On dörd gün karantində...
Hekayə
İstanbulda təyyarədən
enən kimi onları dövrəyə aldılar. Lap filmlərdə
olduğu kimi, əvvəlcə polislər, sonra ağ paltarda,
iri şüşə gözlükdə, maska və əlcəkdə
tibb işçiləri, ambulanslar... Demək, Türkiyə də
karantinə keçmişdi. Nə tez?! O da dəstəyə
qoşuldu. Burdan çıxmaq, meşədə qəflətən
qarşına çıxan ac pələngin pəncəsindən
qurtarmaq kimi bir şey idi.
...Onları
hansısa bir klinikanın zirzəmisinə yerləşdirmişdilər.
Hər kəsə də bir cüt əlcək, bir maska
vermişdilər. Sıra ilə düzülmüş tibbi
çarpayılar da sanki ağ maska geyinmişdi.
Görünür, buranı əvvəlcədən
hazırlamışdılar. Hərə öz
çarpayısında məlul-müşgül oturmuşdu.
Kimi əlcəklə, kimi maska ilə oynayır, kimi də
maskasını taxıb üstündən bərəlmiş
gözləri ilə ətrafını seyr eləyirdi. Bu
qorxulu, heyrət dolu baxışlardan başa düşmək
olardı ki, burda hər kəs bir-birinə real xəstə
kimi baxır. Aralarında zənci, rus da vardı. Yəqin ki,
iş adamları idilər. Amma vəzifəlilər-məmurlar
da yox deyildi. Davranışlarından hiss olunurdu ki, buranı
özləri üçün həqarət hesab edirlər!
Bü cür münasibətdən, təbii ki, məmnun
deyildilər. Sanki onlar doğurdan da ölümcül virusa
yoluxmuşdular, şəhərə çıxsalar
bütün insanları, insanlığı, cəmiyyəti məhv
edəcəkdilər! Lakin bir iş də vardı ki, bunlar
hamısı olmasa da, burda kimsə, ya kimlərsə virusa
yoluxa bilərdi. Əgər virus deyilən o şoqərib
hava-damcı yoluynan insanlara keçirdisə, demək, bunlar da
bir canlı kimi yəqin ki, o hava ilə nəfəs
alıblar, daha su ilə, ya torpaqla yox ki...
...Malik əlcəklərini,
maskasını geyinib küncdəki çarpayısında yeməkdən
küsmüş uşaqlar kimi büzüşüb
oturmuşdu. Həm yorulmuşdu, susuz idi. Həm də
qorxmuşdu, birdən virusa yoluxsa... İngiltərədən
gəlirdi. Orda yeni mülk almışdı. Məmurların
çoxu ordan ev, obyekt alıb. O da axına qoşulmuşdu.
Kimdən əskik idi? Vəzifəsi, pulu-parası... Niyə də
olmasın?! İndi də yaman yerdə
axşamlamışdı... On dörd gün burda karantində
qalacaqdı... Necə dözəcəkdi?..
Elə bil onu qəflətən, gözlənilmədən
yaxalamış, haqsız olaraq suçlayıb on dörd il
iş kəsmişdilər. Budur, otur burda, "Srokunu"
çək, deyirlər.
Telefonunu cibindən
çıxartdı, evə məlumat vermək istəyirdi.
Ona xeyli zəng, mesaj gəlmişdi. Bir-bir açıb
oxumağa başladı. Birinci mesaj Bakıdan, arvadının
həkimindən idi. Gecə arvadının halı
ağırlaşmış, "Təcili yardım"la gətirib
xəstəxanaya yerləşdirmişdilər. Səhər
müayinə zamanı onda xərcəng
aşkarlanmışdı. İndi ona kimyaterapiya lazım
idı. Ancaq xəstəyə deyə bilmirdilər. Onun - ərinin
deməsini, başa salmasını gözləyirdilər. Belə...
Uzun müddətdi özünü narahat hiss edən
arvadının xəstəliyi, demək, xərçəngin
əlamətləri imiş... Bu xəstəlik də illərdi
elə qrip kimi, virus kimi yayılmaqdadı... Görəsən
bunun qarşısı nə vaxt, necə alınacaq?
