VARİSLƏR
Solmaz
İBRAHİMOVA: “Atam heç vaxt kimliyini unutmadı...”
"Varislər"in
bugünkü qonağı XX əsr Azərbaycan nəsrinin məşhur
siması, Xalq yazıçısı, ictimai xadim, akademik,
Sosialist əməyi qəhrəmanı, SSRİ Dövlət
mükafatı laureatı Mirzə İbrahimovun varisi,
tanınmış ədəbiyyat adamı, tərcüməçi,
"Literaturnıy Azerbaydjan" jurnalının baş
redaktoru Solmaz xanım İbrahimovadır.
1911-ci ildə Cənubi
Azərbaycanın Sərab şəhəri
yaxınlığında, Evə kəndində dünyaya
göz açmışdı. İranın bir tərəfində
hakim sinfə yaxın insanlar heç bir çətinlik bilmədən
sövq-səfa içində ömür sürür, başqa
tərəfində bir qarın çörək uğrunda
savaş gedirdi.
O, azad,
böyük və bütöv Azərbaycanda yaşamaq istəyirdi
və bu səadət ona bir də 71 ildən sonra nəsib
oldu. Mirzə İbrahimov 82 yaşında gözlərini əbədi
yumanda müstəqil Azərbaycan Respublikasının vətəndaşı
idi...
Xalq
yazıçısı Mirzə İbrahimovun varisi Solmaz
xanım İbrahimova ilə AYB-də görüşdük.
- O vaxt Təbriz
Şərqin ən böyük ticarət mərkəzlərindən
biri idi. Atası Əjdər kişi nəyə görə
ailəsi ilə Təbrizə, yaxud Tehrana yox, məhz
Bakıya köçmüşdü?
Səfalətdən
qurtulmaq üçün...
- O vaxt Cənubi Azərbaycandan
Bakıya xeyli ailə köçmək məcburiyyətində
qalmışdı. İranda kasıb əhalinin həyat şəraiti
olduqca ağır idi. Şəfaət Mehdiyevin, Mir Cəlalın
da ailəsi həmin dövrdə gəlib Bakıya. Bakı
neftinin səsi bütün dünyaya yayılmışdı
və burada heç olmasa adi fəhlə kimi iş tapmaq
olurdu. Məhz həmin illərdə Ərdəbildən, Sərabdan,
Urmiyədən, digər Cənubi Azərbaycan şəhərlərindən
Bakıya köçlər başlamışdı. Burada
insanlar bir qarın çörəkpulu qazanmaq müqabilində
ağır şəraitdə işləyirdilər. Bakı
elə ilk vaxtlardan onları böyük itkilərlə
sınağa çəkib, 3 yaşı olanda Sərabda
anasını, 7 yaşında Bakıda atasını itirib.
- Az sonra Azərbaycanda
sovet hakimiyyəti quruldu və o, XX əsr Azərbaycan ədəbiyyatının
simalarından birinə çevrildi. Sovet hakimiyyəti ona hər
şeyi vermişdi. Bir ədəbiyyat adamının öz
ölkəsində qazana biləcəyi nüfuz və hörmət
sahibiydi. Keçmişdəki ağır və çətin
günlərini xatırlayırdımı?
Heç vaxt
kimliyini unutmadı
- Atam heç vaxt
kimliyini unutmadı. Hansı vəzifədə olursa-olsun, nə
qədər hörmət və nüfuz
qazanırsa-qazansın, heç vaxt insanlar arasında
ayrı-seçkilik salmadı. Onun üçün hər
hansısa vəzifə adamı ilə adi bağban arasında
fərq yox idi. O, insanlarda dürstlük, səmimiyyət,
vicdan, səxavət kimi keyfiyyətlərə
üstünlük verirdi. Bağbanımızla dostluq edirdi,
ona qoşulub torpağı şumlayırdı,
ağacları budayırdı. Mənə elə gəlir ki,
indi elə adamlar çox azdır. Biri vəzifəyə gələn
kimi özündən vəzifəcə aşağı
insanlara yuxarıdan aşağı baxır. Mirzə
İbrahimov çox sadə adam idi. Gözəl ata idi, əvəzsiz
baba idi, unudulmaz dost idi.
