Ədəbiyyatımızın
romantizm mərhələsi: təşəkkülündən
sonuna kimi
Azərbaycan ədəbiyyatının
hazırkı durumu bir tərəfdən keçid
dövrünün ictimai-sosial, mədəni şəraiti ilə,
digər tərəfdən ədəbi proses və paralel
olaraq, ədəbiyyatşünaslıq elminin daxili dəyişmələri
ilə şərtlənir. Yeni ictimai-mədəni formasiyalarla
xarakterizə olunan əsrimizdə ədəbiyyat
anlayışı da, ədəbiyyatşünaslıq da əvvəlkindən
fərqli dəyərləndirmələrlə şərhetməyə
açıqdır. Bunu ədəbiyyatşünaslığımızda
bütün sahələrə olduğu kimi, romantizmin tədqiqinə
də şamil etmək mümkündür.
Çağdaş
Azərbaycan ədəbiyyatşünaslığında
romantizmə maraq artdığı üçün bu istiqamətdə
tədqiqatlar səngimir. Problemlərin qoyuluşu və həlli
isə heç də hər zaman ürəkaçanlığı
ilə seçilmir, bəzən əsası sovet
dövründə qoyulmuş metodoloji yanlışlıqlar
eynilə təkrarlanır. Bununla belə, milli romantizm hadisəsinin
obyektiv tədqiqinə yönlənmiş azsaylı əsərlər
də var. Bu baxımdan filologiya elmləri doktoru, professor
Timuçin Əfəndiyevin "Romantizm: təşəkkülü,
problemləri, şəxsiyyətləri" monoqrafiyası
(2020) yeniliyi, müasirliyi, problemə dövrün tələblərindən
çıxış edərək yanaşması
baxımından seçilir.
Ötən əsrin
60-cı illərindən etibarən sistemli öyrənilməsinə
başlanılan Azərbaycan romantizmi haqqında yazılan istər
məqalə, istərsə monoqrafiyalar məsələyə
nəzəri-estetik yanaşma baxımından özündən
sonrakı tədqiqat işləri üçün
bünövrə ola bilsə də, ideoloji basqının zərərli
təsirindən yan keçə bilmədiyindən həmin əsərlərdə
cərəyanın öyrənilməsində vacib hesab olunan
prinsiplər gözardı edilirdi. Buna görə də
romantizm və romantiklərin yaradıcılığı haqqında
o illərdə ərsəyə gələn əsərlər
əsasən ciddi metodoloji qüsurlarla birgə meydana
çıxırdı. Timuçin Əfəndiyev
monoqrafiyanın "Giriş" hissəsində qeyd edir ki,
1985-ci ildə "Hüseyn Cavidin ideyalar aləmi" əsərini
yazarkən "ədəbiyyatşünaslığın
romantizm hadisəsini hələ bütün tamlığı
ilə üzə çıxarmaq potensialı" yox idi.
Əlbəttə, bunun səbəbi mövcud rejim və
ideoloji basqının ədəbiyyatımızda
yaratdığı boşluqlar idi. Zamanla Azərbaycan ədəbiyyatşünaslığı
vulqar sosioloji ideologiyanın təsirindən
sıyrılmağa çalışsa da, romantizmə
münasibətdə vahid metodloji prinsip mövcud deyildi.
Timuçin Əfəndiyev
özündən öncəki tədqiqatçıların əsərlərini
(xüsusilə, Mir Cəlalın "Azərbaycanda ədəbi
məktəblər (1905-1907)", Məmməd Cəfərin
"Azərbaycan ədəbiyyatında romantizm", Vəli
Osmanlının "Azərbaycan romantizmi"
monoqrafiyalarını), bu sahədə zəhməti
keçmiş ədəbiyyatşünasları qədirbilənliklə
xatırlayaraq, elmin fasiləsiz araşdırmanı sevdiyini və
bu mənada romantizm məsələlərinə yenidən
qayıtmağın labüdlüyünü qeyd edir. Həqiqətən
də, zaman irəlilədikcə onun ədəbiyyata da, ədəbiyyatşünaslıq
elminə də tələbləri dəyişir, qiymətlədirmə
meyarı müasir yanaşma tələb edir.
