Unutmaq
gözəldir
Nələrisə
sürəklə, tez-tez xatırlamaq
unutmaq ərəfəsidir,
bir şeyi özündə,
özü də əbədi saxlamaq üçün
unutmaq gərək,
unutmaq gözəldir...
1
Aydın məsələdir ki, bədii obrazın
yaradılması və qurulmasında yaddaş (yada salmaq) və
unutmaq müəyyən tənasübdə olur. Bu, ilk dəfə olaraq
M.Baxtinin Fransua Rable haqqında kitabına əlavədə əksini
tapıb ("böyük yaddaş", "böyük
zaman" və sair, - bununla işimiz yox...). Bədii
yaradıcılıqda yaddaş həmişə
keçmişin zirzəmisidir. Bəzi
adamlarda yaddaş, haçansa görüb-eşitdiyini
anında xatırlamaq mənasında doğrudan da zirzəmidir.
Bədii obrazın təşkilində nələrsə
şüuraltında qalır, üzə çıxmır və
bu, nələrisə qəsdən, ya bilməyərəkdən
unudanda baş verir. Burada "unutmaq"
hadisəsi spontan şəkildə, itirilən şeyə təəssüf
hissi gücləndikcə baş verir, belədə bəlkə
də ötüb keçən ömrün dibini göstərmək
gücünə malik olan ən mənalı anı əldən
buraxır və bu, onun bir daha keçmişdə qalması
ilə nəticələnir. Bədii mətnin strukturu da
məhz bu hadisənin gərginlik tezliyi ilə bilavasitə əlaqəlidir
və onunla tənzimlənir (Əli Kərimin "Nə
xoşbəxt imişəm, bir zaman, Allah" şeirini
oxuyun...). Hər hansı şeiri oxuyanda biz nələrisə
xatırlayır, nələrisə unuduruq, bu həm də bəlli
mədəni dövrün paradiqması ilə
bağlıdır, paradiqma dəyişdikdə, bədii mətn
özü-özünü gizlədən, qapayan bir sistemə
çevrilir, yəni artıq oxunmur və deməli, heç nə
xatırlanmır, heç nə də unudulmur. Ayrı-ayrı
janrlara, deyək ki, qəzəllərə şərhlərin
yazılması da həm də janrın öz
ömrünü bitirməsi, janr yaddaşının
dağılma təhlükəsi ilə bağlıdır.
Şərh keçmişi bərpa etmir, unudulanı yerinə
"bərkitmir", əksinə, şeirə çəkilən
həqiqi hisslərin itirilməsinə səbəb olmaqla
"alternativ"lərin axtarışına gətirib
çıxarır. Rus şairi Derjavin
ömrünün sonunda öz odalarına (qəsidə...)
uzun-uzadı şərhlər yazmışdı. Müxtəlif dövrlərdə xatırlamaq/unutmaq
paradiqması fərqli şəkildə dəyişir və
beləliklə, bədii mətnlərin oxusuna fərqli təsir
buraxır. Ayrı-ayrı janrlarda bu tənasüb
necə yaranır və necə pozulur? Bunu
təkcə təsvirlərlə, bədii mətni ənənəvi
təhillə üzə çıxarmaq mümkün deyildir.
Belə
bir qeydə baxaq: "...Bununla belə, təkcə mətnlərin
tərkibi deyil, onların özləri də dəyişir. Uzaq keçmişdə mədəni yaddaşda
saxlanılan mətnləri deşifrə etmək
üçün istifadə edilən yeni kodların təsiri
altında mətnin strukturunda əhəmiyyətli olan və
olmayan elementlərin yerdəyişməsi baş verir.
Faktiki olaraq mürəkkəblik səviyyəsinə
çatmış mətnlər konstant informasiyaların
saxlanc yeri ola bilməz, çünki onlar
anbar yox, generatordur. Mədəniyyətin
yaddaşındakı mənalar saxlanmır, əksinə,
böyüyüb artır. Mədəni
kollektivin "ümumi yaddaşı" olan mətnlər mədəniyyətin
müasir-sinxron kəsimində dövr edib-dolaşan mətnlərin
deşifrə edilməsinə xidmət etməklə bərabər,
yenilərini də meydana gətirirlər" (Y.Lotman).