- O, ədəbiyyata
şeirlə gəlmişdi. Səhv etmirəmsə,
"Qazılan buruq" adlı ilk şeiri 1930-cu ildə
"Aprel alovları" məcmuəsində dərc
olunmuşdu, amma, məncə, onun şeirlər kitabı
yoxdur. Bəlkə, onun şeirlərini bir kitaba
toplamağın vaxtı çatıb?
Ömrünün
son illərində yenə şeir yazmağa başladı
- Bəli, şeirlər
kitabı yoxdur. Qəribədir, gənclik illərində,
yaradıcılığa başladığı ilk vaxtlarda
şeir yazmışdı, bir də ömrünün son illərində
silsilə şeirlər yazdı və o şeirlər
"Ulduz" jurnalında, "Ədəbiyyat qəzeti"ndə
çap olundu. O ki qaldı şeirlərini bir kitaba
toplamağa, bu barədə qərar verməyə çətinlik
çəkirəm, çünki atam şeir kitabının
çap olunmasını istəsəydi buna özü qərar
verə bilərdi, məncə, belə bir şeyə ehtiyac duymayıb.
Anam Sara
xanımın vəfatı atama pis təsir etdi. Onun
ölümünə bir neçə ağrı, həsrət
dolu şeir yazmışdı və bacım, bəstəkar
Sevda İbrahimova onun "Apardı sellər Saranı"
adlı şeirinə lirik mahnı bəstələmişdi.
Mən indi də həmin mahnını tez-tez dinləyirəm.
- Yüksək
tirajla kitablarının çapı artıq gözəl
yaşamaq, maddi cəhətdən təmin olunmaq demək idi.
Üstəlik, vəzifə maaşları, deputat müavinətləri,
ali orden və medallara görə ödəmələr,
dövlət mükafatları və s. Bütün bunlar deyir
ki, Mirzə İbrahimov kasıb adam olmayıb. Müəyyən
qədər yaşlı yazıçılarımız var,
indi də Mirzə İbrahimovun ehtiyacı olan qələm
adamına maddi yardım göstərdiyini, gənc
yazarların evlə təmin olunmasına kömək etdiyini
söyləyir...
- Bilirsiniz, evdə
bu barədə qətiyyən danışmazdı, belə məlumatları
sizin kimi müəyyən adamlardan eşitmişəm. Amma dəqiq
bilirdim, Ali Sovetdən aldığı maaş xeyli yüksək
idi və həmin pulu qəpiyinə qədər uşaq evinə
köçürürdü. Bizi çox ciddi
böyüdürdü, təsəvvür edirsinizmi, gəlin
köçənə qədər qulaqlarım sırğa
görməyib, yalnız o ərəfədə
qulaqlarımı deşdirmişəm, çünki buna
ehtiyac duymurduq. Xüsusi olaraq seçilməyimizin, təmtəraqlı
həyat yaşamağımızın əleyhinə idi və
heç biz də buna həvəs göstərmirdik. Onun yerində
kim olsaydı, bəlkə də, başqa cür
yaşayardı. Tez-tez xarici səfərlərə gedirdi, ən
gözəl, bahalı paltarları geyməyə
imkanımız vardı, amma deyirdi ki, insanı geydiyi paltar
yox, ağlı və əxlaqı zəngin göstərir.
Bir dəfə Tailanddan mənə saat gətirmişdi, hələ
də saxlayıram. Evdə qoluma taxıb gəzirdim...
Qonşunu
köçürüb evini öz evinə birləşdirdi
- Solmaz xanım,
eşitdiyimə görə, o, Azərbaycan SSR Ali Sovetinin sədri
olanda tanınmış bir yazıçını evindən
köçürüb, onun evini də öz evinə, yəni
sizin böyüdüyünüz evə birləşdirib. Bu,
nə məsələ idi?
- Bəli, belə
bir şey olub, amma halallıqla, qarşılıqlı
razılıqla olub. Dediyiniz həmin o məşhur
yazıçı da ədəbiyyatşünas, şair
Mikayıl Rəfilidir. Bizdə də üç otaq idi,
onlarda da. Eyni quruluşlu mənzillər. Ömürlərinin
sonuna qədər aralarında səmimi dostluq münasibəti
olub. Atama çox yaxşı, bütün şəraiti olan
mənzil təklif etdilər, anam isə buna razı olmur, deyir
bura gəlin gəlmişəm, burdan da son mənzilimə gedəcəyəm.
