Əsirli əsrlər

 

Əsrlər, əsirlər yallısı

 

Romandan parça

 

Görə-görə gəldiyim, ağrıları, doğruları alınlarından oxumağa çalışdığım adamlardandı yazdıqlarım. Onların "Rəngli günlər"indən, "Boz aylar"ındandı sonuncu nəsr kitablarım. "Əsirli əsrlər"i də yazıçı sınağıma hazırlamışam. Kitaba adını qondurmuş romanı hekayət məcrasına görə ən uzaq mənzilli hesab etmək olar. Özünü Adəm, Həvva dövrünün nübar bəndəsi hesab edən Əlbəndənin həm yaşadığı, həm də yaşamadığı bir ömür Qazançı dağının bulaqlarından irmaqlanıb bu günümüzə gəlib çatır.

 

Bu da ondan bir parça...

 

(Tam axarına qoşqu amacıyla).

 

Əsirli əsrlər

 

Bu dünya aldıqca nəfəsindi, qaldıqca qəfəsindir.

 

Mövlanə Cəlaləddin Rumi

 

Biri varmış, biri yoxmuş, Çeyrançölün kəndləri çoxmuş, biri də ucqarındakı Yuxarı Əskipara imiş.

 

Biri varmış, biri yoxmuş, həmin kəndlərin yeniyetmələri çoxmuş, biri də Yuxarı Əskiparalı Əlbəndə Bəndəroğlu imiş.

 

Və bu dünyanın içi Ceyrançöl qarışıq obaları, oymaqlarında dünyanın İbtidasından qalmış, insan əli-ayağı dəyməmiş yerləri çoxmuş, onlarında bir parası yuxarı Əskiparanın bəxtinə düşübmüş.

 

Və yenə, bu dünyanın hər eli-obasında yaşından qabağa getmiş yeniyetmələr çoxmuş, onlarında biri (bəlkə də yer kürəsi üzrə birincisi) Yuxarı Əskiparanın bəxtinə düşübmüş.

 

Həmən, kürə birincisi hesab edilə bilən Əlbəndənin kəndlərinin üst tərəfində, Qatır körpüsünün üst yanı qoşa dağdağan ağacı altında dünyasının iki səmtinə (dünənlər dünəninə və sabahına) boylana bildiyi yer varmış. Onlardan dünənə səmitlənəni Coğaz çayının sal daşları, qayaları arasından axtığı tərəfdən, camaatın Qala kəndi adlandırdığı, Qazınax şəhərinin qədim xarabalarına doğru uzanırdı. Həm də əvvəlini ot-alaf basmış, sonrasını kol-kos keçilməz etmiş bir c\ığırla.

 

Sabahlar sabahına gözünün yolu Qatır körpüsündən keçib böyük karvan yoluna qovuşurdu ki, o da əsrlərcə Qala kəndinin karvanlarını dünyanın hər səmtinə apara bilmişdi.

 

Qoşa dağdağanın, həmin ocaq ağaclarının altı, əslində Əlbəndənin yaşadığı ömürlərinə səyahət meydanı idi. (dünyanın əvvəlindən indisinə kimi yaşadığını hesab edir, bundan sonra da öz süsən-sünbül eşqinə qovuşana kimi bu ağ-qara, qarı dünyasına gəlib-gedəcəyini düşünürdü).

 

Əlbəndə hər ötənlərə boylanışı sonrası, həmin ömürlərdən (yəni, dünyanın əvvəlindən) zamandan özünü qoruya bilib əmanət kimi qalmış yadigarları da ziyarət edirdi.

 

Coğazın arasıyla axdığı sarp daşların çoxu Adəm dövründən qalma idiki zamanın yağmuru, ildırımı üzərlərində bir az əl gəzdirə bilmişdi. Onların çoxunu öz məlum və naməlum heykəltəraşı yeliylə, seliylə, zəlzələsi, vəlvələsiylə yonub, yonqarıb, adam, at, quş şəklinə salmışdı.

 

Hər dəfə də belə səhayətləri sonrası yuxusunda yaşadığı ömürlərin birinin içinə düşür, nakam ölümlərinin biri sonrası qantər içində oyanıb xeyli müddət özündə ola bilmirdi.