Dünya
sivilizasiyasının qırılma və dönüş
nöqtəsində meydana gələn romantizmin tarixi bəşəriyyətin
mənəvi həyatında bütöv bir epoxanı əhatə
edir. Maarifçilik ideologiyasına qarşı çıxan
romantizm yalnız bir ədəbi cərəyan deyil,
bütövlükdə baxışlar sistemi və
dünyagörüş olaraq meydana gəlmişdir.
Timuçin Əfəndiyevin "Romantizm: təşəkkülü,
problemləri, şəxsiyyətləri" monoqrafiyasının
I fəsli romantizmin məram və mahiyyətini
aydınlaşdırmaqla başlayıb, manifestini,
estetikası və fəlsəfi əsaslarını, sənət
və insan konsepsiyalarını, əsas xüsusiyyətlərini
şərh etməklə davam edir. İnsanın absolyut dəyərlər
və ideallar olaraq, azadlıq, həqiqət və gözəlliyə
əbədi canatımı romantiklərin şəxsiyyət
konsepsiyasında geniş əksini tapırdı. Romantizmdə
insan konsepsiyasından bəhs edərkən monoqrafiya müəllifi
qənaətlərini, xüsusən, Y.V.Höte,
C.Bayron, V.Hüqo və H.Cavidin romantik
yaradıcılığına əsasən şərh edir və
fikirlərini belə bir qənaətlə
yekunlaşdırır: "Düşünürəm ki, Azərbaycan
romantiklərinin dünya romantizminə verdiyi töhfələr
içərisində məhz H.Cavidin insan konsepsiyası
mühüm yer tutur. Onun bu konsepsiyası yalnız Azərbaycan
ədəbi fikrini deyil, dünya ədəbiyyatını da zənginləşdirir."
(s.66) Monoqrafiyanın I fəsli romantizmi nəzəri aspektdən
tamamilə izah və şərh edərək, növbəti fəsillər
üçün zəmin yarada bilir.
Əsərdə
dünya romantizmi ilə bağlı fəsil ədəbiyyatşünaslığımızda
mövzu ilə bağlı bu zamanaqədərki ən əhatəli
tədqiqat hesab oluna bilər. Belə ki, II fəsildə
dünya ədəbiyyatında romantizmin xüsusiyyətlərindən
bəhs edilərkən onun ümumi, ayrı-ayrı ədəbiyyatlardakı
təzahüründən danışılarkən isə fərdi
xüsusiyyətləri qabardılır. Burada alman, ingilis,
fransız, polyak, italiyan, rus, amerikan və türk romantizminə
ayrıca yarımfəsillər həsr olunaraq, onların
dünya romantizmi ilə ortaq, həmçinin, fərdi milli cəhətləri
şərh edilir. Hər bir ölkədə romantizmin
formalaşdığı mədəni-ictimai şəraitə,
yeri gəldikcə iqtisadi, siyasi vəziyyətə diqqət
çəkilir. Məsələn, Türkiyə romantizmindən
bəhs edilərkən onun müəyyən qədər
fransız romantizminin təsiri ilə və Tənzimat
dövründə meydana gəldiyini vurğulayaraq, "Tənzimat"
anlayışına və bu dövrün yaranmasına
aydınlıq gətirilir. Bəlli olduğu kimi, Tənzimat ədəbiyyatı
iki dövrə ayrılır. Monoqrafiya müəllifi birinci
dövrü təmsil edən İ.Şinasi,
N.Kamal, Z.Paşa və ikinci dövrün təmsilçiləri
Ə.Hamid Tarxan, M.Əkrəm Rəcaizadə və S.Səzainin
yaradıcılığındakı özəllikləri
şərh edərək, ikinci nəsil mənsublarının
ədəbiyyatda, xüsusən poeziyada yenilikləri tətbiq
etmək nöqteyi-nəzərindən romantizmin ifadəsində
daha irəli getdiyini vurğulayır. Əlavə suallara yer
qoymadan hər bir ölkənin ədəbiyyat tarixində
romantizmin bir cərəyan olaraq təşəkkülünü
və formalaşmasının yekun olaraq hansı dövrdə
yarandığını konkretləşdirir. Məsələn,
Yaxın və Orta Şərq ölkələri arasında
Türkiyədə nisbətən daha yüksək səviyyədə
təmsil olunan romantizmin XIX əsrin ikinci yarısında bu
ölkədə bir ədəbi cərəyan kimi tam hüquq
qazanaraq üstün mövqe tutduğunu yazır.
