Həmzəli İlyaslını itirdik
Allah sənə rəhmət eləsin, hamımızın
Dədə Qorqud deyə çağırdığımız
Həmzəli İlyaslı!
Biz səni itirməklə köhnə kişilərin
ədəb-ərkanını, folklorumuz və ədəbiyyatımızın kamil bilicisini, gözəl tərcüməçini,
hərbçi jurnalisti
itirdik!
Biz səni itirməklə Qaraçöpün adət-ənənələrini,
Türk dünyasnın
incilərini sinəsində
gəzdirən böyük
türkü itirdik!
Biz səni itirməklə kişilərin məclisdə
özünü necə
aparması, necə sağlıq deməsi, məclisdə əyləşən
hər kəsə xoş ovqat bəxş etməsini itirdik!
Biz səni itirməklə Şota Rustavelidən tərcümə etdiyin şeirin bir bəndini hər məclisi başlayanda şirin-şirin deməyini
itirdik:
Bu dünyada kef qalacaq,
Var toplama yığın-yığın.
Nə xərcləsən səninkidir,
Bir itgidir saxladığın.
Sən Tanrının bəxş
etdiyi bilik və baçarığı
xalqımıza və
millətimizə xərclədin.
Bir təsəllimiz var - biz səni cismən itirdik, xoş xatirələrdə,
gözləri hər zaman, hər yerdə səni axtaran döğmaların,
əzizlərin, dostların
qəlbində daim yaşayacaqsan!
Bir təsəllim var - "İtirdik" rədifli bu qoşma ilə mərhumun dostlarının
kədərini ifadə
edirəm.
Yaxan qurtarmadı dünya bacından,
Zəkası qızıldan zərgər
itirdik.
Səni
itirməklə dünya
tacından,
Ay Dədə Həmzəli,
biz zər itirdik.
Məhvəri dar olsa, sellər ağlayar,
İl quraq keçəndə çöllər ağlayar.
Aqil köç edəndə ellər ağlayar,
Deyərlər qeyrətli bir ər itirdik.
Bu fani dünyada iz qoyub getdin,
Sönən ocaqlara köz qoyub getdin.
Qızıldan qiymətli söz
qoyub getdin,
Vəli,
söz mülkündən
bir nər, itirdik.
Ustadımız Vaqif Nəsib, Əsəd Cahangir, Səlim Cəfərov, Ayaz Arabaçı,
Mübariz Dözümlü, Əlisəmid Kür, Ramiz Hümbətov, Əli Qurbanlı, Süleyman Mustafaoğlu,Dayandur Sevgin,
Qəşəm Nəcəfzadə,
Şahin Yüksəl,
Hacı Soltan, Ədalət bəy, Fəxri Müslüm, İnqilab bəy, Rasim Tovuzlu, Vaqif Haxıyev, Tahir Şirvanlı və neçə-neçə
dostlar mərhumun ailəsinə dərin hüzünlə baş sağlığı verir,
onlara Tanrıdan səbr diləyirlər.
06. 06.
2020
Vəli Qaraçaylı
Ədəbiyyat qəzeti.- 2020.- 12 iyun.-
S.31.