Elçilik...

 

Hekayə

 

 

İcraçı həyatını yaşayan bir çox insan kimi, tərcüməçi sifarişçidən asılıdır. Sifarişçi oldu, mütərcimin cibi doldu. Sifarişçi olmadı, mütərcimin cibi dolmadı.

 

Əlinin cibi kimi...

 

Son vaxtlar Əlinin əli Allahda qalmışdı. Bu fikri belə ifadə etmək olar, Əli yaman əlimyandıda idi. Oxucuya daha da aydın olsun deyə, belə demək olar, Əlinin əli aşağı idi. Borclu da ki, qapının ağzını kəsdirmişdi, Əli, əlini cibinə sal, kəlməsini usanmadan təkrarlayırdı.

 

Borclu desə , deməsə , Əli gündə bir neçə dəfə əlini cibinə salırdı, amma cibi dünən olduğu kimi, lap belə srağa gün olduğu kimi, bu gün boş idi. Bir yandan bir sifarişçi çıxmırdı ki, sözümüzün əvvəlində dediyimiz kimi, Əli desin, sifarişçi oldu, cibim doldu... Elə bil, tacik dili daha heç kəsə lazım deyildi.

 

Belə ki, borc-xərc içində itib-batan Əli yatanda sifarişçi intizarı ilə yatır, oyananda sifarişçi intizarı ilə oyanırdı.

 

Deyirlər, niyyətin hara, mənzilin ora...

 

Aha, bir səhər... amma yox, qoy, bu əhəmiyyətli cümləni elə deyək ki, daha da təsirli olsun:

 

Aha, sifarişçi həsrətiylə gözünün kökü saralan Əlinin əl telefonuna bir səhər tezdən tanımadığı nömrədən zəng gəldi.

 

Həmin an keçirdiyi həyəcandan ürəyi tappıltı ilə düşən Əli əli əsə-əsə telefonun "yes" düyməsini basdı:

 

(Hamıya bəlli olan "alo" sozündən sonra Əli ilə Əliyə zəng edən adam tacik dilində danışdılar, amma mən çarəsizlikdən həmin o mühüm söhbəti bildiyim dildə vermək məcburiyyətindəyəm. Ümid edirəm ki, oxucu məni başa düşər).

 

, Əli əli əsə-əsə telefonun "yes" düyməsini basıb:

 

- Alo! - dedi.

 

- Salaməlöyküm!

 

- Əlöykəssalam!

 

- Tacik dili mütəxəssisidir?

 

- Özüdür ki, var!

 

Onlar tacik dilində uzun-uzadı danışdıqlarını, sizin qızıl kimi vaxtınıza qənaət etmək məqsədilə, mən öz dilimizdə qısaca deyim:

 

Söhbətdən belə bəlli oldu ki, tərcümə işi olsa da, Əliyə qeyri-adi bir təklif edirlər, yəni bir nəfər tacik oğlan bir nəfər azəri qızına aşiq olub. Qızı özünə arvad almaq istəyir, bunun üçün qız evinə elçi göndərməlidir, Azərbaycan toy adətləri tələb edirsə, elçilərə qoşulub gələcək qayınatasının qapısına özü gedə bilər. Amma burasındadır ki, qızın valideynləri tacik dilini, oğlanın valideynləri isə Azərbaycan dilini bilmirlər. Əslinə qalsa, Azərbaycan dilini heç oğlanın özü bilmir, ancaq onun alovlu məhəbbətinə dilbilməzlik mane ola bilməz. Bir əsl məhəbbətə dil! Hər şeyi qaşla, gözlə, yeri gələndə qaynar nəfəslə anlatmaq olur. O da qızı bir dəfə görüb, min dəfə sevib. Ürəyində qəflətən çağlayan hissləri qıza bir lal baxışla çatdırıb. Qız da, əgər tacik gənci gümanı aldatmırsa, lal baxışla deyib, razıyam, el adətiylə elçilərini göndər, gələrəm. Qapıma elçi göndərmədən sənin arvadın olsam, el məni qınayar. Bir halda ki, sənin mənə quşun qondu, mənim sənə quşum qondu... uçurt tərlanını, mənim qapım sənin quşunun üzünə açıqdır.

 

Düzdür, Tacikistanda qız qəhət deyil, onun özünün vətəndə üç arvadı var, bu da razı olsa, sayca dördüncü olacaq. Amma orası var ki, orada qız bahadır, çox baha. Doğma xalası qızı olan birinci arvadını çıxmaq şərtiylə, yerdə qalan hər iki arvadını xaricdən, yəni qız ucuz olan ölkələrdən alıb...

 

Belə ki, indi birini alır, amma orada dil maneəsi olduğuna görə, elçilikdə tərcüməçiyə ehtiyac var, özü Əli kimi səriştəli tərcüməçiyə. Bəli, Əli kimi təcrübəli tərcüməçiyə ki, o, oğlanın qəlbində tüğyan edən hissləri əvvəlcə qızın valideynlərinə, sonra isə qızın özünə tam dəqiqliyi ilə çatdıra bilsin.