Müxtəlif
xalqların ədəbiyyatında romantizmin təşəkkülü
milli ədəbiyyatın, o cümlədən, romantizmin
spesifik xüsusiyyətlərini özündə ehtiva etməklə
fərdilik kəsb etmiş olur. Buna görə də Azərbaycan
romantizmi tədqiq edilərkən ədəbi cərəyanın
ümumi estetik prinsipləri ilə yanaşı, milli
romantizmin tipoloji keyfiyyətləri də nəzərə
alınmalıdır. "Romantizm: təşəkkülü,
problemləri, şəxsiyyətləri" monoqrafiyasında
Azərbaycan romantizminin təşəkkülü, inkişaf
yolu və sonlanması ardıcıllıqla və elmi prinsiplər
əsas götürülərək tədqiq edilir, bu vaxta
kimi qaranlıq qalmış müəyyən məqamlara
aydınlıq gətirilir. T.Əfəndiyev
belə bir qənaətdədir ki, romantizm ədəbiyyatşünaslıq
elmimizdə yerinə düzgün oturdulmayan yeganə cərəyandır.
Azərbaycan romantizminin təşəkkülündən bəhs
edərkən onun nəzəri və praktik cəhətdən
hələ də bütün yönlərilə
araşdırılmadığını qeyd edən müəllif
haqlı olaraq, ortaya xeyli sual çıxarır.
Azərbaycan
romantizminin araşdırılmasında yol verilən
yanlışlıqları qruplaşdıran T.Əfəndiyev
onun yaranma tarixinin düzgün müəyyənləşdirilmədiyini,
yanlış olaraq siyasi proseslərlə əlaqələndirildiyini,
vahid məzmunlu cərəyan kimi götürülmədiyini
və hüdudlarının məqsədli şəkildə
1905-1917-ci illər arasına
sıxışdırıldığını xüsusi
vurğulayır. Otuz ilə yaxın müstəqillik tariximizə
baxmayaraq, milli ədəbiyyatşünaslığımızın
uzun illər sovet ideologiyasının basqısı altında
olduğunu nəzərə alsaq, bu sahədəki bəzi
boşluqların hələ də qalması təbii
sayıla bilər. Çünki ədəbi-nəzəri
düşüncəyə hakim kəsilmiş hətta
yanlış fikirlərdən belə, rahatlıqla əl
götürmək, müasirliyin tələb etdiyi yeni
baxış bucağından dəyərləndirmələr
aparmaq uzunmüddətli, dinamik zəhmət tələb edən
işdir. Bu baxımdan monoqrafiyada, ilk növbədə, ədəbiyyatımızda
romantizmin yaranması məsələsinə nəzər
yetirilir. Timuçin Əfəndiyev Azərbaycan romantizminin
yaranmasını XX əsrin əvvəllərinə aid edən
akademik M.Cəfərov, V.Osmanlı,
Y.Qarayevin və türkiyəli tədqiqatçı Əli
Erolun bu barədəki mövqelərini sovet dövrü ilə
əlaqələndirir və bu yanlışlığın
sonrakı tədqiqatlarda kor-koranə davam etdirildiyini təəssüflə
qeyd edir.
