləri öz gələcək
yollarını müəyyən edirdilər. Atam
xaraktercə azad adam olduğundan doğru
bildiyi işin ardınca gedib, atası da onun fikirlərinə
mühafizəkarlıqla deyil, əsl ziyalı kimi dəyər
verib.
- Mirəsədulla
ağagil ailədə neçə uşaq olublar? Əminiz, bibiniz olubmu? Ümumiyyətlə, ailədə
babanızın yolu ilə, din yolu gedən kimsə
varmı?
- İki əmim olub - Mirzeynalabdin və Mirmüştəba. İki də bibim olub: biri
Azərbaycanın ilk qadın hərbi pilotu Züleyxa Seyidməmmədovanın
anası Minəxanım Seyidməmmədova, biri də məşhur
psixiatr Ağabəy Sultanovun anası Suğra bibim. Onların
heç biri ruhani fəaliyyəti ilə məşğul
olmayıb, amma buna baxmayaraq, babam Mirələsgər
ağanın bütün ailə üzvləri,
övladları hər zaman böyük hörmət və
ehtiramla qəbul edilib. Üstəlik, biz hamımız islam tarixinə, islam dəyərlərinə,
müqəddəs "Qurani-Kərim"in buyurduğu məsələlərə
hörmətlə yanaşırıq.
-
Əslində, İslam dini bizə savadlı, elmli
olmağı, cəhalətdən uzaq durmağı buyurur və
islam peyğəmbəri elmə, alimə
çox böyük dəyər verir. Oktay
müəllim, bəs, siz niyə atanızın nüfuzundan
yararlanmayıb tibbi yox, həm təbabətdən, həm də
dindən tamamilə uzaq bir sahəni - kinorejissor olmağı
seçdiniz?
İnsan
peşəsini və ömür-gün yoldaşını
özü seçməlidir
- Müqəddəmə
kimi bir fikir bildirim, sonra sualınıza cavab verərəm. Atam həmişə deyirdi ki, insan peşəsini və
ömür-gün yoldaşını özü seçməlidir.
Çünki özü gələcək həyat
yolunu bu prinsiplə seçmişdi. Bu, fərdi
seçimdir. İnsan nəyə görə
hansı rəngə üstünlük verdiyini izah edə bilərmi?
Zövq məsələsidir də. Yəni
həyatda insanın fərdi şəkildə qəbul etdiyi,
yaxud etmədiyi məsələlər var. Mənim peşə
seçimimə qayıdaq: 14-15 yaşım olardı, bir dəfə
küçədə təsadüfən kino çəkilişi
prosesini gördüm, rəhmətlik Tofiq Tağızadə
"Uzaq sahillərdə" filmini çəkirdi. Dayanıb gecə keçənə qədər o
prosesi izlədim və kinorejissor olmaq fikrinə
düşdüm. Yəni o çəkilişi
görmək gələcək planlarımla bağlı ilk təkan
oldu. Evdə narahat olacaqlarını
bilirdim, amma çəkiliş prosesi məni sehrləmişdi,
ayrıla bilmirdim. Demək istəyirəm
ki, adi bir təsadüf həyatımı dəyişdi.
-
Mümkünsə, bir az da şəcərəniz
haqqında danışın. Çünki islamda seyidlər
birbaşa islam peyğəmbəri nəslinin
davamçılarına deyirlər. Ata
babanız Mir Mövsüm ağanın dayısıdır, yəni
doğma adamlarsınız. Nəsil də Mir
Mövsüm ağaya bağlıdır... Daha
geniş nəsə deyə bilərsiniz?
Əmim
müsavatçı olduğuna görə Parisdə intihar etdi
- Təəssüf,
çətinlik çəkirəm daha geniş nəsə
söyləməyə. Çünki mən ailəmizdə
bütün bunların fonunda elmə, azad düşüncəyə
üstünlük verildiyini görmüşəm. Əvvəla, atam rəhmətə gedəndə 15
yaşım vardı, yəni hələ o bilgiləri öyrənməyə
həvəsli deyildim. Məsələn,
Mirzeynalabdin əmim Müsavat partiyasının üzvü
olub. Cümhuriyyət qurulanda xaricə təhsil
almağa göndərilən 100 nəfərdən biri də əmim
idi. Onu Parisə, Sorbona Universitetinə göndərmişdilər.
