Xatirə suvenir
Qızın
ardınca yataqxanaya getdi. Qız iki çamadan və bir yol
çantası ilə artıq onu gözləyirdi.
Əşyaları avtomobilə yerləşdirməyə
kömək etdi, qız oturub təhlükəsizlik kəmərini
bağlayanadək gözlədi, sonra astaca yerindən tərpəndi.
- Nə
böyük səadət, evə gedirəm, - deyə qız səsləndi.
- Doğrusu, qorxurdum ki, imtahanların birindən kəsiləm.
- Lakin
hamısını verdiniz.
- Verdim.
Yaxşı maşınınız var. Bu nədir,
"plimut"?
- Tamamilə
doğrudur.
- Həm də, demək
olar ki, təzədir.
- İki ildir.
İki aydan sonra üç il olacaq.
- Olsun, yenə də
təzədir. Radio işləyir?
Radionu qoşdu.
- Bəyəndiyinizi
tapın.
- Amma
maşını ki, siz sürürsüz. Hansı musiqiyə
üstünlük verirsiz?
- Mənimçün
fərq etməz.
Qız blüz
tapdı, ona sarı çevrilib soruşdu ki, belə bir musiqi
yarayarmı?
Başı ilə
razılığını bildirdi.
- Mən, yəqin
ki, indi yatacam. Keçən gecə gözümü də
yummamışam və tamam yorğunam. Etiraz etmirsiz?
- Əlbəttə,
yatın.
- Siz isə
vaxtı öldürmək üçün danışmaq istəyərdiniz,
çox güman.
- Narahat olmayın.
Magistral yol ilə
gedirdilər, qız gözlərini yumdu. Avtomobil yol dirəklərini
bir-birinin ardınca buraxaraq irəli
şütüyürdü. Bəxtim gətirdi, - deyə
qız düşündü. Kafeterinin yanındakı lövhədə
elan asmışdı: "Xahiş edirəm semestr qurtaranda
Çikaqoyadək aparın". Və artıq heç kimdən
səs çıxmayacağını yəqin etmişdi ki,
telefon zəng çaldı. Yol ona benzinin dəyərinin
yarı qiymətinə başa gəlmişdi.
Gah dərin yuxuya
dalır, gah da, sadəcə, mürgüləyirdi. Yol
yoldaşı qəfildən radionu söndürəndə
gözlərini açdı, artıq havanın
qaraldığını gördü. Magistral yoldan
çıxmışdılar.
-
Yatmışdım.
- Daş kimi. Sizcə,
bu ifadə necə yaranıb?
- Bilmirəm.
Heç vaxt bu barədə fikirləşməmişəm.
Hardayıq?
- Çikaqoya
gedirik.
- Niyə magistralla
getmirik?
- Magistral yolda məni
yuxu aparır. Həddindən artıq maşın, diqqəti
çəkən şeylərsə olduqca az. Patrullarla da ki,
dopdolu. İndi də ayın sonudur, onlara isə cərimə
normasını doldurmaq lazımdır.
- Aydındır.
- Kənd
yolları mənim daha çox xoşuma gəlir. Xüsusilə
gecələr. Siz qorxmursuz, deyilmi?
- Nədən
qorxmalıyam ki?
- Bilirsiz, bəzilərini
açıq kimsəsiz yerlər qorxudur.
- Bircə məni
yox.
-
Anladığım qədərilə siz heç nədən
qorxmursuz, eləmi?
Qız ona
baxdı. Gözləri yoldan çəkilmir, əlləri
sükandan bərk yapışıb.
- Bununla nə demək
istəyirsiniz?
-
Maşındasız, məlum deyil harda, Allah bilir kiminlə.
- Siz - tələbəsiz.
- Doğrudan? Siz
ki, yəqin bilmirsiz. Düzdür, mən özümü tələbə
kimi təqdim etmişəm.
Yaşım
uyğundur, amma bu, o demək deyil ki, mən doğrudan da tələbəyəm.
- Pəncərənizdə
bizim universitetin etiketi var.
- Onu əldə
etmək üçün mühazirələrə getmək
vacib deyil, - qız gözlərini onun üzündən
çəkmirdi, o, əvvəlki kimi yola baxırdı.
