Bəxtiyar Vahabzadənin
bitməyən müqayisələri
Qorxuram dünyada
bir zaman gələ,
İnsanlar
yaşaya, insanlıq ölə!
Bəxtiyar Vahabzadə
bütöv bir yaradıcılığı ilə insana -
insanlığa xidmət göstərmiş, sevgisinin adı
"insan", "mənəvi dəyərlər" olan,
sözün həqiqi mənasında böyük
şairimizdir. Bu sevgini başlıca meyar bildiyi
üçün onun şeirlərində mövzu rəngarəngliyindən
çox, məzmun dolğunluğu öz əksini tapır.
B.Vahabzadə həm də dünyaya sırf fəlsəfənin
gözü ilə baxan şairlərimizdəndir. Bu mənada
ki, "dünyadakı hər bir obyekt iki əks tərəfə
malikdir. Bu onların təbiətindən irəli gəlir,
çünki sabitlik və dəyişiklik vəhdətini ifadə
edirlər" (Z.Hacıyev) kimi
anlayışı ifadə edən mövcudatın bədii
ifadəsi B.Vahabzadə şeirlərinin məğzidir; hər
zaman bir müqayisə, bir analoji və ya bir ziddiyyətli
qarşılaşdırma. Şairin müxtəlif illərdə
yazdığı şeirlərinin bir çoxunu birləşdirən
bir ana xətt var: paradoks. Elə təkcə "Axı
dünya fırlanır" şeirini göstərmək kifayətdir
ki, şeirin məziyyəti dünyadakı hadisələrin
"düz-tərs" cərəyan etməsinin
qarşılıqlı şəkildə
saf-çürük edilməsi, birinin sayəsində digərinin
(yenə də qütbləşdirilərək!) mənasının
açılmasıdır.
Vaxtın dəyirmanında
daş əridi qum oldu,
Tarixə
atdığımız qayıtdı lüzum oldu.
Dünənin həqiqəti
bu gün tərs yozum oldu,
Niyə də
yozulmasın, axı, dünya fırlanır.
Əslində,
müqayisə elə həyatın mənasıdır. Həyat
müqayisələrin, təzadların sayəsində məna
daşıyır, yaxşı, pis müəyyənləşir.
Bu müəyyənləşmənin şüurlu münsifi
isə insandır. "İnsan hər şeyin ...
ölçüsüdür. İnsana ləzzət verən hər
şey yaxşıdır, əzab verən hər şey isə
pisdir. Yaxşılıq və pisliyin meyarı isə
ayrıca götürülmüş hər bir fərdin
subyektiv hisləridir" (Protaqor).
B.Vahabzadə bu fərdlərdən biri olsa da, onun təyin etdiyi,
qarşılaşdırdığı tərəflər -
yaxşı və pislər bəşərin gözü ilə
baxılıb qəlbə yol tapan əsaslı müqayisələrdir.
Ağıl -
göz
Şeylərin ən
kiçiyi -
Atom zərrəcikləri,
Ən
böyüyü - kainat.
O da gözlə
görünmür,
Bu da gözlə
görünmür.
Ağılla
göz müqayisə edilir. Gözün görə bilmədiyi
nəhənglə-kainatla, ən kiçiyi-atom zərrəciyini
ağlın "gözü" görür. Belə bir
qarşılıqlı əlaqədə şairin onları
qarşı qütblərdə yerləşdirməsində əsas
məqsəd təbii ki, yenə də insan ağlının
qüdrətinin "hər şeyin gözü" olan
gözlə müqayisədə müsbət pozisiyada
durmasını vurğulamaqdır ki, bunun da əsasında
ağlın stimulyatoru elm durur:
...O, mikroskop
yaratdı,
O, teleskop
yaratdı.
...Əsrimizdə
Ağıl
döndü göz oldu.
Digər bir
şeirində isə elmi digər bir müstəvidə yerləşdirərək
yaratdığı aporiyanı təqdim edir.
Elm - əxlaq
Övlad öz
kökünü tanımırsa bəs,
De hansı kök
üstə boy atacaqdır?
...Əynimiz,
başımız kimyalaşsa da,
Mayamız,
kökümüz saf qalsın barı.
Bir zamanlar
"hüdudlar içində yatmış" elmin indi hər
yerdə rahat dolandığını, əsrimizin elm əsri,
kəşflər əsri olduğunu bildirir.
Amma elmin
inkişafı təbiiliyin düşməni olmuşdur.
Bunlardan ən faciəlisi insan dünyaya gətirməkdir.