Bildiyiniz kimi, Cümhuriyyət süqut etdikdən sonra əksər
müsavatçılar kimi, o da vətənə qayıda
bilmir, çünki hamısını az
qala sorğu-sualsız güllələyirdilər. Əmim qürbətdə yaşaya bilmədi və
intihar etdi. Bilirsiniz, yaşımız az
olduğuna görə bizə belə şeyləri
danışmırdılar. Uşaqlar saf olur axı, ehtiyat
edirdilər, eşitsək, haradasa ağzımızdan
qaçıra bilərik: "biz seyidlərdənik!", ya da "əmim
müsavatçıdır" və s. Sovet dövründə
belə şeylərə qadağa qoyulmuşdu.
Biz əslən
bakılıyıq, amma mən qarışığam: ana
babam İsgəndər bəy Axundov şamaxılıdır.
Məşhur vəkil olub, Polşada təhsil
alıb. Cümhuriyyət dövründə
parlamentə üzv seçilib. Ana nənəm
Züleyxa xanım Bayraməlibəyovadır.
- Bu, məşhur
xeyriyyəçi bayraməlibəyovlar olmasın...
- Tamamilə
doğrudur. Bu nəsil elmə, təhsilə
xeyriyyəçilik ediblər. Onlar
savadlı, istedadlı gənclərin təhsil almasına
yardım ediblər, aylıq təqaüd ayırıblar.
Atamın anası Seyidxanım Saray qəsəbəsindəndir,
babam Mirələsgər ağanın kökü isə Cənubi
Azərbaycanın Əhər şəhərindədir. Yəni qollu-budaqlı nəsilik. Qismət olsa, ata yurdumu, Əhəri görmək
arzusundayam.
- Mirəsədulla Mirqasımov Cümhuriyyət illərində
Bakıda adi həkim kimi fəaliyyət göstərib. Bilmək istəyirəm,
onun siyasi fəaliyyəti də olubmu? Məsələn,
bayaq qeyd etdiniz ki, qardaşı müsavatçı olub...
Ailənin
Kommunist Partiyasına əbədi nifrəti
- Yox, atam
ömrünün sonuna qədər azad adam
oldu. Heç bir partiyaya keçmədi, sadəcə, öz
işini gördü, tibb elminə töhfələr verdi, insanların
sağlamlığının keşiyində durdu. Məncə,
bir həkim üçün bundan şərəfli heç nə
ola bilməz. Birinci Dünya
müharibəsi illərində hərbi həkim kimi fəaliyyət
göstərmişdi. Övladları olaraq
hər zaman onun qoyduğu qanunlara riayət etdik və hələ
də edirik. Qardaşım Rüfət
fizikdir, MDU-nu bitirən kimi onu Moskva vilayətinin Dubna şəhərindəki
Beynəlxalq Nüvə Fizikası Mərkəzinə
apardılar. Öz sahəsi üzrə
çox istedadlıdır. Yazdığı
məqalələr İtaliyada, İsveçrədə,
Fransada, Amerikada elmi mətbuatda çap olunurdu. Onu konfranslara dəvət edirdilər, mühazirə
deməyə çağırırdılar. Bu, həm də yaxşı qonorar idi, amma Kommunist
Partiyası üzvü olmadığı üçün
ölkədən kənara buraxmırdılar. Məşhur sovet fiziki, akademik Nikolay Boqalyubov
vardı, həmin mərkəzin direktoru idi. Rüfəti otağına dəvət edib, partiyaya
keçmək haqqında ərizə yazmağını məsləhət
bilib. Qardaşıma hörməti
vardı, deyirdi, sən mütləq inkişaf etməlisən.
Rüfət isə "Mən ailə ənənəsini
poza bilmərəm", - cavab verir. Eynilə
mən də, ailəmizin digər üzvləri də. Məni də bəzən xaricə
buraxmırdılar, müəyyən əngəllər
yaranırdı. Şərt qoyurdular, bu dəfə
buraxırıq, gələn dəfə mütləq partiyaya
keçməlisən. Qardaşım Fərid Moskvada
Bauman adına Universiteti bitirmişdi, onu
Tupolev zavoduna işə götürmüşdülər. Bir-iki həftə sonra onun da partiyaya keçməsi
məsələsi ortalığa çıxıb, kommunist
olmadan belə strateji əhəmiyyət daşıyan müəssisədə
işləmək mümkün deyil. Fərid
isə "Mənim belə bir planım yoxdur", - deyib.
Belədə ondan böyük təəssüf
hissi ilə işdən azad olunması haqqında ərizə
alıblar. Bunun rəmzi mənası vardı: bununla azad
olduğumuzu bəyan etmək istəyirdik.