- Elanı siz
asmışdız, - o xatırlatdı. - Mən sizə zəng
vurdum. Adımı dedim. Dedim ki, tələbəyəm və
semestrin sonunda Çikaqoya gedəcəm, amma mən telefon
nömrəmi sizə vermədim və siz mənim harada
yaşadığımı bilmirsiz. Siz mənim dediklərimi
yoxlamısınızmı, universitetdə mənim sizə
dediyim ad-soyadlı adamın oxuyub-oxumadığını dəqiqləşdirmisinizmi?
- Bura baxın,
qurtarın!
- Nəyi
qurtarım?
- Siz məni qorxuya
salmağa çalışırsız.
- Amma siz qorxmursuz,
deyilmi?
- Yox, amma...
- Amma artıq tərəddüd
edirsiz, qorxmaq vaxtı çatmadımı. Siz heç
tanımadığınız bir kişi ilə təkbətəksiz,
gecədir, düzün düzəngahındasız və dərk
etməyə başlayırsız ki, vəziyyətə nəzarət
etmirsiz. Siz tamamilə müdafiəsizsiniz, elə deyilmi?
- Bəsdirin.
- Yaxşı,
bağışlayın. Sizi həyəcanlandırmaq istəmirdim.
- Mən həyəcanlanmıram.
- Lap yaxşı.
Psixologiya üzrə diplom işi müdafiə edirəm və
hərdən alınan bilikləri təcrübədə
sınaqdan keçirirəm. Yalnız bu qədər, amma əgər
sizi qorxutdumsa, üzr istəyirəm.
- Hər şey
qaydasındadır.
- Məni
bağışladınız?
-
Bağışlanası bir şey yoxdur.
- Doğrudur, - o əsnədi.
- Yorulmusuz? Bəlkə
mən sürüm?
- Yox, yox.
Özüm sürəndə daha yaxşı olur. Sükanda
başqa birisi oturanda çox narahat oluram.
- Atam da eynilə
belədir.
- Bu, kişilərin
çoxuna xasdır. Sizdən bir şey xahiş edə bilərəm?
Əl qutusundan bir şeyi mənə verin.
- Hansından?
- Fənərin
yanındakından. Balaca dəri kisədir. Onu mənə verə
bilərsiz?
Qız dəri
lentlə sarınmış qara dəridən olan balaca kisəni
götürdü. Ona verdi. O, sanki çəkisini müəyyən
edirmiş kimi kisəni əlində oynatdı.
- Nə
düşünürsüz, bunun içində nə var?
- Heç nə
düşünmürəm.
- Bir az fikirləşin.
Tapmağa çalışın.
- Bilmirəm.
- Narkotik?
- Ola bilər.
- Burda narkotik
yoxdur. İstifadə etmirəm. Tövsiyə də etmirəm.
- Təqdirəlayiqdir.
O, kisəni cihaz
qapağının üstünə qoydu.
- Əvvəlcə
bir az qorxduz.
- Az-maz.
- Amma indi qorxmursuz.
- Yox.
- Niyə yox?
- Mmm, ona görə
ki...
- Öz
aramızdır, heç nə dəyişməyib. Eynilə
həmin vəziyyətdir. Siz ins-cins olmayan bir yerdə naməlum
adamla təklikdəsiz, sizinlə yanaşı əyləşən
kişi haqqında heç nə bilmirsiz, əgər mən
sizdən nəsə istəsəm, heç nə edə bilmərsiz.
Bax sizin əl çantanız var. Təsadüfən orda
tapança yoxdur?
- Təbii ki, yox.
- Niyə bu qədər
təəccüblənirsiniz? Çoxları özü ilə
tapança gəzdirir. Qaz baloncuğu haqda nə deyə bilərsiz?
Təcavüzkarı sıradan çıxarır, amma
yalnız qısa bir müddətə. Sizdə belə bir
baloncuq varmı?
- Siz ki, bilirsiz,
yoxdur.
- Mən hardan
bilim? Mən k,i sizin çantanızı
eşələməmişəm. Ancaq sözlərinizə
inanmağa hazıram. Deməli, nə tapança, nə
baloncuq. Bəs dırnaq yeyəsi? Və ya gözümə
atmaq üçün bir çimdik istiot.