Pol Valeri
təsdiqləyirdi ki, poeziya gözəl, cilvəli şəkildə
geyinmiş və poetik aparatura ilə təchiz olunmuş proza
deyildir; şeir hansısa ideya qəlibinə qədər
sıxılmış bir nəsnə ola
bilməz. Daha doğrusu, ideyanı, yaxud
ideyaları bir yerə yığıb onlardan vaz keçə
bilər və bu, şeirin yaşama, özünü bildirmə,
yaddaşa köçmə mexanizmidir. Şeirdə
yaddaş mənasında qəsdən unudulan şey oxucunun
yaddaşında oyanır və bu iki əks qütb
arasında bir gərginlik sahəsi yaranır.
Yenə o
bağ olaydı, yenə yığışaraq siz
O bağa
köçəydiniz.
Biz də
muradımızca fələkdən kam alaydıq,
Sizə qonşu olaydıq.
Yenə o
bağ olaydı, səni tez-tez görəydim,
Qələmə söz verəydim.
Hər
gün bir yeni nəğmə, hər gün bir yeni ilham,
Yazaydım səhər axşam.
Arzuya bax sevgilim, tellərindən incəmi?
Söylə, ürəyincəmi?
Bu
şeirdə zahirən o gərginlik sahəsi bilinmir, ancaq hər
dəfə (şeir boyunca) nələrinsə asta-asta
xatırlanması yaddaşın dərin, ağrı dolu
qatında (vadisində...) olanlar oyanıb da yoxa
çıxır və onları tutmaq, göstərmək
inadı boşa çıxdığında şair güclə,
son cəhddə tuta bildiyi hissləri verir: arzuya bax, sevgilim, tellərindən
incəmi//söylə, ürəyincəmi? Mətn
boyunca hər dəfə bu, müəllif üçün
çox dəyərli olsa da, unudulan nəsnələrin
işarələri oxucunun ruhunda qəribə, izahsız
sızıntılar yaradır. İfadənin
seçilməsində də işığın son gözərtisinin
möhürü var, arzunun tellərdən incə olması həm
də poetik vəziyyət və yaşantının
hüdudlarını işarələyir. Bu şeir
hardasa bizə fransız şairi Pyer Emmanuelin "Bircə
an" şeirini xatırladır, orda da yaddaşda tam olaraq
var olanlar deyil, indicə çıxıb gedəcək,
gözdən itəcək nəsnələr "tutulur" və
elə buna görə də şair var gücüylə
bilinməz bir şeyin dünyanı, yaşamı
açıb faş edən qatını vizuallaşdırmaq
istəyir:
Bir
barmağın ucuyla
dənizin
duzunu necə biliriksə,
Əbədiyyət
dediyin də
bircə
anın həyəcanlı gözləntisidir.
Gözün
xəbəri oldumu
Göz qapağında kirpiklərin ilk titrəyişindən.
Mikayıl
Müşfiqin şeirindəki ifrat gərginlik anını
bildirən "tellərindən incəmi" deyimi Pyer
Emmanuelin şeirində "kirpiklərin ilk titrəyişi
" deyiminə təndir. Bir şeirdə içdən
duyulan ağrı o birində kirpiklərin qüssədən
yorulub Tarkovskinin filmlərindəki budaqların yaşıla
bürünüb rəng içində "yox
olmasına" gətirib çıxarır.
Bu kirpiklər
milyon dəfə çırpılmalıdır ki,
Ən
uzun kirpiyin ucunda
adsız
bir ulduzun işığı yansın
O
işığın
göz
bəbəyinə çatmağını gözlə
əbədi qaldığı yerə
Şəffaf
mavi toranlıqda,
göy
qübbəsinin altında
Dan yerinin
ağarması
İnsan
intizarıdır...
