Atalar
nə deyibsə, düz deyib...
Yaxud "əlində
qayçı qoyun otarmaq" nə deməkdir? - İlham ABBASOV
Xalqın
çoxəsrlik mənəvi müşahidələrinin, həyat
təcrübəsinin, düşüncə və
yaşantılarının fəlsəfi-ədəbi
ümumiləşməsi olaraq meydana gələn aforistik
deyimlər, atalar sözləri və məsəllər həm
folklorumuzun, həm də ana dilimizin ən dəyərli
nümunələri sırasındadır. Hər bir xalqın
müdriklik potensialının göstəricisi,
düşüncə dərinliyinin ifadəsi olan bu kəlamlar
nitq praktikasında fikrin təsdiqi, mühakimələrin əsaslandırılması
üçün dayaq nöqtəsi kimi istifadə olunur.
Təəssüf
ki, bəziləri atalar sözlərində ifadə olunmuş
müdrik mənanı bütün dərinliyi ilə dərk
edə bilməyərək orada "səhvlər"
axtarır, "ataların" bəzən öz mühakimələrində
yanlışlığa yol verdiklərini iddia edirlər. Bu
insanlar sadəcə bir amili nəzərdən
qaçırırlar ki, atalar sözləri hər şeydən
əvvəl bədii düşüncə məhsuludur və
məcazi obrazlar, rəmzi deyimlər hesabına
formalaşır. Buna görə də bu vahidlərə formal
məntiq prinsipləri ilə yanaşıb onlardan həmişə
oyüd-nəsihət məzmunu gözləmək sadəlövhlük
olardı. Atalar sözü və məsəllər məzmunca
xalq bədii təfəkkürünün bütün
genişliyini və rəngarəngliyini əks etdirməyə
qadirdir. Məsələn, onların sırasında ironiya
("İgidlik ondur - doqquzu qaçmaqdır, biri heç
gözə görünməmək."), hətta sarkazm
("Görməmişin oğlu oldu, dartdı şeyin
qopartdı.") məzmunlu nümunələrə də rast
gəlmək mümkündür.
Atalar
sözlərimizin bir çoxunda tədbirli, ehtiyatlı olmaqla
bağlı xəbərdarlıq
məzmunu ifadə olunmuşdur. Məsələn,
"El üçün ağlayan gözdən olar" deyimi
heç də bəzilərinin yozduğu kimi, "el
üçün ağlamağın" faydasız, gərəksiz
olması fikrini təlqin etmir, əksinə "el
üçün ağlayana" bu yolda əzablara, məhrumiyyətlərə
hazır olmaq barədə xəbərdarlıq edir.
Anlaşılmazlıq üzündən tez-tez
hallandırılan atalar sözlərindən biri də "Məndən
ötdü, qardaşıma dəydi" deyimidir. Kimlərinsə
burada təkəbbür qarışıq bir şadlıq
görməsinə təəccüblənməmək olmur. Hətta
süjet cəhətdən yanaşsaq belə, burada dramatizm, hətta
faciəvilik də görmək olar. Kimsə düşmənin
"məndən ötən" oxunun, gülləsinin, məkrinin,
hiyləsinin "qardaşıma dəydiyini" dilə gətirirsə,
niyə bunu təlaş, xəbərdarlıq ifadəsi kimi
yox, sevinc kimi başa düşmək lazımdır? Atalar
sözü xəbərdarlıq edir: "Ey cahil, sevinmə,
anla ki, bir bəla səndən ötsə, qardaşına dəyəcək."
Azərbaycan
atalar sözlərinin toplanması və nəşrində
müstəsna xidmətləri olmuş Əbülqasım
Hüseynzadənin covet dövrünün sonlarına yaxın
AzTV-də rəhmətlik Ağalar Mirzənin "Ozan"
proqramına verdiyi müsahibə indi də yadımdadır.