 

Gözünü harasa dikib həm canlı, həm cansız bəndəyə bənzəyən Əlbəndənin həmin görkəmi ata-anasına divan tuturdu. Ana əllərini dizinə döyə-döyə sanki özünü körükləyib gözündən nəmli qığılcımlar çıxarırdı. Atası dözə bilməyib ayağını eşiyə qoyur. Ordan özünü Qazançı dağına tutub çiynindəki dağların ağırlığından qurtarmağa çalışırdı. Dilinə gətirməyə cəsarət eləməyib ürəyindən keçirirdi. (Üzünü Qazançı dağına ona görə tuturdu ki, onu bu həndəvərin müəqddəs dərgahı hesab edirdi. Ona elə gəlirdi ki, insan məskənlərinin ətrafında dağları Allah-təala ona görə yaratmışdı ki, vaxtaşırı növbəylə onların birinin qaşından boylanıb bəndələrindən hal-əhval tutsun).

 

- A böyüklüyünə qurban olduğum, bizə yüz nəzir-niyaz əvəzi bir oğul balası verdin, onu niyə bu hala saldın?

 

Əlbəndəmizin əlini çatılayıb Şəkərin dəlixanasına aparıb salmamışdan yolunu bir Qazançının başına sal, bizə də nəzərini salıb rəhmini, əskik eləmə...

 

Ocaq dağdağanların altında Əlbəndə kənd adamlarını da gözündən keçirirdi. (Hər dəfə nəzərində içərilərini öyrənib, bilmək istədiyi adamlar olurdu). Oğlana elə bil belə bir görücülük verilmişdi. O kənddə sirr kimi qalmış olayları çözələyir, onların arxasında gizlənmiş gerçəyi görmək istəyirdi. Demək olardı ki, hər dəfə də bunu bacarırdı. Ən son birdən-birə azar-çor tapıb ölmüş pəhləvan cüssəli islamın ölümü onu yandırırdı. Axır ki, həmin sirin yumağının ipliyi əlinə keçdi. İslam, Laxvan qarının cəbhədən qara kağızı gəlmiş Cahadla alma yapısı bir-birinə bənzəyirmiş.

 

Yuxarı Əskiparanın yeniyetmələr arası çoxbilmişlərin dünya birinciyi hələ elan olunmamış evladının xüsusi istedad sahibi olduğundan kənd camaatının başda Müsəllim, ayaqda alasəy Temi olmaqla hamının dalağı sancmışdı. Bu dupduru gözlərində az qala güzgülənmək mümkün olan uşağın sabahından camaatın xeylisi ağız dolusu danışmış bir ikisi də ağız büzməli olmuşdu. Ağzı xoş sözlərlə belə doldurmuşdular.

 

- Bu uşaq ayağını Bakıya qoyun kimi, elm alıb kəlləsiylə ən kəllə alimləri heç buynuzlamayıb yerinə keçəcək.

 

Ağız büzənlərin (yəni Dəli Səmədin, ciğan Rəfinin, Cadı Laxvanın) dodaqlarından qara suya bənzər həmən kəlmələr süzülmüşdü.

 

- Çoxbilmişlər dimdiyindən cələyə düşür, bunun da axırı Şəkərin dəlixanası olacaq.

 

Yeniyetmə Əlbəndə dünyanın bütün ağzını xeyrə açanları, onlara ağız büzənləri qarışıq bütün əhalisini yarandıqları gündən yer kürəsinin əsirlərcə əsirləri hesab edirdi. Özünü də dünyanın ilk sakinlərindən sayırdı. Ona elə gəlirdi ki, yaradan onun yaddaşını cümlə bəşər əhlininki kimi söndürməyi unutmuşdu. Həmin unutqanlıq hesabına da Adəmdən atası Bəndərə qədər bu qoca sayılan dünyanın bütün dövrlərində yaşamış, hər dəfə də cavan yaşında ömrüylə vidalaşmışdı (Bir\cə təsəllisi o ola bilmişdi ki, hər ömründə bir yaş qabağa gedə bilmişdi. Elə bu inkişafına görə də ona uyğun öz andını içmişdi. Öz məhəbbətimə qovuşana qədər bu dünyaya gələcəyəm).

 

Əlbəndə həmin mətləblərini çinadanında saxlayıb, özünü Şəkərin dəlixanasından saxlamağa çalışmışdı. Bircə özünün başqa bir vergisindən yeri gəldikdə özünün müdafiəsi üçün istifadə etmişdi. Həmin istedadının ilk hədəfi biologiya müəllimləri Dəli Səməd olmuşdu (ona ağız buranların ən savadlısı).