Şeirin
ürəkdən, qəlbən hissedilmə məqamı var,
bu an, bu məqam bir dəfə yada salınır və sonra
birdəfəlik "unudulur" (Pyer Emmanuelin şeirində
olduğu kimi...); nə vaxt ki, biz doğrudan da şeiri hiss
edirik (... insan qəfildən demək istəmədiklərini
dilə gətirir və bunun fərqinə varmır...), o zaman
biz, Müşfiqin şeirində olduğu kimi,
düşüncə və varlıq hissinin sirayət etdiyi
poetik vəziyyətin tutulub ötürülməsinin
şahidi oluruq. Bu vəziyyət şeirin
mövcudluğunun mütləq şərtdir. Hər bir
şeir, Pol Valerinin dediyi kimi, yalnız özü
üçün yaşayıb nəfəs alan
bir tikilidir. Poeziyanın hər bir ayrıca
şeirdə "dil içində dil"
konstruksiyasını yaratmaq üçün istifadə etdiyi
dil yalnız hər şeirin özünəməxsus
dünyasında anlaşıla bilər; mətni oxuduqdan və
təkrar-təkrar oxuduqdan sonra anlaşıla bilən bu dil
ayrıca götürülən şeirin
yaşantısını ötürə bilir. Oxucu bu "dil içində dili" başa
düşəndə şairin yaratdığı poetik
dünyaya daxil olur. "Dil" bu kontekstdə
şərti mənada işlədilir, yəni bədii mətndə
duyğuların altında, basırağında qalıb
unudulan nəsnə duyulan kimi hər bir misranın
yükü, misralararası gərginlik, sözlər
arasındakı əlaqələrin spesifikası
açılır. Bu andan etibarən səs
və əks-səda bir müstəvidə mövcud olur.
Bura poetik musiqinin, harmoniya, səs və
konnotasiyaların qarşılıqlı təsirindən, o
cümlədən şeirdəki sözlərin
denotasiyasından meydana gələn rezonans
dünyasıdır. Oxucu doğrudan da, bu
poetik dünyada "qərq olanda", şeirin xalis mətni
estetik əks-səda hissiyatında yaranır.
Gecələr
darayaydı saçlarını Ay gözəl!
Sən gözəlsən, Ay gözəl?
Əllərində
əllərim, gözlərində gözlərim...
Asılaydı
sözlərim
Könlünün
qulağından bir qızıl tana kimi,
Günəş doğana kimi.
Bu yaz
dostlarım bir az bəxtəvər
olacaqlar,
Can-ciyər olacaqlar.
Bir az da uzaqlara açacaqlar yelkəni,
Ruh yeni, həyat
yeni...
Çıxacaqlar
göyləri aşaraq dönə-dönə,
Buludların fövqünə.
Uçacaqlar
sabaha, uçacaqlar yarına,
Efir
boşluqlarına...
Müşfiq
bu şeiri, çox qəribə bir enerji ilə
aşıb-daşan mətni 1936-cı ildə yazıb, tutulub
işgəncə verilməsinə və Nargində güllələnməsinə
az qalmış. İnsanın içində
yatan şeir ilk tumurcuqlarından etibarən hər şeyi hiss
edir, şeirdəki o aşıb-daşan, heç yerə
sığmayan enerji, gözəl ovqat (bir daha yaşanmayacaq
duyğuların son şəkli...), sanki bir daha olmayacaq kimi
ifadə olunur, şeirin həsr edildiyi xanım da etiraf edir ki,
Müşfiq heç bir insana və heç bir şairə bənzəmirdi.
