Türkiyədən Nəriman Nərimanova
baxış
Son vaxtlar Azərbaycanda Məmməd Əmin Rəsulzadə və Nəriman Nərimanov haqqında yazılar və mübahisələr
çoxalınca sosial
mediada Türkiyədə
bəzi kəsimlər,
xüsusilə ürəyi
Azərbaycanla döyünən
Azərbaycan kökənlilər
və bəzi qələm sahibləri Nəriman Nərimanov haqqında müsbət, mənfi görüşlərini
yazaraq fikirlərini oxucularla paylaşdılar.
Bu sıralar İstanbulda
yaşayan mənim də çox sevdiyim əziz dostum Azərbaycanın ən önəmli elm adamlarından professor Səlahəddin
Xəlilov da bu mübahisələrə
qoşularaq qısa da olsa Nərimanov
haqqında görüşünü
özünəməxsus şəkildə
dilə gətirdi:
"Zirvənin əsl
simasnı ancaq zirvədə olanlar görə bilər. Xalq şairi Bəxtiyar Vahabzadə: "Nərimanov
böyük insan idi. Böyük hərflərlə yazılan İnsan!"
N.Nərimanovu ittiham edənlər
gərək əvvəlcə
vicdanları qarşısında
cavab versinlər ki, onlar Nərimanın
xalqı üçün
etdiyinin mində birini ediblərmi?!"
Doğrusu, Türkiyədəykən Nəriman
Nərimanova bizim baxışımız o qədər
də müsbət deyildi. Əlbəttə ki, bunun Nərimanov şəxsiyyətiylə
əlaqəsi yox idi. Zatən onun həyatından,
fəaliyyətindən, görüşlərindən
Türkiyədə demək
olar ki, hamı bixəbər idi. Onun adı kommunist
ideologiyası ilə bütünləşmişdi. Milliyətçi Hərəkat
Partiyasının bir zamanlar təsis etdiyi və o zamanlar ən çox oxunan "Hər gün" qəzetində İğdırlı
yazıçı Müslüm
Oğuzun "Qan yolları bağladı"
adlı romanı seriya şəklində yayınlandı. Romanda bolşeviklərin Azərbaycanı işğalından
bəhs olunurdu.
O zamanlar liseydə tələbə ikən bizlər romanı parça-parça oxumuş
və romanın təsiriylə Mustafa Sübhi,
Nərimanov kimi kommunistlərdən nifrət
etmişdik.
Rusların Polşaya qədər Avropanın yarısını
kommunizm adı ilə əsarət altında tutmaları, Əfqanıstanı işğal
etməsi Türkiyədə
böyük qorxu və nifrət ortamı yaratmışdı. Heç
kim, xüsusilə
gənclər marksist ideologiyası və fəlsəfəsinin nə
olduğu barədə
maraqlanmamış və
bilməzdik. Müəllim
məktəbinə ilk getdiyimiz
vaxtlarda "solçuluq",
"sosializm" haqqında
məlumatımız belə
idi: "Kommunistlər
dinsizdirlər, namus bilməzlər və rusdurlar".
Təəssüf ki, Nərimanova baxışımız necə
idisə, Nazim Hikmətə də eyni idi. Bir sözlə
kommunistdirsə, xaindir
deməkdir. O zamanın
psixologiyasını izah
etmə açısından
bir xatirəmi bölüşmək istərdim.
Ərzurum Müəllim məktəbində
oxuyarkən prof. Abdülbaki Gölpınarlının
"Məlamilər" adlı
kitabı əlimə
keçmişdi. "Abi"lərimizdən
biri əlimdəki kitabı gördü və eynilə belə dedi: "Bu adam Nazim Hikmətin
həbsdən çıxması
üçün imza vermişdi, bunun kitablarını oxuma!"
Təbii
ki, o an kitabı
bir kənara fırladıb atmışdım.
Bu düşüncə tərzi türk ədəbiyyatını, türk
elmini ikiyə böləcək, istər
sağ olsun, istərsə sol, bütün
tələbələrin bir
gözünün kor olmasına yol açacaqdı.