 

Müharibə başlamasaydı Səməd Əmiraslan oğlunu da həkim xalatı üstən əsgər paltarı geyindirilməsə idi bəlkə də adının qabağına heç dəli adı da qoşulmayacaqdı. Moskva Tibb İnstitunu fərqlənmə diplomu ilə qurtarmış qafqazlı balası elə orda öz alimliyinə qovuşacaqdı. Bütün kəndin ağzını həyatın az qala dəli azarına saldığı adamdan bir məlumat düşmüşdü, əsirliyi zamanı faşistlər onun peysərinə nemes xaçının damğasını vurublar. Yuxarı Əskipara şagirdləri də hərdən dərs zamanı Səməd müəllim onlara arxa çevirən zamanlar ayaq üstə qalxıb onun peysərinə boylanırdı. Axır günlərin bir günü uşaqları "cinayətləri" üstə tuta bildi. (Kişi təkuşaqların deyil kənd camaatının da onun boynunu marıtladığından xəbərdar idi və bundan bezmişdi) Əlinə düşən fürsətdən istifadə  edib hirsini gülbeçələrin üstünə tökdü.

 

- O xalası göyçəklər, siz də boynumda xaç görmək istəyirsiniz?

 

Sonra eləməyib tənbəllik köynəyini soyundu. Peysərini şagirdlərə bir-bir göstərməyə tənbəllik eləmədi.

 

- Baxın, qarov gözlərinizə su verib baxın...

 

Ən sonda da Əlbəndənin qabağına gəldi.

 

- Sənin ki, gözlərin adamın bu tərəfindən o biri yanını görür. Sən niyə onlara ağıl verməkdən, özün də mırrol pişiyə dönmüsən...

 

Əlbəndəni qulaqlayıb sinifin ortasına çıxardı.

 

- Bu bürüşük gədəni mən ağıllı kamallı bilirdim. Bu gündən onun da tərbiyəsinə krest qoyacağam. Bunun kirmiş-kirmiş saman altdan su yeritdiyini hiss eləmişdim. 

 

Həmin an Əlbəndənin çoxdan gözü düşdüyü sinif yoldaşı qızda idi. Müəllimin kəlmələri onun da üzgözünü gülüşə çəkmişdi.

 

Tovuzun gözü qabağında gülünc vəziyyətinə düşməsi Əlbəndənin mənliyini zədələmişdi. Bəlkə də zədəsi hələ qaymaqlamadığından hirsi soyumuş Səməd müəllimə cinadanınkıları boşaltmalı oldu. Halbuki Səməd müəllim özünə sığışdırıb şagirdindən üzr istəmək istəyirdi.

 

- Allah Hitlerin evini o dünyasından da yıxsın. Müharibə beynimi silkələyib. Hərdən şüuruma yox, əlimə güc verdirir. İstədim hamınız bilə, kəndlə bir eləyəsiz ki, boynumda nemes xacı yoxdu.

 

Bax Tovuzu gözü önünə gətirdiyindən Əlbəndə sözünün qabağını kəsə bilməmişdi.

 

- Boynunuzda olmağına nemes xaçı olub. Onu Məşə Səttar hamamında, elə Məşə Səttarın özünə bir toğlu bahasına pozdurmusuz.

 

Bu sözlər cəbhədə düşdüyü partlayışdan da qulaqbatıran olmuşdu. Kişinin ayağı altdan yeri, başı üstən göyü qaçırmışdı. İkinci dəfə kantuziya keçirməmək üçün özünü qabağındakının cazibəsindən qurtarıb, uzaqlaşmışdı. Həm də beynindən keçirə-keçirə. Bu köpəyoğlunun ayaığı hələ Quru dərədən o yana düşməyib, onları hardan bilir? Qoyunu ciğan Rəfiyə gətirmişdim, bəlkə o, Məşə Səttardan söz-söhbət qoparda bilib (Amma nə Məşə Səttar bir ciğana sir verər, nə də o bu alapaça uşağa söz qandırar. Olsa-olsa Səmədin kölgəsini qılınclayan Qareykəyə deyərdi. O da eşidib-bildiyilə onun adını kösövdən betər qaralayardı ciğan Rəfidən oğurluq qoyun aldığının (yarı qiymətə başa gəldiyindən) və Əlbəndəni qoyun kimi qulaqladığının peşimançılığını çəkdi. Cigan Rəfinin yeməkxanasında zoğal arağı içib onun gözünə baxmaq istədi. Yol boyusa gözünə kəndlərinə faraş meyvə satmağa gələn məzəmlinin asma tərəzisini gətirdi. Hər ikisinin, Əlbəndəylə, Rəfinin qurtdanquşluğunu çəkməyə başladı. Rəfinin tərəzi gözünü Əlbəndəninki basıb göyə qaldırdı. Uşağın könlünü əməllicə alıb, İskəndərinkivari buynuzundan zurna çalmayacağına arxayın olmaq istədi. Başa düşdü ki, yoxsa səhərə kimi gözləri gecədə kotan əkəcək. Yolunu Bəndəroğlular tərəfə saldı. Müəllimi qarşısında nəhəng ilan kimi dil çıxaran gördüyündən Əlbəndə yumşaldı. Və onun payıza dönmüş sifətinə sözləriylə su səpdi.