Süni mayalanma vasitəsilə atasız atalıların
olmasının gələcək həyatında daha
ağır hallarla qarşılaşmasından narahat olan
şair bu vəziyyətə açıq etiraz edir.
...Bu nədir?
Gerimi qalmışam yoxsa?
Mən ki güvənmişəm
hər zaman elmə.
Əxlaqa, qaydaya
toxunandasa
Mən üsyan
edirəm, mən üsyan, elmə...
Deməli, elm-əxlaq
kimi anlayışın bir-birinə ziddiyyət yaratması ilk
baxışda nə qədər ağılasığmaz olsa
da, B.Vahabzadənin bədii-fəlsəfi təfəkkürü
buna da qadir olmuşdur.
B.Vahabzadə şairin, şairliyin də mövqeyini müəyyənləşdirmiş
və onu da bəşər övladının ən həssas
duyğularından biri ilə
qarşılaşdırmağı münasib bilmişdir.
Şair - Vətən
Şairin bədəni
- bu ana torpaq,
Nəfəsi - xəzridir,
qanı - Kür, Araz
Çox şey Vətənsiz
də yaşayır, ancaq
Şeirsə Vətənsiz,
elsiz yaşamaz...
Əslində,
şairin bu şəkildə ifadə etdiyi Vətəndə əsas
məsələ onun bəzən anlam daşımamasında
yox, şair dünyasının Vətənə bərabər
tutulmasındadır. Şair elə Vətəndir! Bu vəhdətdə
qarşılaşan tərəflərdən isə
üstünlük Vətəndədir.
Kimliyindən və
məkanından asılı olmayaraq hər bir insanın yer
üzündə tutduğu bir yol, çatmaq istədiyi bir məqsədi
və ali bildiyi bir zirvə nöqtəsi vardır. Amma burda da
paradoks vardır.
Yol - dağ
Yol gedirəm.
Pillələrim
illər mənim, aylar mənim.
Öz məsləkim,
düz məsləkim,
Ürəyimi zirvələrə
haylar mənim...
Yol gedirəm, bilməsəm
də,
Qarşıdakı
addımların sayını mən.
Addımlarım
qüvvət alır,
Xəyalımda
gülümsəyən son pillədən.
İstənilən
şəkildə əldə etməyin də, əldə
edilməyin də "yol"u elə yoldur. Bizim geniş mənada
anladığımız yol! İnsanın hər hansı bir
xəyalının və ya konkret məqsədinin ardınca
çıxdığı yol; düşüncələrində,
ürəyində axtardığı yol... Bütün
bunların nüvəsində isə bir uğur gözləntisi
durur ki, onun da qismət olarsa, sonu zirvədə
yekunlaşır. O zirvəyə aparan yeganə vasitə yenə
də yoldur.
...Mənim yolum
dağlar aşıb,
Zirvələrə
çatacaqdır.
Bir ora bax,
Zirvəsində
yol var dağın.
Dağ nə qədər
uca olsa,
Yol üstündən
aşar dağın!
Yol ucadır zirvədən
də...
Yunus Əmrənin
"dağlar nə qədər yüksək olursa olsun, yol
onun üstündən keçir" sətirlərinə əsaslanan
bu şeirində şair öz üslubu ilə yolla
dağı - ümumən ucalıq arzusu ilə baş
alıb gedən bir həyat yolunun o ucalığı əldə
etməsində yenə yola, cığıra möhtac
olmasını - elə bir nöqtədə
qarşılaşıdırır ki, B.Vahabzadə
yaradıcılığının zirvəsi elə budur. Yəni
göstərilir ki, əslində dağın zirvəsini-ucalığı
fəth etməyin açarı da yoldur. Bu
qarşılaşmada isə bir gizli məqam da odur ki, yol o
zirvəliyə yaxınlaşdıqca və
yaxınlaşdırdıqca onun mahiyyətini kiçildir,
adiləşdirir...
B.Vahabzadə tükənməyən fəlsəfi düşüncələrində
düşüncənin özünü də unutmayıb.
Düşüncənin tərifini verməyə cəhd edib
ki, burada da təktərəfli izahın
mümkünsüzlüyü ifadə edilir.
Düşüncə
- söz
Söz - fikrimin,
düşüncəmin
Qəlibidir, öz
şəklidir.
Düşüncələr
- havadakı quşa bənzər.
Sözlər -
quşa atdığımız daşa bənzər.
Dəyə bilsə,
səninkidir,
Dəymədisə
-
Daşdan küsmə,
özündən küs.
O incidən əlini
üz.
Ürəkdədir
o qönçələr...
Hansı gözə
görünübdür düşüncələr?