Doğurdanmı bunun müalicəsi tapılmayacaq?..
Özü də ən həssas, kövrək insanları
çəkib aparır... Öküz xislətli adamların bu
xəstəliyə tutulduğunu eşidib,
görmüsünüzmü? Yəqin ki yox! Elə burdan yola
çıxıb onun dərmanını tapmaq gərəkdi...
İkinci mesaj
qızından idi. Moskvadan yazmışdı. Rusiya da karantinə
keçib. Bütün işçilər evinə gedib. O isə
ofisdə qalıb. Evə getməyə imkan olmayıb. Həm
də yaman qorxur... Birdən virusa yoluxsa burda neyləyəcək?!
Atasından kömək gözləyirdi...
Üçüncü
mesaj oğlundan idi. Milandan yazırdı. Dostları ilə gəzməkdən
qayıdarkən polisə tabe olmadıqlarına görə həbs
olunmuşdular. İndi o da atasından kömək gözləyirdi...
Burda qalmaqdan qorxur. Şərait dözülməzdi... - deyir.
Oh, fərsiz oğul!..
Kişi yerindən
dəli kimi qalxdı. Qapının ağzına gəldi.
Çöldən, yuxarıdan polislərin qarışıq
səsləri eşidilirdi. İki-üç dəfə
"polis" -
deyə səsləndi. Sonra qışqırdı. Səsi
zirzəminin künc-bucağına dəyib qayıtdı. Elə
bil onları quyunun dibinə salmışdılar. Səs
yuxarıya getmirdi. Bir az gözləyib geriyə
qayıtdı. Yatağına uzandı. Qarnını sancı
doğruyurmuş kimi qalxdı, qıvrılıb oturdu. Həyatında
ilk dəfə idi ki, heç kimə, heç nəyə
gücü çatmırdı. Onun səsi, sözü
eşidilmirdi!
- İlahi,
özün kömək ol! - İlk dəfə yaradanı yad
eləyib ürəkdən kömək istədi. Sonra da fikirləşdi
ki, görəsən axırıncı dəfə
yaradanın adını nə vaxt, harda, hansı şəraitdə
çəkib? Xatırlaya bilmədi.
Oturduğu yerdə
yatmışdı deyəsən. Səsə ayıldı.
Özünü çox əzgin, yorğun hiss edirdi. Elə
bil ağırlaşmışdı. Nəm, rütubətli
yerdə nə qədər dözə biləcəkdi?
Qızdırması vardı. Yəqin ki, otağın
havasından idi. Durmaq istədi. Taqəti yox idi.
Ətrafdakılar ona təəccüblə, heyrətlə,
qorxu ilə baxırdılar.
Bir azdan ağ
paltarlı, maskalı həkimlər otağa
axışdı. Onu götürüb başqa bir tək
çarpayılıq otaqda yerləşdirib getdilər.
Kişi yay kimi gərildi. Nəsə demək,
qışqırmaq, vəziyyətini başa salmaq istədi. Səsi
çıxmadı. Dərindən nəfəs alıb sakitləşməyə
çalışdı. Bacarmırdı. Bərkdən
hönkürüb ağlamaq istəyirdi. Tibb işçiləri
ona yemək, su gətirdi. Bir sakitləşdirici iynə
vurdular. Maraqlı idi ki, onunla işarə ilə, əllə
danışırdılar. Onu karmı hesab edirdilər? Nə
baş verir? Daxilən çıldırmışdı. O,
niyə danışa bilmirdi?..
...-
Qızdırması çox yüksəkdi! - Xanım həkimin
incə, zərif, lakin təlaşlı səsinə yuxudan
oyandı. Həkimdən nə baş verdiyini soruşmaq istəyirdi.
O, virusa yoluxubmu? Yox, ola bilməzdi! Sadəcə, yorğundu.
Daxilən gərgindi.... Ailə problemləri var. Bura nəmdi.
Heç vaxt yemədiyi yeməkləri yeyib, düşmədiyi
qapalı şəraitdə yaşayıb... Amma... yenə
danışa bilmədi. Yenə iynə vurub getdilər.