 

- Arxayın ola bilərsiniz. Bundan heç ən simsarlarım - dədəm, cijim də xəbər tutmayacaq.

 

- Demə adının qabağına dəli kəlməsi yapışdırılmış. Səməd müəllimin hissiyyatı güclü imiş. Elə səhərisi sinifdə dərsindən qabaq üzürxahlığına başladı.

 

- Hamınız qarşısında, müəllimə yavaşmayan hərəkətimə görə Əlbəndə baladan üzr istəyirəm.

 

Həmin an hər ikisinin, Səməd müəllimin də, Əlbəndənin də gözləri Tovuza dikilmişdi. Və hər ikisi də rahatlanmağa başlamışdı.

 

...Əlbəndəyə ağız büzənlərin ikin\cisi Laxvan qarı idi. Dərman Məhəmmədin sağlığında onun ev-eşiyinin təmizliyi qayğısına qalıb dolanışığını yola vermiş bu arvad rəhmətliyin təbabət sahəsində tökdüklərindən az-maz yığışdıra bilmişdi. Ərinmi, madar oğlunu müharibədə itirib dam altda yiyəsiz, köməksiz qalandan sonra Laxvan qarı içində Dərman Məhəmməddən yığışdırdıqları olan bağçasının ağzını açmağa cəsarət etmişdi. Qonşusu Tünəkə Abdulla ayağını kərəntinin ağzına verib özündən gedən zaman qarı dadına çatmışdı (Həyətinin otunu çatdığı zaman kərəntisi daşa ilişib ağzını yazığın ayağına çevirmişdi. Quş ürəkli kişi də qanının fışqırdığını görüb gözünü yummuş, özünü itirmişdi).

 

Arvad əski yandırıb kişinin yarasına basmış, qanı kəsəndən sonra da yaranın üstünə Hasanağanın otundan bir xeylisini döşəmişdi. Kişini özünə gətirəndən sonra əvvəl bal şərbəti, sonra da bəhməz içirdib, itirdiyi qanın yerini doldurmağa başlamışdı. Bütün bunları eləyərkən rəhmətlik Dərman Məhəmmədi gözünün qabağına gətirib, rəhmətlərinin də ağzını açmışdı.

 

Abdullanın çaldığı zurnanın sədası tezcə şenliyə yayılıb qarının əlinin sayalığından xəbər vermişdi. Müsəllimin Laxvan qarı barədə dedikləri dişi-başı ağrıyanları arvadın qapısına tərəf istiqamətləndirmişdi.

 

- Rəhmətlik Məhəmməd, peyğəmbər evladı kimi bir şey idi. Ayağını uzadandan sonra çörək verdiyi dul arvadın yəqin ki, ağzına qurd düşməsini istəməmişdi ucundan, qulağından sənətindən onun da qulağında yuva salmışdı.

 

İkinci dəfə yorğan-döşəkdə qalmış Hasan ayağa,  şöhrətini də dağ başına qaldırmışdı. Əslində həmin müalicəsi də öz başına gələnlər hesabına baş tutmuşdu. Dərman Məhəmməd günlərin bir günü Laxman arvadın belinin tutuldutunu görəndə köməyinə çatmışdı. (Özünü naməhrəm bilib hazırladığı əlacı onun belinə sürtmək istəməmişdi.)

 

- Ala bunu bir təmiz əskiylə belinə sürtərsən. Düzdü bir az arıvuran təhər acışdıracaq, amma ağırlığın, uğurluğunu çıxaracaq.

 

Nə yaxşı Laxman soruşmağa ərinməmişdi.

 

- Bu nədi əmi, qapqara zəqqutun kimi.

 

- Vərə mumudu, arıların iynələrini içinə döşürüb.

 

Sonra Laxvan arvada bir qurud boydasını da verib söyləmişdi.

 

- Ağrın təzələnib eləcə özündə hazırlaya bilərsən.

 

Burda bir az sözünə ara vermişdi. Bütün şenlik Laxvanın əri Yaşılbaş Müsünün kefkomluğundan xəbərdar idi. Elə ürəyini də içki yatırtdı.

 

- Bu mumdan bir azını arağın içində əridib belinə sürtərsən.

