Əyyaş ata
Hekayə esse
"Atam tanıdığım
ən alçaq adamdı. Başqa xüsusiyyətləri ilə
işim yoxdur, bəlkə də dünyanın ən şərəflisidi, amma ataların şərəfsizi
olduğundan əminəm"
- deyərək, gözünü
masadakı araq rumkasına zilləyib, fikrə getdi. Nəsə yadına düşmüş kimi davam etdi:
- Onun
ucbatından ata ola bilmirəm. Ata olmaqdan qorxuram. Elə bilirəm ki, onun genlərini
daşıyıram deyə,
mən də onun kimi olacam.
Məhz buna görə də öz övladımın qatilinə çevrildim. Sevgilim məndən uşağa qalarkən, sevinc göz yaşları içində
onu abort etdirməyə
məcbur etdim. Övladım mənim uşaqlığımı yaşamasın,
atam kimi insanlar övlad sahibi olmasın deyə, onu ana bətnində öldürdüm. Mən
qatiləm. Atama oxşamamaq üçün
əlimi qana buladım...
Dünyada ata ölümündən
gözəl heç nə yoxdur. Bu mənzərəni izləməyin
verdiyi rahatlığı,
xoşbəxtliyi yalnız
sevişmə zamanı
yaranan orqazmla eyniləşdirmək olar.
Onun ölümünü
öz gözlərinlə
görmək, duyğuların
ən gözəli, hisslərin ən mükəmməlidir. Təəssüf
ki, bu hissi
ömründə yalnız
bir dəfə yaşaya bilərsən. Əlimdə olsaydı, o duyğunun, Tanrının
verdiyi o gözəl ölüm lütfünün
dəfələrlə şahidi
olmaq üçün
atamı gündə bir neçə kərə dirildib, yenə öldürərdim.
Düşün, öz
doğma atan qolların arasında can verir. Son nəfəsini, ciyərlərinin hayqırışını
ovuclarında hiss etmək
və dodağına qonan körpə təbəssümü ilə
çırpınışların hər anını dolayısıyla yaşamaq.
İlahi, necə də möhtəşəmdir.
Ardıyca davam etdi:
- Atası
ölən dostlarıma
paxıllıq edirdim.
Onların yas mərasimlərində ağlayırdım.
Bu göz yaşları
onların kədərinə
şərik olduğumdan
deyil, möhtəşəm
ata ölümünü
- duyğuların ən
gözəlini daddıqlarından
içimi yeyib bitirən paxıllıq hissi idi. Göz
yaşlarım o qədər
içdən, səmimi
idi ki, mənim
niyə ağladığımı
kənardan baxan heç kim anlaya bilməzdi. Əksinə, hər kəs dostlarıma olan sevgimin necə
böyük olduğunu
düşünərdi. Amma
bütün bunlar, göz yaşlarım Allaha üsyan idi -dostlarıma bu gözəl neməti verdiyinə, xoşbəxtliyin zirvəsini
yaşatdığına görə...
Atası ölən hər kəsin paxıllığını çəkirəm!
Ah, Tanrı, səni lənətə gələsən,
nə günah sahibiyəm ki, mənə bu ölüm lütfünü
çox görürsən?!
O, danışdıqca
sözlərinin sehrinə
düşürdüm. Təkcə
bədənimin yox, ruhumun bütün hüceyrələri ilə
valeh olmuşdum.
İlk dəfə ruhun
da hüceyrələrə sahib olduğunu onda duydum. Gərək ruhu dibinə kimi titrədən sözlər, hisslər olmalıdır ki, sən o hüceyrələri
duyasan. Onun cümlələri füsunkarcasına
düzməsinə, hələ
bu hekayədə qeyd edə bilmədiyim,
daha doğrusu, istedadımın yazmağa
imkan vermədiyi vəhy kimi deyilən sözlərinə
heyran oldum. Hərdən mənə elə gəlirdi ki, bunları danışan Allahın özü idi. Bəli, bəli, Allah! O, öz atasından danışırdı. Öz
doğmasının ölümündən,
bunun ona verdiyi xoşbəxtlik ekstazından həm də uşaq saflığı ilə bəhs etmək insan əməli ola bilməzdi. Belə mükəmməl
duyğu - ata ölümünə olan saf, uşaq sevgisi yalnız kamil insanlara məxsusdur. Tanrılaşmış
insanlara!
Məclisdəkilərin sehrə düşdüyünü
görüb sözlərinin
ardını gətirdi.
- Onun
övladlarına, doğmalarına
olan sevgisi araq şüşəsinin
içindəydi. Ürəyi
div kimi araq şüşəsinin içində
döyünürdü. İnsanlığı
şüşədəki mayenin
dərəcəsindən, o şüşəyə sahib ola
bilmək qüdrətinə
qədər kiçilmişdi.
Sevgi ona araq badələri kimi görünürdü. Elə
o vaxtdan arağı
da, onu içənləri
də qatil kimi görmüşəm.