Vəli
Osmanlının romantizmin başlanğıcı ilə
bağlı uyğunsuzluğu ilk hiss edənlərdən
olduğunu, daha sonra professor Bədirxan Əhmədlinin məsələdəki
yanlışlığa diqqət çəkdiyini
vurğulayan monoqrafiya müəllifi problemin həllində
konkret mövqe nümayiş etdirilmədiyini yazır. Professor
XIX əsr boyunca Qərbi Avropa və Rusiyada çiçəklənmə
dövrünü yaşayan romantizmin Azərbaycan ədəbiyyatında
heç olmasa, hər hansı təzahürünün
mümkünsüzlüyünü qəbul etmir, qonşu
ölkələr ədəbiyyatlarında baş verən bu
prosesin bizim ədəbiyyatımızda əksini
tapmamasını şübhə ilə qarşılayır və
bütün bunların milli romantizmin mərhələlərinə
də yenidən baxılmasını zəruri şərtə
çevirdiyini qeyd edir.
Beləliklə,
Timuçin Əfəndiyev haqlı olaraq, Azərbaycan
romantizmini birmənalı şəkildə XX əsr hadisəsi
kimi qəbul etmir və hər hansı bir konkret tarixlə
bağlamağın yanlış olduğunu, burada romantizmin
inkişaf yolu ilə yanaşı, romantizmöncəsi prosesin
nəzərə alınmalı olduğunu bildirir. "Bu
baxımdan romantizmin təzahürlərindən olan
sentimentallıq bu dövrün ədəbiyyatında da bu və
ya digər şəkildə öz əksini
tapmışdır" qənaəti ilə İsmayıl bəy
Qutqaşınlının "həm məzmunu, üslubu, həm
də forması baxımından romantik əsər" olan
"Rəşid bəy və Səadət xanım" hekayəsini
sırf romantik əsər, romantizm nümunəsi olaraq
götürərək, Azərbaycan ədəbiyyatında bu
cərəyanın təzahürlərinin hələ XIX əsrdə
mövcudluğuna diqqət çəkir. Romantik ədəbiyyatın
ilk təzahürlərini bədii nəsrimizdə
axtarmağın daha doğru olduğunu qeyd edərək, A.Bakıxanovun "Kitabi-Əsgəriyyə"
hekayəsini də dil və üslub, süjet və
obrazların dünyagörüşü baxımından
romantik əsər olaraq təhlilə cəlb edir. Hər iki
hekayəni müşayiət edən lirizm, sentimentallıq və
yuxarıda qeyd olunan cəhətlərinə görə
romantik əsər adlandıraraq, milli romantizmin
başlanğıcını XIX əsrə aid etməklə
Timuçin Əfəndiyev bu xüsusda yeni və vacib məsələlərə
diqqət çəkmiş olur.
Azərbaycan
romantizminin milli hərəkat dövründən bəhs edərkən
müəllif N.Nərimanovun
"Bahadır və Sona", Z.Marağayinin "İbrahim bəyin
səyahətnaməsi" romanlarına istinad edir. T.Əfəndiyev N.Nərimanovu "Azərbaycan
romantizminin yaranmasına qədərki mərhələdə
yazan, ancaq sona qədər bu cərəyanın nümayəndəsi
olmayanlar" sırasına - milli "romantiklərin
üçüncü qrupu"na aid edir. Müəllif hər
iki romanı romantik əsər kimi qiymətləndirir, indiyədək
onların romantik nəsr nümunəsi kimi təhlilə cəlb
edilməməsinin səbəblərinə aydınlıq gətirsə
də, bu məsələləri daha geniş şəkildə
araşdırmağı çağdaş ədəbiyyatşünaslığın
vəzifələrindən biri kimi gələcək tədqiqatçılara
həvalə edir. Baxmayaraq ki, monoqrafiyada xeyli problemlərə
yenidən və yenilənmiş münasibət var, bu və
digər məsələlərdə ortaya çıxan bəzi
suallar gələcək elmi polemika və geniş müzakirələr
üçün meydan açır.
Monoqrafiyada milli
romantizmin poetikasından, konsepsiyasından ətraflı bəhs
edilərək, romantizmin nəzəri və estetik prinsiplərinin
XX əsrin əvvəllərindən formalaşmağa
başladığı, bununla belə, yuxarıda adı
çəkilən əsərlərin timsalında romantik ədəbiyyat
nümunələrinin daha əvvəldən yaranaraq, romantizm
üçün zəmin yaratdığı barədə
yekun qənaətə gəlinir.