 

Həmin vərə mumundan da bir xeylisi boxçasında, qaydası da başında, yaddaşında qalmışdı. Elə Dərman Məhəmmədin özünü gözü qabağına gətir-gətirə, sözlərini qulaqlarında cingildədə-cingildədə özünü ayağa qaldırmışdı. Əlbəttə ürəyində kişiyə rəhmət oxuya-oxuya. İlk müalicəsində Abdulla kişi həyətinə iki anaş toyuq buraxmışdı.

 

- İkisi də yumurtadan kəsilən deyil. Gündə iki yumurta ürəyinə qut ola bilər.

 

Kişinin əli yüngül olmuşdu. Diriliyinə paypüşün ağzı açılmışdı.

 

Sonralar camaat bu qarıya göylərdən vergi verildiyinə də inanıb hər dərdə ondan dərman istəmək fikrinə düşmüşdü. Pay-püşlə özünü tutduğundan sonra tamahı da ona güc gəlib əlləm-qallam işlərə əl atdırmağa başlatmışdı.

 

Oğlunun dəli azarına düşəcəyindən qorxub Laxvan qarını onun üstünə gətirmişdilər. Elə yeniyetmə Əlbəndəylə cindar arasında Səhlədər uçandan betər uçrum da həmən zamandan başlamışdı. Onun cinlərini hürkütməyə gəlmiş qarı oğlanın gözündə cin sifətində görünmüşdü.

 

Yenicə gözlərini ötən günlərindən çəkib, bu gününə döndərmiş Əlbəndəni, laxvan qarını görəndə elə bil cin vurdu.

 

Qışqırtısından ağzıdualı anası da, çibişdanı dualı Laxvan qarı da az qala dualıq oldu.

 

- Bu Əskiparamızda Laxvan cildinə düşmüş, içində əqrəb gizlənmiş Mələksimə qarını tezcə gənidin. Yoxsa onun içindəki ilan-çayanlara qurban etdikləri islamlardan Mal meydanında car çəkəcəyəm.

 

Hər iki arvad ağızlarından "bismillah" kəlmələri tökülə-tökülə qapını üzlərinə ələk elədi.

 

Əlbəndənin işlətdiyi İslam kəlməsi Laxvan qarının dalağını əqrəbdən betər sancmışdı. Dalağının qanını kəsmək üçün, tüstülənə-tüstülənə əski yandırmağa tələsdi. Yol boyu ürəyindən keçirə-keçirə:

 

- Bu vurğun vurmuş dəbərə göz, dəmbərçək gədənin ağzından çıxan İslam kəlməsi nə idi?

 

Həva müəllimə onu oğlunun üstə ikinci dəfə gətirmək istəyəndə yanını çəkəsi oldu.

 

- Kənardan-kənara işimi görəcəyəm. Oğlunun qəsdinə duran əcinələr əcinəsi qara Mələksimadı. Onun hələm-hələm cadısından qurtaran olmur. Bu günlər tifili eşiyə-bacaya çox elə buraxmayın. Hər tərəfdə Mələksimanın vurğunu var ki, onu vura bilər.

 

Laxvana həvvanın dilağızı və gətirdiyi fərə eyni vaxtda səsləndi.

 

Bir neçə gün sonra Əlbəndə növbəti Coğaz çayı boyu keçi damına səfəri zamanı büdrəyib ayağını möhkəmcə zədələdi. Ocaq dağdağanlara qədər sürünə-sürünə bitəhər özünü yetirə bildi. Ordan onu Çil Vəli atının tərkində gətirdi. Həvva müəlliməni qorxutmamaq üçün dilağız elədi. (bu adam həmişə atıyla dolandığından, adındakı çilləri uçurtmuşdu, son zamanlar Madyan Vəli deyirdilər. Atıyla o simsarlamışdı ki, danışığı kişpərtiyə bənzəyirdi. Bunun səbəbini Müsəllim kişi zərgər dəqiqliyi ilə yoza bilmişdi. Atı at yanına bağlayanda belə olur. Ona görə də çil Vəli atı hesabı Madyan Vəliyə çevrilmişdi).

 

- Elə bir şeyi yoxdu, bekaraca ayağını xamladıb. Heç Laxvan qarıyı gətirməyib özün təpitmə qoyarsan.

 

Həmin gün həm Vəli, həm də Həva müəllimə barmağını dişləməli olmuşdu.

 

Əvvəli Çil, sonrası madyan Vəli Əlbəndəni qucağına alıb evə aparanda oğlan minnətdarlığını belə bildirdi.

 

- Sən neçə min il əvvəl Qaşqa talada da məni ilan vuranda qucağında oymağa gətirmişdim.