- Dırnaq
üçün yeyəm var.
- Bu, artıq nəsə
deməkdir. Məni mişarlayıb yarıya bölə bilərsiz,
amma buna xeyli vaxt gedəcək. Belə çıxır ki,
siz tamamilə müdafiəsizsiz, eləmi?
- Bəsdirin.
- Amma bu gerçəkdir.
Mən cəhd etsəm ki...
- Nəyə cəhd
etsəz?
- İstəyirsiz
deyim? Məmnuniyyətlə. Mən maşını saxlayaram,
sizə hücum edib zorlaya bilərəm, siz isə heç nə
edə bilmərsiz. Elə deyil?
- Mən müqavimət
göstərərəm.
- Bununla nəyə
nail olacaqsınız ki? Mən ancaq sizi incidə bilərəm,
güclərimiz isə bərabər deyil. Sizinçün ən
yaxşısı könüllü təslim olmaq və həzz
almağa çalışmaqdır.
- Qulaq asın, bəlkə
doğrudan qurtaraq bu söhbəti?
- Nəyi qurtaraq?
- Siz çox
gözəl bilirsiz nəyi deyirəm. Bəsdir məni
qorxutduz.
- Siz belə
qorxursuz?
- Qulaq asın, mən
ki sizə dedim...
- Bilirəm siz mənə
nə dediz. Bəlkə artıq bu fikrə alışasız
ki, sizin istəyiniz mənimçün əmr deyil?
- Bu məni təngə
gətirdi. Məncə, artıq ayrılmaq vaxtıdır.
Maşını saxlayın, mən düşüm.
- Doğrudanmı
siz istəyirsiz ki, mən maşını saxlayım?
- Mən...
- Təbii ki, saatda
50 mil gedən maşından atılmaq - heç də
yaxşı ideya deyil, amma nə qədər ki, biz yol gedirik,
sizin üçün təhlükə yoxdur, doğrudurmu?
Əgər mən sizə nəsə etmək istəsəm, əvvəlcə
gərək maşını saxlayam.
- Axı niyə məni...
- Zorlamaq istəyirəm?
Mən - kişiyəm, siz - qadın. Həm də çox
cazibədar qadın. Kifayət qədər tutarlı səbəbdir.
- Kifayət qədərmi?
- Mmm, nə bilim.
Siz belə düşünmürsüz?
- Mən
düşünürəm ki, siz mənə qarşı
çox da lütfkar deyilsiz.
- Həə, -
başını yellədi, - hesab edirəm, o qədər də
yox. Siz qorxdunuz, elə deyil?
- Bəsdirin.
- Siz niyə mənim
sualıma, sadəcə, cavab verə bilmirsiz? "Bəsdirin",
"qurtarın". Qorxduğunuzu etiraf etməyə nə
mane olur?
- Bilmirəm.
- Amma hər halda
qorxdunuz. Elə deyilmi?
- Siz məni
qorxutmağa çalışırsız.
- Həm də
uğursuz alınmadı. Siz dəhşət içindəsiz,
elə deyil? Buna tam haqqınız var. Demək istəyirəm
ki, zorlanmaq ehtimalınız çox böyükdür. Bu sizə
artıq aydındır. Öz köməksizliyinizi dərk
edirsiniz. Mən nə istəsəm, edə bilərəm, siz
isə heç nə.
- Sizi cəzalandırarlar
- o, xəbərdarlıq etdi.
- Onlar kimi cəzalandıracaqlarını
bilməyəcəklər.
- Mən onlara deyərəm.
- Siz, hətta mənim
adımı belə bilmirsiz.
- Siz tələbəsiz.
- Siz buna əminsiz?
- Mən sizin əlamətlərinizi
deyə bilərəm. Avtomobilinizi təsvir edərəm,
nömrə nişanınızı yadımda saxlayaram.
- Bəlkə
avtomobil oğurluqdur.
- Mərc gələrəm
ki, deyil. Sizin fotorobotunuzu hazırlamaqda polisə kömək
edərəm. Cəzadan yaxa qurtara bilmərsiz.
- M-m-m-m, güman
edirəm, haqlısız.
- Deməli,
oyununuza xitam verirsiz.
- Siz doğrudan da,
məni təsvir edə bilərsiz. Həə, sizi
öldürməli olacam.