Halbuki prof. Gölpınarlı hələ
də Türkiyədə
yeri doldurulmayan ən böyük şərqşünaslarımızdan biridir. "Məlamilər"
kitabı hələ də sahəsində tək və orijinal bir əsərdir.
Nəriman Nərimanovla bağlı
ilk tərəfsiz məlumatım
Zəki Vəlidi Toqanın xatirələrini
və ünlü şair Atilla İlhanın Sultan Qaliyevlə
bağlı yazdığı
kitabı oxuduqdan sonra təkmilləşdi və dəyişməyə
başladı. Zəki Vəlidi Toqan xatirələrində hər
kəsin Leninin "Millətlərə hürriyyət"
şüarını mənimsədiyini
və Rusiya müsəlmanlarının müstəqil
ola bilməsi
üçün rus bolşevikləriylə iş
birliyi yolu axtarıldığını yazırdı.
O kitablardan sonra dr. Rza Nurun
"Həyat və xatirələrim" adlı
kitabını oxumuşdum.
O kitabın 744cü səhifəsində
Nəriman Nərimanovla
Bakıdakı görüşündən
yazmışdı:
"Komissarların başında
Nəriman Nərimanov
var. Bu zat ağlı başında bir adam. Məlumatlıdır.
Yazıçıdır. "Şah
İsmayıl"("Nadir Şah"olmalıdır) adlı
bir romanı və teatr ssenariləri
var. Yaxından üzbəüz
görüşdüm. Baxdım ki, yaxşı adamdır. Mənə güvəndi. Açıldı və dedi ki: "Bolşeviklik də nə deməkdir?! Bu rəzalət bizə
gəlməz. Bir türkük,
milliyətçiliklə yaşayarıq".
Dedikləri çox xoşuma
gəldi. Çox sevdim
onu. Amma haqlı olaraq
ruslardan yaman qorxur, bu işin
zarafatı yoxdur.
Dərhal insanı öldürürlər.
Necə ki, bu zavallını
da bir müddət
sonra öldürdülər.
Mənə Moskva haqqında yaxşı məlumat verdi.
Gün gəlincə Nərimanov türkcə üçün latın
hərflərini qəbul
və tətbiq edəcəyini söyləmişdi.
Buna tərəfdar idi".
Bütün bunları oxuduqdan sonra Nəriman Nərimanovla bağlı baxış müstəvim
dəyişmişdi və
onun həyatı, Türkiyəyə verdiyi dəstək mövzusunda tədqiqatlar aparmış,
Türkiyədə, Azərbaycanda
"525ci qəzet"də yazılar yazmışdım. ("Azərbaycan
Türkiyəyə az
köməklik etməyib"
məqaləsi)
Amma Türkiyədə
təəssüf ki, bu mövzuda düşüncə o qədər
də dəyişməmişdi. Hətta N. Nərimanova
qarşı Azərbaycanı
könüldən sevən
və "Azərbaycan
ürəyimdə bir
şahdamardır" kimi
kitablar yazan Yavuz Bülənt Bakilər kimi ziyalılar belə ona nifrətlə baxırdılar. Onun Azərbaycanı
ruslara "satdığını"
düşünürdülər.
2009-cu ilin oktyabrında
Anar bir şeir şöləni üçün Almaniyaya gəlmişdi. O şeir şöləninə Yavuz
Bülənt Bakilər
və türkmən alimi professor Sübhi Çiftçi kimi ziyalılar da gəlmişdi. Almaniyanın sənaye şəhərlərindən
olan Disburqdakı bir su qülləsinin
təpəsində yerləşən
bir türk restoranında səhər
yeməyinə getmişdik.
Yemək
əsnasında Anarla prof. Sübhi Çiftçi qarşılıqlı
xoyrat oxuduqlarında hamımız maraqla dinləmişdik. Ardından Yavuz
Bülənt Bakilərlə
Anar həm Nazim Hikmət, həm də Nəriman Nərimanov haqqında mübahisə etməyə başladılar.