Yaşı 100-ü haqlasa da, yaddaşını və
mühakimə qabiliyyətini itirməmiş görkəmli
folklorçu sovet dönəmində nəşr zamanı
atalar sözlərinin ciddi senzuradan keçirildiyini, onların
bir çoxunun ideoloji mülahizələr baxımından
kobud təhriflərə məruz qoyulduğunu söyləyirdi.
Bunun nəticəsində etnik
dünyagörüşünün, milli düşüncənin
məhsulu kimi yaranmış və əsrlər boyu
yaşamış atalar sözlərimizin bir sıra nümunələri
kommunist ideologiyasının kosmopolit meyarlarına uyğun
şəkildə "islah edilmiş", sinfi mövqedən
"müasirləşdirilərək" xalq müdrikliyinin
örnəyi əvəzinə mənasız söz
yığını kimi təqdim olunmuşdur.
Fikrini
konkret nümunələrlə əsaslandıran
Ə.Hüseynzadə deyirdi ki, indi hamının onun tərtib
etdiyi kitablardan oxuyub yadda saxladığı "Uzunun
ağlı topuğunda olar" deyimi heç bir sağlam
düşüncəyə və məntiqə
sığmır. Əslində isə, atalar sözü belədir:
"Saçı uzunun ağlı topuğunda olar." Qocaman
tədqiqatçının oz sözləri ilə desək,
"yəni, arvadın başında ağıl olmaz."
Sovet senzurasının "qadın hüquqlarını
qorumaq" mülahizəsi ilə bərbad hala
saldığı başqa bir atalar sözünü yada salaq:
"Hər şeyin təzəsi, dostun köhnəsi."
Razılaşaq ki, "hər şey" və "dost"
anlayışlarının bu şəkildə
qarşı-qarşıya qoyulması heç bir məntiqi
mülahizə mövqeyindən adekvat görünmür.
"Atalar sözü" kitabının tərtibçisinin
dediyinə görə isə, kəlamın orijinalı belədir:
"Arvadın təzəsi, dostun köhnəsi." Yəni,
arvadın təzəsi, dostun isə köhnəsi daha istəkli,
daha əziz olur. Bunlar, həqiqətən də, bir-birinə
müvafiq, qarşılaşdırıla bilən
anlayışlardır.
Müqayisə
olunan anlayışların qeyri-adekvatlığı digər
bir atalar sözündə də diqqəti cəlb edir:
"Balığı at dəryaya, balıq bilməsə də,
xaliq bilər." Özünüz deyin, müdriklik rəmzi
olan bir mətndə "balıq"
anlayışının "xaliq" ("yaradan")
anlayışı ilə bu şəkildə
qarşılaşdırılması bayağı qafiyə həvəskarından
başqa hansı sərsəmin ağlına gələ bilər?
Ə.Hüseynzadə isə bildirirdi ki, sovet
senzurasının müdaxiləsinə qədər atalar
sözünün əsli belə olub: "Yaxşılıq
elə, xalq bilməz, xalıq bilər." Necə deyərlər,
əlavə şərhə ehtiyac yoxdur...
Görkəmli
folklorşünas Əbülqasım Hüseynzadə
haqqında danışdığımız verilişdən
az sonra, 98 yaşında dünyadan köçdü. Otuz ildən
çox vaxt keçir. Bilmirəm, lent yazısı
qalırmı? Çətin... Ancaq şükür ki, o
müsahibəni almış Xalq artisti Roza xanım
Tağıyeva sağ-salamatdır. Şübhə edənlər
soruşa bilərlər...
Atalar
sözünün məğzində, mayasında hifz edilən
dərin mənanı, müdrik fikri tam anlamaq, dərk etmək
üçün insana, doğrudan da, müəyyən bir
düşüncə potensialı, mütaliə səriştəsi
tələb olunur və nəhayətdə başa
düşürsən ki, atalar nə deyibsə, düz deyib.