 

- Mənə dedilər ki, belə bir mühüm vəzifənin öhdəsindən yalnız siz gələ bilərsiniz.

 

- Əlbəttə, gələ bilərəm. - Əli dedi, - amma yəqin, bilirsiniz ki, tərcümə, özü belə məsuliyyətli tərcümə ödənişlidir.

 

- Bilirəm, - telefondakı dedi, qədər ödəməliyəm?

 

- Saatı 50 manatdır.

 

- Olsun... Nəzərə alsaq ki, elçilikdə açılan süfrə arxasında siz oturacaqsınız ortaya gələn bütün təamlardan hamı kimi siz dadacaqsınız, saatı 30 manatdan ödəniləcək.

 

- Saatı 40 manat!..

 

- Yox, 30 manat! Həm doyunca yeyə bilərsiniz.

 

Əli fikirləşdi, pis deyil, elçilik üç saat uzansa, borcunu da ödəyər, hələ on beş manat özünə cibxərci qalar.  Odur ki, dedi:

 

- Danışdıq, razıyam.

 

Telefondakı adam görüş yerini saatı, yəni məkanı zamanı deyib söhbəti telefonu eyni zamanda qapatdı.

 

Əli ələ düşən fürsəti götür-qoy eləməyə başladı: indi əsas odur, elçilik uzansın. Məndən çox şey asılıdır, söhbəti süni şəkildə uzada bilərəm. 4 saat uzansa, lap yaxşı, 5 saat ondan da yaxşı. Ələ fürsət düşsə, gərək qızın valideynlərinə, elə qızın özünə deyim, razılıq verməkdə tələsməsinlər. Xeyli cəncəllik eləsinlər, yox desinlər, - . Elə eləsinlər, oğlan tərəfi ümidini itirsin, istəyinə tez nail ola bilsin. Bir bəhanə ilə qapılarına iki dəfə, lap belə üç dəfə apara bilsələr, əla olar. Amma buna nail ola bilsələr, deməlidirlər ki, tərcüməçini dəyişməyin, gələn dəfə bunu gətirin. Tərcüməçini dəyişsək, qorxuruq qızımızın da bəxti dəyişər.

 

Əli deyilən vaxtda deyilən yerə getdi, süfrə arxasında oğlan eviylə qız evinin arasında oturub sinxron tərcüməçilik etdi, amma əvvəlcədən düşündüyü kimi, bildiyi kimi etdi. Təmkinlə danışdı, kəlmələrin dalını uzun pauzalarla gətirdi. On dəqiqəlik söhbəti bir saat, bir saatlıq elçiliyi üç saat uzatdı. Üçüncü saatın tamamında fikirləşdi, min bərəkət, 90 manat cibimdədir. Hələ bindan sonra olar, o da peşkəşdir. Arada fürsət tapıb qızın valideynlərinə tələsməməyi, müştərini iki-üç dəfə qapıya gətirməyi məsləhət bildi.

 

Elçiliyin dördüncü saatında su başına getmək bəhanəsi ilə otaqdan çıxdı, Allahdan olan kimi dəhlizdə qıza tuş oldu. Ona dedisə , qız iki ayağını bir başmağa qoyub getmirəm, hələ bir yaxşı-yaxşı fikirləşməliyəm dedi.

 

Bu minvalla oğlan evi qız qapısına ikinci dəfə getməli oldu.

 

Qız evi bir az yumşalsa da, ikinci dəfə həmin şeylər təkrarlandı.

 

Əli, birinci ikinci elçilikdən sonra oğlan evinin başbiləninə yaxınlaşıb qonorarını istədi.

 

- Tələsmə. İnşallah, işi başa vardıraq, toyqabağı hamısını bir ələ ödəyərik.  Nigaran olma, bir dəqiqən hədər getməz.

 

Amma Əli baş aça bilmədi, niyə başbilən qəpik yox, dəqiqə dedi. Olmaya, Əli vaxtı süni şəkildə uzatdığını bilib duyuq düşmüşdü.

 

Üçüncü dəfə gedəndə elçiləri, tərcüməçini qapıdan içəri buraxmadılar. Dedilər, bu ara qız bir başqasına qoşulub qaçıb.

 

Elçilər, bu acı xəbəri dili topuq vura-vura tərcümə edən Əlinin üzünə zilləndilər. Elə zilləndilər, elə bil qızı Əli qaçırmışdı.

 

Əli udqundu, əlavə söz deyə bilmədi. Yalnız elçilər dönüb gedəndə arxalarınca yüyürdü: 

 

- Bəs mənim qonorarım?       

 

- qonorar!? Elçilik baş tutmadı.

 

- Öhdəmə düşən işi ki gördüm...

 

- Mən demişdim, pulu toyqabağı verəcəm. Toy olmadı...

 

İmir Məmmədli

Ədəbiyyat qəzeti.-2020.-19 iyun.- S.9