Kişiyə
göz açmağa imkan vermirdilər. Onu dava-dərman, iynə
atəşinə tutmuşdular. Özünə gələn
kimi başının üstünü kəsdirir, iynələyib,
otağı dərmanlayıb gedirdilər...
...Dili
ağzında şişmişdi. Tərpədə bilmirdi. Elə
bil onu, anası demiş, udar vurmuşdu! Bütün bədəni
donmuşdu, işləmirdi. Sinəsi göynəyirdi. Nəfəsi
daralmışdı. Arada nəfəs aldıqca xırıldayırdı.
Nə yaxşı ağlı üstündə idi. "-
İlahi, kömək ol" - neçənci dəfə idi
ki, həbsxana pəncərəsinə oxşayan nəfəslikdən
ulu göylərə baxırdı. Həkimlər gözə
dəymirdi. İlahi, o burdamı öləcəkdi? Əgər
burda ölsə... Yəqin ki, onu Bakıya aparmayacaqdılar.
Hardasa dərin bir çalada, quyuda... basdıracaqdılar...
Bir ölkənin çinli məmuru olasan, on ölkədə
evin-mülkün ola, maşınların, pulun-paran,
qızılın-gümüşün ola... Bu ağır
günlərdə rahat bir yatağın, yerin olmaya... O evlərin
birində dincəlməyəsən... Anası dualarının
sonunda həmişə belə deyərdi: - İlahi, mənə
ölümün də xeyirlisini nəsib eylə! - Onda
anasının sözlərinə gülürdü: - Ay ana,
ölüm nə, xeyir nə? Öldün qurtardı də...
Yox, sən demə, düşündüyü kimi
deyilmiş... Gör harda ölürdü... Özü də
hansı adla, hansı xəstəliklə! Doğmalarından,
qohumlardan, dostlardan uzaq bir xəstəxananın küncündə.
Bir stəkan çay verəni, "can"- deyəni də
yox... Nəinki özü, heç ailəsindən kimsə
alıb yığdığı o evlərin, mülklərin
birində deyildilər... Arvadı xəstəxanada, oğlu həbsxanada,
qızı ofisdə, özü də belə... Burda
ölüb qalası olsa aldığı o evlərin
çoxunun yerini, ölkəsini belə bilən
olmayacaqdı... Arvadının ömrü bundan sonra geri
saymağa başlayır... Xərçəng ondan əl
çəkən deyildi... Bir az gec, bir az tez aparacaqdı...
Oğul da fərsiz... qız da hünərsiz... tək nə
edə bilərdi yad ölkədə?..
Qonşu otaqdan ona
tanış olan xırıltılı səs gəlirdi.
Şeir oxuyurdular. Yəqin ki, xəstələrdən kiminsə
mobil telefonundan səslənirdi. Hə... Ustad Şəhriyarın
öz səsində, qoca vaxtlarında səsləndirdiyi
"Yalan dünya" şeiri idi:
Bu dünya fanidir,
fani,
Bu dünyada qalan
hani?
Davud oğlu
Süleymani
Taxt üstündən
salan dünya,
Yalan dünya...
Bu şeiri
teleradiolardan dəfələrlə eşitmişdi. Amma
heç vaxt bu günkü kimi dərk eləməmişdi.
Görəsən biz niyə özümüzdən əvvəlkilərin
dediklərini oxuyanda, eşidəndə dərk etmirik,
yalnız o duruma düşəndə anlayırıq?
Atası uzun illər
bir rayonda partiya işçisi olmuşdu. Ağıllı,
savadlı, görüb-götürmüş köhnə
kişilərdən idi. Bir həyət evləri vardı, bir
də onun xidməti maşını. Vəzifədən
çıxanda onu da əlindən almışdılar.
Ahıl vaxtlarında hara gedirdisə piyada gedib-gəlirdi.
Heç vaxt şikayətlənməzdi. Ən ağır
işləri, sözləri, ölümləri belə
sakitliklə qarşılayardı. Bu dünyadan da vaxtında,
kiməsə əziyyət vermədən,
doğmalarının arasında rahatlıqla
köçüb, uçub getdi. Üç övladına -
iki qızına və bir oğluna ona yalnız ali təhsil
verdi. Qızların hərəsinin öz evi-eşiyi, öz həyatları
vardı. O isə... hələ də Avropadan mülk
almaqdadı. Müxtəlif ölkələrdə bu qədər
var-dövləti niyə alıb yığmışdı?!