 

Vəli: Olmuya deyilənlər düzdü. Bu tifilin hərdən huşu-başı yerində olmur. Allah eləsin bu dəfəki ağrıları tərəfdən olsun...

 

Həva müəllim: Laxvan analardı, atalardı. Bundan sonra bir kəlməsinə də şəkkim olmayacaq. Allah öldürmüş Mələksimanın vurğusuna gəldi balam. Gərək bu dəfə toğlu aparam Laxvana. Əlindən nə gəlir hamısını çömçələyib qaba, cəmə çəksin.

 

Əlbəndənin Laxvan qarıyla çilik-ağaca qalxması, anasının ona görə toğlu bağışlamasından sonra başladı. Vəzir çayı səmtində rastlaşanda özünü saxlaya bilmədi.

 

- Utanmırsan müəllimə anamın başına corab hörüb, toğlusunu alırsan...

 

Arvad onun gözlərin nifrət dolu qoşalüləyə döndüyünü gördü. Özünün bir atımlıq barıtıyla həmin atəşin qarşısını almağa çalışdı.

 

- Səni vurğun vurdu, görürəm yenə ağlın başına gəlməyib mənə dəyib-dolaşan xeyir tapmaz. Elə- eləyəm ki, nə bu dünyalıq olarsan, nə də o.

 

Bax burda Əlbəndə sözlərini qara buludlar kimi toqquşdurub ildırım çaxdırdı.

 

- Yoxsa mənə də İslam kimi içində şüşə qırıntıları olan xörək yedizdirib halvamı çaldırarsan. Bu dəfə qabağındakı dünyanı əvvəlkindən indisinə kimi görmüş adamdı, dünya yaşındakı yeniyetmədi...

 

O danışdıqca Laxvan qarı güməşirdi. Qarşısındakını özündən betər əsl cadugər hesab edirdi. Tilsimləndiyindən oğlanın ətrafına çəkdiyi dairədən ayaq kəkara qoyub qaça da bilmirdi.

 

- Əgər günahların hesabı ocaq daşlarından da qapqara kəsləri əyəfindən tökməsən sənin törətdiklərindən Mastının qara zurnasından betər düdük çalıb daşqalaq elətdirəcəyəm.

 

Laxvan arvadın gözlərinə qaranlıq çökmüşdü. Onun özündən gedəcəyindən ehtiyatlanan Əlbəndə ordan uzaqlaşdı. Arvad gözlərini açıb onu görməyəndə həm seivndi həm də təşvişləndi: Həvva müəllimə dünyaya əməllicə cin-şeytan gətirib. Bismillah-bismillah, bismillah.

 

Laxvan arvadın kükünə birə düşmüşdü. Və həmin birələrdən can qurtarmağa yollar axtarırdı. Həmin günlər evini birə yuvasına bənzətmək olardı. Arvad dərman otları toplamağa getdiyi Arançını xatırlayırdı. Çünki orda ilk dəfə dünyanın ən çox birəsini görə bilmişdi.

 

Meşəbəyi Mayıl atından düşən kimi sözünü at kimi çapmağa başlamışdı.

 

- Yenə erməni kirvələrinlə araqlayırdınmı? Demirsənmi atının kişnərtisi gəlməyəndə meşəni qırıb-çatarlar.

 

- Tapşırdığın gülün, otun şələsini çatmışam. Yolunu gözləməkdən yəqin ki, quruyub çöpə dönüblər.

 

- Mənə elə qurumuşları lazımdı, kərvəsini vermişəm, əlini uzadıb-eləmə.

 

- Gələcək zakazların üçün bir az bərilə...

 

- Hələ bir baxım şələnə.

 

Mayıl meşəbəyi komasının qapısını açanda birə buludu özünü çölə təpmişdi. Laxvan arvad bissimillahını işə salmışdı.

 

- Xeyirli zibil olsalar belə artmazlar.

 

- Gərək gərməşoy yarpağı tüstülədəm.

 

Laxvan arvad birələrindən qurtarmaq üçün gərməşoy yarpağı (ona bənzərini axtarırdı). İkisi birdən yadına düşdü. Şəkər dəlixanasının baş hakimi Namiqin qızını göy öskürüyünü kəsmişdi. (ovçu Göyüşə göy qarğa vurdurub ətini yedirtmişdi. Yəqin ki, həkim xahişini qulaq ardına vurmazdı. Əvvəl qılığına girib Həvva müəllimi oğlunun müalicəsinə razı salardı. Sonrada Namiq vasitəsiylə Əlbəndəni dəli azarına saldırıb həmişəlik oralıq edərdi.

 

Amma Həvva müəlliməyə həmin barədə ağzını açmağa peşiman oldu. Arvad elə vay-şivən elədi ki səsinin yeli onu evinə döndərdi.