Azərbaycan
romantiklərinin estetik platformasında xalqın maariflənməsi,
millət olaraq formalaşması, bugünkü və gələcək
taleyi əhəmiyyətli yer tuturdu. Milli romantizmin
poetikasından bəhs edərkən Timuçin Əfəndiyev
Azərbaycan romantiklərinin yaradıcılığında
türkçülük, turançılıq,
islamçılıq, milli istiqlal və hürriyyət
ideyaları, vətən, millət mövzuları üzərində
də kifayət qədər geniş dayanır və
onların bu mövzularda daha çox yazmasının
romantizmin ən zəngin dövrünün milli hərəkat
dövrü ilə üst-üstə düşməsi ilə
bağlı olduğunu qeyd edir: "Romantiklərin
bütün arzuları vətənin, xalqın, millətin səadəti
və onu azad görməkdir. Bu arzuların Azərbaycan
cümhuriyyəti ilə gerçəkləşməsi, əslində,
romantiklərin istəklərinin gerçəkləşməsi
kimi mənalanır." (s.281)
Romantizm cərəyanının
bütöv şəkildə nəzərdən keçirilməsi
onun dünyanın dərki və həqiqətə canatmada
müxtəlif yanaşma və tədqiqat metodlarından
istifadə etdiyi barədə düşüncəyə əsaslanmağımıza
imkan verir. Buna görə də romantiklərin irsinin dəyərləndirilməsi
zamanı onların yaradıcı
dünyagörüşündəki ziddiyyətləri
qanunauyğunluq kimi qəbul etmək labüddür. Nəzərə
alsaq ki, tarixi gerçəkləri analiz edərkən romantiklər
də əksərən realist mövqedən
çıxış etmişlər, deməli, onların
dünya görüşünü "rassional və irrassional",
"materialist və idealist" şəklində
qarşılaşdırmaq məqsədəuyğun deyil.
Romantiklərin dünyagörüşünə akademik fəlsəfə
deyil, bütünlükdə etik və estetik, elmi və bədii,
həmçinin, ictimai baxışlarına fəlsəfi, ədəbi-poetik
təfəkkür tərzi küll halında hakim olduğundan
onların yaradıcılığını vahid
konseptuallıq çərçivəsindən daha çox
fikir plüralizminə əsaslanaraq şərh etmək gərəkdir.
Təsadüfi deyil ki, T.Əfəndiyev Məhəmməd
Hadinin yaradıcılığından bəhs edərkən
onun "dünyagörüşündəki ziddiyyətlərin
mühüm yer tutmasına baxmayaraq, poeziyanın fəlsəfi
yönünün inkişafında böyük xidmətləri"
olduğunu vurğulayır.
Azərbaycan
romantizminin bütün fəsillərdə dünya
romantizminin bir parçası olaraq götürülməsi və
bu kontekstdə dəyərləndirilməsi monoqrafiyanın
üstün cəhətlərindən biridir: hər bir
romantikdən bəhs edilərkən onun milli və dünya
romantizmindəki yeri bircə cümlə ilə olsa belə,
öz yekun dəyərini alır. Məhəmməd Hadidən
söhbət açdığı zaman müəllif
vurğulayır ki, Qərb romantiklərinin daha çox məhəbbət
mövzusuna kökləndiyi halda, o, daha çox ictimai mətləblərə
nüfuz etmişdir: "M.Hadi romantizminin
dörd ayağının; azadlıq, hürriyyət, vətən
və millət platforması dünya romantiklərinin heç
birində bu şəkildə davamlı və sistemli tərənnüm
olunmayıb. Dünya romantiklərinin hər birinin
yaradıcılığında bu faktorlardan biri, yaxud ikisinin
olması halları olduğuna baxmayaraq, dördlü formul bu
şəkildə öz ifadəsini tapmayıb." (s.304)
Monoqrafiyada Əli
bəy Hüseynzadədən milli romantizm manifestinin
yaradılması və estetik qaynaqlarının
formalaşmasındakı fəaliyyəti xüsusi qeyd
olunmalı müəllif olaraq bəhs edilir.
