Qarabağ ədəbi-mədəni mühitinin XIX-XX əsrlər mərhələsinə qədər onun keçdiyi tarixi inkişaf yolunun mənzərəsi

 

 

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Farsdilli əlyazmaların tədqiqi şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Səbinə Əhmədovanın "Qarabağ ədəbi-mədəni mühiti (XIX əsrin ikinci yarısı - XX əsrin əvvəlləri)" adlı monoqrafiyası çapdan çıxıb.

 

Nəşrin elmi məsləhətçisi akademik Teymur Kərimli, ön sözün müəllifi filologiya üzrə elmlər doktoru, professor Yaqub Babayevdir. Filologiya üzrə elmlər doktoru, professor Raqub Kərimov və filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babayeva kitabın rəyçiləri, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə isə elmi redaktorudur. Monoqrafiyada XIX əsrin ikinci yarısında və XX əsrin əvvəllərində Qarabağ ədəbi mühitində yetişən sənətkarlar barədə oçerklər təqdim olunub. Qarabağda doğulub böyümüş, yaşayıb-yaratmış şairlər, nasirlər və publisistlərin yaradıcılığına ayrı-ayrı oçerklərdə ümumi nəzər salınıb, bu vaxta qədər tədqiqatdan kənarda qalmış məsələlərə toxunulub, təhlillər aparılıb.

 

Əsərdə təqdim olunan oçerklər həmin dövrlərdə Qarabağ ədəbi mühitinin aparıcı simalarından olan Qasım bəy Zakir, Sədi Sani Qarabaği, Mir Möhsün Nəvvab, Xurşudbanu Natəvan, Növbəri, Həsənəli xan Qaradaği, Abdulla bəy Asi, Mir Mehdi Xəzani, Xarrat Qulu, Məşədi Məhəmməd Bülbül, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Firidun bəy Köçərli, Üzeyir Hacıbəyli və digər şəxsiyyətlərə həsr olunub.

 

***

 

"Zəhmət müvəffəqiyyətin rəhnidir" hikməti bəşər tarixinin min illərlə ölçülə bilən həyati sınağına bağlıdır. Bu hikmətin fəlsəfəsi ictimai gerçəkliyin praktikasından qida alır və onun sözdə təzahürü kimi formalaşmışdır. Bütün sahələrdə olduğu kimi, elmdə də zəhmət, əzabkeşlik olmadan heç bir uğur qazanmaq mümkün deyil. Filologiya üzrə fəlsəfə doktoru Səbinə Əhmədovanın da haqqında danışdığımız bu monoqrafiyasının uğurunu təmin edən ilk növbədə zəhmət və cəfakeşlikdir. Yeri gəlmişkən onu da əlavə edək ki, müəllif elə bu yaxınlarda filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Mövcud elmi əsər həm elmi ictimaiyyətə, həm də onun özünün özünə ən yaxşı hədiyyəsidir. Çünki yenicə alim adını alan bir şəxs üçün özünü alim kimi təsdiq edən bir elmi əsərin ortalığa qoyulmasından şərəfli heç nə yoxdur. Biz alimlik dedikdə məsələnin rəsmi tərəfini nəzərdə tuturuq. Qeyri-rəsmi olaraq Səbinə xanım daha əvvəllərdən özünü təsdiq etmiş bir tədqiqatçıdır.

 

S.Əhmədovanın monoqrafiyası şimallı-cənublu bütöv və böyük Azərbaycanın konkret bir regionun konkret bir tarixi mərhələdəki ədəbi-mədəni mühitinin tədqiqinə həsr olunmuşdur. Bəllidir ki, kiçikli-böyüklü çeşmələr axıb nəhrləri, nəhrlər də axıb ümmanları əmələ gətirir. Biz Azərbaycanımızın ədəbi-mədəni inkşafının tarix boyunca keçdiyi yolu, mənzərəni canlandırmaqdan, təsəvvür etməkdən ötrü onu əvvəlcə ayrı-ayrı tarixi mərhələlər və ayrı-ayrı regionlar üzrə öyrənməliyik. Çünki onu birdən-birə bütöv şəkildə öyrənmək nə bir-iki nəfərin işidir, nə də mümkün olan məsələdir. Deməli, bütöv, əhatəli, miqyaslı bir iş görməkdən ötrü həm regional, həm də tarixi dövrlər üzrə tədqiqatlar zəruri və ilkin şərtdir. Səbinə xanımın mövcud araşdırması da belə bir ehtiyac və zərurətdən irəli gəlmiş, belə bir gərəkli missiyanın yerinə yetirilməsinə hesablanmışdır.