 

Birinci gərməşovu tüstülədə bilməyib, ikincisinə əl atdı. Vaxt itirmədən ciğan Rəfini çənəsinin altına sald. Çaşbaş Rəfi arvadın sözlərindən özünü bir az da itirəsi oldu.

 

- Bu kəndin səydəş gədəsi Əlbəndə hardansa iyləyib-çiyləyib İslama şüşə qırıntıları yedizdirib öldürdüyümüzü bilib.

 

Qazdan ayıq Rəfi əlüstü cinayətə şəriklikdən yaxasını çəkmək istədi.

 

- Öldürdüyümüzü yox, öldürdüyünü.

 

- Sənin o ciqan kəllən üçün məni kəlbətinliyən kimi dilimi çıxarıb sənin adını verəcəyəm.

 

- Yaxşı, yaxşı, bir səydəşin sözüylə niyə qorxub adtını batırırsan. İslamın canı çoxdan batıb torpağa qarışıb, kim təzədən sənə günah yükləyə biləcək?

 

- Bu gədədən can qurtarmaq lazımdı. Zurnasını çaldı, ikimizə də Ceyrançöl silisçiləri "Qazağı" üstə oynadacaq.

 

- Deyirsən, mən də əlimi qana batırım.

 

- Hələlik gözünün odunu al, dilini qarnına qoysun. Özü də onun başını əkməyin özü də çox elə müşkül deyil. Bütün günü qatır körpüsü tərəfdəki dağdağanların altında sülənir. Sonra da Coğaz yuxarı fızıllıqlarda eşələnir. Nə biləsən, bəlkə də Qala kəndinin xəzinələrinin birinin qoxusunu alıb. O tərəfdə qayaların birindən uçub ayağını zədələmişdi. Madyan batmış atının tərkinə almasaymış oralarda qurd-quşa yem olacaqdı.

 

- Bizim nəsildə baş yeyən olmayıb, onu nə qayadan itələyən, nə də Coğazın ağzına verən deyiləm. Gözünü qorxutmaq boynumun borcu olsun.

 

- Özün ölç-biç, elə elə ki, boğazın kəndirə, yanın-canın it ağzına keçməsin.

 

Rəfi isti-isti təhlükəni hiss eləyə bilməmişdi. Təhlükənin ağrısı bir az sonra rişəsini atdı. Qandırdı ki, Əlbəndə bildiklərini ağzından qaçırsa, qaşınmayan yerdən qan çıxarmağa hazır olanlarda, fürsəti qaçırmayıb yollarını Əskipara dərəsinə salsalar, arvadı məngələnində sıxsalar birinci onun adını verəcək. İslamın dimdiyindən Nəzifəni saldırmaq üçün ona bir düyə verib öldürtdükdüyünü ala qarğa kimi qarıldayacaq. Gələnlər də cadugərlə işləri olmayıb dərisini soyacaqlar. Var-dövləti, iki mərtəbəli evini satmaq hesabıyla da onların əlindən canını qurtara bilməyəcək.

 

Elə səhəri yolunu Qatır körpüsü səmtinə saldı. Ovçu sayağı bərəsini seçdi. Həmin gün Bəndəroğlu həmin səmtdə görünmədi. Rusqusunun üçüncü günü "şikarı" bərəsinə yaxınlaşdı. Oğlanı gözüylə yeməyə başladı. Bu ətcəbala oğlana əl qaldırmağın qanqarğış olduğunu bütün varlığı ilə anladı. Onu şirin dilə tutub, yeri gələrsə ilan kimi dil çıxarmağa da hazırlaşdı.

 

Bərəsindən çıxıb gözünü ot basmış cığıra zilləyən yeniyetməyə yaxınlaşdı. Əvvəl-əvvəl üzünü bozardıb ehyamla danışmaq istədi.

 

- Buralarda qurda quşa yem olmaqdan qorxmursanmı o quzu bala.

 

- Kimi, kimi, sən Rəfini canavar hesab eləmirəm, a dayı.

 

Uşağın baxışları onun canına, qanına işləyir, içindən-çölündən xəbərdar olduğunu bildirirdi. İlk kəlmələri də Rəfini həm təəccübləndirmiş, həm də rahatlamağa başlamışdı.

 

- Belə çıxır ki, heç Rəfi dayını canavar ağzınada verməzsən.

 

Qəribədir ki, elə bil onu tale danışdırır, qabağındakı ilə bir-birlərini başa düşdükləri bir dillə.