"Qırmızı qaranlıqlar içində
yaşıl işıqlar" məqaləsindən də
göründüyü kimi, Ə.Hüseynzadə
dünya ədəbi prosesindəki ədəbi cərəyan
və istiqamətlərə yaxşı bələd olmuş
və milli ədəbiyyatımızı bu istiqamətdə
inkişaf etdirmək üçün
çalışmışdır. Professor Timuçin Əfəndiyev
Ə.Hüseynzadə haqqında Ofelya
Bayramlı, Vəli Osmanlı və Azər Turanın tədqiqatlarına
diqqət çəkərək təqdir edir. Lakin ədibin
romantik nümunələrinin bu vaxtadək geniş araşdırılmadığını
nəzərə alaraq, məhz onların üzərində
dayanmağı məqsədəuyğun hesab edir. Təhlilin
gedişatında müəllif Əli bəy Hüseynzadənin
öz bədii yaradıcılığı ilə "poetik
turançılığın bünövrəsini"
qoyduğunu vurğulayır, "Hali-vətən",
"Heyrət, yaxud bir mələyin insanlara xitabı"
şeirlərini təhlil edir və sonda ədibin romantik
irsinin daha geniş və yenilənmiş münasibətlə
araşdırlmasının zəruriliyni önə çəkir.
Romantik
yaradıcılığa elə fəaliyyətinin ilk mərhələsindən
başlayan Hüseyn Cavidin irsində romantizm ədəbi məktəbi
bütün parametrlərilə təzahür edir. Monoqrafiyada
XX əsr Azərbaycan romantizminin ən böyük nümayəndəsinin
yaradıcılığından dünya romantizmini mövzu,
problematika, ideya, obraz baxımından zənginləşdirən
sənətkar olaraq söhbət açılır.
Timuçin Əfəndiyev Azərbaycan romantizminin mərhələlərindən
bəhs edərkən belə bir nəticəyə gəlir
ki, milli romantizm hadisəsi mövcud ədəbiyyatşünaslığın
qeyd etdiyi kimi, 1917-ci ildə sonlanmamış, 30-cu illərin
ortalarına qədər davam etmiş və H.Cavid
ən yaxşı romantik əsərlərini həm də bu
dövrdə yazmışdır.
Daha çox realizmə
meyil edən Abbas Səhhət haqqında
yaradıcılığındakı vətəndaşlıq
keyfiyyəti, xalq və vətən tərənnümü ilə
poeziyaya yeni bir istiqamət gətirmiş romantikərimizdən
biri kimi bəhs olunur. Sovet ədəbiyyatşünaslığında
bir çox əsərlərinin bilərəkdən realizm
mövqeyindən öyrənildiyi Abdulla Şaiq isə həm
poeziya, həm də nəsr sahəsində romantik əsərlər
yazan azsaylı sənətkarlardan biri kimi əsərlərinin
"ana xəttinə romantizm estetikasının prinsipləri
dayanan" müəllif olaraq adlandırılır.
"Romantizm ədəbi cərəyanının ən gənc
nümayəndəsi" olan Cəfər Cabbarlıdan
yaradıcılığının ilkin mərhələsində
həm poeziyası, həm də nəsr və
dramaturgiyasında romantik estetikanın tələblərinə
əməl edən, romantik düşüncənin 20-ci illərdən
sonrakı yaradıcılığında da bu və digər
şəkildə sonadək qorunub saxlanıldığı sənətkar
olaraq bəhs edilir.
Romantiklərə
görə, mövcud gerçəklik irrasional, əsassız,
insanın təbiətinə və şəxsi
azadlığına düşmən mövqeyində
göründüyü üçün azadlıq məsələsi
romantizm mədəniyyətində mərkəzi xətt hesab
edilə bilər. Onların yaradıcılığında
Orta əsrlərə, xalq mədəniyyətinə
bağlılıq, dinə, təbiət və incəsənətə,
metafizik və transendent olana maraq gerçəklikdən
qaçış, azadlığa canatma aktı ilə şərtlənirdi.