Həmin ərəfədə Səməd Vurğuna indi
ev-muzeyi olan geniş mənzil verilir, bax həmin mənzil əvvəlcə
atama təklif olunub. Dediyim kimi, anam razılıq verməyib və
Səməd Vurğun həmin mənzilə
köçüb. Səməd əminin
boşaltdığı evə Rəfili köçüb və
beləcə, qarşılıqlı razılıq şəraitində
Rəfilinin evini atama veriblər. Yəni bu məsələdə
qətiyyən narazılıq olmayıb.
Dil məsələsi
onun ən həssas yeri idi
- Mirzə
İbrahimov Azərbaycan dilinin təəssübkeşi idi və
Azərbaycan SSR Konstitusiyasında dövlət dilimizin Azərbaycan
dili kimi qeyd olunması ilə bağlı maddənin əlavə
edilməsini israrla təklif və tələb etmişdi. O
vaxta qədər dövlətin ana yasasında dövlət
dili rus dili kimi göstərilirdi. Üstəlik, respublikada fəaliyyət
göstərən rus, erməni və gürcü məktəblərində
Azərbaycan dilinin tədris olunması ilə bağlı maddə
də məhz onun təşəbbüsü ilə ali qanuna
daxil edilmişdi. Onun 1956-cı ildə yazdığı
"Azərbaycan dili dövlət idarələrində"
adlı məqaləsi ölkədə geniş rezonans
doğurmuşdu... Sovet dövründə bu, böyük cəsarət
tələb edirdi.
- Əlbəttə,
cəsarət, həm də məsuliyyət tələb
edirdi. Təsəvvür edin ki, ölkə Stalinin qanlı
rejimindən yeni qurtulub, lakin bu dəfə də
Xruşşovun ruslaşdırma siyasəti baş alıb
gedir. Bütün idarələrdə ancaq rus dili işlənir
və təbii ki, nə atam, nə də onun kimi düşünən əksər
ziyalılarımız, elm xadimlərimiz, hətta milli əqidəsi
olan dövlət adamlarımız da bu məsələyə
biganə qala bilməzdilər. Atam Ali Sovetin sədri kimi maddənin
Konstitusiyaya daxil edilməsinə nail oldu və az sonra onu vəzifəsindən
kənarlaşdırdılar. Amma artıq məsələ həll
olunmuşdu və o, vəzifədən getməyinə təəssüf
etmirdi. Məncə, bunu o dövrdə həmin maddənin
qanuna əlavə edilməsinə nail olmuş adamların qələbəsi
hesab etmək olar. Dil məsələsi onun ən həssas
yeri idi...
Qorbaçovu birtərəfli
mövqeyinə görə ittiham etdi
- Mirzə
İbrahimov ömrünün son illərində yenidən qəhrəman
kimi gündəmə gəldi. 1988-ci ildə ermənilərin
Qarabağla bağlı iddiaları ortaya çıxanda o,
Moskvada, Qurultaylar sarayında SSRİ prezidenti M.Qorbaçovun
rəhbərliyi ilə keçirilən iclasların birində
söz alaraq tribunaya çıxdı və ermənilərin
cəfəng iddialarını avatüra adlandırdı, onları
Allah tərəfindən ağlı alınmış toplum
kimi təqdim etdi və SSRİ rəhbərliyini azərbaycanlılara
qarşı qərəzli mövqe tutmaqda
günahlandırdı. Sovet hökuməti ona hər şey
vermişdi, qorxmurdu ki, ömrünün ahıl
çağında bu hökumət ona verdiyi hər şeyi əlindən
alar?
- Məncə,
bundan ehtiyat edən, yaxud qorxan adam çıxıb o tribunada
belə çıxış etməzdi. O, vətənpərvər
adam idi, bu öz yerində, həm də humanist adam idi, əzilən,
əzab çəkən insanların qayğısına
qalırdı, insan haqlarını müdafiə edirdi. Hər
zaman haqqın tərəfində dayanırdı və əgər
ermənilərin zərrə qədər haqlı olduğunu
güman etsəydi, bəlkə də ya elə
çıxış etməz, ya da başqa notlarda
danışardı. Amma o, ermənilərn Qarabağda məskunlaşmasının
tarixini yaxşı bilirdi. Bilirdi ki, Qarabağda ermənilərə
kifayət qədər güzəştlər edilib, onların
sosial, mədəni, dini problemləri, təhsil məsələləri
dövlət səviyyəsində həll olunub və bundan
artığını istəmək, özünün dediyi
kimi, həyasızlıqdan başqa bir şey deyil. Atam
tribunadan başda o zalda olan ermənilərə və onlara
havadarlıq edən SSRİ rəhbərliyinə haqsız
olduqlarını çatdırmaq istəyirdi və bu
çıxış Qorbaçovu silkələmişdi, onun
çıxışı ilə bağlı Azərbaycanın
o vaxtkı rəhbəri Vəzirova şikayət
etmişdi.