Bəs onun içində qəfildən (?) doğan bu
şeirin özü nə hiss edirdi? Qarşıdan
qasırğa gəlir, yer-yerdən qopacaq, hər şey tərs
üzünə çevriləcək, bu xoş
duyğuların keçdiyi yerlər od
tutub yanacaq, quru küləş yanan kimi..., insan əzab və
iztirabı dünyanın sonu kimi qavrayacaq. Ancaq nə dəhşətlər
qopsa da mətndəki son dərəcə sadəlövh
duyğulara xələl gəlməyəcək
(çünki olmayacaq bir şey əsla yalan deyil!), bu
yazın başqa bir yaz olması, dostların bəxtəvərliyi,
can-ciyər olması, ruhun da, həyatın da dəyişib
gözəlləşməsi... çox uzaqlara açılan
yelkənlər... Bu şeirdə "göyləri aşmaq" ifadəsi
var, bu fantastik arzu da sən demə, qara günlərin
mesajı idi. Bu duyğular bir an sonra qətlə yetiriləcək
bir adamın içindən keçir, bu məqamda şeirin hər
gün deyil, məhz insan iztirablarının ən gərgin məqamlarında
yaranıb Müşfiqin dediyi "efir boşluqlarında"
gəzməsi təsbitlənir. Və bunu hər kəs hiss
etmir. Birinci kim hiss etsə, o öləcək,
qurban gedəcək. Belə də olur. Bu şeirdə faciə - unudulan şey bu qədər
xoş hisslərin təsadüfi olmamasının sadəcə
yaddan çıxmasıdır.
Bəs
Müşfiqin özü nə hiss edirdi:
...Fikrim,
hissim, xəyalım o qədər yüksəldi ki,
Mənə
elə gəldi ki,
Bizlərdən
əvvəl nə yer, nə göy, nə həyat olmuş
Nə bu
ucsuz-bucaqsız gözəl kainat olmuş...
Ölümü
bu qədər gözəl kim hiss edə
bilərdi?!
Yada salmaq/unutmaq prosesi nəsrdə başqa, çox fərqli
yöndə cərəyan edir.
2
Culian Barnsın "Floberin tutuquşusu" romanı bir
mülahizəyə görə, eyni zamanda həm ədəbi
essedir, həm ədəbiyyatşünaslığa
parodiyadır, həm də və ən əsası filoloji
romanın xüsusiyyətlərini daşıyan bir əsərdir. "Filoloji
roman üçün səciyyəvi olan diqqətin
kolliziyanın təsvirinə yönəldilməsi məqamı
- mərkəzi personaj, deyək ki, ədəbiyyatçı
alim, yaxud həvəskar filoloq bir-iki əsr uzaqlıqdan
yaradıcı şəxsiyyətin bir az uydurma, daha çox
isə real obrazını yaratmağa cəhd edir. Gah birinci, gah da üçüncü şəxsin
adından və ya "qəhəmanın perspektivindən"
aparılan təhkiyədə filoloji romanda
yaradılmış yazıçı fiqurunun "yad
nitqi" geniş şəkildə görünür".
Filoloji romanın bu kimi son dərəcə
parlaq əlamətləri "Floberin tutuquşusu" əsərində
əlbəəl bilinir. Aydındır ki,
filoloji romanın sadalanan əlamətlərindən hər
biri qəhrəman-yaradıcının həyatına
şahidlik edən maddi nəsnələrdə təcəssüm
olunur. Barnsın bu romanı mədəni
yaddaşın strukturlaşması planında, habelə
süjet-kompozisiyanın təşkilində bu əlamətləri
daşıyır və postmodernist çalara malikdir.