 

Müəllif bu monoqrafiyasında Qarabağ ədəbi-mədəni mühitinin XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərindəki tarixi mərhələsini araşdırma hədəfinə çevirmişdir. Bəlli olduğu kimi, həmin zaman kəsimi istər Şimali Azərbaycanın, istərsə də Qarabağın tarixində fərqli, özünəməxsus bir mərhələdir. Bu fərq, özünəməxsusluq sözün geniş mənasında götürülməlidir. Yəni deyilən fərq, özünəməxsusluq ictimai-siyasi həyatdan tutmuş, ədəbi-mədəni, maarifçi-pedaqoji hərəkata, iqtisadi-təsərrüfat gerçəkliyinə qədər hər şeyi, bütün ictimai reallıqları öz ağuşuna alır. Bunun səbəbi isə xatırlatdığımız dövrdən bir az əvvəl, əsrin 10-20-ci illərində Şimali Azərbaycanın Rusiya imperiyası tərəfindən işğal olunması idi. Siyasi-inzibati işğal arxasınca başqa sahələrdə də ciddi dəyişikliklərin baş verməsinə yol açdı. Ədəbi-mədəni hərəkat da deyilən gerçəkliyin tərkib hissəsi idi. Hər şeydən əvvəl, deyilən istila faktı ilə Azərbaycanın şimal hissəsinin üzü tədricən Sərqdən, islam aləmindən ayrılıb Avropaya - Qərbə doğru yönəldi. Artıq Şimali Azərbaycan və onun tərkib hissəsi kimi Qarabağ həm şərq-islam, həm də qərb-Avropa dəyərlərini özündə birləşdirməyə başladı. Səbinə xanımın tədqiqat zamanı görməli, fəhm etməli və duymalı olduğu ən vacib cəhətlərdən biri də məhz həmin məziyyət və problemə də onun öz prizmasından baxmaq bacarığı  idi. Həm də filoloq alim sezdiyi, duyduğu, gördüyü bu həqiqəti öz materialına lazımi şəkildə tətbiq etməyi bacarmalı idi. Biz əminliklə deyə bilərik ki, müəllif deyilən missiyanın öhdəsindən müvəffəqiyyətlə gəlmişdir.

 

Araşdırma zamanı Səbinə xanımın yerinə yetirməli olduğu başqa bir zəruri öhdəlik də var idi: Qarabağ ədəbi-mədəni mühitinin XIX-XX əsrlər mərhələsinə qədər onun keçdiyi tarixi inkişaf yolunun mənzərəsini yığcam da olsa canlandırmaq. Çünki bu zaman Qarabağ Rusiyanın tərkibinə daxil olsa da, baş verən ədəbi-mədəni inkişafın bağları keçmişdən üzülməmişdi. Yəni yeni dövrdə baş verən tərəqqi və yeniliklər  min tellə əvvəlkilərə, keçmişə bağlı idi. Onun yeni dövrdəki davamı, yüksəlişi idi. Əgər əvvəlki çoxəsrlik inkişaf olmasaydı, indiki yüksəliş də mümkün olmazdı. Əvvəlki inkişaf indiki tərəqqi üçün bir fundament və bünövrə rolunu oynayırdı. Səbinə xanım üzərinə düşən bu öhdəliyi də layiqincə yerinə yetirə bilmişdir.