- Mirzə
İbrahimovun xalq, dil, vətən sevgisi haqqında
danışdıq, bəs evdə necə idi? Uşaq evinə
yardım edirdi, ehtiyacı olan qələm adamlarına əl
tuturdu, bu öz yerində, bəs sizə, yəni ailəsinə
nə verə bildi? Bəs nəyi vermədi?
Onunla qürur
duyuram
- Mən hər
zaman onun həyat tərzi, rəftarı, davranışı,
tərbiyəsi haqqında özümə hesabat verirəm və
həmişə də eyni qənaətə gəlirəm: o,
çox gözəl həyat yoldaşı idi, əvəzolunmaz
ata idi, sevimli baba idi. Bilirsiniz də qonşularımız
çox tanınmış elm, mədəniyyət, incəsənət
xadimləri idi: Bülbül, Ordubadi, Mirqasımov, Sabsay,
Süleyman Rüstəm, Ağasadıq Gəraybəyli... Bir
qonşu kimi də hamı onun xətrini istəyir, hörmətini
saxlayırdı. Yəni o qədər müsbət keyfiyyətləri
vardı ki, atam olduğuna görə onunla qürur duyuram.
Yazıçı, tanınmış adam olmasaydı belə,
atam olması mənə bəs edərdi.
- Solmaz xanım,
ailədə üç uşaq olmusunuz: Sevda xanım,
Aydın müəllim və siz. Amma mən bilən, onun bir
qızı da olub axı...
Nikahdan kənar
qız
- Hə, anama qədər
yaşadığı qadın olub həyatında... Rusiyada
oxuduğu vaxtlar baş verib bu məsələ. Amma atam o
qızı heç vaxt sahibsiz saxlamadı. Biz onu bacı kimi
qəbul etmişdik. O qız - Zamira İbrahimova
gördüyünüz kimi, atamın soyadını
daşıdı və atam hər zaman ona qayğı göstərdi.
O qız uzun müddət "Ədəbiyyat və incəsənət"
qəzetinin Moskvadakı xüsusi müxbiri olmuşdu. Sonra
"Oqonyok" jurnalının əməkdaşı oldu.
Artıq səksəndən çox yaşı var, Novosibirskdə
yaşayır. İndi də əlaqəmiz var, zəngləşirik.
- Bəs onun
akademik olması nə məsələ idi? Yəni
yazıçı, Ali Sovetin sədri, filan qədər adlar,
titullar azlıq edir ki, üstəlik, akademik də olur? Məncə,
bu, quruluşun öz sadiq adamına hər şeyi vermək səxavətinin
göstəricisidir.
- Məncə, siz
bu sualın cavabını özünüz də yaxşı
bilirsiniz. Çünki atam haqqında çox şeyi
bildiyinizi hiss edirəm. Yəqin, onu da bilirsiniz ki, atam
1935-1937-ci illərdə SSRİ Elmlər Akademiyasının
Leninqraddakı Şərqşünaslıq İnstitutunun
aspiranturasında təhsil alıb, Cəlil Məmmədquluzadənin
həyatı və fəaliyyəti haqqında
"Böyük demokrat" adlı kitab yazıb və həmin
kitab sonradan namizədlik dissertasiyası kimi qəbul edilib. Daha
sonra elmlər doktoru adı alıb və 1945-ci ildə, 34
yaşında Azərbaycan Elmlər Akademiyası təsis ediləndə
seçilən ilk 15 akademikdən biri olub. Mənə elə
gəlir ki, onun ilk akademiklərdən biri olmasını
münasib biliblər, çünki özü vəzifə, mənsəb
həvəskarı deyildi, onu belə mühüm işlərə
özləri irəli çəkirdilər. Onun bu keyfiyyətlərini
özümdə də hiss edirəm: mən də vəzifə,
şöhrət həvəskarı deyiləm. Daha çox
azadlığı sevirəm.