Bu keyfiyyət fabulanın inkişafından daha çox
fəsillərin üslubi müxtəlifliyində və
onların montaj prinsipinə görə birləşməsində
əyaniləşir; bu romanda "əsas qəhrəman"
oxucu ilə oyundur, təhkiyəçi - ingilis həkimi
Breytueytin: Fransada Floberin gəzdiyi bütün yerləri ziyarət
edir və özü də bilmədən müəllifin
ironiya obyektini ifadə edir. Birinci şəxsin adından
aparılan təhkiyə Floberin həyatının fərqli cəhətlərini
nümayiş etdirən sənədli və yazılı dəlil
səviyyəsində təsbitlənə biləcək nəsnələrlə
əvəzlənir: Floberin toxunduğu heyvanların təsviri,
yazmaq istədiyi, ancaq yazmadığı kitabların,
yaşamaq istədiyi, amma yaşaya bilmədiyi həyatın təsviri
bu məqamda geniş planda göstərilir. "Və bu zaman
yazıçının həyatı ilə bağlı
üç variant meydana gəlir: rəsmi, yəni uğur
qazanmış ədəbiyyatçının yolu. İkinci variant - anlaşılmayan
yazıçının qeyri-müəyyən və xoşbəxt
olmayan həyatı, fiziki qüsurları (epilepsiya, xəstəlik,
vaxtından tez qocalma). Bioqrafiyanın
üçüncü variantı yazıçının
özü haqqında dediklərindən montaj edilir; gözlərimiz
önündə dünyada özünün yerini axtaran,
özünü dərk etmək istəyən bir
yazıçı canlanır". Romanın
ilk səhifələrindən yuxarıda da
xatırlatdığımız mədəni yaddaş problemi
qoyulur. Təhkiyəçi bizə sual ünvanlayır:
nə üçün yazıçının
yaradıcılığı bizi sözün hərfi mənasında
onun "ovuna çıxmağa" sövq edir? Bizə onun siması, sifəti, avtoqrafı,
hansısa fotoaparatla çəkilmiş fotosu,
paltarının bir tikəsi, saçının bir teli
lazımdır. Mən Səməd
Vurğunun ev-muzeyində olanda bu sualı özümə dəfələrlə
vermişəm, hətta onun ov tüfəngindən
yazmışam. Bizi bu "müqəddəs
əşyaların" dalınca qoşan hansı
ehtiraslı arzudur? Doğrudanmı,
yazıçının dedikləri bizə bəs etmir?
Axı yazıçı daha çox yaratdığı
əsərlərdədir. Qoyulan
sualların mənalandırılması bundan sonra müxtəlif
məcralarda axıb gedir. İnsanın
keçmişin maddi dəlillərinə emosional reaksiyası
üzdədir. Təhkiyəçinin
özü də buna təəccüblənir. Onun təəccübünə nə səbəb
olur - 1944-cü ilin yayında müttəfiq ordularının
Normandiyaya girməsini xatırladan pas atmış tank
qalıqları, silah yoldaşlarının həlak olduğu
sahilin görünüşü belə onu
maraqlandırmır. Ancaq Floberin son qurtumunu
aldığı stəkanı muzeydə gördükdə,
son nəfəsində alnını sildiyi əzik burun dəsmalına
nəzər saldıqda təhkiyəçiyə birdən elə
gəlir ki, sanki dostunun can verdiyi gün o da ordaymış.
"Ölülərlə dostluğun
üstünlüyü" elə budur, deyə o
düşünür. Aydındır ki, təhkiyəçi
heç zaman, müvəqqəti olsa belə Floberlə
rastlanmayıb, onunla heç bir ünsiyyəti olmayıb, yəni
bu ünsiyyət birtərəflidir, ancaq həmin tutiya əşyalarla
canlandırılır. Müəllif deyir
ki, bəzən Flober anasının şalını və digər
əşyalarını çıxarmağı xahiş edər
və dərin düşüncələrə dalardı.
Yazıçı
şübhəsiz ki, heç kəsin bilmədiyi, özünün
də az qala unutduğu əşyalarla həyatın
başqa, çox fərqli biçimdə canlanmasına
çalışırdı, köhnə şal oğulun
gözündə bu həyata görümlülük və
konkretlik aşılayırdı. Yalnız onun
içində qalmış keçmiş, hər şeyi
dağılsa da bir-iki əşyaya sığınan
keçmiş bu gün üçün, bu günün mənalandırılması,
gizli mənalarının açılması
üçün son dərəcə böyük əhəmiyyət
daşıyır. Bu keyfiyyət Fərid
Hüseynin saatlarla bağlı silsiləsində də var.
Keçmişin şərhində qüssəli-lirik ovqat
bunun eyni zamanda qrotesk biçimində ötürülməsini
də istisna etmirdi.
Cavanşir
YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2020.- 12 iyun. S. 20.