Bunları kim idarə edəcəkdi? Fərsiz oğlumu? Lap fərsiz
olmasın. Avropaya səpələnmiş mülkləri idarə
eləmək nə bir-iki ömrə sığan iş deyil,
nə də bir-iki adamın görəcəyi iş deyil.
Lazım idimi bu? Niyə ömrünü insan kimi rahat
yaşamır? Dünyaya ev almaqdan ötrü gecə-gündüz
onun-bunun "qulağını" kəsmək
üçünmü gəlib? Bir əli dövlətin cibində,
bir əli də camaatın cibində. Biri oğurluq, o biri
rüşvət... Anası hərdən deyirdi ki, bala,
çox var-dövlət də düşmən kimidi.
Özünə düşmən yox, ehtiyacını ödəmək
üçün lazım olanı qazan. Amma o eşitmədi.
Elə bil bu dünyada mal-mülk alıb ona qarovul çəkmək
üçün yaşayırdi.
Sənin bəhrən
yeyən kimdi?
Kiminkisən, yiyən
kimdi?
Sənə
doğru deyən kimdi?
Yalan dünya, yalan
dünya!..
- Ruhun şad olsun,
ustad, həyatı, dünyanı vaxtında dərk eləmisən.
Qəlbi dolu, gözütox, evi boş olan ustad. Sənin
malın-mülkün deyil, əqli dünyan - əsərlərin
dünyaya səpələnib. Hər gələn nəsillə
yaşayacaqsan... Bizim fərqimizə bax! - Malik sanki indi
ayılmış, qəflət yuxusundan oyanmışdı.
Öz-özünə alovlanır, özünü
parçalamağa belə hazır idi. Doğurdan da, axı o
İngiltərədə nə gəzirdi? Niyə orda
aldığı mülkün puluna Bakıda, ya elə
rayonların birində bir müəssisə açıb
işsizlərin ixtiyarına verməyib? Bu evləri neyləyəcəkdi?
Orda yaşamağa ömrü çatacaqdımı?.
Ya elə Milanda aldığı mülkü neyləyirdi?
İndi yeganə oğlu həbsdə, təhlükədədi.
O da orda virusa yoluxa bilərdi! Ya qızı? İndi Moskvada
ofisdə tək nələr çəkir! Allahım,
keç mənim bu günahlarımdan! Cahilliyimdən!
Acgözlüyümdən! Hələ rayonda aldığı
neçə hektarlıq torpaq sahəsi var! Əkəni yox,
biçəni yox. Arvadı dəfələrlə demişdi
ki, bu torpağa nə ehtiyacları var? Əgər
uşaqları Avropada oxuyub, orda qalıb işləyirsə,
orda yerləşib, orda yaşayacaqsa bu torpağı kim əkib,
becərəcək? Çəpərləyib qoymusan qalıb
orda... Ver onu orda yaşayan kəndliyə... örüş
yeri eləsinlər... hərəyə bir inək saxlayıb
balasını südlə böyüdə bilsinlər. Nə
olsun dillənən, sənə söz deyən yoxdur. Bəs sənin
vicdanın, ədalətin, həqiqətin harda qaldı?
Anası torpaq məsələsində
daha maraqlı çıxış eləmişdi:
- Ay bala, Sən
indidən üzünü görmədiyin nəvə-nəticən,
kötücən üçün mal-mülk toplama. Bilmək
olmaz yığdıqların onlara qismət olacaq, ya yox. Ya da
belə deyək, onlar sənin bu fədakarlığına,
çalışıb-çabalamağına layiq olacaqlar, ya
yox? Unutma ki, yaradan hər kəsin qismətini özü
müəyyən eləyir, özü verir. Sən heç
narahat olma. Bunlar üçün də bu gün səninlə
qoşa addımlayan insanların qismətinə, son tikəsinə
göz dikmə, əl uzatma! Belə getsə sən cərcənək
ola bilərsən!