- Onun
Yazıçılar Birliyinin sədri olduğu dövrləri
necə xatırlayırsınız? O illərdən xüsusi
olaraq xatirinizdə nə qalıb? Yazıçılar Birliyi
sədrinin qızı olmaq necə idi?
Yazıçılar
Birliyi sədrinin qızı
-
Xatırlayıram. Əlbəttə, balaca idim. 5-6
yaşım olardı. Burada bir rus qadın işləyirdi -
Şura xala. Məni özü ilə gətirirdi işə,
otururdum Şura xalanın yanında. İlk dəfə
qarabaşağı da həmin o Şura yedirdib mənə.
Amma sədr qızı olmaq mənə heç nə demirdi,
elə qeyri-adi bir şey hiss eləmirdim. Evimiz
yaxınlıqda idi, piyada 2-3 dəqiqəlik yol.
Eyvanımızdan baxanda atamın iş otağının
eyvanını görmək olardı bəlkə də.
- (Zarafatla) Belə
sədrlik doğru deyil. Sədr işə gələndə
saatlarla tıxacda qalmalıdır. Yoxsa evdən 2 dəqiqəlik
yol... Olmadı ki...
Tarqovıdan
Filarmoniyaya qədər olan Bakı
- (Gülür) O
vaxt Bakı balaca şəhər idi. Demək olar, elə
Tarqovıdan Filarmoniyaya qədər... Şəhər bununla
bitirdi. İçərişəhər - ora başqa aləm
idi. Ətrafdakı köhnə məhəllələr isə
Bakının koloritini qoruyub saxlayrdı. O vaxtlar Bakı sevgiyə,
səmimiyyətə köklənmişdi. Tramvay, trolleybus...
Bunlar şəhəri şəhər edən atributlardır.
Təbii, Bakı zamanla ayaqlaşmalıdır, böyüməli,
inkişaf etməlidir, amma bizim üçün həm də
bir az ağırdır. Axı o Bakıda bizim
uşaqlığımız, gəncliyimiz, ilk sevgimiz qalıb.
- Son iyirmi ildə
(mən də daxil olmaqla) gənclər birmənalı şəkildə
keçmişin üstündən xətt çəkməyə
meyilləndilər. Əksəriyyət, hətta XX əsr
sovet ədəbiyyatını mənasız ideoloji makulatura
adlandırdı. Atanız o ədəbiyyatın ən üzdə
olan nümayəndəsi idi. Siz bu münasibəti necə qəbul
edirdiniz?
Atalar və
oğullar...
- Çox normal.
Bütün dövrlərdə atalar və oğullar problemi
olub, olacaq. Mən də sizə bir sual verim: iyirmi il əvvəl
o fikirdə olan gənclərdən biri kimi, siz indi də eyni
düşüncədəsiniz?
- Əslində, bu
gün ancaq sual vermək istəyirəm, amma buna münasibət
bildirəcəyəm. Xeyr, zaman keçdikcə təzə gələn
nəslin də bizi qəbul etmədiyini görürəm və
mən də bunu artıq sizin kimi soyuqqanlıqla
qarşılayıram. Çünki başa düşürəm,
XX əsr ədəbiyyatı olmasaydı, Rüstəm
kişilərin, yastı salmanların, lal hüseynlərin
obrazı yaranmasaydı, müstəqillik dövrü ədəbiyyatı
xeyli geri düşərdi, çünki bu ədəbiyyat Azərbaycan
ədəbi dilini qorumağa görvəli idi. Ədəbi
janrların, cərəyanların ələnməsi prosesi məhz
XX əsr ədəbiyyatının payına düşür.
Son dövrlərdə hay-küylə gələn yüzlərlə
imzadan bir-ikisi ədəbiyyatın sərt sınaqlarından
çıxa bildi və meydanda yalnız istedadlılar
qaldı.
- Bilirsiniz ki, uzun
illərdi Yazıçılar Birliyində işləyirəm
və son 11-12 ilim də öz ənənəsi olan
"Literaturnıy Azerbaydjan" jurnalının baş
redaktoru olmaqla keçib. Tərcümə olsa da, müxtəlif
yazılar gəlir redaksiyaya və redaktor kimi onları oxuyuram.