 

- Arxayın ol, sənin bir düyə hesabı İslamı öldürdürmədiyini bilirəm. Onu Laxvan qarı oğlu Cahadı itirəndən sonra tapdığı xəstəlik hesabına məhv eləmişdi. Həmin xəstəliyin adı da paxıllıqdı. Oğlundan sonra ərsəyə çatan cavanları gözü yemir, ona yedirtmək istəiyrdi. İslamın da axırına oğluna bənzədiyinə görə çıxmışdı. Bu qoca faqqı sənin Nəzifə tərəfdən marağına görə toruna salmışdı. Evinə çağırdığı yadındadımı. Həmən zaman bəxtiqara İslama şüşə qırıntılı xörəyi yediktmişdi...

 

Rəfi həmin gecəni gözü önünə gətirdi.

 

- A Rəfi, nə verərsən elə eləyim ki, Nəzifə sənin qismətin olsun.

 

Halbuki Nəzifə bir gün əvvəl ondan Rəfiyə yar olmayacağını söyləyib qaralamışdı.

 

- İnanmağa inanmıram, maral kimi bir düyəni dirriyinə bağlayaram.

 

Rəfi özünü saxlaya bilməyib qarının qarasını qılıncladı.

 

- Ay sənin imanına kəndin bütün tazılarını bağlayım küpəgirən qancıq.

 

Bu xəbər Rəfinin qanını üzünə vurub onu pazıya döndərmişdi. Cağaza knib üzbaşını yudu, özünü sərinləşdirməyə çalışdı. Qayıdıb bu dəfə dil çıxarmağına başladı.

 

- Ay oğul balası indi iş elə gətirib ki, o imansızla bir çatıyla bağlanmışıq. Bundan payonlular duyuq düşsə on barmağıyla məni göstərib kəndirimi kəsməyə çalışacaq.

 

- Arxayın ol ay dayı, sənin yetim Yusifi öz hesabına dəfn eləyib ehsanını verdiyinə görə heç vaxt adına ziyan gətirmərəm. Qurban olsun o imansız sənin kəkilinə...

 

Rəfi özünü saxlaya bilməyib Əlbəndənin alnından öpdü. Uşağın alnı elə bil dodaqlarını ballandırdı və ordan şirəli sözləri süzüldü.

 

- Bundan sonra bilki sənin Rəfi adında bir dayın var. sənə hər üzünə dayılıq eləməsəm anam Qaytanın südü burnumun iki deşiyindən gəlsin.

 

Əlbəndənin üzü rəfinin indiyə kimi görmədiyi bir rəngə çəkildi. Bu bəlkə də dünyanın yeddi rəngindən ilahi tərəfindən hazırlanmış göyqurşağıvari bir çələng idi. Amma görünur göyqurşaqlarının özü rənglərini uşağa pay göndərmiş bir mənbəədən ola bilirmiş. Həmin ilahi rənglərin onlara uyğun sədası səsləndi.

 

- Deməyə bacarcağını inanmasam da yenə məndən söyləməsi, Laxvan qarıya de ki, üzü dərgahına yaxınlaşır, yalançı müalicəsini boxçasına büküb özünün, ruhunun xilasına çalışsın. Cavada qurban verdiyi İslam da, yerdə qalan taytuşlarında onu oğlunun xətrini istəyənlər idi. Cahadın ruhunu yaşatmaq üçün onları tələf etmək yox, yaşatmaq lazımdı. Öz hər xətləriylə hələlik adının gölgəsində daldalandığı Dərman Məhəmmədin gorunu yandırır, bir azdan özününkündən də cəhənnəmin odları püskürəcək. Öz rəhmətini qazanmağa başlasın. Buna Allahının da, onun peyğəmbərinin də son nəfəsə kimi verdiyi möhlət var.

 

Rəfi də tilsimlənmişdi. Elə bil həmin kəlmələri qarşısındakı yeniyetmə deyil, dünyanın indiyə kimi yetirə bildiyi bütün ağsaqqallar söyləiyr.

 

Ordan hərəsi bir görünməz at üstə ayrıldılar. Çiyinlərindən Qazançıdan ağır da götürülmüş Rəfi həmin gecə yuxusunda bir atın yalmanında bakıda hüquqşünaslıq oxutduğu qardaşı Əfinin yanına çapmağa başladı.

 

Əlbəndə də ən zil qara bir köhlənlə, ən zil qara bir yuxusuyla keçmişindəki ən zil qara bir ömür-gününə doğru az çapıb - üz çapmağa başladı...

 

Vaqif Nəsib Sarıhüseynoğlu

Ədəbiyyat qəzeti.- 2020.- 12 iyun. S. 26-27.