Uşaqlığımın, gəncliyimin,
indimin Zahid Xəlili
Mənim uşaqlıq xatirələrim
Zahid Xəlilin səsinin həzinliyi ilə limhəlim doludur. Sevimli yazıçımı televiziyadan
- uşaq verilişlərindən
dinləyə-dinləyə böyüyüb Bakıya
- ali məktəbə
gələndə gözümü
açıb onu auditoriyamızda görməyim
də, yəqin, şans işiydi.
...Gəncliyimin Zahid Xəlili mənə uşaqlığımdakı
- televiziyadakı, kitablardakı
Zahid Xəlildən bir köynək daha yaxındı, onun auditoriyamızı dolduran səsi daha doğmadı.
Tənəffüslərin birində rəfiqəm mənim hamıdan gizli saxladığım şeir dəftərimi Zahid müəllimə verir. Dəftəri özüylə evinə aparır Zahid müəllim, şeirlərimi
oxuyub kövrəlir, bunu görən kiçik qızı Aysel təsirlənir. Və bu mənzərənin
nəticəsi mənimçün
sürpriz olur. Zahid müəllim mənə o şeir dəftərini kitab halında "qaytarır".
Beləcə, "Gözlərimin
içinə bax"
adlı ilk kitab mənim ədəbiyyata giriş kartım olur, bu karta
ilk imzanı atan isə sevimli müəllimim. Sonra mənim bütün yaradıcılıq uğurlarımda
hər dəfə bir az da fərəhlənir
Zahid müəllim, bir az da qanadlanır.
Sonra tələbəlik bitir, qayğılar başımı
qatır, onu az-az görməyə başlayıram, amma unutmuram, bilirəm ki, orda bir
şair var uzaqda, getməsəm də, görməsəm də, o şair mənim sözün bütün mənalarında
müəllimimdi.
Amma o müddətdə gah xatirələrdən qarşıma
çıxır Zahid
müəllim, gah əsərlərindən.
Onuncu sinifdə dərsdəykən
şagirdlərə ifadə
yazdırmaq üçün
ifadə kitabını
vərəqləyib kənara
qoyuram və şagirdlərin birini kitabxanaya dərslik dalınca göndərirəm.
Yeni nəşr olan ədəbiyyat kitabını vərəqləyib
bir mətn seçirəm və diktə etməyə başlayıram. Yavaş-yavaş
səsim əsməyə
başlayır, sonra tədricən kontrolu itirib hekayənin hüznünə qapılıram
və sinif otağında şagirdlərin
içindəcə gözlərimdən
yaş süzülməyə
başlayır. Sinfə
qüssəli bir sükut çökür.
Kimdi müəllif, kimdi məni - neçə ilin müəllimini, oxucusunu və nəhayət, yazarını belə asanlıqla ağladan?! Vərəqi çevirib imzaya baxıram: Zahid Xəlil. Bir az da kövrəlirəm.
Dərs qurtaran kimi Zahid
müəllimə zəng
edib minnətdarlıq
edirəm. Müəllimimlə
danışıb qurtarandan
sonra şagirdlərimdən
bir qız boynumu qucaqlayır: "Mən sizi çox
sevirəm, müəllimə!"
"Mən də sizi" deyə bilirəm, sadəcə.
Bu "siz"in içində
mənim bütün şagirdlərim, bütün
müəllimlərim var,
şairin də dediyi kimi, "atam, anam, müəllimim,
bir də bütün insanlar"
var.
...İndinin Zahid Xəlili yaşlaşıb artıq,
bir az da dərd əyib belini, saçları lap dümağ olub. Amma səsindəki saflıqdan, üzündəki
nurdan, yerişindəki
əzəmətdən bir
qırıq da əskilməyib.
Hələ də onu görəndə Sabirin misraları yadıma düşür:
"Bənzərəm bir
qocaman dağa ki, dəryada durar". Və üçüncü qızı
doğulanda zarafatla yazdığı şeirini
xatırlayıram: "Əgər
doğrudan da qız qızıldırsa, onda milyonçudur Məmməd
İsmayıl".
Zahid müəllim, siz indi həqiqətən çox varlısınız,
neçə nəslin
sevimli yazıçısı,
müəllimlər müəllimi,
gözəl verilişlər
aparıcısı. Bəlkə,
biz sizə layiq olmadıq, bəlkə sizin qədər mənəvi övlad yetişdirə bilmədik,
bəlkə sizin qədər böyük insan olmağa gücümüz çatmadı,
amma bu estafeti
bacardığımız kimi
ötürə bildik.
Və bu yolda sizin işığınız
həmişə yanacaq.
...Biz bir də
uşaq olmayacağıq,
Zahid Xəlil, siz bir də
gənc olmayacaqsınız,
amma həyat fani olsa da,
anlar ölümsüz...
Səhər ƏHMƏD
Ədəbiyyat qəzeti.-2020.-19
iyun.-S.25