Yad süjetlər, yad atmosfer, gerçək olmayan obrazlar...
Bu, həmin müəlliflərin milli ədəbiyyatdan xəbərsiz
olduqlarını göstərir. Gənclər folklor
oxumalıdır, çünki dili formalaşdıran yeganə
baza folklordur. Qatar gedir, heç nəyi geri qaytarmaq
mümkün deyil, sadəcə, bəlkə başqa bir forma
tapılacaq və hər şey öz yerini alacaq. Zaman ən
böyük hakimdir. Bir yeməyi bəyənməmək
üçün onun dadına baxmalısan. Bir dövrün ədəbiyyatını
bəyənmirsənsə, mütləq onun müəyyən
hissəsindən xəbərin olmalıdır, əks halda bu,
avantüradır.
- Atanızın
hansı əsəri sizin üçün daha doğmadır?
- Atam özü
doğma olduğu üçün onun bütün əsərləri
doğmadır mənə, amma yetmişinci illərdə qələmə
aldığı "Kəndçi qızı",
"Yaxşı adam" komediyalarını daha çox istəyirəm.
Bu əsərlərdə öz
yaradıcılığına xas dramatizmdən kənara
çıxırdı və istedadının başqa
çalarlarını təqdim edə bilirdi. Amma "Gələcək
gün", "Böyük dayaq", "Pərvanə"
romanlarını da sevərək oxumuşam.
Onun pulunu sayaraq ədəbiyyata
gəlmişəm
- Sizə bir etiraf
edəcəyəm. Mənim ədəbiyyata gəlməyimə
stimul verən bir amil olub. Təbii, adam yazır, gələcək
barədə xəyallar qurur... 1984-cü ildə M.İbrahimovun "Pərvanə" romanı
yenidən çap olunmuşdu, sovet pulu ilə 2 manat 30 qəpik
qiyməti və 200 min tiraj. Bunun xeyli qonorarı vardı və
açığını deyim ki, mən Mirzə
İbrahimovun pulunu sayaraq ədəbiyyata gəlmişəm.
- (Ürəkdən
gülür) Lap yaxşı eləmisiniz, çünki onun
qonorarının böyük hissəsi xeyriyyəçiliyə
sərf olunurdu, özü də anonim xeyriyyəçiliyə.
Biz bunu bilmirdik. O, dünyasını dəyişdikdən
sonra bir neçə nəfər bacıma
yaxınlaşıb demişdi ki, biz də öz
atamızı itirdik. Sən demə, onlarca ailəyə, tələbəyə
yardım edirmiş. Bir də ki, zəhmətlə, istedadla
qazanılan hər şey hörmətə layiqdir. "Pərvanə"
romanı qalın kitabdır, üzərində illərin zəhməti
var, əgər sən bu həvəslə ədəbiyyata gəlmisənsə,
bunu normal qəbul eləmək lazımdır, axı
yaradıcı adamın başqa qazanc yeri yoxdur...
Məşhur tarzənin
kürəkəni
- Sara xanımla
münasibətləri necə idi? Atanızın həyatında
başqa bir qadın olmuşdu, ananız bunu necə qəbul
edirdi? Sevirdilərmi bir-birlərini? Məşhur tarzən
Qurban Pirimovun qızını harada görmüşdü? Ailədə
kimin sözü keçirdi?
- Onlar bir-birləri
üçün yaranmışdı. O qadın məsələsi
də unudulmuş mövzu idi, sadəcə, qızın
varlığı ailədə qəbul olunmuşdu, vəssalam.
Anam bu barədə atamın üzünə heç vaxt
heç nə vurmadı. Can deyib-can eşidirdilər.
Onların məktublaşmaları var, çox böyük
maraqla qarşılandı, saytlarda getmişdi. Son dərəcə
səmimi, saf hisslər. 1936-37-ci illərdə anam
konservatoriyada oxuyarkən atam onu görüb sevmişdi. Babam
Qurban Pirimov dövrünün tanınmış
musiqiçisi idi, atam tez-tez filarmoniyadakı tədbirlərə
gedirdi və anamla orada qarşılaşmışdı.