Maarifçi düşüncədən fərqli olaraq, onlar fərdin
subyektiv azadlığını, müstəqil iradəsini,
şəxsi dəyərləri ümumiləşmiş
ideyalara; insanın mənəvi aləmini maddi təcrübəyə
qarşı qoyurdular. Buna görə də romantiklər
üçün insanın iç dünyası, hiss və
düşüncələr aləmi daha çox təsvirə
gəlirdi.
Buna baxmayaraq,
romantiklər dünyagörüşləri etibarilə siyasətdən
tamamilə uzaq ola bilməzlər, çünki sənətkarın
azad fikir ifadəsi siyasi azadlığın tərkib hissəsidir.
Təsadüfi deyil ki, milli azadlıq hərəkatının
baş verdiyi ölkələrdə romantizm "inqilabi ifadə"
qazanırdı. Siyasi azadlığın mövcud
olmadığı yerdə söz azadlığından
danışmaq mənasızdır. Bu baxımdan yalnız
müəllifinin yaradıcılığında deyil, Azərbaycan
romantizmi və bütövlükdə ədəbiyyatının
ən əhəmiyyətli əsərlərindən sayılan
"Həpsi rəngdir" şeirini Timuçin Əfəndiyev
"romantik poeziyamızda bir istiqamət"adlandırır.
Səməd Mənsurun "ədəbi taleyini həll edən
amillərdən olan" (N.Cəfərov)
"Həpsi rəngdir" şeiri ədəbiyyatımıza
siyasi proseslərin müdaxilə etdiyi bir zamanda meydana
çıxmış, mövcud ideologiya ilə üst-üstə
düşməyən poetik bəyanatları ilə
seçilmişdir.
Sözü
gedən monoqrafiyanı oxuyarkən bir çox məsələlərlə
bağlı sual yaranır: sovet ədəbi düşüncəsini
ən çox narahat edən nə idi ki, Azərbaycan
romantizminin öyrənilməsində belə böyük
boşluqlar yarandı? Niyə hər şeydən çox məhz
romantizmin araşdırılmasında təhrif və
çatışmazlıqlar üstünlük təşkil
edir? Timuçin Əfəndiyev monoqrafiyada romantizmlə
bağlı müxtəlif məsələləri şərh
edərkən dolayısı ilə bu suala da cavab vermiş
olur. "Romantizm: təşəkkülü, problemləri,
şəxsiyyətləri" monoqrafiyasını oxuyub belə
qənaətə gəlmək mümkündür ki, dünya
romantizmində olduğu kimi, milli romantizmin də əsasını
fəlsəfi fikir təşkil etdiyindən; "Azərbaycan
romantiklərinin düşüncəsində maddi əlaqələr,
daxili səbəblərdən daha çox hadisələrin
xaricində təsəvvür edilən səbəblər"
nəzərdə tutulduğundan bu, dini idealizmə gətirib
çıxarırdı. Sovet ədəbiyyatşünaslığı
bunu bəzi romantiklərin ədəbiyyatı həyatdan
ayırmaq cəhdi kimi qəbul edir və "mürtəce"
damğasıyla qaralayırdılar. Bu sahədəki
boşluqlar məhz belə bir qeyri-obyektiv yanaşmanın
doğurduğu yanlış istiqamətli araşdırmalar,
metodiki yanlışlıqlar nəticəsində meydana gəlirdi.
Timuçin Əfəndiyev gələcəkdə ali təhsil
müəssisələrində romantizmlə bağlı ayrıca
fənnin tədris olunması ilə bağlı təkliflə
çıxış edərək vurğulayır ki, belə
olduğu təqdirdə romantizmin bütün yönləri ilə
öyrədilməsi mümkün olar. Fikrimizcə, bu
nöqteyi-nəzərdən müəllifin "Romantizm: təşəkkülü,
problemləri, şəxsiyyətləri" monoqrafiyası Azərbaycan
romantizminin hərtərəfli öyrənilməsi sahəsində
atılmış daha bir sanballı addımdır.
Məmməd
Əliyev
Ədəbiyyat qəzeti.-2020.-19
iyun.-S.14;15