- Ay ana, o nə deməkdi
elə? - nə qədər də gülmüşdü.
- Bir az fikirləş,
taparsan! - Anası çox narahatlıqla
danışırdı. - Bir ayağın kənddə səhralanmış
torpağın üstündə, bir ayağın da Avropada.
Arada qalan bədənin vəziyyəti səncə necə ola
bilər? Nə qədər dözə bilər? Bunun adı nədir?
Ustad Şəhriyar
hər misranı təkrar-təkrar oxumaqda idi:
Səni fərzanələr
atdı,
Qapıb divanələr
tutdu...
Kimlər aldı,
kimlər satdı,
Satan dünya, alan
dünya...
yalan dünya...
- Günaydın, əfəndim!
- Tibb işçisinin boğuq səsinə xəyali
mühakimələrindən ayrıldı. Yalnız gözlərini
çevirə bildi. Salamlaşmaq istədi. Dərdini
soruşmaq istədi... Onun üzünə baxan qız nə
gördüsə güllə kimi otaqdan çıxdı:
- Doktor! Doktor! - Səs
karidorda əks-səda verirdi. Az sonra bir ordu həkim onu yenə
əhatəyə almışdı:
- Demek ki, virus
özünü tanıtmaqda, göstermekdedir!
- Yani?
-
Görmüyormusunuz, adam qaralıb, çürümekdedir!
- Demek, böylemi?
- Evet, efendim!
- Doktor, bu ki
ölmemiş, diri, neçe, çürüyor?
- Bilmiyorum ki!
- Ankaradan doktor
Akbaşi devet etsekmi, efendim? Amerikadan yeni gelmiş... Bilir bu
hastalığı.
- Olur, olur. Onda
çabuk olun! - Həkimlər sürətlə gəldikləri
kimi, sürətlə də getdilər. Kişi bu dəfə
əməlli-başlı "öldü" və sonra
xırıldaya-xırıldaya yenidən "dirildi".
"- Yox, qürbətdə
can vermərəm ölümə! Burdan çıxmaq gərəkdi!
Yoxsa onu diri-diri basdıracaqdılar! İndi kimə desin dərdini,
necə anlatsın vəziyyətini? Onu burdan kim
çıxarda bilər?
Xeyli fikirləşdi.
Onun yerinə, vəzifəsinə göz dikən müavinəmi
zəng eləsin? Ya əlaltdan onun əleyhinə mətbuata
material sızdıran, ona kələk gələn şərikinəmi?
Ya işçilərini ona qarşı qoyan Aparat rəhbərinə?
Bəlkə ona yaxın olan nazirliyə xəbər versin? Yox,
altmış beş yaşın üstündədir. Xəstə
olduğunu bilsələr dərhal vəzifədən
çıxaracaqlar. Guya kimisə tapsa danışa biləcəkmi?
Ya adi bir mesaj yazmaq gücündədimi o? Aman Allahım, insan
necə də zəif məxluq imiş! Bir virusun əlində
qalan dünya! Sən necə də qorxaq və acizsən!"
Gözləməkdən
başqa çarəsi yox idi. Dərindən nəfəs
alıb gözlərini yumdu. Deyirlər, şahları,
paşaları qorxu altında saxlayan, onlara qan udduran, yeddi min
yeddi yüz yetmiş yeddi dəlisi ilə meydan sulayan
Koroğlu iki dəfə aciz duruma düşüb, dünyadan
əlini üzüb, ölmək istəyib. Bir dəfə
Keçəl Həmzə onu aldadıb, qolu-qanadı olan
Qıratını əlindən alanda, özünü də
dəyirmanın küncündə tək qoyanda. Heç hara,
heç nəyə əli yetməyən Koroğlu
"Çünki oldun dəyirmançı,
çağır gəlsin dən, Koroğlu!" - deyərək
yalnız oxumaqla özü-özünə təskinlik verib.
Bir dəfə də odlu silahı ilk dəfə görəndə.
Qarşı-qarşıya qılıncla mərdcəsinə
döyüşən igid kolun dalından istənilən namərdin
bir güllə ilə onu öldürəcəyini
ağlına sığışdıra bilməyəndə...
