Geriyə yol qalmayanda
Səyyad Aranın "Başdaşı" romanı
üzərinə
Sevdanı gizli tuta bilməzsən - deyirlər.
Sevda görünür.
Gözlər sevdanı
ələ verir. Baxışlar sevdanı sərgiləyir...
Sənətkarlıq da sevda kimidi; sərgiləyəni, faş
edənisə üslubdu...
"Yaradıcılıqda üslubdan sonra nə gəlirsə təfərrüatdı" deyənlərin
yanındayam. Səyyad
Aranın eyniadlı kitabına daxil etdiyi "Başdaşı"
romanını oxuya-oxuya
belə düşünürəm. Ədəbi üslubun, yazı tərzinin cazibədarlığı,
səmimiyyəti barədədi
bu düşüncələr.
Gəlib "Başdaşı"
romanının ilk cümləsi,
oxucuyla ilk təması
üzərində dayanır.
Və elə ilk təmasdan hiss edirsən ki, artıq geriyə yol yoxdur, bu üslub,
yazı tərzi səni romanın sonunacan çəkib aparacaq; yormayacaq, bıktırmayacaq: "Səməndər
üşənən kimi
oldu. Yooxx, qorxmadı - öz eli-obası, hər qarşına bələd
olduğu həyəti-bacası"...
Bilirsən ki, bu ilk və yatımlı cümlənin mətləbini
Səyyad Aranın illərin tanışı
olan bəzərsiz yazı tərzi yatımlı şəkildə
sonacan çatdıra
biləcək; yerli-yerində,
öz axarınca... Ən gərgin dramatik məqamda belə Səyyadın yazıçı dili pilə kimi yumşaq təbiətinə
sadiq qalacaq. Məsələn, belə:
- "Hara gedirsən, aazz?..
- Camala
baxmağa, - Nübar çaşıb qaldı.
- A verananın
qızı, Qürbəti
deyirəm...
Nübarın əli üzündə
qaldı: "Yəni
kişi xəriflədi?"
Burası o məqamdı ki,
Qarabağ qaçqını Səməndər
kişi şəhid oğlu Qürbət üçün düzəltdirdiyi
və imkan tapıb məzarının
üstünə qoya bilmədiyi başdaşını
da köçqarışıq yeni qaçqın düşərgəsinə gətirib.
Şaxtalı bir gecədi. Şəhid oğlunun başdaşı
bayrıda - sığınacağın
girişinə söykəli
qalıb. Dərdli atanın gözünə
yuxu getmir. Fikri başdaşının yanındadı.
Elə zənn edir ki, bayırda,
sazağın-şaxtanın altında qalan quruca başdaşı yox, canlı övladıdı. Üşüyür.
Soyuğun təsirindən
donur. Ona görə də özünü saxlaya bilməyib arvadı Nabatdan xəbər alır: "Uşağın üstünü
örtmüsənmi?.. Dur bir
şey at üstünə!"
Təsirli bir səhnədi.
Və Səyyad Aran bu ağrılı
səhnəni özünəməxsus,
koloritli yazıçı
dilinin köynəyindən
elə ustalıqla keçirir ki, oxucu Nabat xalanın
köhnə adyallardan
birini şəhid balasının başdaşının
üstünə çəkməsinin
ağrısını öz
şəxsi kədəri,
təsəllisi kimi yaşayır...
Köçkün həyatının ilk yaşantıları Səyyad
Aranın təsvirində
unudulmaz (həm də çox dəqiq) detallarla, yaddaqalan cizgilərlə verilib: "Hələ ki, belə yaşamağa
alışa bilmirdilər.
Mil düzündə səhər
bir cür açılır, gecə
bir cür düşürdü. Dağların
ətəyindən axan
çayların uğultusu,
evlərinin ayağında
qaynayan bulaqların zümzüməsi yox idi. Səhərlər yerə basdırılmış
dirəklərdən asılı
əlüzyuyanların səsindən
zinhara gəlmişdilər.
Kişilərin onsuz
da pozulmuş əsəbləri
tez-tez tarıma çəkilirdi:
- Aaz,
bu andıra qalmışa su tök!
- Elə
indicə doldurmuşdum
ki... - arvadlar dodaqaltı deyinirdilər..."
Zorla sürükləndiyimiz Qarabağ müharibəsində
tarixi düşmənlərimizin
soydaşlarımızın başına gətirdikləri
müsibətlər "Başdaşı"
romanında bütün
reallığı ilə
öz əksini tapıb.
"Başdaşı"nda şəhid
atası bir Səməndər kişi
var ki, doğma
yurd-yuvasından didərgin
salınmış soydaşlarımızın
tale ortağı, ümumiləşdirilmiş
obrazı kimi təqdim edilib.
Əsərdə bir Nabat ana var ki,
onun timsalında "dönüb ağ göyərçinə yollara
qonub ağlayan" nigaran anaların ovunmaz dərdi heykəlləşib.
Minarə milli düşüncəmizin
"bacılar qurban gedər qardaş gələn yollara" vəfadarlığının gerçək
abidəsi kimidi: "Yatmamışdan niyətini
anasına bildirmişdi.
Qərara almışdı
ki, o da atası ilə birlikdə getsin:
- Qürbətin
başbaşı gərək
özünə layiq olsun. Bəlkə ona nakam qardaşının
sevdiyi qız da baxacaq...
Anası hönkürmüşdü... Qəhərləndiyindən Minarə
də sözünün
ardını gətirə
bilməmişdi.
Səməndər kişi bilirdi ki, bir fikir
Minarənin başına
girdi, onu ordan çıxarmaq qeyri-mümkündü. Özü
də Qürbətlə
bağlı.
Yorğanı qaldırıb yerinə
girmişdi. Minarə bunu razılıq əlaməti kimi qəbul etmişdi.
Atası hər ehtimala qarşı soruşmuşdu:
- Anan bilir?
- ...bilir".
Düyününə əl apara bilmədiyi cavabsız suallar qarşısında
matı-mutu quruyub Səməndər kişinin:
"Bu uşaqlar nə
tez böyüdülər?"
Və yaxud böyüdülərmi?
Böyüməyə qoydularmı?
Boylarını ölçdü-biçdi
qoşa lülələr.
Boylarını biçib
keçdi qızıl
güllələr.
Dərd yerinə döndü
şəhid atası Səməndər kişi.
Dərd yerinə döndü
şəhid anası Nabat.
Dərd yerinə döndü
şəhid bacısı
Minarə...
Dərd yerinə döndərdilər
bütöv bir eli.
"Ən böyük qazansa Azadlıq meydanında qaynayırdı.
Axşamlar boz-bulanıq,
dumanlı hava nəhəng çanaq kimi Bakının başından basırdı;
təkcə şəhərin
yox, elə adamların da. Şəhər
yükün altında
titrəyirdi, tövşüyürdü,
tıncıxırdı. Əhali
də həmin vəziyyətdəydi... Çünki
çıxış yolu
yoxuydu, görünmürdü.
Amma şəhər hələ ki, dözürdü, duruş
gətirirdi.
Elə adamlar da.
Xalq öz Xilaskarını
axtarırdı...".
S.Aran romanda
sözsüz detal və ştrixlərlə,
daxili və sönməz bir məhəbbətlə yolu
gözlənilən Xilaskarın
parlaq obrazını xüsusi sənətkarlıqla
canlandırıb.
Sərvaz Hüseynoğlu
Ədəbiyyat qəzeti.-2020.-19
iyun.-S.19