Essevari fikirlər
Prototip bəzən
yazıçını elə
yerlərə aparıb
çıxarır ki,
yazmaqda olduğu əsərin müəyyən
hissəsində həmin
prototipə zəng edib demək istəyir ki, sən artıq mənə it zülmü
verirsən, (Ya da əksinə, nə yaxşı ki, Allah səni mənim qabağıma çıxardıb).
***
Yazıçının öz mətnləri ilə qəribə-intim münasibətləri olur. Bir müddət
keçəndən sonra
ona elə gəlir ki, mətn "soyuyur".
Xeyir, o, tam "soyumur",
"istidən" "ilığa"
keçir, amma mətn heç vaxt tam "soyumur"....
***
Yazıb bitirdiyin, amma səni qane etməyən hekayəçün
qəfil "təşrif
buyuran" detalın verdiyi həzz məcazi mənada bu dünyanın cənnət həzzidir yəqin.
***
İrihəcmli bir mətn işləyirəm
hal-hazırda. Əsas obrazlardan birinin
prototipi, ümumiyyətlə,
olmayıb bu həyatda, amma obraz o qədər canlıdır ki, elə hey təsəvvürümdə
özünə yer almaq istəyir. İstəyir, deyəndə, artıq
öz yerini bərkidib də.
***
Yazıçı mətndə detalın
yamaq, yoxsa yerində olan detal kimi hiss edənə qədər əziyyət çəkir.
Tənqidçilərdən biri deyir ki, çağdaş oxucu mətləbə tez gəlmək istəyir, ona görə tez bitirmək istəyir əsəri. Başqası sanballı, yəni irihəcmli, epopeya xarakterli əsərlərin
yazılmamasından gileylənir.
İndi gəl tap görüm, kim
haqlıdı? Görən, sonda onun sifət
cizgiləri necə olacaq? Obrazın şəkli onun iç dünyasını
əks etdirəcəkmi?
***
Yazıçının, - söhbət otuz beş
yaşı keçmiş
peşəkar yazıçılardan
gedir, - öz mətniylə qəribə
münasibətləri olur.
Gah elə bilir, şedevr yazıb, sonra mətn ona əla,
daha sonra yaxşı gəlir, bir müddət keçir, zəhləsi gedir öz yazdığından,
deyir, bu, nədi yazmışam, lap
sonda özüylə
bir növ, ortaq məxrəcə gəlir, deyir, yox, elə də
pis yazmamışam, əsas odur ki, minimal nəsr kriterilərindən yüksəkdədir.
***
Luis Bunuelin "Burjuaziyanın
təvazökar cazibədarlığı"
(1974) filmindəki Byulye
Oje, Pazolinin "Mama Roma"sındakı Bruno (Silvana Korsini) ya eləcə
də bu yaxınlarda təşəbbüsümlə
bizim tanınmış
sənət adamlarının
suallarını cavablandıran
Fellininin "Amarkord"undakı
Titta (Bruno Zanin) hələ də sağdır. Sonucda
mənə elə gəlir ki,
dünyasını dəyişmiş o rejissorlar da bir az sağdılar, tam ölməyiblər sanki.
Mənimçün o dahi
rejissorların ölməzliyi hardasa bu faktla
bağlıdır.
Alpay Azər
Ədəbiyyat qəzeti.- 2020.- 12 iyun. S. 25.