Deyilənə görə, Koroğlu əlində silahı
olan adamın üstünə
qışqırırmış ki, o silahnan məni vur!
Kişi də yalvarırmış ki, sən nə
danışırsan, o səni öldürə bilər!
- Ola bilməz. O
bir qırıq dəmir parçası Koroğlunu
öldürə bilməz! Sən bir hələ vur
görüm!
Axırda əlacsız
qalan kişi, - bax, bu inəyi vururam, ölsə cəriməsi
sənlikdir, deyir. Koroğlu səbrsizliklə razılaşır.
Kişi inəyə bir güllə vurur. İnəyin yerə
yıxılıb çabaladığını görən
Koroğlu dünyanın çox dəyişdiyini, daha onun
kimi qolugüclü qəhrəmanlara ehtiyacın
qalmadığını anlayır.
...Uzaqdan Ibrahim
Tatlısəsin gur, özünəməxsus zil avazı
süzülüb gəlirdi. Sanki onun üçün oxuyurdu:
...Gecəni
yaşarım, doğmaz Günəşim,
Zamansız külləndi
yanar atəşim...
...Bilinməz
yollara girmiş kimiyəm,
İşıqlar
altında sönmüş kimiyəm...
...Bir məchula
döndü mənim həyatım...
Nərədə
bitəcək mənim həyatım?..
Qarışıq
səslərə gözünü açdı. Həkim
briqadası yenə onu dövrəyə almışdı.
İlahi, iri gözlüklərin altından ona elə
baxırdılar, elə bil zoparka indiyə kimi görünməmiş
canlı gətirmişdilər! Demək, onun axırı
çatıb! Kimsə onu tanımır, kim olduğunu bilmir.
Yəqin ki, üstündə milçək kimi, yarasa kimi,
dovşan, siçovul kimi təcrübə aparacaqlar, sonra da
bir dərənin dibində basdıracaqlar... Nə vaxtsa
arvadı komadan ayılsa, oğlu həbsxanadan çıxsa,
Bakıya gələ bilsə, qızı da ofisi tərk eləyəyib
normal həyata qayıda bilsə.... onu axtarışa verəcəklər...
Vəssalam!..
- Əfəndim, təcrübəli
həkim pasiyentin üzünə, rənginə baxan kimi
harasının xəstə olduğunu bilməlidir!
- Doktor, biz onun
üzünemi, renginemi baxdıq? Burası bir karantin!
- Olsun Karantin.
Görürsüz ki, bu adam tərpənə bilmir,
danışa bilmir, fikirləşmədiz bunun başqa bir xəstəliyi
ola bilər? Xəstəlik təkcə virusdanmı ibarətdir?
- Efendim, qüsura
baxmayın, düşünemedik... Düşünmeye bele
zamanımız olmadı...
- Deyin ki, qorxduq!
Heç onun yanına da getmədik! Nə olub? Bu taundumu, vəbadımı?
Orta əsrlərdimi? Bu qədər tibbin, tibb alətlərinin
olduğu, inkişaf etdiyi zamanda yaşayırıq! Axı
deyilib ki, bu adi qripin yeni növüdür. İnsan orqanizminin
alışmadığı, öyrəşmədiyi yeni
növü! Demək, əvvəlki müalicənin
ikiqatını aparacağıq, yanaşı xəstəliklərini
də müalicəsini təşkil etmək şərti ilə.
Kompleks şəklində. Aydındı? İndi isə dərhal
əməliyyata hazırlayın. Bu, kalb krizi keçirib. Qəfil
ölümlərin doxsan beş faizini təşkil edən
ürək damarlarının qan laxtası ilə tutulması.
Şanslı adammış ki, sağ qalıb.
Həkimin xoş,
ürəkli, arxayın danışığı Maliki xeyli
sakitləşdirdi, daxilən canlandırdı. Demək,
gözlədikləri həkim azərbaycanlı imiş. Bu həkimin
səsi ona yaman tanış gəlirdi... Səlist, aydın,
özünə-sözünə inamlı, artıq söz
işlətmədən, tükənməz enerjisi, dəqiq
danışığı ilə hardasa yaddaşında
ilişib qalmışdı. Hə-hə... O idi! On il bundan
qabaq... Hansısa rayon xəstəxanasında həkim işləyirdi.