Balina ovu
-
Atanız bir müddət Oxot dənizində balina ovlayan gəmidə
işləyib. Ucsuz-bucaqsız okean, açıq dənizə
çıxmış gəmi, dəyişən fəsillər,
tufan, qasırğa... Bu onun nəyinə
lazım idi?
-
Maraqlı sualdır. Xeyriyyəçiliyi ilə
tanınmış Aşurbəyovlar vardı, tarixçi alim
Sara Aşurbəylinin valideynləri. Onlar
sınaq keçirir, ən istedadlı, savadlı gənclərə
aylıq təqaüd ayırırdılar. Atam da
sınaqdan keçmişdi və onların vəsaiti ilə
iki il ali təhsil almışdı. İki ildən sonra atam "təəssüf ki,
maddi imkanlarımız çətinləşdiyinə görə
bundan sonra sizə maliyyə yardımı edə bilməyəcəyik"
məzmunlu xəbərdarlıq məktubu alır. Onun təhsil alması üçün başqa
variantı yox idi. İş tapmaq üçün
elanlara baxır və balina ovlayan donanmadakı gəmilərin
birində feldşerliyə adam
axtarıldığını öyrənir. Bir
illik akademik məzuniyyət götürür və çox
ağır həyat şəraitində dəfələrlə
ölümlə üz-üzə qalmaq bahasına gedib gəmidə
işləyir. Sonra oradan aldığı
vəsaitlə təhsilini davam etdirir. Cümhuriyyət
illərində Azərbaycanda Universitet açılır və
atam pedaqoji fəaliyyətlə məşğul olur, cərrahiyyə
kafedrasında işləyir. Axı o həm
də Azərbaycanda tibb üzrə alimlik dərəcəsi
almış ilk şəxsdir.
- Oktay
müəllim, sizə daha möhkəm sağlamlıq və
uzun ömür arzulayıram. Artıq Mirəsədulla
ağadan da yaşlısınız. Böyük
olmaq, ağsaqqal olmaq, örnək olmaq sizin üçün nədir?
Və bu dövrdə böyük olmaq, o
böyüklüyü saxlamaq mümkündürmü?
Böyük
olmaq elə Mirəsədulla Mirqasımov olmaqdır
- Bunun mənim
üçün çox qısa cavabı var: böyük
olmaq, ağsaqqal olmaq, örnək olmaq elə həyatını
Mirəsədulla Mirqasımov kimi yaşamaqdır. Artıq 60 ildən çoxdur atam bizi tərk edib.
Bunu, sadəcə, onun oğlu olduğum
üçün demirəm, amma görürəm axı,
bütün Azərbaycan xalqı onunla fəxr edir, xatirəsini
əziz tutur. Mən də atamla fəxr
edirəm və niyə də etməyim? Böyük
olmaq sağlığında özünə əbədiyyət
qazanmaqdır. İsmayıl İbrahimov
vardı, akademik, 103 yaşında dünyasını dəyişdi.
Həmişə deyirdi ki, sənin atan mənim
də mənəvi atam olub. Onun bir fikrini
xatırladım: ötən əsrin dahilərini
görmüşdü - Üzeyir bəy, Cavid, Mirzə Cəlil,
Səməd Vurğun... Bax, İsmayıl müəllim
deyirdi: "Oktay, qəribədir, elə bil get-gedə insanlar
cılızlaşır". Əgər
böyük həyat təcrübəsi olan bir insan bunu deyirsə,
demək bu sözlərin arxasında acı gerçəklik
dayanır. Təbii, indi o qədər
böyük olmaq çətindir.
- Yuxuda
yaşamaq rahatdır, yoxsa həyatda? Yəqin,
yuxu görürsünüz? Çünki
bildiyim qədərilə bəzən gördüyünüz
yuxuların süjetindən bədii
yaradıcılığınızda istifadə edirsiniz.
Reallıqda
yaşamaq...
- Qəribə
sual oldu. Sizə deyim ki, əvvəllər, hətta
silsilə yuxular görürdüm və dediyiniz kimi onlardan
birinin süjetini hekayəmə salmışam. Yuxuda yuxu
gördüyümü bildiyim üçün ən dəhşətli
yuxularımı belə, sakit qarşılayıram, amma bəzən
çox dəhşətli yuxular görür adam
və bir an əvvəl o dəhşətdən ayılmaq, o
kabusdan qurtulmaq istəyir. Bəzən yuxular nəyinsə
xəbərçisi rolunu oynayır. Anam
dünyasını dəyişəndən sonra yuxuda
yaşıl fonda, dumanda onun simasını
görürdüm: yaxşı xəbər müjdəsi verməyə
gələndə sifəti işıq saçırdı,
üzü gülürdü, nəsə narahatlıq olanda
qaşları çatılırdı, kədərli olurdu. (Fikrə gedir). Məncə, insan
ömrünü reallıqda yaşamaq üçün
doğulub. Bütün yaxşısı
ilə, pisi ilə reallıqların tərəfindəyəm.