- Siz nə
danışırsız!
- Niyə də
yox! Bu, yaxşı çıxış yoludur, həm də
xoşagələn bir məşğuliyyət. Yoxsa o qədər
adam bu işlə məşğul olmazdı.
- Bəsdirin!
- Bəsdirin, bəsdirin,
bəsdirin. Bədəniniz zərifdir. Mərc gəlməyə
hazıram ki, sizi öldürmək xüsusi bir zəhmət
tələb etməyəcək.
- Axı məni
öldürmək nəyə lazımdır?
- Niyə də
öldürməyim?
- Polis sizi axtaracaq.
Qatillər cəzasız qalmırlar.
- Zarafat edirsiz? Cəzasız
qalmış qatillər itətökdü. Polis isə kimi
axtaracağını da bilməyəcək.
- Siz mütləq
nəsə bir ipucu qoyacaqsız. Sizi spermaya görə də
taparlar.
- Bəlkə mən
prezervativdən istifadə etdim.
- Onsuz da onlar nəsə
tapacaqlar.
- Dəlil-sübutlar
ancaq məni tutandan sonra ittiham hökmü
çıxarmağa kömək edəcək. Ancaq onlar ələ
keçirmək üçün heç nəyə
yaramır. Mən isə polisin toruna düşməyə
hazırlaşmıram. İndiyədək məni tuta bilməyiblər.
- Nəə?
- Doğrudan elə
bilirsiz siz birinci qurbanımsız?
Qız gözlərini
yumdu, bir neçə dəfə dərindən nəfəs
aldı. Ürəyi təbil kimi döyünürdü. Nəhayət,
dilləndi.
- Yaxşı, siz
məni qorxutduz. Güman edirəm ki, məhz buna
çalışırdız.
- Qismən.
- İndi ürəyiniz
yerinə gəldi?
- Bunu deyə bilmərəm.
Ümumiyyətlə, mən başqa söz tapardım. Ürəyim
isə o vaxt yerinə gələcək ki, sizi zorlayacam,
boğacam və hansısa bir xəndəkdə gizlədəcəm.
Dəlil-sübuta gəldiksə isə onları hələ təzə
meyitdə tapmaq olur. Mən isə gizlətməyi bacarıram.
Ustalaşmışam. Əgər sizi tapsalar belə, bir
neçə aydan sonra tapacaqlar.
- A, siz mənimlə
bu cür davrana bilmərsiz...
- Mən, əlbəttə
ki, sizi xatırlayacam. Çeçələ
barmağınızı özümdə saxlayacam.
- Çeçələ
barmağımı?
- Sol əlinizin. Mən
o sentimental axmaqlardanam ki, xatirə üçün suvenir
saxlamağı xoşlayırlar. Çeçələ
barmağınızı artıq sonra kəsəcəm.
Heç nə hiss etməyəcəksiz.
- İlahi, siz ki, dəlisiz!
- Doğrudan belə
fikirləşirsiz? Bəlkə bu, bir zarafatdır?
- Əgər zarafatdırsa,
heç də gülməli deyil.
- Bax bu barədə
mübahisə etmək olar. Əgər bu, zarafat deyilsə və
mən tam ciddiyəmsə, hökmənmi dəli olmalıyam?
Məhz hansı istəyim başıma hava gəldiyini
göstərir? Sizi zorlamaq istəməyim? Öldürmək?
Yoxsa sol əlinizin çeçələ barmağını
kəsmək?
- Bunu etməyəcəksiz?
- Xatirə suveniri
- adi bir şeydir. Sonralar sizi xatırlaya bilməm
üçündür.
- Xahiş edirəm.
Xahiş edirəm.
- İndi isə
artıq sizi qorxuya salan sualımı təkrar edirəm. Sizcə,
bu kisədə nə var?
- Kisədə?
O, cihaz qapağının
üzərindən balaca kisəni götürüb ovcunda
saxladı.
- Burda nə
olduğunu tapın və priz qazanın.
- İlahi! Bu dəqiqə
qusacam.
- Baxmaq istəyirsiz?
Qız geri
atıldı.