Düşüncələr
göylərdə ənginlənən bir quşa bənzədilir.
Sabit deyil, daim hərəkətdədir, "göylərdə"dir.
Söz onun varlığını reallaşdıra bilən
mühüm vasitədir.
B.Vahabzadə məhz düşüncənin gücünə
söykənən tərəflərdən biri kimi nüfuzun,
sözükeçərliyin fəlsəfəsinə də
baş vurmuşdur. Konfusinin "Hökmdar küləyə,
xalq ota bənzər. Külək haradan əssə, ot
başını o tərəfə əyər" kəlamını
əsas götürərək Külək - ot şeirində
hökmlə sevginin ziddiyyətini göstərə
bilmişdir.
"Hakim - dəli
bir küləyə,
Xalqsa - onun
qabağında
Tir-tir əsən
ota bənzər.
Hansı yandan
külək əssə,
O tərəfə
ot baş əyər".
Bu həyatın
bir qanunauyğunluğu var və o bütün hadisələrdə
eynu prinsiplə cərəyan edir. Hökm, məcburiyyət
sevgidən kənar olduğu üçün heç kimi və
heç nəyi özünə çəkə, bağlaya
bilməz. Zahirən bir rol oynamış kimi görünsə
də, daxilən özündən uzaqlaşdırar.
...Zalım külək,
Unutma ki, ...
Sağa deyil, sol tərəfə
əyilir ot,
Bu tərəfə
əyilmənin sirri nədir?
Bu, hörmətə
əyilmə yox,
Bu, yalana dal
çevirmə,
Həqiqətə
əyilmədir!
Külək hökmranlığın,
ot isə zəif bir yaradılmış olaraq onun
hökmünün qarşısında acizdirsə, bu
qarşılaşdırmada otun mədəni üsyanı
caiz, küləyin öz hökmündə acizliyi isə
aşkardır. Yerə dayanmış ot dayanıqsız
küləyə tərəf arxasını çevirərək
ondan uzaq durduğunu nümayiş etdirir.
B.Vahabzadənin yaradıcılığında bir xətt kimi keçən
bu tipli qeyri-ənənəvi qarşılaşdırmalar,
paradoks yaradan tərəflər olmaqla yanaşı, təzadlar
üstündə qurulan həyati təhlillər də bir
sıra şeirlərinin sərlövhəsinə
çevrilmişdir: "Tapmaq-itirmək", "Ləzzəti-ağrısı",
"Xeyir-şər", "Tamah-ləyaqət",
"Qanmaq-qanmamaq", "Nağıl-həyat" və s.
Tapmaq - itirmək
Bir eniş var
sonunda
Hər dikin, hər
yoxuşun.
...Həvəsimiz,
meylimiz
Gah suyadır, gah
oda.
Tapdığımız
qədər də
İtiririk
dünyada.
Eniş-itirmək
// yoxuş (dik)-tapmaq ifadələri bütün deyilməyən
reallıqların simvolik
qarşılaşdırılmasıdır. Su//od isə
bütün hisslərimizin iradəsinin ifadəsidir.
İztirabsız
bir fərəh,
Əziyyətsiz bəhər
yox.
Həyatın qiymətini
Ölümlərə
borcluyuq.
Mütləq ziddiyyətlərin
birinin vasitəsilə digərinin həyatiliyini
anlamağın ən ümdə nümunəsi isə
ölüm/həyatdır. Bu tərs mütənasiblikdə
diqqəti çəkən bir şey də vardır: pisi
görmədən yaxşının qədrini bilmək olmaz.
B.Vahabzadə bu paralelliklə
apardığı müqayisələrdə riyazi olaraq tənasüblüyün
eyni xətt üzrə nizamını yaratmışdır.
B.Vahabzadə digər bir şeirində də bu düşüncələrdən
çıxış edərək hər fədakarlığın
nəticəsində bir xeyirxahlığın və hər ləzzətin
arxasında bir əziyyətin, əməyin durduğunu
göstərir. Bu,
ən xoş duyğularda belə, keçərlidir.
B.Vahabzadənin
bitməyən müqayisələrinin - analoji proseslər,
biri digərini tamamlayan hadisələr və ya konkret olaraq
biri digərinin inkarı olan ziddiyyətlərin hədəfi
vahid olsa da, idraki nəticəsi bir neçə məsələni
açıqlayır: bu həyatda heç nə itmir və
heç nə boşdan yaranmır - hər bir son bir
başlanğıcdır, əndazə gözəlliyin
sirridir və s.
Nahidə
Həsənova
Ədəbiyyat qəzeti.-2020.-19
iyun.-S.12