Aralarında çox böyük sevgi olub və bu hisslər
ömürlərinin sonuna qədər dəyişmədən
qaldı. Kimin sözü keçirdi?! Biz belə şeylərdi
görmür, eşitmirdik. Hər şeyi öz aralarında həll
edirdilər, bəlkə küsülü vaxtları da olub,
amma bizə hiss etdirməyiblər. Üzeyir bəylə isə
ata-oğul kimi, S.Vurğun, R.Rza, S.Rəhmanla
çox yaxın dostluq münasibəti olub. Anam
konservatoriyanı bitirən ilk Azərbaycan qadınlarından
biridir. Çox ciddi qadın idi. Səməd əmi atamın
ailə qurmasını istəyirdi, subay qalmağının səbəbini
soruşub, atam da ancaq anamla evlənmək istədiyini bildirib.
Belədə Səməd əmi bir gün anama: "Sara
bacı, sən niyə Mirzəni bu qədər incidirsən?"
- deyib. Anam susub, gülümsəyib. Sonra da münasibətləri
yaranıb və ailə həyatı qurublar.
Hökumətin
verdiyi evi geri qaytardı
- Anam 1983-cü ildə,
atamdan 10 il əvvəl dünyasını dəyişdi və
bu, atama çox pis təsir etdi. O vaxt Bakı
Univermağının üstündə ona 4 otaqlı,
eyvanı birbaşa bulvara baxan mənzil verdilər. Bir
neçə il bacım Sevdanın oğlu ilə orada
yaşadı, sonra köhnə evimizə qayıtmaq istədi
və həmin evi yenidən hökumətə qaytardı, amma
istəsəydi saxlaya bilərdi. Kim olsaydı saxlayardı, o
isə bunu etmədi. Məncə, hər şeydən
çox adının saflığını qorumağa
çalışırdı.
- Solmaz xanım,
uzun illər Yazıçılar Birliyində işləsəniz
də, AYB-yə çox gec üzv olmusunuz. Bu nə məsələdir?
- Hə, 1968-ci ildən
AYB-də işləyirəm, elə "Literaturnıy
Azerbaydjan" jurnalında işə başlamışam.
2009-cu ildə jurnalın baş redaktoru Mansur Vəkilov
dünyasını dəyişdi. Mən redaktor müavini
idim. Sədrimiz Anar məni yanına çağırıb,
baş redaktor keçməyimi təklif etdi, sonra da Fikrət
Qoca təkid etdi. Razılaşmırdım, çünki məsuliyyətdən
qaçmaq istəyirdim. Bəhanə gətirdim ki, Birliyin
üzvü deyiləm, Anar da, Fikrət Qoca da heyrətləndi.
Təxminən 40 il sonra məni birliyə üzv qəbul edib,
jurnala baş redaktor keçirtdilər. Yəni yuxarıda
dediyim kimi, heç vaxt vəzifə, şöhrət
arxasınca qaçmamışam, vaxtı çatanda, məsləhət
bilinəndə hər şey özü yoluna
düşür.
- Onun son günlərini
necə xatırlayırsınız? Nə oldu ona? Eşitdiyimə
görə, ölümündən bir müddət əvvəl
yıxılıb, omba sümüyünü
sındırmışdı.
Məncə, bu,
anamın ruhu idi...
- Hə...
yaşlı adam idi, yıxılmışdı və o
yaşda sümüklərin birləşməsi çətin
olur. Əməliyyat olundu, uzun zaman müalicə aldı və
bu müalicə ona həm də əks-təsir göstərdi.
Böyrəkləri sıradan çıxdı.
Ömrünün son günlərini mənim evimdə
keçirtdi. Sonradan, hətta məni qınayanlar da oldu ki,
nahaq onu əməliyyat etdirmişəm, amma atamdır,
ağrıyır və mən onun ağrılarına dözə
bilmirəm. Əlimdən nə gəlirsə, onun
üçün etmək istəyirəm. Bu mənim borcumdur.
Ən sonuncu ümidi də sınaqdan keçirmək
lazımdır, adam fikirləşir ki, bəlkə hər
şey yaxşı olacaq...
Xəstə
yatağında Füzulinin qəzəllərini deyirdi, sonra
saatlarla bir nöqtəyə baxırdı, sanki kimisə
görür, baxışları ilə onunla
danışırdı. Məncə, anamın ruhu idi, narahat
olmuşdu, onun başına dolaşırdı...
Söhbətləşdi:
Əyyub QİYAS
Ədəbiyyat qəzeti.-2020.-19 iyun.-
S.16-17