Ancaq, təəssüf ki, folklor mətnlərinin təhrif edilməsi
problemi yalnız atalar sözləri ilə bağlı deyil. Bəri
başdan deyək ki, yazılı ədəbiyyat nümunələrindən
fərqli olaraq, folklor əsərləri mətnlərinin
qeyri-sabit, variantlı olması qanunauyğun sayılır. Məsələn,
Mirzə Cəlilin "Qurbanəli bəy" hekayəsinin birinci
cümləsi belədir: "Bir gün xəbər
çıxdı ki, naçalnik gəlir kəndə və
sonra da məlum oldu ki, pristavın arvadının ad qoyulan
günüdür." Əsərin başqa cür təqdim
olunması yolverilməz pozuntudur. Ancaq, tutaq ki, "Əsli və
Kərəm" dastanının birinci cümləsi necədir?
- sualına heç kəs dəqiq cavab verə bilməz.
Burada sabit mətn yoxdur. Hər aşıq istədiyi kimi təqdim
edir. Şifahi xalq ədəbiyyatı nümunəsi
üçün bu, təbii bir haldır. Məsələn,
"Qəmərim" və "Sarı gəlin" xalq
mahnılarının mətnindəki "Saçın ucun
hörməzlər" misrası ilə başlayan
bayatının ikinci nisrası həm "Gülü sulu dərməzlər",
həm də "Gülü qönçə dərməzlər"
şəklində işlədilir. "Folklor mətnlərinin
təhrif edilməsi" deyərkən biz bunu (yəni
variantlılığı) nəzərdə tutmuruq. Söhbət
əsərin məzmun, ideya, poetik forma və dilinin
pozulmasından gedir.
Bu
tip yanlışlıqlar ən çox xalq mahnıları və
təsniflərin mətni ilə bağlı meydana
çıxır. Burada həm atalar sözlərində
olduğu kimi, düzgün anlamamaqla, həm də ifa
zamanı təhriflərə yol vetməklə bağlı
yaranan pozuntular müşahidə olunur. Bir neçə xalq
mahnısının mətnində işlədilən belə
bir bayatı var:
Tut
ağacı boyunca,
Tut
yemədim doyunca.
Yarı
xəlvətdə gördüm,
Danışmadım
doyunca.
Bədii
mətndəki məna incəliyini duya bilməyən bəzi
dinləyicilər irad tutaraq bildirirlər ki, yəqin,
"aşkarda gördüm" olmalıdır, yoxsa məna
düz gəlmir. Xəlvətdə görsəydi, elə
doyunca danışardı da. Əlavə izahat vermək
lazım gəlir ki, ay qardaş, bu, Füzuli poeziyasını
yaradan dildir - sətiraltı mənalara, incəliklərə
fikir vermək lazımdır. Lirik qəhrəmanı
üzüntüyə düçar edən,
yandırıb-yaxan da elə odur ki, "yarı xəlvətdə
görsə də", doyunca danışmayıb, fürsəti
əldən verib...
Başqa
bir xalq mahnısının mətnini yada salaq:
Dağların
başı qışda qar olar,
Yar
yarı görməsə, rəngi saralar.
Müasir
ifaçıların, demək olar ki, hamısı mətni bu
cür oxuyur, halbuki elementar savad və şeir mütaliəsi
vərdişi kifayət edərdi ki, bunun kobud pozuntu
olduğunu başa düşəydilər, heç olmasa, adicə
qafiyə qüsurunu görəydilər. Birinci misrada "qar
olar"dısa, onda gərək ikincidə "sarı
olar" işlənəydi. Halbuki, Bülbül, Xan
Şuşinski, Rəşid Behbudov kimi böyük müğənnilərin
ifasında bu mətnin düzgün səslənişini
eşitmək mümkündür:
Dağların
başın qışda qar alar,
Yar
yarın görməsə, rəngi saralar.