Deyildiyinə görə Tibb Unversitetini Ankarada bitirmişdi. Təmirdən
sonra xəstəxananın - diaqnostik mərkəzin
açılışında onlar da iştirak edirdilər. Mərkəzə
dəyəri on minlərlə ölçülən yeni nəsil
dioqnastik aparat hədiyyə edilmişdi. Bu cihazdan hələ
şəhər xəstəxanalarının çoxunda yox
idi... Amma biz nə etdik? Bakıya qayıdandan üç
gün sonra xəstəxana qarşısında şərt
qoyduq ki, ya cihazın pulunu yığıb versinlər, ya da
özünü qaytarsınlar. Onda bu cavan həkim nazirliyə
gəlmişdi. Danışırdı ki, o pulun verilməsi
rayon həkimlərinin gücü xaricindədi. Bu
mümkün deyil. Həm də axı bu bizə hədiyyədir...
Cihazı əllərindən alsalar məsələ
böyüyəcək, xəbər yuxarılara da
çatacaq. "Bacarırsan, get, çatdır!", - hədəli
cavabını verdilər. On gün sonra aparatı Bakıya
qaytarıb özəl klinikalardan birinə satdılar! Bu
azmış kimi sonra bu həkimin özünü də
başçının əliylə işdən
çıxartdılar. Bax, belə! İşdən
çıxandan sonra, görünür, Ankaraya
qayıdıb... Orda işləyib, Amerikaya təcrübəyə
gedib... Hətta soyadını da dəyişib - Akbaşi...
Türkiyədə məşhur adlardandı... Yəqin ki,
onun sevdiyi həkimin - ustadının soyadı olub.
Kişi təzədən
ölüb, ölüb... dirildi... Əgər həkim onu
tanısa qətlinə fərman verəcək!... Allahım,
bu nə bəladı, imtahandı, cəzadı o çəkir?
İllərnən boynuna yığdığı, yüklədiyi
günahların cəzasını bu on dörd gündəmi
çəkməlidir?!
Yox... həkim onun
kim olduğunu, hardan gəldiyini belə soruşmadı. Bu dəfə
də kişi xəcalətindən ölüb... dirildi. Onun səsindəki
doğmalıq, şirinlik, istilik, həyatsevərlik Malikə
də sirayət eləmişdi. Daha ölüm haqqında
düşünmürdü.
- Tez olun, vaxt
kaybetmiyelim. Zamanımız yok. - Türk həkimi də
canlanmışdı. Yanındakılara göstəriş
verirdi.
***
...Gözlərini
açanda özünü göylərin yeddinci qatında
hiss elədi. Böyük, geniş, yaraşıqlı pəncərədən
palataya yaz günəşinin ilıq, sıcaq
şüaları şəfəq səpirdı. Şəhər
ondan aşağıda xəfif dumana
bürünmüşdü. Əl içi kimi təmiz,
aydın görünürdü. Görəsən bu xəstəxana
neçə qatdan, mərtəbədən ibarət idi?
Axır ki!.. Əməliyyatdan, demək ki,
sağ-salamat çıxıb! Bu günlərdə o
neçə dəfə ölüb, dirilib... Daha ölüm
ondan çox-çox uzaqlarda qalıb! O kəfəni
yarıb, cırıb, çıxıb!
...Günəş
getdikcə gözlərində böyüyürdü...
İşığı-şəfəqi ilə, istiliyi-hərarəti
ilə... ...Yaxşı
insanlar da, doğurdan-doğruya, Günəş kimidi!
Heç kimdən işığını, istisini, məhəbbətini
əsirgəmir...
...Bütün
bunlara rəğmən, Malikin ürəyində,
vicdanınıda bir sızıltı, hüzn də
vardı... Hərdən
sanki o, boşluğa düşüb
çıxırdı...
26-27
aprel 2020
Bahar BƏRDƏLİ
Ədəbiyyat qəzeti.-2020.-19
iyun.-S.20;21