Məşhurlarla
qonşu olmaq
-
Doğulub boya-başa çatdığınız ev əsl muzeydir. Kimləri
xatırlayırsınız o möhtəşəm və
mötəbər qonşulardan?
- Demək
olar hamısını. Birinci blokda ilk peşəkar
qadın opera müğənnilərimizdən olan Həqiqət
Rzayeva yaşayırdı. İkinci blokda
SSRİ Xalq artisti Adil İsgəndərov. Üçüncüdə yenə SSRİ Xalq
artisti, baletmeyster Qəmər Almaszadə. Bizim blok, yəni dördüncü blok mənim
üçün daha doğmadır. SSRİ Xalq
artisti Bülbül, yazıçı M.S.Ordubadi, biz, məşhur
heykəltəraş Sabsay, Mirzə İbrahimov və
Mikayıl Rəfili, Ağasadıq Gəraybəyli və
Süleyman Rüstəm. Hamısı
doğma idi. Gəraybəyli məhəllədəki
uşaqlara xoş sözlər deyirdi, başımızı
sığallayırdı. Süleyman
Rüstəmin qəribə siqaret çəkməyi
vardı, əlinin içi ilə ağzını
qapadırdı siqaret çəkəndə.
Qıratın
belində gəzmək ləzzəti
Mirzə İbrahimovun uşaqları ilə
bacı-qardaş kimi böyüyürdük.
Bülbül tez-tez çay içməyə
gəlirdi bizə. Hər dəfə
"Koroğlu" tamaşası gedəndə bizi
yığıb aparırdı operaya, amfiteatrda oturub
tamaşaya baxırdıq. Tamaşadan sonra da heç
birimiz dağılışıb getmirdik, çünki
tapşırmışdı, bizi Koroğlunun atına mindirib
gəzdirirdilər...
-
Atanızın son günlərini necə
xatırlayırsınız? 15
yaşınız olub, məncə, çox şey
yaddaşınızda qalmalıdır. Mirəsədulla
ağa dünyasını dəyişəndə ailəni kimə
tapşırdı?
Kəpənək
qanadlı əcəl
- Mən
ondan sonra bir ağrı ilə yaşadım və elə o
ağrı ilə də öləcəyəm. Şüvəlanda bağdaydıq. Birdən böyük, gözəl bir kəpənək
gördüm və torla onu tutmaq istədim. Atam da xəstəhal idi, eyvanda oturub bağa
baxırdı. Bunu görəndə mənə irad
tutdu, dedi ki, meynələri əzmə. Təbii, onun
sözündən çıxa bilməzdim, amma heyifsiləndim,
az qalmışdı kəpənəyi
tutmağıma. Bir qədər sonra kəpənək
yenə gəldi və yenidən onu tutmağa cəhd etdim.
Atam ikinci dəfə mənə irad bildirdi.
Pərt oldum, ürəyimdə: "İki meynə əzilsə
dünya dağılar?!" fikirləşdim və atamdan
incidim. Həmin gecə atam dünyasını dəyişdi.
Anam, böyük qardaşlarım
başının üstünü kəsdirib, mənsə
incik olduğum üçün yatmışam. Ondan incik olduğumu heç vaxt özümə
bağışlamıram. Hər kəsdən
axırda mən gəldim onun yanına. İndi
fikirləşirəm, bəlkə də o kəpənək əcəl
idi, uçurdu bağda və atam bunu hiss edirdi.
O ki
qaldı ailəni kiməsə tapşırmasına, bunu
xüsusi qeyd etməyə ehtiyac yox idi, çünki bir qayda
olaraq atamdan sonra böyüklük qardaşım
Mirmustafanın çiyninə düşdü. Məndən
21 yaş böyük idi və o, həm də mənə
atalıq etdi.
Oktay MİR-QASIM
Söhbətləşdi:
Əyyub QİYAS
Ədəbiyyat qəzeti.- 2020.- 12 iyun. S. 16-17.