 

Müəllifin yerinə yetirməli olduğu üçüncü bir missiya da vardır. Bu, Qarabağ ədəbi-mədəni mühitində baş verən prosesləri Azərbaycanın başqa regionları ilə əlaqələndirə bilmək bacarığı idi. Çünki bütün tarixi dövrlərdə ölkənin hər hansı bir regionunda baş verən proseslər digər regionlarla bu və ya digər dərəcədə bağlı olur. Bu bağlılıq yalnız ədəbi-mədəni inkişafa aid olmayıb, bütün sahələri özündə ehtiva edir. Deyilən problemi yetərincə anlayan müəllif tədqiqat zamanı xatırlatdığımız bu məsələyə də həssas yanaşa bilmişdir. O, tədqiqat obyekti kimi götürdüyü tarixi mərhələdə Qarabağ ədəbi-mədəni mühitində baş verən hadisələri Azərbaycanın başqa regionlarında baş verən proseslərlə lazımi şəkildə əlaqələndirə bilmişdir.

 

Bəllidir ki, XIX əsrin ikinci yarısı - XX əsrin əvvəlləri xalqımızın tarixində milli intibah dövrü kimi səciyyələnir. F.Köçərli XIX yüzilliyin 70-80-ci illərini milli intibahımızın "sübh çağı" kimi dəyərləndirir. Əlbəttə, milli-mədəni intibahın çeşidli və məxsusi cəhətləri, əlamətləri vardır. Bu dövrün hər hansı bir problemini araşdıran tədqiqatçı özü həmin cəhətlərə, əlamətlərə bələd olmalıdır. Bunsuz obyektiv araşdırma aparmaq, düzgün qənaətlərə gəlmək, dürüst təhlillərə varmaq mümkün deyil. Səbinə xanım iş görərkən yarımçıqlığa, tələskənliyə yol verməmişdir. O, həmin zaman axarının rəngarəng ədəbi-mədəni hadisələrini öyrənmiş, mənimsəmiş və elə buna görə də düzgün mülahizələr söyləyə bilmiş, inandırıcı nəticələrə gəlmişdir. Tədqiqatçı danışarkan bir qayda olaraq faktların məntiqindən çıxış edir. Söylədiyi nəzəri fikirləri dəlillərlə möhkəmləndirir.

 

Monoqrafiya oçerkçilik prinsipi əsasında yazılmışdır. Əvvəlcə irihəcmli giriş verilir. Burada Qarabağın lap qədim çağlardan başlayan ictimai-siyasi həyatına nəzər salınır. Yadellilərin hücumları, onların törətdikləri vəhşiliklər xatırlanır. Eyni zamanda Qarabağın ədəbi-mədəni keçmişinə ekskurs edilir. Belə bir mənzərəni canlandırmaqla müəllif nəzərə çatdırmaq istəyir ki, Qarabağ tarixin dərin qatlarından başlayaraq mədəniyyətin, elmin, ədəbiyyatın beşiyi olmuşdur. XIX-XX yüzilliklərdə baş verən mütərəqqi ədəbi-mədəni hadisələr də xeyli dərəcədə öz qidasını keçmişdən alır. Əlbəttə, keçmiş ənənə yeni epoxanın mütərəqqi hadisələri, baxışları, tələbləri ilə uzlaşır. Yeni məzmunda, yeni keyfiyyətdə üzə çıxır. Qərbdən gələnlərlə Şərqdə olanlar üzləşir. Müasir epoxanın tərəqqipərvər ziyalıları Şərqdən nəyi götürmək, Qərbdən nəyi əxz etmək məsələsində kifayət qədər usta, ayıq, səriştəli, məsuliyyətli hərəkət edirlər. Milli maraqları, vətən və millət təəssübkeşliyini, onun tərəqqisi üçün nələr etmək lazım gəldiyini dəqiqliklə nəzərə alırlar. Nəticə misilsiz uğurların qazanılmasına gətirib çıxarır. Bu uğurlar mədəniyyətin, ədəbiyyatın, maarifin, sənətin müxtəlif sahələrini əhatə edir.