- Necə istəyirsiz,
- kisəni yerinə qoydu. - Söhbətimiz sizi belə bir nəticəyə
gətirdi ki, kisədə nəsə qorxunc bir şey var.
Orada çay balıqqulaqları, palıd qozaları, yaxud
qoz-fındıq ola bilər. Amma siz belə
düşünmürsüz, elə deyil?
Məncə,
artıq yoldan çıxıb dayanmaq vaxtıdır.
- Yox!
- Yola davam etməyimizi
istəyirsiz?
- Hə.
- Onda sviterinizi
çıxarın, - qız gözlərini ona zillədi. -
Özünüz seçin. Ya siz sviteri
çıxarırsız, ya da mən əyləc pedalına
basıram. Di, haydı. Çıxarın.
- Məni bunu etməyə
niyə məcbur edirsiz?
- Bəziləri
başqalarını özlərinə qəbir qazmağa
vadar edirlər. Səbəb eynidir. Zamana qənaət və
güc. Əvvəlcə təhlükəsizlik kəmərini
açın, belə sizə asan olacaq. Çox yaxşı,
çox gözəl. Siz dəhşət içindəsiz, elə
deyil? Bərkdən deyin.
- Mən dəhşətə
gəlmişəm.
- Siz
ölümünə qorxmusuz. Bərkdən deyin.
- Mən
ölümcül dərəcədə qorxuram.
- İndi isə,
fikrimcə, dayanacaq axtarmaq vaxtıdır.
- Yoox!-
qız qışqırdı.
Ayağı ilə
onun qaz pedalında olan ayağından basdı, əli ilə
sükanı sağa fırlatdı. Maşın gərildi, zərbə
səsi eşidildi və sonra hər şey susdu.
Qız, sanki bir təkandan
özünə gəldi. Başı, çiyni
ağrıyırdı, boğazında qan tamı vardı.
Amma sağ idi. İlahi, sağ idi!
Maşının
ön qapağı xeyli əyilmişdi. Oğlan təhlükəsizlik
kəmərinə sarınmış halda sükan arxasında
oturmuşdu, başını qeyri-təbii tərzdə
küncə çevirmişdi. Ağzından qan
axırdı. Geniş açılmış gözləri
qeyri-müəyyən səmtə baxırdı.
Qapı
açılmırdı. Pəncərəni endirib bayıra
çıxa bildi. Ayağa qalxanda az qaldı ki, huşunu
itirsin, ancaq maşına söykənməyə macal
tapdı. Pəncərəyə baxdı və dəri kisəni
gördü.
Qeyri-ixtiyari əlini
uzadıb götürdü.
Açmaq vacib
deyil, - öz-özünə dedi.
Dərindən nəfəs
aldı. Lenti çəkdi.
Kisənin
içində aspirin həbləri olan flakon, bir qutu kreker,
tonusu artıran pastila qutusu, iyirmi beş sentlik bir neçə
qəpik, manikür qayçısı var idi. Qənimətinə
baxaraq başını yellədi.
Amma o, sviterini
çıxarmağa məcbur etmişdi. Qurşağa qədər
lüt idi.
Sviteri tapa bilmədi.
Bircə qəza vaxtı hara qeyb olduğunu tapmaq
qalırdı. Arxa qapını aça bildi, elə həmin an da kabinədə lampa yandı. Arxa
oturacağa düşən çantasını tapdı.
Yük yerindən
çamadanı götürdü, bir idman köynəyi
çıxarıb geyindi. Sədəf dəstəkli,
üç tiyəli cib bıçağını tapıb
çıxaranadək çamadanlarda eşələnməyə
davam etdi.
Onun sol əlinin
çeçələ barmağını kəsdi. Xeyli
güc sərf etməli oldu, amma tələsəcəyi bir
yeri yoxdu. Gecələr bu yolda gediş-gəliş olmurdu.
Çeçələ
barmağı kəsib bıçağı çantaya qoydu.
Kisəni silkələyib içindəkiləri tökdü,
çeçələ barmağı ora qoyub kisəni
çantasına soxdu. Çiynində çanta yola
çıxdı və yol boyunca gələcəyə
doğru addımladı.
Rus dilindən tərcümə etdi: Təhminə Bədəlova
Ədəbiyyat qəzeti.-2020.-19
iyun.-S.24-25.