Sevgi qatilləri. Harda o butulkaları görsəm, istər dükanda, istər məclisdə anamın nişan üzüyünü
xatırlayıram. Mən
o şüşələrdən içsəm, anamın xoşbəxtliyini, gələcəyini,
sağlamlığını içdiyimi düşünürəm.
Hər şüşə
mənə hansısa
qadının sevgisinin,
xoşbəxtliyinin məhvini
xatırladır. Hər
içilən şüşə
bir sevgi, xoşbəxtlik tabutudur. İçənlərsə, qatil.
Anamı döyə-döyə barmağından çıxartdığı
nişan üzüyü
arağın ona verəcəyi həzz üçün idi. Sonra pula çevrilən o
üzüyün məni
də döyə-döyə
dükana göndərməsi,
anamın xoşbəxtliyini,
sevgisini satıcıya
uzadıb "xoşbəxtliyə
neçə araq şüşəsi düşür?"
deməyim...
Bütün araq şüşələrinin
içində anamın
nişan üzüyünü
görürəm. Araq
badələri bir-birinə
dəyərkən çıxan
səs barmaqdan düşən o üzüyün
səsini xatırladır
mənə. Sanki hansısa
qadının xoşbəxtliyi
badə cingiltiləri
arasında məhv olub gedir.
Bütün fahişələrin və əyyaşların
dərdi var. Problemə
və dərdə görə bu yoldadırlar. Onlar dərdin olmasına üzülür? Əsla,
hər yeni dərdə sevinirlər. Hər dəfə təzə dərd onlara bəhanə, yeni araq şüşəsi,
məhv edilmiş yeni qadın həyatı, özlərini
təmizə çıxartmaqçün
şərəfsizcə uydurulmuş
dərd adlı sevincdir. Doğmalarının
ölümü, hər
qardaş, bacı ölümü onlara şeytan tərəfindən
bəxş edilmiş
nemətdir. Doğmalarının
tabutunu torpağa tapşırmadan dərd adıyla içməyə
başla...
Əminəm, o, mənim də
ölümümü istəyir.
Ruhunun dərinliyində
yatan şeytan ona bir övlad
ölümü, dərdi
arzulayır. Övlad bəhanəsindən gözəl
uydurulmuş dərd nə ola bilər?
İç ki içəsən. Kim sənə
nə deyə bilər, oğul dərdindən içirsən,
axı. Görənlərin
də "oğul dərdindən içir bədbəxt" - sözləri
var ha, arağın ən gözəl "zakuska"sıdır. Hə,
əminəm, o, hər
gecə mənim ölümüm üçün
içdən-içə dua
edir.
O, şüşəyə
baxanda yenə o üzüyünü xatırlayır.
Döyülə-döyülə barmağından çıxarılarkən,
"heç olmasa uşaqlara da nəsə
al" hayqırtısı qulaqlarında cingiltiylə
səs çıxarır.
O səsi mən də eşitməyə başlayıram. Elə masadakı digər qonaqlar da yad qadın səsi gəldiyini deyir. Axı, bizim olduğumuz zalda qadın yoxdur. Bu qadın səsi kimindir, hardan gəlir?
Səs masanın üstündən
gəlir. Hər kəs bu səsi
tapmaq üçün
sükuta qərq olur. Bu qadın ağlamsımasıdır. Əlimi
qulağıma yaxınlaşdırıb
masanın ortasına doğru yaxınlaşıram.
Səs şüşənin
içindən gəlir.
Yalvarış dolu... Hər birimiz sakitcə, donmuş vəziyyətdə şüşənin
içindən gələn
qadının yalvarışlarını
dinləyirik.
O qadın
şüşənin içində
boğulur, xilas olmaq üçün çırpınırdı. Şüşənin
ağzına doğru
əllərini uzadaraq
çıxmağa çalışırdı.
Amma biz içdikcə
şüşə boşalmır,
qadınsa əksinə,
daha artıq əziyyət çəkir,
xirtdəyinə kimi qalxan maye onu
boğurdu.
Biz bu
qədər içmişdik,
şüşə niyə
boşalmırdı? Biz içdikcə
şüşəni qadın
göz yaşlarıyla
doldururdu?!
Zala boylanıram. İçki
şüşəsi olan
bütün masalardan qadın yalvarışları,
uşaq ağlaşmaları
eşidilir. Səslər
insanın beyninə işləyir. Qulağımı
əllərimlə tutaraq
çölə qaçıram.
İçimdəki sevgini
nifrət qarışıq
bütün şəhərə
eşitdirmək üçün
qışqırıram:
- Bütün
atalara ölüm! Hər əyyaş atanın ölümü bəşəriyyətin xilası
naminə atılmış
ilahi bir addımdır!
...Görəsən,
bu gün içdiyimiz araq hansı qadının göz yaşlarıdır?
Cingilti səsləri hansı xanımın üzüyüdür? Kimin
xoşbəxtliyini, sevgisini
bir-birimizin sağlığına
içdik?!.
Emin Piri
Ədəbiyyat qəzeti.-2020.-19
iyun.-S.11