 

Monoqrafiyanın əvvəlində Qarabağın ictimai-siyasi, ədəbi-mədəni keçmişinin yığcam xülasəsi; Qarabağın dirçəlişində Pənahəli xanın fəaliyyəti və rolu; XIX əsrdə yeni tipli məktəb və maarif hərəkatı və onun ədəbi-mədəni mühitə təsiri; ədəbi məclislər və onların ədəbiyyatın inkişafında rolu; Azərbaycanın digər bölgələrində baş verən mütərəqqi hadisələrin Qarabağ ədəbi-mədəni həyatına təsiri; klassik ədəbi ənənənin, xüsusilə də Füzuli ədəbi ənənəsinin davamı və poeziyada təzahürü; M.P.Vaqif ədəbi məktəbinin Qarabağ şairlərinə təsiri  və s. Təbii ki, göstərilən bu cür mətləblərin şərhi problemin təbiətindən doğur. Bunlar müəllifin məsələyə əhatəli, hərtərəfli bir nəzərlə yanaşdığını aydın şəkildə göstərir.

 

Artıq qeyd etdiyimiz kimi, kitabda XIX əsrdə və XX əsrin əvvəllərində Qarabağ ədəbi mühitində yetişən sənətkarlar barədə oçerklər verilir. Bu zaman haqlı olaraq ədəbi növlər nəzərə alınır və oçerklər də ədəbi növlərə uyğun olaraq düzülür. Yəni əvvəlcə şairlərə (poeziyaya) həsr olunmuş oçerklər verilir. Bu oçerklərdə dediyimiz dövrdə Qarabağ ədəbi mühitindəki poeziyanın inkişafı qabardılır və öz elmi şərhini tapır. Əlbəttə, həmin şairlərin sayı az deyil: Qasım bəy Zakir, Sədi Sani Qarabaği, Mir Möhsün Nəvvab, Xurşudbanu Natəvan, Növbəri,  Həsənəli ağa xan Qaradaği, Mirzə Ələsgər Növrəs, Məmo bəy Məmai, Mirzə Həsən Qarabaği Yüzbaşov, Abdulla bəy Asi, Məşədi Əyyub Baki, Mir Mehdi Xəzani, Xarrat Qulu, Məxfi, Məşədi Məhəmməd Bülbül, Bəhmən Mirzə Qacar. Əlbəttə, haqqında söz açılan dövrdə Qarabağda yaşayıb-yaradan şairlərin sayı daha çoxdur və təbii ki, bir kitabda onların hamısını əhatə etmək mümkün deyil.

 

Monoqrafiyaya daha sonra Qarabağda doğulub böyümüş nasir, dramaturq və publisistlər barədə oçerklər sıralanıb. Həmin ədəbi şəxsiyyətlərə bunlar daxildir: Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Sani Axundov, Yusif Vəzir Çəmənzəminli və b. Onu da qeyd edim ki, əsərdə Firidun bəy Köçərli və Üzeyir Hacıbəyli bölümləri xüsusi məhəbbətlə işlənmişdir.

 

Göründüyü kimi, tədqiqatçı mümkün qədər Qarabağ ədəbi mühitinin aparıcı ədəbi simalarına diqqət yetirməyə cəhd göstərir.

 

Biz filologiya üzrə fəlsəfə doktoru S.Əhmədovanın bu elmi əsərini gərəkli, dəyərli bir araşdırma kimi təqdir edirik. Onun hər bölməsindən, hər səhifəsindən böyük axtarış, ciddi zəhmət boylanır. Belə bir monoqrafiyanın ərsəyə gəlməsi bizim başqa regionlarımızın ədəbi-mədəni mühitlərini öyrənmək üçün bir stimul verir.

 

İnanırıq ki, elmi ictimaiyyət S.Əhmədovanın elmi əsərini rəğbətlə qarşılayacaq.

 

Yaqub Babayev

 

Ədəbiyyat qəzeti.-2020.-19 iyun.-S.23.