Mənsubiyyət
və təsirlik hal şəkilçisi qəbul etmiş
isimlərin bu tərzdə işlədilməsini klassik
yazılı və şifahi poeziyamızda geniş
müşahidə etmək mümkündür. Aşıq
Ələsgəri yada salaq:
Bivəfanın,
müxənnətin, nakəsin
Doğru
sözün, düz ilqarın görmədim.
Təəssüflə
qeyd etmək lazım gəlir ki, bu cür təhriflər xalq
musiqisi ifaçılığımız üçün
arzulanmaz bir ənənəyə çevrilmişdir. Muğam
və təsnif ifasında müraciət olunan qəzəl
nümunələrinin məzmun və dil baxımından kifayət
qədər qəliz olması həqiqətdir və xanəndələrin
bu mətnlərin ifasında müəyyən
yanlışlığa yol vermələrini anlamaq
mümkündür. Nümunə üçün son dövrlərin
müğam ifaçıları sırasında əruzu və
qəzəli hamıdan yaxşı bilən, özü də
maraqlı qəzəllər müəllifi olan Hacıbaba
Hüseynovun yaradıcılığına müraciət edək.
İfalarının birində M.Ə.Sabirin
"Olmasın" rədifli qəzəlindəki beytlərdən
birini Xalq artisti belə oxuyur:
Mübtəlayi-dərdi-eşqəm,
əl götür
məndən, təbib,
Öylə
bir tədbir qıl,
bu dərdə dərman
olmasın.
Son
illər bu qəzli repertuarına daxıl edən gənc
muğam ifaçılarının da çoxu həmin beyti
eynən belə ifa edir. Aydın olur ki, onlar hamısı qəzəli
H.Hüseynovun ağzından eşitməklə öyrənib,
heç biri canına əziyyət verib Sabirin kitabına
baxmayıb.
Baxsaydılar,
beytin düzgün şəklini görərdilər:
Mübtəlayi-dərdi-eşqəm,
əl götür
məndən, təbib,
Eylə
bir tədbir kim,
bu dərdə dərman
olmasın.
Bu
acınacaqlı yanlışlığın kökünü
düşünəndə belə qənaətə gəlirsən
ki, görünür, ustad xanəndə Sabirin təmiz el
dilində işlətdiyi "eylə(mək)" feilini
anlamayıb və əruz bilgisinə əsaslanaraq onun yerinə
"öylə" əvəzliyini işlətməklə
şeirə "düzəliş vermək" istəyib.
Əvvəldə dediyim kimi, qəzəldə, əruzda belə
yanlışlıqların baş verməsini anlamaq
mümkündür. Ancaq çox asan mətnli sadə xalq
manılarında bundan da betər pozuntularla qarşlaşanda
adam deməyə söz tapmır. Yenə də H.Hüseynovun
və onun ardınca bir çox xanəndələrin
ifasında səslənən "Çoban qızı"
xalq mahnısına diqqət yetirək: "Bir çoban
qızını gördüm, qoyun otarır." Çox
yaxşı, otarsın... Ancaq sonrakı misra adamı
çaş-baş salır: "Bir çoban
qızını gördüm, əlində
qayçı..." Anlaya bilmirsən, bu qayçı hardan
çıxdı? Bəlkə, qoyun otaran çoban yox, bərbər,
yaxud dərzi qızıdır? Kinayəni bir yana qoyaq,
canlı xalq dilinə azacıq bələdlik kifayət edərdi
ki, mətndəki sözün "qayçı" yox,
"qamçı" olduğunu başa düşəsən:
"Bir çoban qızını gördüm, əlində
qamçı." Əfsus ki, mahnının neçə-neçə
ifaçısından heç birinin sadə bir həqiqəti
anlamağa zəkası çatmayıb.
İlham ABBASOV
Ədəbiyyat qəzeti.-
2020.- 12 iyun. S. 26-27.