O günkü mübahisəni
axşam gündəliyimə
belə yazmışdım:
"Yavuz Bülənt
Bakilər hirslə N.Nərimanovun kommunistlərə
aldanaraq Azərbaycanı
ruslara təslim etdiyini söylədi. Anar təmkinli
idi. Onun ittihamlarına sakit bir tövrlə cavab verdi.
Bir müddət sonra o da səsini yüksəltməyə başladı.
Hər kəs diqqətlə onları dinləyirdi.
Anar Nərimanovun Azərbaycan üçün Leninə
çəkdiyi teleqraflardan,
Qarabağ məsələsindəki
diqqətindən, Atatürklə
olan səmimiyyətindən
və Türkiyəyə
verdiyi yardımdan söz açdı.
Sonra da o, olmasaydı Azərbaycanda erməni mənşəli bolşeviklərinin
iqtidarı ələ
keçirəcəklərini və Azərbaycanın parçalanacağını da
vurğuladı".
Bu mübahisələrin üzərindən
bir neçə il keçdi.
2014-cü ildə Yavuz Bülənt Bakilərlə İstanbul
Böyükadada təkrar
qarşılaşdıq. Xanımıyla orada istirahət
edirdi. Biz də ailəliklə oradaydıq. Bəzi günlər
dəniz kənarında
bir kafedə oturub söhbət edirdik. Bir söhbət əsnasında
mən yenə onun Anarla olan
mübahisəsini xatırlatdım.
Yavuz Bülənt Bakilər yenidən hirsləndi.
Bu dəfə ona Abdülbaki Gölpınarlı məsələsindən
bəhs etdim. O zamanlar biz gənclərin necə bir düşüncə
ilə "yarım oxumuş" hala gətirildiyimizi örnəklə
açıqladım. Avropada heç
bir yazıçının,
ziyalının şəxsi
vəziyyətinə, fəlsəfəsinə,
düşüncəsinə baxılmadığını, onun
səviyyəsinin dilə,
mədəniyyətə göstərdiyi
xidmətlə ölçüldüyünü
izah etdim. Nazim Hikmətin Sovet İttifaqında türkcəni
necə həyəcanla
müdafiə etdiyini,
öz xalqıyla həmişə qürur duyduğunu misallarla saydım.
İnandıra bildimmi onu, əmin
deyiləm, amma Türkiyədəki düşüncə
tərzini izah etməsi baxımından mənim üçün bir örnək olaraq yaddaşımda yer etdi.
Sadəcə insanın ideologiyasına,
bir mövzu haqqındakı düşüncəsinə
baxaraq onun bütün özəlliklərini
yox saymaq, hətta xain elan etmək nə qədər doğru və adildir deyə fikirləşmək lazımdır. Dünyanın heç bir yerində ziyalılarına,
oxumuşlarına bizim
cəmiyyət qədər
qəddar baxan və özü kimi düşünməyəni
yox sayan heç bir cəmiyyət yoxdur.
Buna görə də həm fəlsəfə, həm ədəbiyyat, həm də digər elmlər mövzusunda Qərbdən geri qalmağa davam etməkdəyik. Tarixə, tarixə
bədəl şəxsiyyətlərə,
mədəniyyət adamlarımıza
bütöv baxmadığımız
və "mənim düşüncəm ən
doğru düşüncədir",
deyə dayatdığımız
müddətdə bir
yerə varmağımız
əsla mümkün olmayacaqdır.
Məmməd Əmin Rəsulzadə kimi dəyərlərimizi
daha da böyütmək
üçün Azərbaycan
ədəbiyyatında və
siyasi tarixində silinməz bir yer tutan Nəriman
Nərimanov kimi bir şəxsiyyəti yox saymanın nə ağılla, nə də vicdanla bir əlaqəsi
olmaz.
Orxan Aras
Ədəbiyyat qəzeti.-
2020.- 12 iyun. S. 32.